20 Aprel 2024

Şənbə, 11:04

“QIZILA” BƏRABƏR “BÜRÜNC”

Azərbaycan gimnastı Bakıda keçirilən Dünya Kubokunda Olimpiya çempionları ilə mübarizədə üçüncü yeri qazandı

Müəllif:

01.04.2017

Milli Gimnastika Arenası növbəti dəfə dünyanın aparıcı atletlərini bir yerə topladı. Novruz günlərində möhtəşəm arenada kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçirildi. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu kubokda 23 ölkədən, ümumilikdə, 85 kişi, 35 qadın idmançı çıxış etdi.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutdu. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastları 6, qadın gimnastları isə 4 dəst medal uğrunda mübarizə apardılar.

Xatırladaq ki, 2015-ci ildən etibarən, Bakıda gimnastikanın bütün Olimpiya növləri üzrə Dünya Kuboku mərhələsinin keçirilməsi artıq ənənəyə çevrilib. İrimiqyaslı beynəlxalq tədbirlərin zəngin təcrübəyə əsaslanaraq yüksək səviyyədə təşkili, əlbəttə, ölkədə gimnastika növlərinin inkişafına böyük təkan verir və gimnastikasevərlərin sayını ildən-ilə artırır. Bu yolun davamı olaraq, növbəti dəfə təşkil edilən kubokda arenaya toplaşan tamaşaçılar tanınmış idman gimnastlarının təqdimatında güc, zəriflik və əzmkarlığı əks etdirən gərgin mübarizənin şahidi oldular. Dünya Kubokunda Azərbaycan idmançıları ilə yanaşı, məşhur gimnastlar - Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) öz məharətlərini nümayiş etdirdi. Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer aldılar.

Yarış yüksək təşkilatçılıqla yanaşı, azərbaycanlı gimnast Marina Nekrasovanın uğurlu çıxışı ilə yadda qaldı. Təmsilçimiz sərbəst hərəkətlərdə bürünc medal qazanmaqla azarkeşlərə sevinc bəxş etdi. Marina Nekrasova finalda 12.833 xal yığaraq, ən yaxın rəqibi, yunan gimnastı İoanna Suloqini 0,2 xal qabaqladı. Bu növdə qızıl medalı 13.433 xalla rumıniyalı gimnast Katalina Ponor, gümüş medalı 13.400 xalla avstraliyalı gimnast Emili Littl qazandı. Dünya Kubokunun bürünc medalçısı Marina Nekrasova “R+”a açıqlamasında məşqçilərin və federasiyanın əməyini xüsusi vurğulayıb: “Şadam ki, Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda bürünc medal qazandım. Mən hərəkəti maksimum yerinə yetirdim. Tir üzərində hərəkətlərdə isə bir qədər həyəcanlandım. Hərəkəti daha yaxşı yerinə yetirə bilərdim. Bürünc medal qazanmaqda məşqçilərin və federasiyanın böyük əməyi var. Onlara göstərilən dəstəyə görə təşəkkürümü bildirirəm. Qarşıda məni Avropa Çempionatı və İslam Həmrəyliyi Oyunları gözləyir. Bu yarışlara hazırlaşacağam”.

Dünya Kubokunda medal qazanmağa cüzi xalı çatmayan gənc idmançımız Murad Ağarzayev özünü yaxşı tərəfdən göstərdi. Qitənin ən titullu gimnastlarına qarşı layiqli mübarizə aparan Ağarzayev perspektivli atlet olduğunu növbəti dəfə təsdiqlədi. Məşqçilər onun xallarını yüksək qiymətləndirsə də, Murad “R+”a müsahibəsində çıxışından razı qalmadığını bildirdi: “Mən özümə söz vermişəm ki, Vətənimin bayrağını yüksəldəcəyəm. Hər kəs məni dəstəkləyirdi, məndən yaxşı nəticələr gözləyirdi. Təəssüf ki, onların ümidini doğrulda bilmədim. Medal qazanmadığıma görə, öz çıxışımdan razı qala bilmərəm. Amma Dünya Kuboku karyeramda ən böyük yarış idi. Buna görə məni başa düşmək olar. Bakıya ən güclü gimnastlar gəlmişdilər. Onlara qarşı finala qədər yarışmaq heç də asan deyildi. Mayda İslam Həmrəyliyi Oyunlarında medal qazanmaq arzusundayam. Bunun üçün gecə-gündüz məşq etməyə hazıram”.

Dünya Kubokunun yüksək təşkilatçılığa görə yarışda iştirak edən məşhur gimnastları, eləcə də Beynəlxalq Gimnastika Federasiyasının rəsmiləri Azərbaycan Gimnastika Federasiyasına təşəkkür etdi. Yarışla bağlı “R+”a danışan federasiyanın baş katibi, Avropa Gimnastika İttifaqının vitse-prezidenti Fərid Qayıbov nəticədən razı qaldığını söylədi: “Azərbaycan Gimnastika Federasiyası mövcud olduğu 15 il ərzində elə bir səviyyəyə çatıb ki, artıq digər ölkələr bizim təcrübəmizdən yararlanır. Qonaqların, gimnastların razı qalması bizim işimizə verilən ən doğru qiymətdir. Biz bundan sonra da bu cür yarışlar keçirəcəyik. Bunun üçün bütün şərtlər var. Biz hər dəfə yeni bir şey etməyə çalışırıq”.

O, Azərbaycan gimnastikasevərlərini Marina Nekrasovanın sərbəst hərəkətlərdə Dünya Kubokunun bürünc medalını qazanması münasibətilə təbrik etdi və gimnastın çıxışı barədə bunları dedi: “Biz bunu gözləyirdik. Bu Dünya Kubokuna çox insan hazırlaşırdı. Mən hamını təbrik edirəm - onların əməyi boşa keçmədi. Gimnastlarımızla fəxr edirəm”.

F.Qayıbov qeyd edib ki, M.Nekrasovanın medalı son anda qazanıldı və bu ona 2015-ci ildə Minskdə keçirilmiş bədii gimnastika üzrə Avropa Çempionatını xatırlatdı: “O zaman da azərbaycanlı gimnast Marina Durunda medalı son anda qazanmışdı”.

Federasiyanın baş katibi bildirib ki, aprelin 28-30-da Bakıda növbəti gimnastika bayramı olacaq: “Bu dəfə Milli Gimnastika Arenası lent, ip, gürz və halqa ustalarının ixtiyarına veriləcək. Ən gözəl idman növünün azarkeşlərini zalda gözləyirik, ümid edirik, gimnastlarımız uğurla çıxış edəcəklər”.

Olimpiya Oyunlarının qızıl medalçısı, 7 Olimpiadada iştirak etməklə Ginnesin Rekordlar kitabına düşən Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) “R+”a açıqlamasında gördüklərindən yaxşı mənada təəccübləndiyini dedi: “Azərbaycan Gimnastika Federasiyasını təbrik edə bilərəm. Yarış çox yüksək səviyyədə keçirildi. Milli Gimnastika Arenası dünyanın ən gözəl idman komplekslərindən biridir. Mənə inana bilərsiniz. Qırx iki yaşım var, bu müddətdə çoxlu sayda turnirdə iştirak etmişəm. Dünya Kubokunun qitə çempionatı səviyyəsində təşkil olunduğunu deyə bilərəm. Paytaxt Bakı çox gözəlləşib. Sanki qədim və müasir şəhər sintez olunub. Bakını daha çox sevdim. Şəhər bütün idmançılara doğmalaşdı”.

Qeyd edək ki, aprelin 28-30-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq. Yarışda 30-a yaxın ölkənin iştirak gözlənilir. 



MƏSLƏHƏT GÖR:

363