19 Aprel 2024

Cümə, 22:07

«MÜVƏQQƏTİ ÜNVAN»

Azərbaycanın Birinci vitse-prezidenti M.Əliyeva yeni vəzifəsində ilk iclasını məcburi köçkünlərin problemlərinə həsr edib

Müəllif:

15.03.2017

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu postda ilk iclasını keçirib. O, bu vəzifəyə təyinatından dərhal sonra, vəd etdiyi kimi, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli ilə ciddi şəkildə məşğul olmağa başlayıb.

Amma bu, Birinci vitse-prezident üçün yeni missiya deyil. O, Heydər Əliyev Fonduna rəhbərlik etdiyi dönəmdə də sosial problemlərin həlli ilə bilavasitə məşğul olub. İndi isə bu fəaliyyətini dövlət səviyyəsində davam etdirəcək; məsələn, M.Əliyevanın Birinci vitse-prezident kimi sədrlik etdiyi ilk iclas Bakı və Sumqayıtda yataqxanalarda və digər ictimai binalarda müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına həsr olunub.

«Görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır. Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də bu məqsədlərə vəsait ayrılıb. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır», - deyə M.Əliyeva qeyd edib. O, Bakı və Sumqayıtdakı qəzalı binalarda, yararsız binalarda yaşayan bütün məcburi köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməli olduğunu söyləyib.

«Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı» Prezident İlham Əliyev tərəfindən hələ 2004-cü ildə təsdiqlənib. Bu proqram çərçivəsində indiyədək məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, sosial problemlərinin həllinə 6,2 milyard manatdan artıq vəsait xərclənib. Bu vəsait hesabına 250 min məcburi köçkün mənzillə təmin olunub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun sözlərinə görə, bu, miqyasca 2 Mingəçevir şəhərinə bərabərdir.

Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələr kommunal infrastrukturla təmin edilib, onların ərazisində, ümumilikdə, 150 məktəb, 58 mədəniyyət ocağı, 58 tibb ocağı, eyni sayda uşaq bağçası və 2 Olimpiya İdman Kompleksi inşa edilib. Yalnız son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunub. Onların məşğulluq səviyyəsinin artırılması üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən məcburi köçkün olan 2 min sahibkara 40 milyon manatlıq güzəştli kredit ayrılıb, 3 600 yeni iş yeri açılıb. Görülmüş tədbirlər nəticəsində, məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 75%-dən 12%-ə endirilib.

Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi məqsədilə ötən il dövlət başçısının tapşırığı ilə Dünya Bankı ilə 78,5 milyon dollarlıq yeni razılaşma imzalanıb. Bununla yanaşı, hazırda respublika üzrə 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var.

Hazırda respublika üzrə məcburi köçkündən 217 min nəfəri, yaxud bütün məcburi köçkünlərin 35%-i Bakı şəhərində yaşayır və bu, Bakı və Sumqayıtda görülməli işlərin miqyasını ortaya qoyur. Ə.Həsənov bildirib ki, Bakı şəhərində və Abşeron rayonu ərazisində 3 qəsəbə, 9 məhəllə salınıb, 6500 ailə, 29 min nəfər yeni mənzillərə köçürülüb. Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə Xırdalan şəhərində 600 məcburi köçkün üçün yeni yaşayış binası inşa edilib. Bakı və şəhərətrafında, artıq 4 binanın inşasına başlanılıb və 2 qəzalı binada yaşayan məcburi köçkünlərin ortaya köçürülməsi planlaşdırılır.

Bundan başqa, Bakı şəhərində və ətraf qəsəbələrdə - Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yaxınlığında 800, Pirallahı rayonu ərazisində 330, habelə Sumqayıt şəhərində 2900 məcburi köçkün ailəsindən birinci mərhələdə 1000 ailə üçün yeni yaşayış komplekslərinin tikintisi məqsədilə müvafiq torpaq sahələri ayrılıb və layihələndirmə işləri həyata keçirilir. «Təbii ki, bunlar kifayət deyil», - deyə Əli Həsənov qeyd edib.

Onun sözlərinə görə, qəzalı vəziyyətə düşmüş 117 obyektdə 8 min məcburi köçkün ailəsi yaşayır. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinə nəticəsində məlum olub ki, həmin obyektlərdən 44-də təxirəsalınmaz tədbirlər görülməli, orada yaşayan 4 min ailə köçürülməlidir. İlkin mərhələdə məhz onların yeni mənzillərlə təmin olunması nəzərdə tutulub.

Bununla yanaşı, işlərin sürətləndirilməsi üçün iki istiqamətdə işlənilməlidir: yeni binaların tikintisi və şəhərdəki hazır binalarda boş mənzillərin alınması. «Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlanmalıdır. Bununla yanaşı, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır. Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir», - deyə Azərbaycanın Birinci vitse-prezidenti bildirib.

Yeri gəlmişkən, Bakının yeni binalarındakı hazır mənzillərin alınması məsələsi bir neçə baxımdan effektiv təsir bağışlayır. «Hesab edirəm ki, 2017-ci ildə bu məsələləri daha da sürətlə həll etmək üçün biz iki yolla getməliyik. Əlbəttə, yeni qəsəbələr salınmalıdır, salınır. Eyni zamanda, yeni binalar tikilməlidir, satılmayan mövcud mənzillər dövlət tərəfindən alınmalıdır və köçkünlərə verilməlidir. Beləliklə, biz ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemlərini daha da tez bir zamanda həll edə bilərik. Çünki binaların tikintisi vaxt tələb edir. Bir də ki, Bakı şəhərində, digər şəhərlərdə kifayət qədər çox mənzillər var ki, boşdur, dövlət onları ala bilər. Bu da öz növbəsində tikinti sektorunu canlandıra, vergiləri artıra bilər»,  deyə prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdi.

Məcburi köçkünlərin köçürülməsi, eyni zamanda, Bakı və Sumqayıtda bir çox infrastruktur probleminin, uşaq bağçaları və məktəb çatışmazlıqlarının, Xəzər sahillərindəki sanitar müalicəvi bərpa obyektlərinin fəaliyyətsizlik probleminin həllini asanlaşdıracaq. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sözlərinə görə, yalnız təlim-tərbiyə müəssisələrinin boşaldılması hesabına paytaxtın uşaq bağçalarında 8 mindən çox əlavə yer yaranacaq.

Sumqayıtda da vəziyyət Bakıdakından yaxşı deyil. «Məktəblərdə əlavə sinif otaqlarına və şəhərdə uşaq bağçalarına tələbat 25% ödənildiyi üçün yenilərinin tikintisinə böyük ehtiyac olduğu halda, əksər məktəblərdə və 56 uşaq bağçasının 50-də məcburi köçkünlər yerləşdirilib», - deyə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Birinci vitse-prezidentə məruzə edib.

Hökumət üçün digər prioritet məcburi köçkünlər üçün yeni qəsəbələrdə iş yerlərinin yaradılmasıdır. Odur ki, burada kiçik kənd təsərrüfatı məhsulları emalı müəssisələri, toxuculuq sexlərinin və s. yaradılması imkanları nəzərdən keçirilir. Rəsmi statistikaya görə, son 13 ildə 400 minədək məcburi köçkün işlə təmin olunub. Lakin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, daha 161 min belə insanın daimi iş yerinə ehiyacı var. «Ona görə də rayon icra hakimiyyətləri bu barədə düşünsünlər, bəlkə kiçik biznes, ya kiçik müəssisələr barədə təkliflər hazırlasınlar.

Bildiyiniz kimi, Prezidentin göstərişi ilə işsizlik problemini aradan qaldırmaq üçün böyük vəsait ayrılıb, iş yerləri yaradılıb. İş yerlərinə daha çox əhalinin bu təbəqəsindən insanları cəlb etmək lazımdır», - deyə M.Əliyeva bildirib.

Bununla yanaşı, Azərbaycanın Birinci vitse-prezidentinin qeyd etdiyi kimi, məcburi köçkünlər üçün yeni qəsəbələr və mənzillər onların «müvəqqəti ünvanı»dır. Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları gec-tez geri qaytaracağına əmindir. Rəsmi Bakı bunun üçün, hətta Böyük Qayıdış Proqramı da hazırlayıb. O, artıq pilot layihə kimi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilir.



MƏSLƏHƏT GÖR:

403