18 Aprel 2024

Cümə axşamı, 15:51

FİRƏVAN QOCALIQ ÜÇÜN

Azərbaycanda pensiya sisteminə ciddi dəyişikliklər edilib

Müəllif:

15.03.2017

Azərbaycanda ən çox islahata məruz qalan pensiya sisteminə növbəti dəfə köklü dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul edilib. Doğrudur, indiki və gələcək pensiyaçılar, prinsipcə, dəyişikliklərə həmişə hazırdırlar - son 10 ildə, demək olar ki, hər il yeniləşmə aparılır. 

Ancaq martın əvvəlində Milli Məclis tərəfindən "Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişiklik və əlavələr pensiya sisteminin köklü yenidən qurulmasını nəzərdə tutur. Məsələ bundadır ki, bu dəfə edilən düzəlişlər "əmək pensiyasının baza hissəsi" anlayışının və pensyaların təyini üçün 12 illik iş stajı tələbinin ləğvini, həmçinin pensiya yaşının qadınlar və kişilər üçün 65 yaşa qaldırılmasını nəzərdə tutur. Yenilənmiş "Əmək pensiyaları haqqında" qanun 47 maddədən ibarətdir, amma qanun layihəsinə 98 düzəliş daxil edilib. Bu dəyişikliklər bütün gələcək pensiyaçılara təsir etdiyindən, onların məqsədyönlülüyü barədə fikirlər haçalaşıb.

Beləliklə, ilk növbədə, müzakirələr pensiya yaşının mərhələli şəkildə kişilər üçün 63-dən 65-ə, qadınlar üçünsə 60-dan 65-ə qaldırılması ətrafında qızışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev qanuna düzəlişləri təqdim edərkən bildirib ki, pensiya yaşı kişilər üçün 2021-ci ilə kimi, qadınlar üçünsə 2027-ci ilə kimi hər il 6 ay qaldırılacaq.

Düzəlişlərin müəllifləri bəyan edirlər ki, bu qərar yetərincə əsaslıdır, çünki Azərbaycanda son illər əhalinin ömrü xeyli artıb. Parlamentin Əmək və Sosial Siyasət komitəsinin başçısı Hadi Rəcəbli bildirib ki, həyatın keyfiyyəti və uzunluğu yaxşılaşıb, insanların sağlamlığı onlara ahıl yaşlarında da işləməyə imkan yaradır. Həmçinin «insanlar onları ahıl yaşlarında iş yerindən məhrum etməklə bağlı həddindən narazıdırlar», - deyə deputat bəyan edib.

Onun sözlərinə görə, dünya praktikasında ideal pensiya yaşı elə yaş sayılır ki, ondan sonra, orta hesabla, 12 il yaşamaq mümkün olsun. Əslində, qabaqcıl ölkələrin əksəriyyətində pensiya yaşı, əsasən, 65-dir, Almaniya və İspaniyada isə bu, 67-dir.

Burası gerçəkdir ki, son illərdə təcrübəli pedaqoqları, alimləri, mühəndisləri, həkimləri kütləvi şəkildə pensiyaya yollamağa başladılar ki, bu da sosial narazılığa səbəb oldu. Amma medalın tərs üzü də var. Fiziki zəhmət işçiləri - inşaatçılar, zavod və fabrik, neft mədəni fəhlələri və b. orta yaş həddini keçəndən sonra, ağırlığa çətinliklə dözürlər və buna görə layiqli istirahət üçün pensiya yaşının çatmasını səbirsizliklə gözləyirlər. Bunu jurnalistlər, bank işçiləri, incəsənətin müxtəlif sahələrinin təmsilçiləri də gözləyirlər, çünki işəgötürənlər bu peşələrin spesifik özəlliklərinə görə gənc nəslə daha çox üstünlük verirlər.

Buna görə, bir sıra ekspertlər qərarın daha doğru olması üçün pensiya yaşı məsələsinə differensial yanaşmanın məqsədəuyğunluğunu qeyd edirlər. Amma digər tərəfdən də qeyd edirlər ki, əhalinin sosial müdafiə sistemində son zamanlar yetərincə uğurlu islahatlar aparılsa da, bu cür seçmə yanaşması üçün əlavə texniki təkmilləşməyə ehtiyac var ki, bu da hazırda qeyri-mümkündür.

Qeyd edək ki, son dəfə Azərbaycanda pensiya yaşı 2009-cu ildə qaldırılıb, onda kişilər üçün pensiya yaşının 63-ə, qadınlar üçünsə 60-a qaldırılması barədə qərar qəbul edilmişdi. Ekspertlər göstərir ki, bundan sonra yeni pensiyaçıların sayı hər il 10 min nəfər azalmağa başladı ki, bu təxminən 9-10% azalma deməkdir. Pensiya yaşının yeni artımından da təxminən, bu cür effekt gözlənilir.

Bunu nəzərə alan bir sıra ekspertlər qeyd edirlər ki, pensiya yaşının qaldırılması hər şeydən öncə, dövlət büdcəsinə pensiya yükünün təzyiqini azaltmış olacaq. Deputat Əli Məsimlinin fikrincə, bu gün Azərbaycan əhalisi, ömür uzunluğuna görə, 193 ölkə arasında 96-cı yerdədir və bizdən qabaqda olan ölkələrin çoxunda pensiya yaşı 60 - 63 arasında dəyişir.

«2010-cu ildə ölkədə yaşı 70-dən yuxarı 396 min adam olub, 2016-cı ildə isə bu rəqəm 375 minə düşüb, yəni 5,3% azalıb. Belə çıxır ki, biz pensiyaçılar arasında ölüm göstəricisi artdığı halda, pensiya yaşının artırılmasına gedirik. Bu düzəlişlər, xüsusilə də pensiyaların ailələrin çoxu üçün əsas daimi gəlir yeri olduğu regionlar üçün məqsədəuyğun deyil», - deyə Ə.Məsimli vurğulayıb.

İqtisadçı Rövşən Ağayev isə bildirib ki, bu gün sosial sığorta fondunun 75%-i dövlət sektorunun, o cümlədən dövlət büdcəsinin fonda transfertləri və büdcə təşkilatları işçilərinin sosial sığorta ödənişləri vasitəsilə formalaşır. Belə çıxır ki, pensiya fondunun yalnız 25%-i məşğul əhalinin 80%-nin yer aldığı özəl sektor tərəfindən formalaşır. Sadə hesablamalar göstərir ki, əgər dövlət dotasiyaları olmasaydı, ölkə üzrə pensiyaların orta göstəricisi 50 manatı keçməzdi. Uyğun olaraq, bütün sahələrdə iri dotasiyalar tələb edən boşluqları aradan qaldırmağın vaxtı çatıb.

Yeri gəlmişkən, qabaqcıl ölkələrdə 1 pensiyaçıya 4 sosial sığorta ödəyicisi düşür. Azərbaycanda bu rəqəm, demək olar ki, 1-ə 1-dir. Ona görə də ölkə pensiya büdcəsinin 40%-ə qədərini dövlət büdcəsi vəsaitləri hesabına təmin etməyə məcburdur. Məhz bu məqam Azərbaycanın pensiya sistemində başqa köklü dəyişiklikləri də şərtləndirib. Bununla da millət vəkilləri "pensiyanın baza hissəsi" anlayışını bütünlüklə ləğv etdilər, bunun yerinə qanuna "minimum pensiya" anlayışı daxil edilib. Minimum pensiyanın ölçüsü 1 yanvar 2017-ci ildən 110 manat təşkil edir.

Bundan başqa, daha bir dəyişiklik icbari dövlət sosial sığorta üzrə ödənişlərin böyük hissəsinin vətəndaşın fərdi hesabına köçürülməsi ilə bağlıdır.

"Hazırda işəgötürən icbari dövlət sosial sığortası üzrə 22%, vətəndaş isə 3% ödəniş verir. Vətəndaşın ödədiyi vəsaitin 50%-i onun hesabında, qalan 50% isə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərəncamında qalır. Bu, ədalətsizlikdir. Biz təklif edirik ki, ödənilən vəsaitin 50%-i deyil, 90%-i vətəndaşın sərəncamında qalsın. Bu, onun pensiyasının artımına səbəb olacaq", - deyə Hadı Rəcəbli vurğulayır.

Əmək və Əhalinin Sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, pensiya təyini üçün vətəndaşın fərdi hesabında müəyyən minimum vəsait toplanmalıdır. «Əgər bu vəsait azdırsa, onda vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yerli qurumuna müraciət edir və ona sosial müavinət təyin edilir. Beləliklə, pensiyasıın ölçüsünə görə vətəndaş özü məsuliyyət daşıyır, çünki onun pensiyasının ölçüsü qazandığı vəsaitdən asılı olacaq", - deyə Müslümov vurğulayır.

ƏƏSMN başçısı həm də əlavə edib ki, 2006-cı ildən 2016-cı ilə kimi fərdi hesablarda yığılmış vəsait 2-yə vurulacaq.

"Hesab edək ki, vətəndaşın aylıq maaşı 5 min manat təşkil edir, amma onun cəmi 10 illik iş stajı var. Beləliklə, 120 ay, yəni 10 il ərzində o, ümumilikdə, 600 min manatdan çox pul qazanır. Fərdi hesabda yığılmış pulu, bir qayda olaraq, 144-ə bölmək lazımdır, nəticədə, yetərincə böyük məbləğ (2083,3 manat) alınır ki, bu, əmək pensiyalarının orta aylıq göstəricisindən yüksəkdir. Amma bu insan 12 illik staja malik olmadığına görə, pensiya hüququ əldə edə bilmir. Bu məhdudiyyəti aradan qaldırmaq lazımdır. Bu gün Azərbaycanda adamlar var ki, ayda 20 min manat maaş alırlar", - deyə nazir vurğulayıb.

Bir sözlə, Azərbaycanda pensiya islahatlarının növbəti mərhələsi başlayıb, deməli, tezliklə onun gerçək həyatda tətbiqini də müşahidə etmək mümkün olacaq. Bununla yanaşı, yuxarıda qeyd edildiyi kimi, bu sahə yetərincə çevikdir və dəyişikliklərə hazırdır. Deməli, bütün mənfi məqamlar nəzərə alınacaq və gələcəkdə aradan qaldırılacaq.



MƏSLƏHƏT GÖR:

372