17 Aprel 2024

Çərşənbə, 02:33

ATASININ İSTƏYİNƏ RƏĞMƏN...

Aktyor Əlabbas Qədirovun yarımçıq tamaşası yox idi, amma həyatı erkən qırıldı

Müəllif:

01.03.2017

1946-cı ilin 13 fevralında dünyaya gəlmişdi Əlabbas Qədirov. Səkkizuşaqlı ailənin ikinci övladıydı. Əslən xızılı olsalar da, ailəsi Bakıya köçüb-gəlmişdi. Əlabbas Qədirovun uşaqlığı Böyük Vətən müharibəsindən sonrakı aclıq, qıtlıq illərinə düşüb. Amma dəmiryolçu olan atası Qulu onları korluq çəkməyə qoymurdu.

Oğlu İlham Qədirovun sözlərinə görə, Əliabbas Qədirov öz uşaqlıq illərindən danışmağı sevərmiş: “Onun söhbətlərindən gəldiyim ilk nəticə bu oldu ki, atam elə kiçik yaşlarından inadkar, sözübütöv, qətiyyətli olub. Heç vaxt rahat həyat axtarmayıb. Zəhmətdən çəkinməyib. Bir də uşaqlıqdan pulqazanan olub. Xızılı qadınların bişirdikləri çörəklər həmişə adla deyilib. Nənəm şəhərdə yaşasa da, adətlərini yaddan çıxarmayıb. Xızılıların əksəriyyəti kimi, o da həyətlərindəki təndirdə çörək bişirib. Atam da onları bazarda satıb”.

 

İlahi istedad

O, orta məktəbdə oxuyanda humanitar fənlərə daha çox maraq göstərirdi. Elə səhnəyə həvəsi də onda ədəbiyyat müəllimi Dilşad müəllimə oyadıb. Əlabbas Qədirov onun məktəbdə təşkil etdiyi dram dərnəyində hazırlanan tamaşalarda ilk rollarını oynayıb. Müəllimi aktyorluq istedadını gördüyündən, həmişə ona baş rolları tapşırırdı. Beləcə, dram dərnəyində hazırlanan “Hacı Qara”da Hacı Qaranı, “Vaqif”də Vaqifi oynadı. Bir müddət həmin dərnəkdə iştirak etdi. Səkkizinci sinifdə oxuyanda aktyor Ağadadaş Qurbanovun rəhbərlik etdiyi, keçmiş “26-lar bağı”nın (indiki Sahil bağı) yanında yerləşən dram dərnəyinə üzv yazıldı. İki il bu dərnəkdə məşğul oldu, tamaşalarda rollar oynadı. O vaxtlar ailələrinin maddi vəziyyəti əvvəlkindən yaxşı idi. Atasının öz dükanı var idi. O, oğlunun həkim olmasını istəyirdi. Dram dərnəklərinə gedən, tamaşalarda rollar ifa edən Əlabbas Qədirov isə artıq səhnənin ovsununa düşmüşdü. Bütün xəyalları, arzuları yalnız teatrla bağlıydı. Elə ifasını görənlər, xüsusilə Ağadadaş Qurbanov da aktyorluq istedadı olduğunu deyir, onu ümidləndirirdi.

Sənət yolunu özlüyündə bəlli etmişdi: aktyor olacaqdı. Amma atasından da çəkinirdi. Bilirdi ki, sərtxasiyyətli, teatra, hətta tamaşalara baxmaq üçün də getməyi özünə həqarət sayan atası onun bu istəyini qəbul etməyəcək. Buna görə də dram dərnəklərinə getdiyini hər vəchlə ondan gizlədirdi. Ancaq Ağadadaş Qurbanovun dərnəyinə getdiyi vaxtlar atası şübhələnməyə başladı. Bir gün ardınca düşərək onu izlədi. Dram dərnəyinin yerləşdiyi binaya gəlib çıxdı. Hər şeydən xəbərsiz olan Əlabbas Qədirov binaya daxil oldu. Atası da onun ardınca içəri girdi. Bunu görən Ağadadaş Qurbanov heç vədə görmədiyi bu yad adamdan gəlişinin səbəbini soruşdu. Atası isə Əliabbası göstərib dedi: “Bu gəlir artistlik eləməyə. Mən isə istəyirəm, həkim olsun”. Ağadadaş Qurbanov cavab verdi: “Əlabbas yaxşı aktyor olacaq. Qabiliyyəti var. Mən də onu həvəsləndirəcəyəm. Siz nahaq oğlunuzu bu yoldan çəkindirmək istəyirsiniz”.

Söhbətləri xeyli uzandı. Heç biri öz fikrindən geri çəkilmək, güzəştə getmək fikrində deyildi. Sonda atası Ağadadaş Qurbanovdan bir az da inciyərək oranı tərk etdi. Axşam evdə oğluna dedi: “Səni bir də ora gedən görməyim”.

 

“Sən güclü aktyor olacaqsan”

1965-ci ildə Əlabbas Qədirov orta məktəbi bitirdi. Çətin seçim qarşısında qaldı. Sənədlərini Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) vermək istəsə də, cəsarət etmirdi. Bilirdi eşitsə, atası dünyanı ona dar edəcək. Ancaq başqa bir sənəti seçməyə də könlü razı deyildi. Axırda dayısı Balaqardaşın yanına gedib olanları danışdı. Dayısından kömək istədi. Balaqardaş bacısı oğluna ürək-dirək verdi: “Darixma. Sənədlərini gətir, mən verəcəyəm Teatr İnstitutuna. Sənin işin olmasın”.

Əlabbas Qədirov sənədlərini atasından gizlin aparıb, arzusunda olduğu ali məktəbə verdi. 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil oldu. Sənət müəllimi Xalq Artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi Əməkdar artist Müxlis Cənizadə oldu.

Tələbəlik illəri onu sevdiyi sənətə daha da doğmalaşdırdı. Həmin illərdə institutun tədris teatrının ştatlı aktyoru kimi burada “Aydın”, “Azər”, “Təbilçi qız” tamaşalarında maraqlı rollar oynadı. Sonuncu kursda oxuyanda, Mehdi Məmmədov onu Akademik Teatrda quruluş verdiyi Hüseyn Cavidin “Xəyyam” faciəsində Yusif roluna dəvət etdi. Rol üzərində həvəslə işləyir, böyük maraqla məşqlərə gəlirdi. Nəhayət, 1970-ci ilin 12 martında premyera oldu. Əlabbas Qədirovun böyük həyəcanla gözlədiyi tamaşa günü çatdı. O, anasına dedi: “Atama da deyərsən, gəlsin tamaşaya baxsın”. O vaxta qədər artıq oğlunun Teatr İnstitutunda oxuduğundan xəbər tutan atası hələ də onun aktyor olacağı fikri ilə razılaşmamışdı, tez-tez “At bu sənəti”, - deyirdi. Tamaşaya baxmağa getməsi üçün evdə ona çox yalvardılar. Ancaq atası “Mən mütrifin oyunlarına baxmıram”, - deyib teatra getməkdən imtina edirdi. Çox yalvar-yaxardan sonra, onu razı sala bildilər. Tamaşa salonuna candərdi gedən, üz-gözündən narazılıq yağan Qulu çox keçməmiş, səhnədə baş verənləri maraqla izləməyə başladı. Elə bu vaxt Əlabbas Qədirov cəngavər Yusif rolunda səhnəyə çıxdı. Atası yenə dinməz-söyləməz baxırdı. Tamaşanın sonuna yaxın qızı Zərifə xanım atasına baxanda onun gözlərindən yaş axdığını gördü. Aktyorların səhnəyə qayıdıb tamaşaçıların alqışlarını qəbul etmələrinə az qalmış o, kimsəyə bir söz söyləmədən qəflətən durub salondan çıxdı. Evə qayıdanda Qulunun hələ də ağladığını gördülər. O, etiraf etdi: “Mən bu cür istedadı olan oğlumun səhnəyə çıxmasını nahaq istəmirdim”. Əlabbas Qədirov evə dönəndə atası ona da dedi: “Sən güclü aktyor olacaqsan. Mən bunu bilmirdim. İstədiyim o idi ki, sən seçdiyin sənətin güclülərindən olasan. Oynadığın tamaşaya baxanda həm sənə, həm də özümə görə kövrəldim. Özümü qınadım ki, uşağı qoymurdum aktyor olsun”. Oğlunu ilk dəfə səhnədə görən və bu qədər bəyənən, təsirlənən Qulu, nə qədər qəribə də olsa, bundan sonra da bir daha heç vaxt teatra ayaq basmadı. Oğlunun oynadığı tamaşalara baxmağa belə getmədı.

 

Uğurlu aktyor

Əlabbas Qədirovun isə qarşısında yeni yollar açılmışdı. Yusif rolu onun həm özünə və müəlliminə verdiyi imtahan idi. Gənc aktyor bu sınaqdan uğurla keçmişdi. Təhsilinə daha böyük həvəslə davam edirdi.

Teatr İnstitutunu 1970-ci ildə bitirdi. Mehdi Məmmədov onu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına gətirdi. 1970-ci ilin 6 aprelindən həmin teatrın aktyoru oldu. O vaxtlar İncəsənət İnstitutunu bitirənlər, adətən, əvvəlcə rayon teatrlarına işləməyə göndərilirdilər. Əlabbas Qədirov yaxşı bilirdi ki, təhsilini başa vurub belə böyük teatrda işə başlamaq çox az gəncə nəsib olan xoşbəxtlikdir. Bu düşüncə həm də məsuliyyət hissini artırırdı.

O, hələ tələbəikən - 1969-cu ildə ailə qurdu. Bir il sonra - 1970-ci ildə oğlu İlham dünyaya gəldi. Sonralar 2 qızı da oldu. O, qayğıkeş ailə başçısı, gözəl ata idi. Oğlu İlham Qədirov xatırlayır: “Bəzi aktyorlar övladlarının onların sənətini davam etdirməsini istəmirlər. Atam isə mənim olnun yolu ilə getməyimin əleyhinə deyildi. Bir dəfə mənə dedi: “Əgər ürəyindən aktyor olmaq keçirsə, onda gərək yaxşısından olasan”. O vaxt söylədim ki, axı mən sənin kimi aktyor ola bilməyəcəyəm. “İstəsən, məndən də yaxşı ola bilərsən”, - dedi. Ancaq atamın yanında çox olmağım, tamaşalarına baxmağım onun sənətini seçməyim üçün yetərli olmadı. Bəlkə bunun səbəbi aktyorluğa həddindən artıq ciddi münasibət bəsləməyim, daha dəqiqi, onu çox uca, əlçatmaz hesab etməyim idi. Bacılarım - Gültəkin və Gülçin də atamın yolu ilə getmədilər. Amma üçümüz də teatrı çox sevirik”.

Oynadığı rolların siyahısına nəzər salanda Əlabbas Qədirovu bəxtigətirən aktyor hesab etmək olar. O, “Xəyyam”da Yusif, “Zamanın hökmü”ndə Pronya, “Xırs quldurbasan”da Vəli, “Darıxma, ana!”da Givi, “Mahnı dağlarda qaldı”da Leytenant və Nicat, “Aydın”da İlyas, “Şöhrət və ya unudulan adam”da Fotoqraf, “Məhəbbət əfsanəsi”ndə Şərif, “Xurşidbanu Natavan”da Seyid Hüseyn, “İblis”də Vasif, “Kimdir haqlı?”da Rəşad, “Büllur sarayda”da Həbib, “Biganələr oteli”ndə Diş həkimi, “Torpağa sancılan qılınc”da Qazan xan, “Şeyx Xiyabani”da Şirzad, “Mənsiz dünya”da Mirzə Şəfi, “Sevgililərin cəhənnəmdə vüsalı”nda Mircəfər Bağırov, “Tənha iydə ağacı”nda Kərim bəy, “Sənsiz”də Tərlan, “Əcəb işə düşdük”də Misirxanov, “Kral Lir”də Qraf Qloster, “Hökmdar və Qızı”ında İbrahim xan, “Özümüzü kəsən qılınc”da (“Göytürklər”) Qara xaqan, “Ulduz, yaxud “Ədirnənin fəthi”ndə Ənvər və başqa bir-birindən maraqlı rollara səhnə ömrü verdi.

Əlabbas Qədirov həm də Azərbaycan Dövlət Televiziyasında bir çox tamaşalarda oynadı. Onlardan “Laçın yuvası” (Cahangir), “Təkan” (Dilqəm), “Atayevlər ailəsində” (Cahangir), “Hacı Qara” (Heydər bəy), “Bəxtsiz cavan” (Fərhad), “Duel” (İsgəndər), “Qəbula gələn sonuncu adam” (Kişi) televiziyanın “Oızıl fond”unda saxlanılır.

Televiziyada uzun illər “Məşəl” verilişinin aparıcısı oldu. Əlabbas Qədirov dramatik aktyor idi. Amma televiziyada çox sevilən “Komediyalar aləminə səyahət” verilişini aparırdı.

 

Prinsipiallıq

Əliabbas Qədirov həm də kinoaktyor kimi tanındı. Kinoda ilk işi 1972-ci ildə çəkildiyi “Xatirələr sahilində” filmində İmran Zahidov rolu oldu. Sonralar “Nəğmə dərsi”ndə Ata, “Nə yaxşı ki, dünyada Səməd Vurğun var”da Vaqif, “Bizim evin kişisi”ndə Mansur, “Qızıl uçurum”da Cəlil, “Qocalar”da Fəriz, “Babək”də Fəzl, “Dənizdən işarə”də Sultanov, “Sevinc buxtası” Nazim oldu. Kinorejissor Eldar Quliyevin çəkdiyi “Sevinc buxtası” iki seriyalı bədii fılmindəki Nazim roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görüldü. Teatr və kino yaradıcılığındakı xidmətlərinə görə 1982-ci ildə Əməkdar artist, 1989-cu ildə isə Xalq artisti fəxri adları ilə təltif olundu.

“Atamın bir xasiyyəti var idi” - İlham Qədirov danışır: “Ona təklif olunan hər rolu oynamağa razı olmazdı. Hələ cavan yaşında ifa etdiyi, məşhur rollarından olan “Sevil” tamaşasındakı Balaş mənfi roldur. Atam onu elə məharətlə oynayırdı ki, tamaşaçılarda Balaşa qarşı nifrət yarada bilirdi. Bəzi mənfi rolları canlandırmaqdan isə imtina edirdi. Hətta baş rol olsayadı belə, istəmirdi. Tutaq ki, tamaşaya qoyulan əsərdə bir qız bir oğlanı sevir, başqa bir oğlan da onu. Cavanlıqda atam deyirmiş ki, ya o sevgilini oynayacağam, ya da heç birini. Axıradək belə oldu. Eləcə də kiməsə arxadan zərbə vuran namərd, yaxud üzünə çoxlu təhqiramiz sözlər deyilən rolları oynamırdı. Onun rollardan imtina etməsi bəzi rejissorlarla münasibətlərində problemlər yaradırdı. Ancaq atam öz fikrində qalırdı. Ən çox problemi rejissor Tofiq Kazımovla oldu. Bilmirəm aralarında nə baş vermişdi. Ancaq yəqin ki, o qədər də kəskin məsələ deyildi. Sonralar Tofiq Kazımov ona rol verirdi. Atamın nə isə qəlbinə toxunmuşdu. Sonadək Tofiq Kazımovun quruluş verdiyi tamaşalarda oynamadı”.

Əlabbas Qədirova təkcə teatr və kino aktyoru kimi müxtəlif, yaddaqalan rollar oynamaq nəsib olmadı, o həm də böyük teatr məbədimiz sayılan Azərbaycan Dövlət Akademik Milli Dram Tearına rəhbərlik etdi. 2001-ci ilin 26 dekabrında Əlabbas Qədirov bu teatrın bədii rəhbəri və direktoru təyin edildi.

İstedadlı cavanları çox sevirdi. Özünün də tələbələri var idi. Onların uğuruna sevinirdi. Teatr sənəti ilə bağlı çox arzuları var idi. Amma amansız xəstəlik qəflətən ömür yolunu kəsdi...

Son vaxtlar səhhətində ciddi problemlər var idi. Xəstə-xəstə teatra gedirdi. Səhnəyə çıxırdı. Yarımçıq tamaşası yox idi. Əli Əmirlinin “Mesanat” əsərindəki Hacı Zeynalabdin Tağıyevdən sonra rol götürməmişdi.

Axır vaxtlarında özü də xəstəliyini öyrəndi. Çarəsiz olduğunu bildi. Əlabbas Qədirov 2006-cı ilin 8 martında, 60 yaşında bu dünyayla vidalaşdı. Adını teatrsevərlərin, kinosevərlərin yaddaşına yazıb, əbədiyyətə üz tutdu...



MƏSLƏHƏT GÖR:

431