29 Mart 2024

Cümə, 04:38

SAKRAL KƏLAĞAYI

Bu unikal Azərbaycan qadın örpəyi barədə indən sonra Xalça Muzeyində təqdim edilmiş kitabdan da öyrənmək mümkün olacaq

Müəllif:

01.03.2017

Azərbaycan Xalça Muzeyində dünyanın ən gözəl və özünəməxsus qadın başörtüklərindən birinə həsr edilmiş «Kəlağayı» kitabının təqdimatı keçirilib. Bəlkə də bir təsadüfdür, bəlkə də yox; təqdimat Novruz çərşənbə axşamlarından birincisi - Su çərşənbəsi günü gerçəkləşdirildi.

 

Həyat fəlsəfəsi

İlk bayram çərşənbəsi, əslində, tədbirin mövzusuna uyğun gəlirdi, kəlağayının ipəyinin zərifliyində, üzərindəki naxışların şux parlaqlığında, bəzən də sərt həndəsiliyində bir bayram havası vardı. Kitabın müəllifləri professor Rəna İbrahimbəyova, Rəssamlar İttifaqının üzvü Cəlil Tarıverdiyev və Nyu-York «Parsons» məktəbinin məzunu Zəhra Müller-Tarıverdidir. Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və onun müavini Sevda xanım Məmmədəliyeva da iştirak edirdilər.

 

Hələ 2014-cü ildə milli baş örpəyi olan kəlağayı YUNESKO-nun qeyri-maddi mədəni irs hökumətlərarası komitəsinin doqquzuncu sessiyasında Bəşəriyyətin Qeyri-Maddi-Mədəni İrsinin Reprezentativ Siyahısına salınıb. Bunun şərəfinə tədbir xüsusi olaraq YUNESKO üçün çəkilmiş kəlağayının necə hazırlanmasını əks etdirən filmlə açıldı. Filmdə yaşlı və gənc ustalar hazırlama prosesi barədə danışırlar. Bu, aşağıdakı şəkildə baş verir. Böyük çənlərdə parçanın boyadılması üçün lazım olan məhlulları qarışdırırlar, qurumaqda olan yaylıqları küləyə verirlər, sonra taxta naxış möhürlərini kəlağayının üstünə basır və dərinmənalı naxışları həkk edirlər.

Kəlağayı, sadəcə, yaylıq deyil, bütöv bir fəlsəfədir. Naxışlar rəmzlə sehrli şəkildə qovuşaraq, varolmanın ən müxtəlif mərhələlərini təsvir edirlər: kainatın yaranmasından sevgi və xoşbəxtliyə qədər. «Ümid edirəm ki, bu kitab kəlağayı sənətini öyrənmək istəyən hər bir şəxs üçün bələdçi olacaq», - deyə Sevda xanım Məmmədəliyeva çıxışında bildirib.

 

Unikal əmək

Kitabın müəllifləri - Rəna xanım İbrahimbəyova və Cəlil Tarıverdiyev kəlağayı irsinin qorunmasında böyük rola malikdirlər. Rəna xanım bu sahədə unikal adamdır - professordur, görkəmli mütəxəssisdir, universitetdə gender psixologiyası kafedrasının müdiridir. O, ölkənin bir sıra qanunlarının yaradılmasına, o cümlədən «Uşaqların hüquqlarının müdafiəsi haqqında» qanunun hazırlanmasına əvəzsiz töhfə verib. Maraqlıdır ki, onun gender layihələri sahəsində fəaliyyəti ən sonda bu unikal əsərin yaradılmasına imkan verib. 2000-ci ildə BMT-nin gender inkişafı üzrə layihəsində iştirak edərkən o, özəl sektorda qadınların və kişilərin yer aldığı sənətkarlıq istehsalı üzrə layihə təqdim etməli olub. Kəlağayı istehsalı buna ideal şəkildə uyğun gəlib.

«Doxsanıncı illər gözlərimin önündədir, onda biz kəndlərə gedirik və basma ustalarının işlərinə baxardıq. Şəkidə kəlağayı sənəti, demək olar ki, tam aradan çıxmışdı. Ən önəmli odur ki, biz hər şeyi bərpa etməyə nail olduq», - deyə Rəna xanım vurğulayır.

2000-ci ildən başlayaraq Rəna xanım və Cəlil bəy bu sənəti sıfırdan bərpa etməyə qərar verdilər. Köhnə ustaları axtarıb, texnikanı bərpa etməyə başladılar. Beləcə, onlar ipək istehsalı və kəlağayı hazırlanması ilə məşhur olan Basqal kəndinə gedib çıxdılar. Orada hələ də köhnə ustalar yaşayırmışlar. Hazırda Basqalda Kəlağayı Muzeyi yerləşir, Şəki və Basqal ipək mərkəzləri var.

«Bizə gələn turistlər tələb edirlər ki, onları Kəlağayı Muzeyinə aparaq. Simpoziumlarda xarici qonaqlar da bu sənət nümunəsinin necə yaradılmasını bilmək istəyirlər», - deyə Rəna xanım söyləyir».

 

İpəkçilik Mərkəzi

Kəlağayının tarixi Azərbaycanda ipəkçiliyin tarixi ilə sıx bağlıdır, ölkə özü isə bu sənətin vacib mərkəzi kimi məşhurdur. Hələ antik mənbələrdə, orta əsrlər səyyahlarının yazılarında Azərbaycan ipəyi və ondan düzəldilən əşyalar barədə qeydlər var.

Şərqdə, o cümlədən Azərbaycanda başörtüyü üçün geyim növləri az deyil. Bu sırada örpək, şal, çarşab, kəlağayının adını çəkmək olar və onların hər birinin öz funksiyası var. Kəlağayıya qarşı müəyyən tələblər var: yaylıq yalnız ipəkdən, özü də kəlağayı ipəyindən hazırlanmalıdır, mütləq kvadratformalı olmalı və kiçik olmamalıdır, amma 160 sm-dən böyük olmamalıdır.

Kəlağayıları ya bütünlüklə boyayırlar, ya da ağ saxlayırlar və yalnız haşiyələri naxışlarla bəzəyirlər. Naxış ya nəbati, ya da həndəsi olur. Naxışlar «basmanaxış» texnikası ilə vurulur.

Bundan başqa, kəlağayılar müəyyən sosial funksiya daşıyır. Onları gündəlik bağlasalar da, şənliklə faciəli hadisələr arasında ciddi fərqlilik var, qadının yaşından, hadisədən asılı olaraq rəsmlər, rəng, kompozisiyalar, hətta bağlama qaydası fərqlənir.

Kəlağayı demokratik baş geyimidir; o, hər yerə yayıldığından varlı və yoxsul qadınlar arasında fərqi aradan götürür. Yaylıq vasitəsilə qadının yaşı və sosial statusu, hansı yerdən olması və hətta əhvalı müəyyən edilirdi.

Kəlağayı istehsalı çoxmərhələli prosesdir, ipəyin toxunması, möhürlərin hazırlanması, naxışın basılması və nəhayət, parçanın boyanması buraya daxildir. Özü də boyama ən məsul işdir, çünki özünə qədər olan bütün işləri məhv edə bilər. Hələ qədimlərdən boyaçılar Allaha yaxın adamlar sayılırdılar, onların işlədiyi məkan - küpxanalar isə az qala, müqəddəs yer sayılırdı.

Bu gün kəlağayı ustaları ənənəvi kəlağayıçı nəsillərinin təmsilçiləridirlər, altı-yeddi nəsildir ki, bu işlə məşğuldurlar və prosesin bütün mərhələlərini təkbaşına yerinə yetirə bilərlər. Kəlağayı, demək olar ki, sakral önəmi olan yaylıqdır. Onda nəsillərin təcrübəsi ilə yanaşı, həm də ustanın qəlbinin bir hissəsi də yer alıb.



MƏSLƏHƏT GÖR:

494