25 Aprel 2024

Cümə axşamı, 03:09

FİNAL MƏRHƏLƏSİ

Müəyyən dairələrin işə «badalaq vurmaq» niyyətinə baxmayaraq,“Cənub Qaz Dəhlizi” iştirakçılarının ahəngdar işi layihənin irəliləməsinə imkan yaradır

Müəllif:

01.03.2017

Artıq gələn il Azərbaycan növbəti qlobal layihəni işə salmağa hazır olacaq. Söhbət «Şahdəniz» yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində qaz çıxarılmasına başlanmasından, həmçinin “Cənub Qaz Dəhlizi”nə («CQD») daxil olan Cənubi Qafqaz və Trans-Anadolu (TANAP) qəz kəmərləri sistemi ilə Türkiyəyə və Gürcüstana qaz nəqlinin artırılmasından gedir. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ötən həftə Bakıda keçirilən üçüncü toplantısı bütün iştirakçılara final mərhələyə çıxmazdan öncə saatları tutuşdurmağa imkan yaradır. Məşvərət Şurasının «CQD» ölkələrinin energetika nazirlərinin ildə bir dəfə toplaşdığı əvvəlki iclaslardan fərqli olaraq indiki sammit yetərincə sakit keçib.

Və bu, təsadüfi deyil, çünki Azərbaycan qazının Avropaya çatdırılması layihəsi üzrə işlər çox irəliləyib. O cümlədən, «Şahdəniz» yatağının işlənməsinin 2-ci mərhələsi üzrə işlər 90%, Cənubi Qafqaz Qaz Kəmərinin Bakıdan Gürcüstan-Türkiyə sərhədinə qədər genişləndirilməsi üzrə işlər 80%, TANAP qaz kəmərinin tikintisi üzrə işlər 65%, Trans-Adriatik Qaz Kəmərinin tikintisi üzrə işlər isə 34% yerinə yetirilib. Tərəflər çoxdan sövdələşmə dövrünü keçərək, mümkün problem və gecikmələrin həlli yollarında vahid cəbhədən çıxış edirlər. «Hesab edirəm ki, biz nadir və xüsusi beynəlxalq əməkdaşlıq formatını yaratmağa müvəffəq olmuşuq. Əlbəttə ki, müxtəlif dövlət, şirkət və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsi “Cənub Qaz Dəhlizi”nin uğurla həyata keçirilməsinin əsas səbəbi olmaqla yanaşı, gələcəkdə də özünün əhəmiyyətli rolunu oynayacaq. Çünki bu qlobal layihənin icrası başa çatdırıldıqdan sonra, bizim əməkdaşlığımız müxtəlif sahələr üzrə davam edəcəkdir», - deyə Azərbaycan Prezidenti İlham Əliyev Məşvərət Şurasının iclasında bildirib. Qitə səviyyəsində olan bu energetika əməkdaşlığının əsasını hələ XXI əsrin əvvəllərində Azərbaycan, Türkiyə və Gürcüstan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum Boru Kəməri layihələrini gerçəkləşdirməklə qoyublar. Bu formatın yardımı ilə Azərbaycan neftinin dünya bazarlarına çıxışı təmin edilib, Xəzərin şərq sahillərindəki neft hasilatçıları üçün alternativ ixrac variantı yaradılıb, həmçinin Azərbaycan qazının nəqli yolu ilə Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyi təmin edilib. Növbəti mərhələ isə Azərbaycan qazının Avropaya çatdırılması olacaq ki, bu da “Köhnə Qitə”ni alternativ enerji mənbəyi ilə təmin edəcək. Avropa İttifaqında Azərbaycanın təşəbbüs qaldırdığı “Cənub Qaz Dəhlizi” sisteminin vacibliyini dəstəkləyirlər. «Mən bu layihənin Avropa İttifaqı üçün, eləcə də bütün Avropanın enerji təhlükəsizliyini, enerji təchizatının şaxələndirilməsini dəstəkləyən açıq likvid bazar kimi qalmasını təmin edən planlarımız üçün strateji əhəmiyyətini yüksək dəyərləndirirəm və bu çox mühüm region - Xəzər hövzəsi ilə yeni əlaqəyə və Azərbaycan kimi güclü tərəfdaşa malik olmaq imkanını da nə dərəcədə qiymətləndirdiyimizi bir daha vurğulamaq istəyirəm», - Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Bakıda keçirilən toplantıda bildirib. O qeyd edib ki, Xəzər qazının Avropaya çatdırılması üçün infrastrukturun yaradılmasının vacibliyi barədə söhbət çoxdan gedir, amma yalnız indi gerçəkliyə çevrilir. Yada salmaq lazımdır ki, məhz TANAP qaz kəmərinin tikintisi üzrə Türkiyə və Azərbaycanın təşəbbüsü «Şahdəniz» yatağının 2-ci mərhələsi üzrə işlərin başlanmasına imkan yaratdı. Şefçoviç əminliklə bildirib ki, 2020-ci ildə Azərbaycan qazının Avropaya nəqli başlanacaq ki, layihədən bütün ölkələr mənfəət əldə edəcək.

«Bu layihə bütün iştirakçı ölkələr üçün, Avropa, xüsusilə də İtaliya üçün çox vacibdir, çünki «CQD» ilə göndəriləcək qazın böyük hissəsini bu ölkə alacaq», - deyə Şefçoviç vurğulayıb. Amma maraqlıdır ki, İtaliyada «CQD» ən böyük maneə ilə qarşılaşır. Söhbət Trans-Adriatik Qaz Kəmərinin (TAP) İtaliya sahillərinə çıxdığı Apuliyanın yerli hakimiyyətinin etirazından gedir. Regional hakimiyyət ekologiyada problemlər ola biləcəyini, sahilin çirklənəcəyini, zeytun bağlarının dağıdılacağını əsas gətirərək, qaz kəmərinin tikintisinə etiraz edir. Ancaq Apuliyada yerli hakimiyyəti və ekoloqlar qrupunu ətraf mühitə qayğı məsələləri nə qədər narahat etməsi böyük sual altındadır. Sirr deyil ki, Azərbaycan qazının Avropaya çıxış imkanları çox güclərə xoş gəlmir. Təbii ki, ildə 10 milyard kubmetr qaz ixracı ilə Azərbaycan ildə 400 milyard kubmetr qaz istehlak edən Avropa bazarının əsas oyunçuları üçün ciddi təhlükə törətmir. Ancaq hətta kiçik alternativ ixrac müəyyən dairələri narahat edir və onlar müxtəlif üsullarla layihəyə problem yaradırlar. Təbii ki, TAP-ın gerçəkləşdirilməsində gecikmələr məsələsi də Məşvərət Şurasının iclasında diqqətdən yayınmadı.

«Bilirik ki, burada müəyyən müdaxilə və kənardan təzyiq halları olacaq. Müəyyən ekoloji və digər bəhanələr ortaya atılacaq. Ancaq burada biz reallığı nəzərə almalıyıq. Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın tərəfdaşları, ölkəmizin strateji tərəfdaşı və bizim bütün neft və qaz layihələrimizin operatoru olan “bp” şirkəti ilə birlikdə həyata keçirdiyi heç bir layihə ilə bağlı, istər Azərbaycanda, istərsə də buradan başlayan nəqletmə marşrutu boyu hər hansı bir ekoloji problem baş verməmişdir. Yadımdadır ki, biz Bakı-Tbilisi-Ceyhan kəmərini inşa edəndə də layihənin icrasının əleyhinə olan müəyyən dairələrin sponsorluğu ilə “Bakı-Tbilisi-Ceyhan kampaniyası” adlanan kampaniya başlanılmışdı. Onlar həmin layihənin nüfuzdan salınması üçün geniş fəaliyyətə başladılar. Layihəni regionun ekoloji fəlakəti adlandırdılar. Təəssüf ki, o zaman bəzi maliyyə qurumları da prosesi ləngitdilər. Ancaq Bakı-Tbilisi-Ceyhan artıq 11 ildir ki, fəaliyyət göstərir və o zamandan bəri burada xırda narahatlıq belə doğuracaq epizod olmamışdır», - deyə Prezident İlham Əliyev faktiki olaraq, TAP layihəsinin əleyhdarlarına cavab verib və qeyd edib ki, süni yolla uydurulmuş səbəblərlə «CQD»nin gerçəkləşdirilməsinin qarşısını almaq mümkün olmayacaq.

"Burada yeganə itirə biləcəyimiz zamandır. Biz isə nəyə görə vaxt itirməliyik? Vaxt pul deməkdir. Biz bu layihəni vaxtında icra etməliyik», - deyə İlham Əliyev vurğulayıb. Avropa İttifaqı da Apuliya hakmiyyətinin narahatlığı probleminin həlli ilə ciddi şəkildə məşğul olmaq niyyətindədir və Maroş Şevçoviç durumu yerində öyrənəcək. "Bu məsələdə İtaliya ilə fərdi əməkdaşlıq gerçəkləşdirilir. «CQD» Məşvərət Şurasının Bakıda keçirilmiş üçüncü iclasında müxtəlif icazələrin verilməsinin gecikdirilməsi məsələsi də müzakirə olundu. «CQD»dən əsas qaz həcmini İtaliya alacaq və bu layihədən ən çox mənfəət onun payına düşəcək», - deyə M. Şefçoviç vurğulayıb.

İtaliyanın İqtisadi İnkişaf naziri Karlo Kalenda Bakıda əmin edib ki, artıq TAP-ın yolunda əsas maneə olan zeytun bağlarının köçürülməsinə başlanıb. O qeyd edib ki, İtaliya bu priortet və iri enerji layihəsini hərtərəfli dəstəkləməyə hazırdır. TAP-ın tikintisinə İtaliyada icazə verilməsinin gecikdirilməsi «CQD» layihəsinə maliyyə vəsaitləri cəlbi üzrə planlara da təsir edəcək. Maraqlıdır ki, Avropa maliyyə qurumları bu məsələyə xüsusi ehtiyatla yanaşırlar. İndiyə kimi layihəyə iri kreditlər Dünya Bankı ($800 mln.), Asiya İnkişaf Bankı ($1 mlrd.), Asiya İnfrastruktur İnvestisiyaları Bankı (AİİB) ($600 mln.) tərəfindən ayrılıb. Özü də AİİB-in krediti bu yeni maliyyə qurumunun kiçik tarixində ən böyük kredit olub. "Burada xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, Azərbaycan qazı Asiyaya deyil, Avropaya nəql ediləcəkdir. Lakin gördüyümüz kimi, layihəyə verilən maliyyə dəstəyi baxımından Asiya maliyyə qurumları Avropa təşkilatlarından öndədir. Ümid edirik ki, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı da maliyyə dəstəyinin verilməsi və asiyalı tərəfdaşlarından geridə qalmamaq məsələlərini nəzərdən keçirəcəkdir. Əks təqdirdə bunu anlamaq çox çətin olacaqdır», - deyə Prezident İlham Əliyev vurğulayıb və bildirib ki, «Azərbaycan, öz növbəsində, dövlət büdcəsi və Dövlət Neft Fondunun vəsaiti hesabına layihəyə böyük maliyyə dəstəyi göstərir». “CQD” layihəsində Avropa maliyyə qurumlarının iştirakı vəsaitlərin qənaətlə xərclənməsi baxımından da əlverişlidir. Neftin qiymətinin aşağı düşməsi fonunda boruların və avadanlığın ucuzlaşması ilə bağlı olaraq «CQD»nin ilkin qiymətləndirməyə görə, $45 mlrd.-a bərabər olan xərci $40 mlrd.-a düşüb. Bundan başqa, «CQD» Avropa üçün əvvəlcədən müəyyən edilmiş Yunanıstan, Bolqarıstan və İtaliya bazarlarına, sadəcə, Azərbaycan qazı nəqlindən daha çox önəm daşıyır. «CQD»nin vasitəsilə Avropada fəal şəkildə interkonnektorlar sistemi, yəni iki tərəfə qaz nəql etməyə imkan verən boru kəmərləri sistemi yaradılır. Bu isə qitədə layihənin benefisiarlarının, yəni layihədən gəlir götürənlərin sayını artırmağa və əlavə qaz mənbələri cəlb etməyə imkan yaradır. Sistem bütünlükdə qaz nəqlinin mənbələrinin və marşrutlarının uzun müddət arzu edilən şaxələndirilməsini təmin edəcək, həmçinin sərbəst «mavi yanacaq» bazarının imkanlarını genişləndirəcək. Bu, Ağ evin yeni administrasiyasının da prioriteti olaraq qalır.

«CQD Avropa istehlakçısı üçün geniş seçim imkanını təmin edəcək. Bu, o deməkdir ki, layihənin yardıım ilə enerji təhlükəsizliyini daha da möhkəmləndirmək, daha rəqabət qabiliyyətli qiymətlər təmin etmək, son nəticədə isə böyük iqtisadi artıma nail olmaq mümkündür», - deyə ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan Bakıda bildirib. O, layihənin Birləşmiş Ştatlar üçün strateji prioritet olaraq qaldığını vurğulayıb.

Məşvərət Şurasının üçüncü toplantısının yekun bəyannaməsində, həmçinin vurğulanır ki, layihə iştirakçıları «CQD»dən istifadə etməklə, Avropaya əlavə qaz həcmləri nəql etmək üçün danışıqların başlamasını dəstəkləyirlər, həmçinin gələcək həcmlər, yeni birləşdirici qaz kəməpləri və əlavə bazarlar da daxil olmaqla «CQD»nin gələcək inkişafını qiymətləndirməyə başlayacaqlar. Bazarların genişlənməsindən danışanda, qeyd etməyə dəyər ki, ilkin mərhələdə Çernoqoriya, Xorvatiya və Bosniya-Herseqovinaya qaz nəqli imkanlarından söhbət gedir. «2019-cu ilin sonuna Yunanıstan - Bolqarıstan interkonnektoru (IGB) hazır olacaq. Bolqarıstan və Rumıniya artıq öz qaz şəbəkələrini birlşdiriblər. Çernoqoriya, Albaniya, Bosniyavə Xorvatiyaİoniya-Adriatika Qaz Kəməri (IAP) layihəsi üzərində fəal işləyirlər. Bütün bunlar Azərbaycan qazı üçün yeni böyük perspektivlər yaradır», - deyə Azərbaycanın Energetika naziri Natiq Əliyev vurğulayıb. Bolqarıstan, həmçinin 2020-ci ilin sonuna kimi Serbiyaya boru kəməri çəkmək niyyətindədir. «Beləliklə, Azərbaycanın «Abşeron» yatağının və başqa yataqların qazının, həmçinin əlavə birləşdirici qaz kəmərlərinin hesabına «CQD»nin yetərincə genişləndirilməsi təmin ediləcək», - deyə Bolqarıstanın Energetika naziri Nikolay Pavlov vurğulayıb. Hər şeydən əlavə, «CQD» Avropanın bir sıra ölkələrini, o cümlədən Albaniya və Çernoqoriyanı qazlaşdırmağa imkan yaradacaq. Bu baxımdan, Çernoqoriyanın İqtisadiyyat naziri Draqitsa Sekuliç TAP-ı Avropanın ən yüksək prioriteti adlandırıb. Halbuki, indiki formatda «CQD» Çernoqoriyadan keçmir, amma İoniya-Adriatikqaz kaməri sistemi vasitəsilə bu Balkan ölkəsi də «mavi yanacaq”a çıxış əldə edəcək. «Bizdən ötrü bu, qaz əldə etmək üçün yeganə yoldur. Bir tərəfdən, İAP Azərbaycan qazının Avropaya nəqlinə yardım edəcək, digər tərəfdən, Avropa qazını əks istiqamətə nəql etməyə şərait yaradacaq. Boru kəmərinin əsas məqsədi nəqlin təhlükəsizliyini təmin etmək, bütün iştirakçılar üçün qaz mənbələrini şaxələndirməkdir. Çernoqoriya üçün bu həm də ölkənin qazlaşdırılması yolunda yeganə imkandır. Buna görə bu layihə bizim üçün vacibdir», - deyə nazir Bakıda bildirib. Beləliklə, nazirlər 2018-ci ildə Məşvərət Şurasının dördüncü toplantısında artıq «Şahdəniz» yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində qazın çıxarılmasının konkret müddətləri, qazın nəqli üzrə yeni müqavilələr barədə danışacaqlar. Böyük ehtimalla, yeni potensial «mavi qaz» təchizatçıları hesabına sistemin gücünün genişləndirilməsi imkanları da müzakirələrin mövzusu olacaq.



MƏSLƏHƏT GÖR:

372