19 Aprel 2024

Cümə, 16:33

SABİTLƏŞDİRİCİ AMİL

Regional iqtisadi və siyasi sabitlik Bakı-Tehran münasibətlərindən çox asılıdır

Müəllif:

15.03.2017

Son dövrlərdə Azərbaycanla-İran arasında siyasi və iqtisadi əlaqələr sürətlə genişlənir. Yalnız son 3 ildə Azərbaycan Prezidenti İlham Əliyevlə İranın dövlət başçısı Həsən Ruhani arasında 8 görüş keçirilib. Bu dövrdə iki ölkənin yüksəkrütbəli nümayəndələri arasında baş tutmuş görüşlərin sayı isə 100-ü ötüb. İki ölkə arasında etibarlı hüquqi baza hazırlanıb və oraya son illərdə imzalanmış 20 saziş də daxildir.

İki ölkə başçısının martın 5-də Tehranda baş tutmuş növbəti görüşü siyasi və iqtisadi əlaqələrin inkişafı üçün daha bir təkan sayıla bilər. İran və Azərbaycan prezidentlərinin mətbuat üçün birgə bəyanatından hazırkı mərhələdə iqtisadi münasibətlərin əsas istiqamətlərini və dinamizmini müəyyən etmək mümkündür.

 

Şimaldan-Cənuba və əksinə

İran-Azərbaycan sərhədinin uzunluğu 765 kilometr olsa da, Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərini işğal etməsindən sonra, iki ölkə arasında dəmir yolu əlaqəsi kəsilib. Odur ki, iqtisadi əməkdaşlığın fəallaşdırılması üçün qısa zamanda dəmir yolu əlaqəsinin bərpası tələb olunurdu. Qeyd edək ki, bu, yalnız Azərbaycanla İran üçün strateji əhəmiyyət daşımır. Bu məsələyə Rusiyanın böyük maraq göstərməsi təsadüf deyil. İran, Azərbaycan və Rusiya arasında keçirilən üçtərəfli danışıqlarda müzakirə edilən əsas məsələlərdən biri “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf etdirilməsidir. Bu, Şimali Avropa və Rusiyadan tranzit yüklərin Azərbaycan, İran və Fars körfəzi ölkələri vasitəsilə Cənubi Asiyaya daşınması baxımından önəmlidir. Əlbəttə ki, yüklərin daha tez bir zamanda və daha ucuz daşınmasının təmini üçün İranla-Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası əsas şərtlərdən biridir.

Qeyd etmək lazımdır ki, Azərbaycan rəhbərliyi dəmir yolunun özünə aid hissəsinin tikintisi üçün üzərinə düşən işləri tam həyata keçirib. O, Astara çayı üzərindəki dəmir yolu körpüsünün inşası ilə bağlı da işlərin öhdəsindən tam gəlib və bu körpü Azərbaycan Astarası ilə İran Astarasını birləşdirib. Amma bu, iki ölkə arasında dəmir yolunun birləşdirilməsində yalnız ilk addımdır. Bundan sonra Cənub qonşumuzun ərazisində Astara-Rəşt dəmir yolunun tikintisi başa çatdırılmalıdır. İlkin hesablamalara görə, buna 1,5 milyard dollar investisiya tələb olunur. Azərbaycan rəhbərliyi isə görülməli olan işlərə görə bütün maliyyə yükünü və tikinti problemlərini İranın «çiyninə qoyaraq», işi yarı yolda saxlamaq fikrində deyil. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Rəşt-Astara dəmir yolunun inşası üçün bütün nəhəng maliyyə resurslarını səfərbər edib. Məsələ ondadır ki, birgə reallaşdırılan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi regional əməkdaşlığa vacib töhfə olacaq.

 

İstifadə olunmayan potensial

İlham Əliyevin İrana səfəri zamanı iki ölkə arasında enerji sektorunda əməkdaşlığa dair istifadə olunmayan böyük potensialın mövcudluğuna da diqqət çəkilib. Həsən Ruhani bildirib ki, İran Azərbaycan neftinin və neft məhsullarının Fars körfəzi limanlarına, oradan isə Asiya ölkələrinə tədarükündə maraqlıdır. Tərəflər Xəzər dənizinin neft resurslarının istifadəsində əməkdaşlığın inkişafı imkanlarını da nəzərdən keçirir və bu məsələ müsbət həllini tapanadək, iki ölkənin neft nazirlərinin diqqətində olacaq.

Bu sahədə ciddi nailiyyətlərə maneə Xəzərin statusunun müəyyənləşdirilməməsi, daha dəqiqi, su hövzəsinin sektorlara bölünməsi üzrə dəqiq koordinatların olmamasıdır. Xatırladaq ki, Xəzərin şimalı sektorial prinsipə görə Azərbaycan, Rusiya və Qazaxıstan arasındakı üçtərəfli razılaşmalarla tam bölünübsə, mərkəzi və cənub hissəsinin bölgüsü İran rəhbərliyinin mövqeyi üzündən hələ də mümkün olmayıb.

Lakin nəzərə alsaq ki, İran Azərbaycanın «Şahdəniz» yatağının işlənməsi üzrə konsorsiumun üzvüdür, Xəzərin dibinin həmsərhəd sektorlarında yerləşən perspektiv strukturlarda birgə işlərin başlanacağı gün uzaqda deyil.

 

Ticarətin artırılması üçün baza

2016-cı il Azərbaycan iqtisadiyyatı üçün son yüzilliyin çətin illərindən olub. Məhz ötən il ölkədə ÜDM ilk dəfə olaraq, təxminən, 4% azalıb. Bunun fonunda ötən il Azərbaycanla İran arasında ticarət dövriyyəsinin 70% artması əməkdaşlığın genişləndirilməsi istiqamətində görülmüş tədbirlərin effektivliyindən xəbər verir.

Qeyd edək ki, ötən il Azərbaycanda İranla müştərək əczaçılıq zavodunun təməli qoyulub, eyni zamanda, avtomobil zavodunun tikintisi davam edir.

İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi etibarlı hüquqi bazaya əsaslanır. Bu hüquqi baza martın 5-də 2 yeni sazişlə daha da güclənib. Söhbət “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu”ndan gedir.

Yeni razılaşmalar iki ölkə arasında iqtisadi əlaqələrin, o cümlədən maliyyə sahəsində əlaqələrin gələcək inkişafına kömək edəcək. Maliyyə sahəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsilə mübarizəyə dair razılaşmanın imzalanması İranda Azərbaycan bankının, Azərbaycanda isə İran bankının açılması üçün vacibdir.

 

Optimal format

Hazırda dünyada regional siyasi və iqtisadi problemləri aparıcı beynəlxalq təşkilatlar çərçivəsində həll etməyə çalışırlar. Söhbət BMT-dən, ATƏT-dən, Avropa İttifaqı, Avrasiya İqtisadi İttifaqı və digər təşkilatlardan gedir. Lakin son illərdə bu təşkilatların konkret regional problemlərin həllində effektivliyi şübhə altına düşüb. Buna ən parlaq nümunə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsidir. Halbuki, BMT-nin Ermənistan qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən müvafiq qətnamələri var.

İndi, siyasi və iqtisadi problemlərin həllində vacib mexanizmlərdən biri, maraqlı dövlətlərin iştirakı ilə yaradılan regional üçtərəfli formatlardır. İran prezidenti Həsən Ruhani də çıxışında diqqəti məhz bu məqama çəkib, Rusiya, Türkiyə və İran arasındakı Suriya böhranı ilə bağlı üçtərəfli danışıqların effektiv olduğunu vurğulayıb.

Son illərdə üçtərəfli mexanizm İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Türkiyə, İran-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-Gürcüstan formatlarında da uğurla tətbiq olunur. Bununla yanaşı, reallaşdırılan bütün birgə layihələrdə əsas rol Azərbaycanın üzərinə düşür və o, bu işdə özünəməxsus əlaqələndirici bənd kimi çıxış edir. İran prezidentinin də vurğuladığı kimi, Azərbaycanın regiondakı rolu ildən-ilə nəzərəçarpacaq dərəcədə artır.

 

Əməkdaşlığın gücləndirilməsi

Azərbaycanla-İranın ikitərəfli münasibətlərinin inkişafı yolunda, şübhəsiz ki, hələ də bir çox maneələr aradan qaldırılmalıdır. Regional əməkdaşlıq üçün bir nömrəli maneə isə Azərbaycan torpaqlarının qonşu Ermənistan tərəfindən işğalıdır. Rəsmi Bakı üçün İranın bu məsələ ilə bağlı mövqeyi vacibdir və bu, özünü birgə regional layihələrin icrasında göstərir. Bakı ilə birlikdə Araz çayı üzərində «Xudafərin» və «Qız qalası» kimi hidroqovşağı layihələr reallaşdıran Tehran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Razılaşmaya əsasən, hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi, həmçinin onlarda su və enerji resurslarının mühafizəsi Azərbaycanın ərazi bütövlüyünün təmininədək İran tərəfindən həyata keçiriləcək.

Beləliklə, Prezident İlham Əliyevin Tehrana rəsmi səfəri bu iki ölkə arasında əlaqələrin yalnız iqtisadi qazanc baxımından deyil, həm də regional inkişaf və sabitlik nöqteyi-nəzərindən vacib olduğunu bir daha təsdiqləyib.



MƏSLƏHƏT GÖR:

474