29 Mart 2024

Cümə, 09:59

«CARLSBERG» AİLƏSİNİN TAMHÜQUQLU ÜZVÜ

«Carlsberg Azerbaijan»ın bazarda böyük paya sahib olmasına baxmayaraq, istehsal etdiyi məhsulların siyahısını genişləndirir

Müəllif:

15.03.2017

Xırdalan Pivə Zavodu bu yaxınlarda «Carlsberg» ailəsinin  tamhüquqlu üzvünə çevrilib. Tanınmış Danimarka pivə istehsalçısının qrupuna isə Xırdalan zavodu hələ 2008-ci ildən Rusiyanın «Baltika» qrupunun vasitəsilə daxildir. Buna görə də o, «Baltika-Baku» adlandırılıb. Amma müəssisənin baş şirkətə daha da inteqrasiya etməsi və beynəlxalq standartları daha dərindən tətbiqi üçün Azərbaycandakı zavodun adının «Baltika-Baku»dan «Carlsberg Azerbaijan»a dəyişdirilməsi barədə qərar qəbul edilib.

Azərbaycan və Danimarka arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün Xırdalan zavodunun önəmini bu yaxında müəssisəyə yüksəksəviyyəli Danimarka rəsmi nümayəndə heyətinin gəlməsi də sübut edir. O cümlədən, Danimarkanın Vergilər naziri Karsten Lauritsen, Danimarkanın Türkiyədəki səfiri Svend Ollinq və Danimarkanın Bakıdakı fəxri konsulu Arnud Qovart Bakıya səfərləri çərçivəsində zavoda baş çəkiblər. Görüş zamanı pivə sahəsində vəziyyət, «Carlsberg»in və ümumilikdə, Danimarka şirkətlərinin Azərbaycanda biznes perspektivləri müzakirə edilib. Qonaqlar pivə istehsalı prosesi ilə tanış olublar, yerli növlərin, o cümlədən işlənib-hazırlanmış, amma həmin vaxta kimi hələ satışa təqdim edilməmiş növlərin də dadına baxıblar.

«Bizim şirkətin «Carlsberg» ailəsinin tamhüquqlü üzvü olduğu bir zamanda, bü cür yüksəksəviyyəli qonaqların səfəri bizim zavod üçün yeni başlanğıcdan xəbər verir. Qlobal şirkətə bu yeni inteqrasiya mərhələsi bizim biznesin Azərbaycanda uzunmüddətli əsasda inkişaf etmək niyyətindən xəbər verir», - deyə «Carlsberg Azerbaijan»ın maliyyə direktoru Tomas Volke Xırdalan zavodunun adının dəyişdirilməsi ilə bağlı bildirib.

Danimarkanın Bakıdakı fəxri konsulu Arnud Qovart qeyd edib ki, «Carlsberg»in Azərbaycan bazarında tutduğu önəmli paya heyran qalıb. Azərbaycan iqtisadiyyatı üçünsə «Carlsberg Azerbaijan» qeyri-neft sektorunun inkişafı və çağdaş dünya standartlarına uyğun məhsul istehsalı baxımından yetərincə önəmli rol oynayır.

Zavodda 200-ə yaxın adam işləyir, daha 400 adam  əlaqədar sahələrdə (distribüterlər, agentlər, podratçılar və s.) çalışırlar. Bütünlükdə, «Carlsberg Group»un Xırdalan zavodunun inkişafına sərmayələri 47 mln. manatı keçib ki, bu da 1969-cu ildə tikilmiş müəssisəni keçmiş SSRİ məkanında ən çağdaş pivəbişirmə müəssisələrindən birinə çevirib.

Fevralın sonunda illik 15-20 milyon manat vergi ödənişinin gerçəkləşdirilməsinə və biznesin tam şəffaflığına görə, şirkət Azərbaycan Vergilər Nazirliyinin «vergi tərəfdaşı» statusuna layiq görülüb.

Qeyd etməyə dəyər ki, son illərdə müəssisə «Xırdalan», «Baltika 0», «Baltika 7», «Baltika 9», «Tuborq», «Kuler», «Əfsanə», «Jiqulevskoye firmennoye» kimi porulyar pivə növləri buraxmaqla, məhsulların çeşidini yetərincə genişləndirib. Məhsulunun yüksək keyfiyyətinə görə, «Carlsberg Azerbaijan» Azərbaycan bazarının 75%-ə qədərini nəzarətdə saxlayır. Bu göstərici «Carlsberg» qrupu üçün də yetərincə yüksəkdir.

Bununla belə, bazarda yüksək payı olmasına baxmayaraq, «Carlsberg Azerbaijan» buraxılan məhsulların çeşidini artırmaqdadır və aprel ayından  üç yeni məhsul - «Kvas Taras», «Xırdalan Export», həmçinin açıq pivə formatında «Kuler» təqdim edəcək. 

Bütünlükdə, dünya pivəbişirmə sənayesi nəhənglərindən birinin Azərbaycanda təmsil olunması ölkədə pivə istehsalının 170 ildən artıq ənənəyə malik iri istehsalçılardan birinin ənənəsinə uyğun yüksək səviyyədə təşkilini göstərir.

Bəllidir ki, «Carlsberg Group» üç regionun - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarca ölkəsində pivəbişirmə müəssisəsinə malikdir, onun məhsulları 150 ölkədə təmsil olunub. Şirkətin portfoliosuna  140-dan artıq pivə brendi daxildir.

İqtisadi göstəricilər həm bütün «Carlsberg» qrupunun, həm də Xırdalandakı müəssisənin gələcək inkişafını müsbət qiymətləndirməyə imkan verir. Şirkətin maliyyə hesabatında göstərilir ki, 2016-cı ilin nəticələrinə görə, «Carlsberg» şirkətlər qrupunun təmiz qazancı 4,486 mlrd. Danimarka kronu (təxminən, $643,6 mln.) olub, bir il qabaq isə qrup 2,926 mlrd. Danimarka kronu ($419,8 mln.) zərər etmişdi. Özü də şirkət mədaxilin 4,8% azalaraq 31,371 mlrd. krona ($4,5 mlrd.) düşməsi fonunda qazanca nail ola bilib.



MƏSLƏHƏT GÖR:

414