19 Aprel 2024

Cümə, 07:47

«KÖMÜR MÜHARİBƏSİ»

Donbasdakı qiyamçı bölgəyə aparan dəmir yolunun blokadası kimə sərf edir?

Müəllif:

15.03.2017

Ukraynada artıq həftələrdir ki, «kömür müharibəsi» gedir. Səbəblərin kökü münaqişədə iştirak edən bütün tərəflərə gedib-çıxır, bütün bunların nə ilə nəticələnəcəyini isə heç kəs bilmir. Bir şey aydındır ki, baş verənlər ölkənin cənub-şərqində illərdir, davam edən münaqişənin bütün paradoksallığını ortaya qoyur.

Yanvarın sonlarından Ukraynanın millətçi qruplarının fəalları və könüllü batalyonlarının keçmiş döyüşçüləri Donbasla ölkənin digər hissəsi arasında dəmir yollarının blokadaya salınması üçün bir araya gəliblər. Məsələ ondadır ki, ölkədə kömürün böyük hissəsi Donetsk və Luqanskda emal olunur və bundan sonra elektrik stansiyaları və poladəritmə zavodlarına daşınır. İllərdir, formalaşmış bu istehsal prosedurunu pozmaq asan deyil və bəlkə də, ümumiyyətlə, mümkünsüzdür.

Lakin yaranmış vəziyyət bütün istiqamətlərdə düşünməyi zəruri edir. Müxalifətçi «Samopomoş» partiyasından olan deputat Viktoriya Voytsiskaya hesab edir ki, Kiyev «iqtisadi cəhətdən təcavüzkardan asılı qala bilməz».

«Biz blokadanın işğalçıların cibinə zərbə vurması ilə fəxr edirik», - deyə elə həmin partiyanı təmsil edən veteran və deputat Semyon Semyonçenko bildirib. O, ölkənin şərq regionlarının Rusiya tərəfindən işğal olunmuş ərazilər elan edilməsini, düşmənlə «korrupsiya biznesi”nə son qoyulmasını tələb edir.

Qeyri-rəsmi məlumata görə, blokadanın təşəbbüskarları sabiq Baş nazir Arseni Yasenyuk, Ukraynanın Daxili İşlər naziri Arsen Avakov və Ali Radadakı «Xalq Cəbhəsi» fraksiyasının rəhbəri Aleksandr Turçinovdur. Blokadaya «Batkivşşina» lideri Yuliya Timoşenko da dəstək verib. O, blokada təşkilatçılarının «oliqarx-klan sisteminə qarşı» getdiklərini bəyan edib.

Sabiq deputat, «Azadlıq» partiyasının lideri Oleq Tyaqnibok da həmin cərgədədir. «Poroşenko hökuməti öz insanlarının qanı ilə alver edir», - deyə o, bildirib.

Poroşenko isə blokadaya qarşıdır. O, bu möqeyini ölkənin cənub-şərqində də Ukrayna vətəndaşlarının yaşaması ilə əsaslandırır. Baş nazir Vladimir Qroysman isə fəalları sabotajçılar adlandırıb. Onun fikrincə, blokadanın nəticəsi onsuz da çətin vəziyyətdə olan Ukrayna iqtisadiyyatı üçün acınacaqlı nəticələr verə bilər.

Hökumət, artıq ölkənin enerji sektorunda fövqəladə vəziyyət elan edib. Məsələ ondadır ki, ölkənin 15 istilik-elektrik stansiyasının 7-si antrasit kömürü ilə işləyə bilir. Bu isə məhz ölkənin şərqində hasil olunur.

Ukraynanın ÜDM-də 12%-lik paya sahib metallurgiya sənayesi büdcəyə valyuta daxilolmalarının 20%-ni təşkil edir. İndi o, kollapsla üz-üzədir. Polad istehsalı artıq 19% azalıb. Ən dəhşətlisi isə fəaliyyəti dayandırılmış domnaların yenidən işə salınmasının mümkünsüzlüyüdür. Çünki onlar texnoloji baxımdan fasiləsiz istehsal prosesi üçün nəzərdə tutulub. Bu, əlbəttə ki, digər yaxın müəssisələrin də fəaliyyətini dayandırmasına səbəb olacaq və nəticədə, işsizliyin səviyyəsi sürətlə artacaq. Daha dəqiqini Qroysman deyib: tədarükün tam dayandırılması Ukraynaya 3,5 milyard dollar və 75 min iş yeri bahasına başa gələcək. Hazırda Ukrayna blokada üzündən ayda 148 milyon dollar itirir. Ukrayna Mərkəzi Bankının rəhbəri Valeriya Qontareva əmindir ki, blokada ilin sonunadək davam edəcəyi təqdirdə, dolların məzənnəsi yüksələcək və iqtisadiyyatda proqnozlaşdırılan 2,8%-lik artım 2 dəfə azalacaq.

Digər yandan, blokadanın separatçı «DXR» və «LXR»ə necə təsir göstərəcəyi məsələsi də açıq qalır. Orada da istehsalat prosesinin fasiləsizliyi problemi var. Donetsk vilayətindəki metallurgiya müəssisələrinə artıq dəmir filizi lazımdır; məsələn, söhbət Ukraynanın ən qədim metallurgiya müəssisələrindən biri olan Yenakiyevs metallurgiya zavodundan, onun Makeyevkadakı filialından, Xartsızsk Boru Zavodundan, Donetsk Metallurgiyadan və s. gedir.

«DXR-LXR» martın 1-dən Ukrayna müəssisələrinin «milliləşdirildiyini» bəyan edib. Onların əksəriyyəti oliqarx Rinat Axmetova məxsusdur (DTEK və Metinvest). Söhbət 40-dan artıq obyektdən gedir: bir neçə iri metallurgiya zavodu və 20-dən artıq mədən. «Biz müharibə şəraitində olduğumuz Ukrayna ilə bütün əlaqələri kəsirik», - deyə «DXR» separatçılarının rəhbəri Aleksandr Zaxarçenko bildirib. Lakin belə olacağı təqdirdə, bütün bu müəssisələr həm Ukrayna tərəfindən, həm də beynəlxalq sanksiyalara məruz qalacaq. Bu problemin həlli üçün məhsulun satışı üçün bazarları və filiz mənbələrini Ukraynadan kənarda tapmaq lazım gələcək. Yalnız bu halda zavodlar işə düşəcək və «respublikalar» özünü dolandıra biləcək. Odur ki, «DXR-LXR», sadəcə, vəziyyətdən istifadə edərək, risqə gedib. Bunun nə ilə nəticələnəcəyi isə məlum deyil.

Ukrayna münaqişəsinin ən maraqlı məqamı da elə bu anda meydana çıxır. Donbass mətbuatına və sosial şəbəkələrdə yazılanlara inansaq, hazırda oranın sakinləri «milliləşdirmə»nin arxasında əslində nəyin dayandığını anlamağa çalışır. Məsələ ondadır ki, bütün münaqişə ərzində Rinat Axmetov həm Ukrayna, həm də qiyamçılarla işləyərək, eyni vaxtda iki kresloda oturmağa çalışıb. Hər iki tərəf ondan vergi alıb və iş yerlərinə görə məmnun olub.

Odur ki, indi, iki variant mümkündür. Birinci versiyaya görə, Axmetovun «milliləşdirilən» müəssisələrinin sahibi əslində dəyişmir. Sadəcə Axmetov bununla Kiyevə vergi ödəməkdən qurtulmaqla, küllü miqdarda qənaət imkanı qazanır. Eyni zamanda, o, Rusiyaya ixraca meylli olan və fəaliyyəti dayandırılmış maşınqayırma müəssisələrini işə salmaq imkanı da əldə edir.

Amma Axmetovun artıq qazana biləcəyindən çox itirmiş olması bu versiyanın əleyhinə işləyir. Martın 6-da onu «Bloomberg»in versiyasına əsasən dünyanın ən zəngin 500 insanı siyahısından «atıblar». Analitiklərin hesablamalarına görə, Axmetov 2 həftədə, təxminən, 1 milyard dollar itirib.

İkinci versiyaya görə, Donbas separatçıları Ukrayna ilə iqtisadi əlaqələri kəsmək qərarına gəlib. Rusiyanın bu yaxınlarda tanınmamış respublikaların vətəndaşlarına verilən pasportların tanınması haqqında qərar çıxarması, martın 1-dən isə rublun Ukraynanın şərq regionlarının vahid valyutasına çevrilməsi bunu dolayısı ilə təsdiqləyir.

Belə çıxır ki, müəssisələr, həqiqətən, Axmetovun əlindən alınıb və artıq onların strukturu və siması da məlumdur - formal olaraq Ukraynanın olan müəssisələr məhsulunu xarici bazarlara çıxaracaq. Burada söhbət arxasında, guya, Ukraynanın ən gənc oliqarxlarından olan Sergey Kurçenkonun dayandığı «Vneştorqservis»dən gedir. Kurçenko «DXR»də axtarışa verilib və bu üzdən ona qarşı xüsusi simpatiya yoxdur. Lakin görünür, hələlik, yeni sxemin qurulması üçün daha yaxşı namizəd tapılmayıb. Məsələ ondadır ki, sırf logistik baxımdan bazarı yalnız Rusiyada tapmaq olar. Rusiya Dövlət Dumasının MDB üzrə komitəsinin sədri Leonid Kalaşnikovun sözlərinə görə, Ukraynanın «DXR» və «LXR» ərazisində yerləşən müəssisələrinin Rusiya bazarlarına yönəlməsi mümkündür. «Məhsul satılmalıdır. İnsanlar boş yerə mədənlərdə oturmayacaq ki. Müəyyən iqtisadi kontragentlər buna kömək edəcək. Sənədlərin («DXR-LXR») tanınması da bu işə yardım göstərəcək. Axı söhbət yalnız pasportlardan yox, həm də yük sənədlərindən gedir», - deyə Kalaşnikov qeyd edib.

Amma bu halda bu «kömür pazlı»nın digər hissəsi uyğun gəlmir - belə idisə, ukraynalı ultrasağçıların və antiterror əməliyyatları veteranlarıın faktiki olaraq öz düşmənləri - «DXR-LXR» separatçılarının «əlinə oynaması»nın mənası nə idi? Onlar ödədiyi vergilərin antiterror əməliyyatlarını maliyyələşdirilməsinə də xərcləndiyi Axmetovun niyə batırsınlar? Axı Donetsk kömürü ölkədə digər oliqarxlara məxsus müəssisələrin də fəaliyyətini təmin edir və nəticədə əldə olunan qazancın bir hissəsi yenə də antiterror əməliyyatlarına yönəldilir? Onlar bu istehsal zəncirini niyə qırsın? «Düşmənlə əlaqələrə yox!» motivi qətiyyən inandırıcı görünmür. Çünki blokadanın təşəbbüskarlarının özlər, məsələn, Rusiyaya ixracdan, rus investisiyasından imtinanı tələb etmir. Ukrayna KİV-də yer alan məlumatlar isə göstərir ki, 2016-cı ildə ölkə ixracında məhz Rusiya ən böyük paya sahib olub. Həmin ilə görə Ukraynanın ən nəhəng investoru da Rusiyadır (bütünlükdə xarici investisiyaların 38%-i). Bu siyahıda ikinci yerdə Kipr (10%) gəlir. Bu rəqəmin arxasında da Rusiya pullarının durduğunu düşünmək olar.

Buradan yenə də blokadanın səbəbi kimi, 2 mümkün variant ağla gəlir. Birinci versiyaya görə, «kömür müharibəsi» elə Axmetovun öz sifarişidir. Bəlkə də Axmetov bu insident nəticəsində daha çox mənfəət götürür. İkinci varianta görə, «kömür müharibəsi» Ukraynada gedən oliqarx savaşının epizodlarından biridir. Bu sahədə detallar hər zaman çoxdur (dəqiqliyini müəyyənləşdirmək hər zaman asan olmasa da): adlar, ən müxtəlif səviyyələrdə qarışıq əlaqələr və s. Odur ki, sadə dildə desək, blokada təşəbbüsü Poroşenkodan narazı qrup tərəfindən irəli sürülb və indi, onlar faktiki olaraq, prezidentə qarşı açıq oyun oynayır. Hər halda, hazırda Poroşenko həqiqətən də çətin vəziyyətdə qalıb. Odur ki, ortaya istər-istəməz sual çıxır: blokada, həqiqətən, «DXR-LXR» separatçılarına qarşı yönəlib, yoxsa prezidentə qarşı? Poroşenko Ukraynada iqtisadi vəziyyətin kəskin pisləşəcəyindən ehtiyalanaraq dəmir yolu əlaqəsini istənilən yolla bərpa etməyə çalışacaqsa, opponentləri onu separatçılarla ticarət əlaqələri yaratmaqda günahlandıracaq. Bu, əlbəttə ki, hakimiyyətin imicinə ciddi zərbə olacaq. Bundan başqa, fəallar müqavimət göstərməyə də başlaya bilər və bu, toqquşmalara belə, yol aça bilər. Belə olarsa, ölkədə növbədənkənar parlament və prezident seçkiləri məsələsinin gündəmə gəlməsi də mümkündür.

Odur ki, Ukraynada ən maraqlı hadisələr, təəssüf ki, hələ qarşıdadır. Sadalanan versiyalardan hansı doğru olur-olsun, «kömür müharibəsi”ndən real uduzan yenə də əhalidir - «barrikadanın hər iki üzündəki» əhali. İstiliyin, elektrik enerjisinin və iş yerlərinin yoxluğunu tam ciddiliyi ilə məhz onlar hiss edəcəklər.



MƏSLƏHƏT GÖR:

386