19 Aprel 2024

Cümə, 07:36

KÖLGƏLƏRİN MÜBARİZƏSİ

Ermənistan hakimiyyətinin gözlənilən «yenilənmə» ilə bağlı səs-küylü vədləri elə vəd olaraq da qalacaq

Müəllif:

01.03.2017

Ermənistanda 2017-ci ilin əsas hadisəsinə cəmi 1 ay qalır. Söhbət gələcəkdə hökumətin formalaşmasında əsas rol oynayacaq parlament seçkisindən gedir.

Hadisənin əhəmiyyətinə baxmayaraq, ölkənin siyasi mənzərəsi son dərəcə qarışıq olaraq qalır. Seçkiqabağı bloklar, siyasi təşkilatlar yağışdan sonra göbələk kimi peyda olmaqda, bugünədək xalqın görmədiyi siyasətçilər ardarda səs-küylü bəyanatlar səsləndirməkdədir. Bununla yanaşı, siyasi oyunçuların çox olduğu Ermənistanda siyasi vəziyyətin onsuz da qarışıq olduğu da qeyd edilməlidir.

Ermənistan Ədliyyə Nazirliyinin məlumatına görə, ölkədə 79 partiya qeydiyyatdan keçib, 10 partiya isə qeydiyyat üçün növbə gözləyir. Bu, rəsmi məlumata görə, 3 milyondan, reallıqda isə hətta 2 milyondan az əhalinin yaşadığı bir ölkədə baş verir. Mütəxəssislərin fikrincə, əslində, bu «mikroskopik» partiyaları hakimiyyət özü formalaşdırıb və məqsəd Ermənistanın siyasi həyatında «idarəolunan xaos» yaratmaqdır. Aprelin 2-də keçiriləcək parlament seçkisinə hazırlıq prosesi çərçivəsində parlamentdəki yerlər uğrunda mübarizə aparacaq siyasi təşkilatlar və bloklar artıq qeydiyyata alınıb. Ümumilikdə, proporsional siyahı üzrə mübarizə aparan partiyalara ayrılmış 90 yer uğrunda (daha 41 deputat mojaritar sistemlə seçiləcək) 1,5 mindən çox namizəd yarışır. Bəzi bloklar son günədək namizədlər siyahısını müəyyənləşdirə bilməsə də, siyahıların açıqlanmasından sonra, parlamentin yeni tərkibinin əvvəlkilərdən o qədər də fərqlənməyəcəyi üzə çıxıb.

Əsas siyasi oyunçular arasında hakim Respublikaçılar Partiyası ilə yanaşı, 4 seçki blokunu da xüsusi qeyd etmək lazımdır. Onlardan birincisi, «Çiçəklənən Ermənistan» partiyasının lideri Qagik Sarukyanın ətrafında birləşmiş Sarukyanın blokudur. İkinci birlik kimi, iki sabiq xarici işlər nazirinin (Raffi Ovannisyan və Vardan Oskanyan) və sabiq müdafiə naziri Seyran Ohanyanın başçılıq etdiyi «Ohanyan, Ovannisyan və Oskanyan» blokunu göstərmək olar. Qərbpərəst qüvvələr, konkret desək, «Vətəndaş Müqaviləsi», «İşıqlı Ermənistan» və «Respublika» partiyaları isə «Yelk» («Çıxış») blokunda birləşib. Nəhayət, dördüncü birlik sabiq prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi ilə Sovet Ermənistanının lideri, Ermənistan parlamentinin 1999-cu ilin oktyabrındakı terroru zamanı öldürülmüş spikeri Karen Dəmirçyanın oğlu Stepan Dəmirçyanın Xalq Partiyasını özündə birləşdirən blokdur.

Hakim Respublikaçılar Partiyası, həmçinin az-çox nüfuza sahib «Daşnaksutyun» ilə «Erməni intibahı» (keçmiş «Qanunçuluq ölkəsi») isə seçkiyə təkbaşına gedirlər. Hakim partiyanın namizədlər siyahısı müdafiə naziri Vigen Sarqsyanın mövqelərinin gücləndiyini göstərir. Siyahıdakı ilk onluqda Prezident Sarqsyanın yaxın adamları, siyasi karyerasına görə ona minnətdar olan namizədlər yer alır. Bu, faktiki olaraq, eks-prezident Robert Koçaryanın dövründən qalmış köhnə qvardiyanın yola salınması, Sarqsyanın total nəzarətində olan insanların önə çəkilməsi anlamına gəlir.

 

«Kriminal» blok

Analitiklər üçün ən maraqlı hadisələrdən biri Ermənistanın ən zəngin insanı olan Qagik Sarukyanın siyasətə qayıdışıdır. «Çiçəklənən Ermənistan» partiyasının (ÇEP) fevralın 10-da keçirilmiş qurultayında yenidən sədr seçilən Sarukyan iki il əvvəl verdiyi siyasətdən getmək qərarının səbəblərini izah etməyə çalışıb və deyib: «Əgər Qagik Sarukyan bu və ya digər addımı atırsa, o, bunu vəzifə və ya fayda qazanmaq üçün yox, Allahın iradəsi ilə edir». Sarukyan çıxışının böyük hissəsini ölkənin sosial-iqtisadi problemlərinə həsr edib, pensiya və vergi sistemini, biznesin inkişafına ayrılan kreditlərin yüksək faizlə verilməsmini tənqid atəşinə tutub, lakin vəziyyətdən çıxış yolunun nədən ibarət olduğunu söyləməyib. Ədalət naminə qeyd edək ki, Ermənistan vətəndaşlarını demokratiyanın inkişafı və ya xarici siyasətdən çox məhz bu məsələlər narahat edir.

Ermənistanın ağır sosial-iqtisadi vəziyyəti ilə Sarukyanın maliyyə resurslarını müqayisə etsək, onun siyasi təşkilatının xeyli səs ala biləcəyini düşünmək olar. Çünki Sarukyan bəzən vətəndaşların ayrı-ayrı problemlərini həll etməyə də çalışır. Amma parlamentdə çoxluğa yiyələnmək şansından danışmaq artıq olardı.

Bununla yanaşı, sadalanan üstünlüklərə baxmayaraq, Sarukyanın blokunun zəif tərəfləri də var və bu, onun seçki şansını xeyli azaldır. Birincisi, onun siyahısında istər keçmişi, istərsə də indiki həyatı kriminalla əlaqəli namizədlər görmək mümkündür. Sarukyanın bloku siyahısına nəinki öz «kriminal»larını daxil edib, hakim Respublikaçılar Partiyasının yaxa qurtardığı kriminal elementləri də özünə cəlb edib. Bu şəxslərin siyasi şüarı 90-cı illərin ənənələri ilə yaxşı səsləşir: «Biz zənginik və hakimiyyətə gəlməklə, xalqı da zəngin edəcəyik».
ÇEP üçün digər kifayət qədər təhlükəli məqam onun mənfur, aşkar terror təşkilatı olan «Ramkavar azatkan», sosial-demokrat «Qnçakyan» partiyası kimi təşkilatları öz koalisiyasına cəlb etmək cəhdidir. Ermənistanda marginal olan hər iki təşkilatın erməni diasporu ilə geniş əlaqələri var. «Qnçakyan» Ermənistanın ən qədim partiyasıdır. 1887-ci ildə Cenevrədə yaradılmış bu təşkilat «Daşnaksutyun»la birlikdə Osmanlı İmperiyasında erməni qiyamlarının təşkilində, müsəlman əhaliyə qarşı qətliamlarda fəal iştirak edib. Sarukyanın bu təşkilatları öz alyansına cəlb etməyə çalışmasının səbəbini anlamaq çətindir. Yəqin ki, o, ya siyasi layihəsinə müəyyən ideoloji çalar qatmaq istəyib, ya da bununla erməni diasporunu öz tərəfinə çəkməyi düşünüb. Amma istənilən halda, Sarukyan bu partiyalarla ittifaq yarada bilməyib. Sarukyanla siyasi ittifaqa yalnız «Vəhdət» hərəkatı ilə «Alyans» partiyası gedib. Qeyd edək ki, onların liderləri Sarukyanın çoxdankı silahdaşlarıdır və Ermənistanın siyasi həyatında elə də ciddi rola malik deyillər.

Bir tərəfdən bu, əlbəttə ki, «səs-küylü qayıdış»a nail ola bilməyən Sarukyanın uğursuzluğudur. Lakin digər yandan, onun üçün sadəcə siyasi yük olacaq marginal partiyaların yükünü çiyinlərinə almaq Sarukyana nə maddi nə də sosial mənada sərf edirdi.

«Ohanyan-Ovannisyan-Oskanyan» siyasi blokunun heyəti və onun ətrafında yaşananlar da bu tezislərin doğruluğunu təsdiqləyir. Bu blok ətrafında da müəyyən mənada dayanıqsız vəziyyət yaranıb.

 

Qu quşu, durnabalığı və xərçəng

Seyran Ohanyan, Raffi Ovannesyan və Vardan Oskanyanın başçılıq etdiyi seçki bloku haqqında isə tragikomediya yazmaq olar. Çünki onun liderlərinin patoloji qeyri-adekvatlığı siyasi təhlil predmeti deyil. Bu üç şəxsi nə birləşdirir və nə ayırır? Onların qarşılıqlı münasibətləri və ümumi maraqları çox dolaşıqdır. Gəlin, nəzər salaq. Artıq qeyd edildiyi kimi, həm Seyran Ohanyan, həm Raffi Ovannisyan, həm də Vardan Oskanyan sabiq nazirlərdir. Onların hər üçü Ermənistandan kənarda doğulub (R.Ovannisyan ABŞ-da, V.Oskanyan Suriyada, S.Ohanyan isə Azərbaycanda). Müxtəlif vaxtlarda Ovannisyanla Oskanyan XİN-ə başçılıq edib, Ohanyan isə müdafiə sahəsinə cavabdeh olub. Bununla yanaşı, Oskanyanla Ohanyan vəzifdə eyni dövrdə olublar. Bir çox erməni 2008-ci ilin martında İrəvanın mərkəzində mitinqçilərin güllələnməsinə görə Ohanyanı (Ermənistan SQ Baş Qərargah rəisi kimi) günahlandırır. Oskanyan isə xarici siyasət idarəsinin başçısı kimi, Qərbin qarşısında hərbçilərin cinayətkar əməlinə haqq qazandırmaq üçün əlindən gələni edirdi. Bundan başqa, həm Oskanyanın, həm də Ohanyanın üzərində Ermənistanın sabiq prezidenti Robert Koçaryanın kölgəsi fırlanır. Onların heç biri Koçaryanın agenti damğasından qurtula bilməyib. Yeri gəlmişkən, sonuncu böyük siyasətə qayıdıb-qayıtmamaqla bağlı qərar verə bilmir, lakin yuxarıda adları xatırlanan fiqurlar vasitəsilə fəal şəkildə öz maraqlarını irəli çəkir. Onları Koçaryanın digər keçmiş layihəsi olan Sarukyanla sıx əlaqələr də birləşdirir. Ən maraqlısı isə bu blokda Ermənistan mətbuatının «ruhi xəstə, qətyyətsiz və son dərəcə qeyri-ciddi şəxs» adlandırılan Raffi Ovannisyanın yer almasıdır. Ovannisyan məşhur Ostep Banderanın «Xaric bizə kömək edəcək - Qərb bizimlədir» şüarını əsas tutaraq, ABŞ-a kifayət qədər tez-tez səfərlər edir. Lakin erməni diasporu Ovannisyandan çoxdan üz döndərib və bunu ondan başqa, demək olar ki, hər kəs bilir. Marginal partiya olan «Milli müqəddəratı təyinetmə birliyi»nin lideri Paruyr Ayrikyan da onlara qoşularsa, bu, Ermənistanın ən qeyri-adi siyasətçilərini bir araya toplamaq üzrə lider bloka çevrilə bilər. Qeyd edək ki, Ayrikyan daha çox paranormallığı ilə tanınır və hər şeydə «Kremlin əli»ni görür. Lakin cənab Ayrukyan blok daxilindəki hansısa münaqişəyə görə «inciyərək», tələm-tələsik bu birlyi tərk edib və yəqin ki, yerdə qalanlar bundan çox məmnundurlar. Bu yerdə blokun daha bir üzvünü yada salmamaq olmaz. Söhbət partiya siyahılarının hazırlanmasında fəal iştirakı ilə fərqlənən Samvel Babayandan gedir. S.Ohanyan kimi, Babayan da hərbi cinayətkardır. Onun da əlləri Dağlıq Qarabağın günahsız sakinlərinin qanına bulaşıb. S.Babayan da Ermənistanda son dərəcə qeyri-adi, qeyri-populyar şəxs sayılır və bu, onun Qarabağda törətdiyi qanlı əməllərlə bağlıdır. Uzun illər Rusiyada yaşamış Babayan 2016-cı ilin aprel müharibəsindən sonra gözlənilmədən Qarabağda peyda olsa da, orada baş çıxara bilməyib.

Onun bloka qatılması Ermənistan KİV-də geniş müzakirə olunub və ekspertlər, nəhayət, bu blokun əsl yaradıcısının kim olduğunu müəyyənləşdirib - Robert Koçaryan. Hər halda, Babayanı məhz Koçaryanın dəstəklədiyini Ermənistanda hamı bilir. İstənilən halda, ekspertlər hesab edir ki, ölkənin ən qarışıq bloku çətin ki, parlament seçkisində 7%-lik baryeri aşaraq, qanunverici orqana düşə bilsin.

 

«Çıxış»ın girişi

Qarşıdan gələn seçkidə Ermənistanın müxalif cəbhəsini qərbpərəst «Yelk» («Çıxış») bloku təmsil edəcək. Bu blok özündə «Vətəndaş müqaviləsi», «İşıqlı Ermənistan» və «Respublika» partiyalarını birləşdirir. «Vətəndaş müqaviləsi» partiyası İdarə Heyətinin üzvü Nikol Paşinyanın sözlərinə görə, «Çıxış» bloku Ermənistanı çətin vəziyyətdən, ardarda yaşanan uğursuzluqlardan çıxarmaq imkanıdır. Lakin hər kəsə bəllidir ki, əslində, «Yelk» Rusiyanın «qucağından» çıxmağa çağırışdır. Söhbət Aİİ, KTMT kimi inteqrasiya layihələrindən gedir.

Paşinyanla yanaşı, bu blokun parlaq simaları kimi, «Respublika» partiyasının lideri, 1999-cu ildə qətlə yetirilmiş Baş nazir Vazgen Sarqsyanın qardaşı Aram Sarqsyanın, yenə də hərbi cinayətkar, «Vətəndaş Müqaviləsi»nin fəalı Sasun Mikaelyanın adlarını çəkmək olar.

Analitiklərin fikrincə, «Yelk»in az sayda deputatla da olsa, parlamentə düşmək şansı var. Birincisi, hakimiyyətin özünün ilk baxışdan qərbpərəst, radikal müxalifətə ehtiyacı var. Bu, ona əsl müxalifəti parçalamaq, bəzilərini tovlayaraq öz tərəfinə çəkmək imkanı verəcək. Onların hakimiyyəti tənqid etməsinə, bəzən lap sərt tənqidlər səsləndirməsinə icazə verilə bilər. Lakin iş bundan o yana keçməyəcək.

İkincisi, blokun nüfuzlu sponsoru və himayədarının peyda olduğuna dair xəbərlər yayılıb. Söhbət oliqarx, «Sil» konserninin prezidenti, «Qrzo» ləqəbli sabiq deputat Xaçatur Sukiasyandan gedir. Siyasi mübarizədə pulun tez-tez həlledici rol oynadığını nəzərə alsaq, belə «himayədar» «Yelk»in parlamentə düşməsinə kömək edə bilər. Nəhayət, klassik müxalifəti - EMK-EXP blokunu da unutmaq olmaz. Erməni Milli Konqresinin sədri Levon Ter-Petrosyanla Ermənistan Xalq Partiyasının lideri Stepan Dəmirçyanın ittifaqı, yəqin ki, seçkiqabağı yarışın digər iştirakçılarının fonunda ən praqmatik və adekvat birlik təsiri bağışlayır. Lakin burada da qəribəliklər var. Uzun müddət Qagik Sarukyanla razılığa gəlmək üçün çalışan Dəmirçyan EMK-yə ən son anda qoşulub. İndi, bu blokun parlamentə düşüb-düşməyəcəyini söyləmək çətindir. Ermənistan mətbuatının yaxdıqlarından belə məlum olur ki, Serj Sarqsyan bunun əleyhinə deyil - EMK-ni nəzarətdə saxlamaq ona sərf edir.

Bütün sadalananlar göstərir ki, Ermənistanda siyasi plüralizm anlayışı tam təhrif olunub. Ayrı-ayrı siyasətçilərin bəyanatları, əməlləri, kulisarxası «sövdələşmələri», böyük kompromat müharibələri, inzibati resurslardan istifadə ilə aparılan intriqalar bir şeydən xəbər verir: ölkənin istisnasız olaraq bütün siyasətçiləri yalnız parlamentə düşmək şansı olan partiyaların namizədlər siyahısında ilk pillələrdə yer almaq uğrunda savaşır. Siyasi mübarizə görüntüsü kölgələrin mübarizəsindən başqa bir şey deyil. Əksər ekspertlər əmindir ki, Serj Sarqsyanın başçılıq etdiyi Respublikaçılar Partiyası hakimiyyəti heç bir halda əldən verməyəcək. Beləliklə, hakimiyyətin «yenilənmə» ilə bağlı səs-küylü vədləri içiboş vəd olaraq qalacaq.



MƏSLƏHƏT GÖR:

420