28 Mart 2024

Cümə axşamı, 21:41

DURUMU KƏSKİNLƏŞDİRƏN OYUN

The Daily Caller: «Ermənilər, həqiqətənmi, döyüş meydanında azərbaycanlılarla təkbaşına qarşılaşmaq istəyir?»

Müəllif:

01.03.2017

Azərbaycan həm özünün, həm də dünya tarixinin ən faciəvi günlərindən olan Xocalı soyqırımının 25-ci ildönümünü qeyd edib. Detallara varmadan yalnız onu xatırladaq ki, 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı birləşmələri «MDB Birləşmiş Qüvvələri»nin Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yer üzündən silib.  Hadisə zamanı qeydə alınmış insan tələfatının statistikası dəhşətlidir: 613 ölü, 487 əlil, bir çoxunun taleyi hələ də məlum olmayan 1 275 girov. Ölənlər arasında 106 qadın, 63 uşaq. Bir neçə ailə tamamilə məhv edilib. Xocalı qətliamının  qəddarcasına həyata keçirilmiş qorxuducu akt olduğunu sübut edən foto və videokadrlar adamı dəhşətə gətirir.

Bu gün «Xocalıya Ədalət!» kampaniyası sayəsində insanlığa qarşı törədilmiş bu cinayət haqqında bütün dünya bilir  və danışır. Xocalı qətliamını soyqırımı kimi tanımış 12 ölkəyə, ABŞ-ın 18 ştatına və beynəlxalq təşkilatlara bu il Şotlandiya, həmçinin ABŞ-ın Arizona ştatı da qoşulub. Almaniyanın hakim partiyasının Bundestaqdakı fraksiyası isə Xocalı qətliamının ildönümü münasibətilə xüsusi bəyanatla çıxış edib.  Xocalı qətliamını «Ermənistanla-Azərbaycan arasında sülh platforması»nın erməni iştirakçıları da pisləyib. Erməniəsilli məşhur rusiyalı jurnalist Albert Akopyan (Aristarx Kosmopletov) isə özünün «Exo Moskvı»dakı bloqunqda yazıb: «Bu barədə erməni ziyalıları yazmalıdır. Heç adı da qalmamış yüzlərlə azərbaycanlı və kürd kəndi haqqında. Ermənistanı qar basmış aşırımlarla tərk etmiş azərbaycanlı ailələri haqqında. Xocalı haqqında. Evlərində qalmış və hələ də sakitlik tapmayan ruhlar haqda… Bütün bunları billə-bilə yaşamaq, doğrudanmı, qorxulu deyil?».

Rusiya  Dövlət Dumasının deputatı Dmitri Savelyev isə Xocalı faciəsinə dövlət səviyyəsində qiymət verilməsi çağırışı ilə çıxış edib. «Orada nələrin baş verdiyini hər birimiz bilirik. Günahkarların kim olduğunu, bütün bunların nələrə yol açdığını bilirik. Dünya təcrübəsi göstərir ki, belə hadisələrlə bağlı susmaq, təəssüf ki, onların dünyanın digər nöqtələrində də təkrarlanmasına aparıb çıxarır», -  deyə o, qeyd edib.

Rəsmi Bakı da beynəlxalq birliyi Xocalıda törədilmiş cinayəti pisləməyə çağırıb. Bu, ölkə XİN-in beynəlxalq təşkilatlara faciənin 25 illiyi ilə əlaqədar ünvanladığı müraciətdə yer alıb. «O dövrdə Ermənistanın Müdafiə naziri olmuş, indi isə Prezident postunu tutan Serj Sarqsyan britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində günahını etiraf etməkdən utanmayaraq deyib: «Xocalıyadək azərbaycanlılar erməni xalqının dinc əhaliyə əl qaldıra bilməyəcəyini düşünürdü.  Biz bu stereotipi  qırdıq»», - deyə «İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, XİN-in bəyanatında bildirilir.

Buna baxmayaraq, ötən 25 ildə nə S.Sarqsyan, nə də Xocalı soyqırımının digər günahkarları beynəlxalq məhkəmə qarşısına çıxarılıb. Üstəlik, onlar məhz Azərbaycanla münaqişəyə «söykənərək», hələ də Ermənistanda hakimiyyət  başındadır.

Bütün dünya,  o cümlədən Ermənistan ictimaiyyətinin özü də anlayır ki, Qarabağ münaqişəsi kriminal S.Sarqsyan rejimi üçün, əslində sadəcə, «xırda pul»dur. Fevralın 25-nə keçən gecə Qarabağ cəbhəsində gərginliyin növbəti dəfə artması bunu bir daha təsdiqləyib.

 

Aclıq olsun, keyf olmasın və ya İrəvanın qorxulu nağılları...

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri bütün cəbhə xətti boyunca miqyaslı təxribat törətmək üçün müxtəlif istiqamətlərdən Azərbaycan Ordusunun mövqelərinə soxulmağa çalışıb. Nəticədə, Xocavənd-Füzuli istiqamətində vacib yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənlə Azərbaycan Ordusu arasında şiddətli döyüşlər başlayıb. Azərbaycan Silahlı Qüvvələri düşməni geri oturdub. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bu zaman erməni tərəfinin atəş nöqtələri və pilotsuz uçan aparatı məhv edilib. Düşmən itki verib. Lakin təəsüf ki, toqquşmalar Azərbaycan üçün də itkisiz ötüşməyib. Ölkənin Müdafiə Nazirliyi hadisə zamanı 5 hərbçinin qəhrəmancasına şəhid olduğu haqqında  məlumat yayıb. Sarqsyan rejimi isə hər zaman olduğu kimi, öz itkilərini gizlətməyə çalışıb. Buna baxmayaraq, sosial şəbəkələrdəki erməni fəalları Ermənistan Ordusunun böyük sayda itki verdiyini yazır. Onların sözlərinə görə, işğalçı rejimin təxribatı nəticəsində baş vermiş xeyli sayda insan tələfatını ictimaiyyətdən gizlətmək üçün bir müddət sonra əsgərlərin cəsədləri tək-tək evlərinə göndərilməyə başlanacaq. Ermənistan bu ssenaridən apreldə baş vermiş dördgünlük  müharibədən sonra da istifadə etmişdi və bunu ermənilərin özləri boyunlarına alır. Bununla yanaşı, erməni kəşfiyyat qruplarının mütəmadi həmlələri, ön cəbhədə ağır texnikanın cəmlənməsi və digər amillər İrəvanın miqyaslı təxribata hazırlaşmasından xəbər verirdi. Axı cəmi 1 ay sonra - aprelin 2-də Ermənistanda parlament seçkisi keçiriləcək. Sarqsyanın regional təcrid vəziyyətində, kriminal və iqtisadi problemlər içərisində boğulmaqda olan ölkəsinə verə biləcəyi heç nə yoxdur. Diaspor artıq kömək etmir, silahdaşları da ondan üz döndərib. «Mən özümü bu hakimiyyətdə görmürəm. Çünki bizim yanaşmalarımız fərqlidir. İndiki sistemlə, iqtisadi siyasətlə Ermənistanın inkişaf etmək imkanı yoxdur», - deyə ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan bildirib.  Belə olan təqdirdə, indiyədək sınaqdan keçirilmiş təcrübəyə əl atmaqdan başqa nə qalır? Seçicini müharibə, daha dəqiqi, «aqressiv» qonşu ilə qorxut, ona qarşı müqəddəs ümumerməni ideyaları uğrunda birləşməyin vacibliyini gündəmə gətir. Hər halda, bu təcrübə əvvəlki illərdə işə yarayıb. Qarabağ klanı Ermənistanda hakimiyyəti məhz hərbi dalğa üzərində qəsb edib. Cəbhə xəttində fevralda yaşananların Ermənistanın təxribatı olduğunu, toqquşmalar başlar-başlamaz İrəvanın təşkil etdiyi şou da təsdiqləyir. Ermənistan XİN dərhal ATƏT-in Minsk qrupuna şikayətə qaçıb, Müdafiə Nazirliyi isə Ermənistanda akkreditasiya olunmuş hərbi attaşelərin iztirablı xalqın növbəti iniltisinə inanacağına ümid edərək, onları bir araya toplayıb. Amma İrəvan unudub ki, cəbhədə baş verən insidentin anonsunu Serj Sarqsyan hələ 1 həftə əvvəl dilə gətirmişdi. «Bu gün Azərbaycanda bəziləri hələ də ümid edir ki, başı seçkilərə qarışmış Ermənistan bu üzdən zəif olacaq. Əbəs ümidlərə bel bağlayan düşmənin yeni təxribatlara əl atacağı istisna deyil», - deyə Ermənistanın dövlət başçısı «Yerkrapa» Könüllülər İttifaqının XI qurultayındakı çıxışında bildirib və necə deyərlər, özü-özünü «yandırıb». Regionu və erməni xalqını yeni müharibəyə sürükləyən Ermənistan rəhbərliyinin çıxışı hərbi diktaturaya, xuntaya xas çıxışdır. Bunu Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib. Sarqsyanın çıxışına münasibət bildirən Hacıyev deyib: «Bu insan dərin siyasi-iqtisadi, maddi və demoqrafik böhran içərisində olan bir dövlətin başçısı kimi, ölkədə böhranın aradan qaldırılmasına, qonşularla münasibətlərin normallaşdırılmasına dair seçkiqabağı vədlərlə çıxış etməkdənsə, erməni xalqına yeni müharibə vəd edir», - deyə «Trend» agentliyinin məlumatına görə, Hacıyev  bildirib.  Amma Ermənistan rəhbərliyindən hər addımda belə yalanlar eşitmək dünya birliyi üçün adi hala çevrilib.  Tərs kimi, bu günlərdə seçkiqabağı Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan ilə yeni Müdafiə naziri Vigen Sarqsyan da təxribatlardan əvvəl «artilleriya hazırlığı”na cəhd ediblər.

E.Nalbandyan Janna Nemtsovaya «Deutsche Welle» üçün verdiyi müsahibəsində iddia edib ki, Qarabağ münaqişəsi «ərazi mübahisəsi yox, insan haqları məsələsidir».  Nazirin bəxti gətirib ki, Nemtsova ondan BMT TŞ-nin qətnamələri, AŞPA və digər beynəlxalq təşkilatların qərarları barədə heç nə soruşmayıb. Axı bütün bu sənədlərdə erməni silahlılarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb edilir.

Amma sonradan Nalbandyan özü-özünü təkzib edərək bildirib ki, münaqişənin həllinə dair danışıqlar 3 prinsip əsasında aparılır: «Birincisi, güc tətbiq etməmə və güc tətbiqi ilə hədələməmədir. Bildiyiniz kimi, Azərbaycan hər gün güc tətbiq edəcəyinə dair hədələr səsləndirir və güc tətbiq edir. İkincisi, müqəddəratı təyinetmə prinsipidir. Üçüncüsü isə ərazi bütövlüyü».

Ermənistanın Xarici İşlər naziri bu məqamda da ərazi bütövlüyü prinsipini sanki prioritetlər sırasında sonuncu yerə qoymaqla, oxucuları çaşdırmaq istəyib. Bu yerdə cənab Nalbandyana rusiyalı həmkarı Sergey Lavrovun lap yaxınlarda irəli sürdüyü planı xatırlatmaq yerinə düşər. Həmin planda ilkin mərhələdə Ermənistanın Azərbaycanın işğal altındakı 5 rayonunun boşaldılmasını, qaçqınların oraya qaytarılmasını, daha sonra yerdə qalan rayonların işğaldan azad edilməsini və son mərhələdə Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsini nəzərdə tutur. Ola bilsin ki, Nemtsova onsuz da onun suallarından əsəbiləşən erməni nazirini lap çıxılmaz vəziyyətə salmamaq üçün çox «dərinə getməyi» lazım bilməyib…

Ermənistanın XİN başçısı danışıqların daim pozulmasına görə günahı yenə rəsmi Bakının üzərinə atıb. Halbuki, hazırkı status-kvonun saxlanılmasında Azərbaycanın deyil, Ermənistanın maraqlı olduğunu hər kəs yaxşı bilir.  Münaqişə zonasında mütəmadi olaraq zorakılığa əl atan İrəvan bununla özünü Azərbaycanın müharibəyə başlamasından sığortalamaq üçün insidentlərin araşdırılması mexanizminin işə salınmasını tələb edir. Bakıda isə bütün bunların paralel həyata keçirilməli olduğunu düşünür, dərhal substantiv danışıqlara başlanılmasını tələb edirlər. Və Bakı danışıqların elə Nalbandyanın müsahibəsində dilə gətirdiyi «Madrid prinsipləri» əsasında aparılmasını istəyir.

Bu da son deyil. «Ermənistan hərbi yola əl atarsa, KTMT-yə müraciət edəcəksinizmi? Necə düşünürsünüz, bu halda onlar sizə köməklik göstərəcəkmi?» sualına Nalbandyan belə cavab verib: «Kollektiv Təhlükəsizlik Müqaviləsinə əsasən, üzv dövlətlərdən biri təcavüzə məruz qalarsa, buna təşkilatın bütün üzvlərinə qarşı təcavüz kimi baxılmalıdır. Təbii ki, bunun müvafiq nəticələri olmalıdır». Bu zaman Nalbandyan bir şeyi unudur: Azərbaycan Ermənistan ərazisinə soxulmaq niyyətində deyil. O, sadəcə, Qarabağı işğaldan hərbi yolla azad etmək hüququnu özündə saxlayır və Qarabağın KTMT-yə heç bir aidiyyəti yoxdur.

Əlbəttə,  Nalbandyanın Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarını öz ölkəsinin bir hissəsi sayması təəccüblü deyil. Axı hər şey «Miasum» şüarından başlayıb. Bu, Hitlerin «anşlös»ünə bənzər «yenidən birləşmə»dir; və bu gün Qarabağda Ermənistan hərbçilərinin ölməsi təsadüf deyil. Allah bilir, Ermənistan rəhbərliyi dünyaya «DQR» və onun rəşadətli ordusu haqqında nə yalanlar danışır.  İrəvan Dağlıq Qarabağdakı erməni separatçılarını münaqişə tərəfi kimi təqdim etməyə çalışır. Halbuki,  regionun azərbaycanlı icması kimi, erməni icması da beynəlxalq vasitəçilərin bütün bəyanatlarında, işçi sənədlərdə, sadəcə, «maraqlı tərəf» kimi göstərilir. Münaqişə tərəfləri yalnız Ermənistanla-Azərbaycandır. «ATƏT-in Minsk qrupunun həmsədrləri, həmçinin ATƏT-in fəaliyyətdə olan sədri regiona səfərləri zamanı Dağlıq Qarabağın rəhbərliyi ilə də görüşür, Stepanakertin mövqeyini öyrənir. Gördüyünüz kimi, Dağlıq Qarabağ real olaraq danışıqlar prosesinə cəlb olunub»,  - deyə Nalbandyan iddia edib. Amma o, həmsədrlərin anoloji görüşləri Dağlıq Qarabağdan qovulmuş azərbaycanlı icmanın nümayəndələri ilə də keçirdiyi haqqında  danışmayıb.  Münaqişənin həllinə dair məlum təkliflərə baxmayaraq, erməni nazir guya azərbaycanlı qaçqınların geri qayıtması məsələsinə yalnız problemin tam həllindən sonra baxılmalı olduğunu iddia edir. «Tam həll» dedikdə isə o, Dağlıq Qarabağın yekun statusunun «Dağlıq Qarabağ əhalisinin azad şəkildə iradəsini ifadə etməsi» yolu ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Ermənistanın təsəvvüründə Dağlıq Qarabağ əhalisi yalnız referendumda bölgənin müstəqil olmasına, yaxud Ermənistana birləşdirilməsinə ikiəlli səs verəcək ermənilərdən ibarətdir. Çox maraqlı mənzərə alınır: demək, əvvəlcə azərbaycanlıları qovmuşuq, müstəqilliyin elan olunması haqqında referendum keçirmişik, indi isə yekun statusla bağlı referendum təşkil edəcəyik, sonra istəsəniz, «müstəqil Arsax»a qayıdarsınız, istəməsəniz, yox…

 

Erməni siyasətinin paradoksları

Bu arada ermənilərin başı həqiqətən də müstəqillik oyununa bərk qarışıb. Hətta onlar bütün dünyada Dağlıq Qarabağ kimi tanınan bölgəni «Arsax Respublikası» adlandırır, «buna qanuni don geyindirmək üçün» «ümumxalq səsverməsi» də keçirirlər. Xalq isə 70-80 min ermənidən ibarətdir (Ermənistanın statistikasına əsasən). Onlar da beynəlxalq «müşahidəçilər» qarşısında biabır olmamaq üçün səfərbər olunub. Onlarsız nə demokratik səsvermə? Üstəlik, burada «dövlət»ə yeni ad verilməsi ilə yanaşı, söhbət həm də «prezident hakimiyyəti»nin möhkəmləndirilməsindən  gedirdi.

Erməni tərəfinin «beynəlxalq müşahidəçilər» iddiası ilə heç bir dövlətin və beynəlxalq təşkilatın «Arsax Respublikası vətəndaşlarının azad iradə ifadəsi»ni tanımaması heç uyğun gəlmir. Rəsmi Bakı isə bu komediyanı müşahidə etmək fikrinə düşmüş şəxsləri «qara siyahı»ya salır.  Ermənistanla-Azərbaycan arasında danışıqlara vasitəçilik edən ATƏT-in Minsk qrupu sözügedən referendumun beynəlxalq hüquqi qüvvəsinin olmadığını bəyan edib. «Ermənistan və Azərbaycan da daxil olmaqla, heç kəs "DQR"i müstəqil, suveren dövlət kimi tanımır. Müvafiq olaraq, həmsədrlər fevralın 20-də təşkil olunmuş referendumun nəticələrini DQR-in hüquqi statusuna təsir edəcək nəticə kimi qəbul etmir», - deyə Minsk qrupunun bəyanatında bildirilir.   Bənzərməzmunlu bəyanatlarla Rusiya və digər dövlətlər də çıxış edib.

Azərbaycan XİN uydurma referendumu Ermənistanın özünü və beynəlxalq birliyi aldatmaq cəhdindən başqa bir şey saymır. Azərbaycanın Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov isə diqqəti ermənilərin siyasətindəki paradoksallığa çəkib. «Qarabağdakı işğalçı rejimi dünyada heç kəs, hətta Ermənistanın özü belə, tanımır. Məhz bu səbəbdən dünyada heç bir ölkə bu referendumu qəbul etmir.  Ermənistanda isə hər şey tam əksinədir - Ermənistan «dövlət»i tanımır, bu qurumun keçirdiyi referendumu isə tanıyır və tərifləyir. Bu, marazm deyilsə, bəs nədir? Artıq 22 ildir ki, bu dövlətçilik imitasiyası davam edir», - deyə F.Axundov qeyd edib.  Ümumiyyətlə, ermənilərin Dağlıq Qarabağ siyasətində paradokslar çoxdur. Onlar işğal olunmuş torpaqlardakı erməniləri «Qarabağ xalqı», Qarabağın özünü isə «qədim Arsax» adlandırır, hətta Azərbaycanın bitişik rayonlarında qazıntı apararaq, «qədim erməni toponimləri» tapır. Laçını «Berdzor», Kəlbəcəri «Karavaçar» adlandırır. Yalnız «Arsaxın paytaxtı» hələ də bolşevik Stepan Şaumyanın şərəfinə Stepanakert olaraq qalır. Tarixi Xankəndi işə yaramır - o, Azərbaycan toponimidir. «Qədim erməni» adı isə hələ tapılmayıb.

Odur ki, ermənilər bəlkə də danışıqları bu səbəbdən uzadır, yekun statusun müəyyənləşdirilməsinədək bütün toponimlərin erməniləşdirilməsinə çalışırlar. Bununla yanaşı, Azərbaycanın müsəlman keçmişinə aid abidələrin də «işinə baxılır». Qədim alban məbədləri isə çoxdan albanlara məxsus deyil.  Amma erməniləri məyus etməli olacağıq. Ermənistanın XİN başçısının ziddiyyətli və məsuliyyətsiz bəyanatlarından sonra, onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov Dağlıq Qarabağ danışıqlarına şübhə ilə yanaşdığını bildirib. Məmmədyarovun sözlərinə görə, Nalbandyanın bəyanatı nikbin müzakirələrə imkan vermir. Amma unutmaq lazım deyil ki, Bakının problemin sülh yolu ilə həllinə ümidi tükənərsə, o, öz torpaqlarını hərbi yolla geri qaytarmaq qərarı verə bilər. Bu halda, ötən ilin aprel hadisələrinin də göstərdiyi kimi, S.Sarqsyanı heç bir referendum xilas etməyəcək.  Amerikanın «Daily Caller» nəşri bu haqda yazır: «Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanın da marağındadır. Münaqişənin həlli ermənilərin daha yaxşı yaşamasına imkan yaradar, Ermənistanın regionun inkişafına yardım edən gəlirli  layihələrə qoşulmasına yol açardı. Bundan başqa, ermənilər, həqiqətənmi, döyüş meydanında azərbaycanlılarla təkbaşına qarşılaşmaq  istəyir?».



MƏSLƏHƏT GÖR:

414