29 Mart 2024

Cümə, 14:02

ÜSTÜ ZƏMİ BİÇƏRLƏR...

Azərbaycanda yun emalının inkişaf yolları öyrənilir

Müəllif:

15.03.2017

Aprel ayında Azərbaycanın qoyunçuluq təsərrüfatlarında heyvanların yaz qırxımı başlayır. Bu, adətən, qoyunların yaylağa qalxmasından əvvəl gerçəkləşdirilir. Bir qoyunun qırxılmasına 15-20 dəqiqə vaxt gedir, gün ərzində heyvandarlar 150-yə yaxın qoyun qırxa bilirlər. Özü də qoyunların otlaq və çəmənliklərə çıxa bilməsi üçün qırxım mütləq günün birinci yarısında gerçəkləşdirilir. 

Yun istehsalı, ondan xalçaçılıq və başqa sahələr üçün möhkəm iplərin alınması Azərbaycanın kənd sakinlərinin qədim sənətlərindən biridir. Bu istehsal bütün zamanlarda kəndlilərə gəlir və mənfəət gətirsə də, son zamanlar ona maraq xeyli azalıb və deməli, istehsal həcmləri də aşağı düşüb. 

Bu gün heyvandarlıq Azərbaycanın kənd təsərrüfatının sürətlə inkişaf edən sahələrindən biridir. Özü də məhz bu sahədə qabaqcıl təcrübədən və aqrar elmin yeni uğurlarından daha çox istifadə edilir. Sahədə keyfiyyət dəyişikliyi baş verib və fərdi təsərrüfatlar, əsasən, ətçilik istiqamətinə yönəlib ki, bu da gözlənildiyi kimi, xırdabuynuzlu sürülərini keyfiyyətcə dəyişib. 

Lakin yun istehsalı həmişə heyvandarların paralel məşğuliyyəti olub. Yun böyük təsərrüfat əhəmiyyətinə malikdir, bir qayda olaraq ondan iplər əldə edir, həmin ipdən isə xalçaçılıqda istifadə edir, yüngül sənayedə parçalar buraxır, yorğan-döşək düzəldirlər. Bu səbəbdən, «qızıl lif”ə bütün zamanlarda yüksək dəyər veriblər. Avropa ölkələrinin qabaqcıl təsərrüfatlarında, hətta yüksəkkeyfiyyətli yun verən xüsusi qoyun növləri yetişdirirlər. 

Hər bir qoyun ildə, orta hesabla, 2 kq və daha artıq yun verir. Əgər ölkənin təsərrüfatlarında qoyunların baş sayı artıbsa, məntiqlə, qırxılan yunun da göstəriciləri artmalı idi. Lakin son məhsul haqqında bunu demək qeyri-mümkündür. Yun tədarükü ilə məşğul olan müəssisələrin rəhbərləri onun satışının aşağı olmasından şikayət edirlər, gileylənirlər ki, yun illərlə anbarlarda qalır və xarab olur. Məhsul həm kirli, həm də yuyulmuş halda satılır. Kirli yunun kiloqramını 1 manata, yuyulmuş yununkunu isə 3-4 manata təklif edirlər. Amma məhsulu heç aşağı qiymətə də almırlar, halbuki, əllə toxunmuş yun kilim 600-700 manata, yəni xammala çəkilən xərclərdən 10 dəfə baha satılır. 

Ekspert Vahid Məhərrəmov deyir ki, ümumiyyətlə, dünya bazarlarında yuna tələbat var, amma keyfiyyəti yüksək olmalıdır. Azərbaycanda isə qoyunların cinsi qarışıqdır, buna görə də yunun keyfiyyəti elə də yüksək deyil. Bu səbəbdən, dünya bazarlarında Azərbaycan yununa yetərincə tələbat yoxdur. 

Başqa bir mütəxəssis - Çingiz Fərəcovun sözlərinə görə isə fermerlər yunu ona görə sata bilmirlər ki, bu işlə konkret heç kim məşğul olmur. «Nə vaxtsa Yevlaxda yun emalı üzrə kombinat fəaliyyət göstərib. Kənd müəssisələrinin tədarük etdiyi bütün məhsul kombinata verilirdi, orada emal edilir və ixraca göndərilirdi. Bunun hesabına ölkə böyük miqdarda xarici valyuta qazanırdı. Ancaq 1999-cu ildən bu yana kombinatın qapısından qıfıl asılıb. Bu səbəbdən, yerli fermerlərin yununa tələb yoxdur və onlar zirzəmilərdə çürüyür», - deyə ekspert vurğulayır. 

Çingiz Fərəcov yun emalı üzrə müəssisələrin açılmasını təklif edir. O vurğulayır ki, Azərbaycanda, əsasən, sərt yun istehsal edirlər ki, bu da daha çox xalça toxunması üçün yararlıdır. Hazırda ölkədə xalçaçılıq sənayesi yaradılır və «Azərxalça» İstehsal Birliyi bu yunu alaraq, genişçeşidli məhsul istehsal edə və dünya bazarlarında sata bilər. Bununla da xalça satışlarından gəlirləri artıra bilərik. 

Heyvandarların özləri də əsas problem kimi, onların məhsullarının qəbulu və tədarükü ilə məşğul olacaq məntəqələrinin yoxluğunu göstərirlər. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda öz çıxışında bu məqama xüsusi diqqət yetirib. 

"Mən maraqlanmışam, bizdə yalnız bir tədarük məntəqəsi var. Bu, əlbəttə, yolverilməzdir. Bu il müxtəlif regionlarda, ən azı, 10 tədarük məntəqəsi yaratmaq vacibdir. Burada da həm yerli istehsal, həm də xaricə ixrac üçün mərkəzləşdirilmiş siyasət yürüdülməlidir. Biz bu imkandan yararlanmalıyıq və burada, əlbəttə, kompleks tədbirlərin qəbul edilməsi vacibdir", - deyə dövlət başçısı vurğulayıb. 

Ölkə başçısının bu tapşırığından sonra, məhz Yevlaxda İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi altında xüsusi toplantı keçirilib. İclasda yun istehsalının genişləndirilməsi, tədarük sisteminin yaradılması, ilkin yun emalı fabrikinin yaradılması, hazır məhsulun daxili bazarda və xaricdə satılması məsələləri geniş müzakirə edilib. Qarşıda xammal bazasının tapılması, tədarük sistemi modelinin seçilməsi və buna özəl sektorun cəlb edilməsi kimi məsələlər durur. Həmçinin Çin, Avstraliya, Qazaxıstan kimi ölkələrin yun emalı üzrə qabaqcıl təcrübəsini, həmçinin texniki ixtisaslaşma və setifikatlaşma sistemini, qabaqcıl dünya təcrübəsini öyrənmək vacibdir. 

«Yun tədarükü bütün kənd rayonlarında gerçəkləşdirilir, illik tədarük həcmi, orta hesabla, 17 min tondan bir qədər çox olur», - deyə Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin məhsul istehsalı sektorunun rəisi Şaiq Əzimov vurğulayır. 

Kənd Təsərrüfatı Nazirliyi fəal şəkildə Almaniya və Fransada xarici istehlakçı axtarışını davam etdirir, amma şöbə əməkdaşlarının müraciəti, hələ ki, cavabsız qalır. Sahibkarların özləri də lazımi fəallıq göstərmirlər. «Lerik rayonunda iri qoyunçuluq təsərrüfatı vardı. Onun anbarında böyük miqdarda məhsul yığılıb qaldı. Fermer yun ixracına marağını itirdi», - deyə Şaiq Əzimov vurğulayır. 

Əlavə edək ki, Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən «2017-2021-ci illərdə Azərbaycanda yun və dəri məhsullarının istehsalı və emalının inkişafı üzrə dövlət proqramı» işlənib hazırlanıb. Mütəxəssislər qoyunçuluğun qapalı məkanlarda inkişafına, xərclərin azaldılmasına, istehsalın artırılmasına və ixrac potensialının 10 min tona qaldırılmasına çalışırlar.

Beləliklə, görünən odur ki, heyvandarlığın bu istiqamətinin inkişaf etdirilməsi üçün hər şeydən öncə, tədarük məntəqələri yaratmaq, müvafiq müəssisələrdə yun emalını təşkil etmək lazımdır. Özü də burada velosiped icadına gərək yoxdur - Avropa ölkələri yun emalı üzrə zəngin təcrübəyə malikdirlər. Həmçinin məhsulun xaricdə həvəslə alınmasına imkan verən keyfiyyəti təmin etmək üçün yüksəktexnologiyalı avadanlıq mövcuddur. Bu gün əsas iş yerli sahibkarların anbarlarını satılmamış yundan azad etmək və bu məhsulu emala yönəltməkdir. Bundan həm sahibkarlar, həm də dövlət qazanar.



MƏSLƏHƏT GÖR:

456