29 Mart 2024

Cümə, 15:05

KƏNAR MÜŞAHİDƏÇİ

Novruz Bayramı günlərində rəssam Cəsar Məmmədov Bakı sakinlərinə «Paradiqma» sərgisini hədiyyə etdi

Müəllif:

01.04.2017

Hər şey başqa cür də ola bilərdi. Bəzi rəssam ailələrində olduğu kimi, Cəsar da fırçalara və boyalara, təzə kətanın sirli dünyasına laqeyd qala bilərdi. Lakin onun həyatında hər şey sanki doğulandan müəyyən edilib: uşaqlıq illərinin rəsm həvəsi də, peşəkar kimi yetişməsi də, sənətdə sağlam özünütəsdiqə can atması da.

Əvvəl Əzim Əzimzadə adına Bakı Dövlət Rəssamlıq Məktəbini, sonra isə Rəssamlıq Akademiyasını bitirən Cəsar Sakit oğlu Məmmədov bu gün rəssamlıq sənətində tanınan imzalardandır. Artıq təsviri incəsənət onun üçün şəxsi həyatının üslubuna, mənasına və məzmununa çevrilib. Yəqin, elə buna görədir ki, yaşı 30-a çatmasa da, artıq bir çox sərgiləri geridə qoyub. O cümlədən, fərdi sərgiləri də keçirilib. Cəsar Avropa Təbiət Elmləri Akademiyası tərəfindən «Avropanın Şərəfi» ordeninə layiq görülüb. Bu mükafatı o, Hannoverdə keçirilmiş «Sərhədsiz incəsənət» beynəlxalq gənc rəssamlar sərgisində 1-ci yer tutmaqla qazanıb. Ordeni ona Avropa Akademiyasının Bakı bölməsinə rəhbərlik edən Solmaz Amanova təqdim edib.

 

«Paradiqma»

Rəssamın fərdi sərgisi belə adlanır. Nə üçün məhz «Paradiqma», bu adın seçilməsi nə ilə bağlıdır - epataj üslubunun dəbdə olmasıylamı, yoxsa özünün dünyaya baxış fəlsəfəsinin yenidən dərk etmək istəyi ilə?

«Port Baku»da «Art Bahar» festivalı çərçivəsində açılmış sərgini artıq çox adam görüb. Onun işləri cəlb edir. Bu işlərdə gizli əsəb, isterik etiraz yoxdur, həyat adlandırdığımız heç nəyin inkarı da yoxdur. Rəssam bilərəkdən həyatı içdən görən və qiymətləndirən insan mövqeyindən uzaqlaşır. O, sanki yuxarıdan baxır. Bu, bir kənardan baxışdır. Bu, qiymətləndirici yox, təsdiqləyici baxışdır. Müəllif «həyat» adlı prosesin nə hakimi, nə də iştirakçısıdır. O, kənar müşahidəçidir, bəlkə də bir qədər tərki-dünya. Hətta adama elə gəlir ki, o, ehtirassızdır, çünki nəyin «yaxşı», nəyin «pis» olduğunu göstərmir, seçimi bizim ixtiyarımıza verir.

Amma bu, sadəcə, ilk baxışda belədir - gözucu və diqqətsiz baxışda. Əslində, bu, elə də sadə deyil, heç nə göründüyü kimi süst və «pastoral» deyil.

İzləyicini dialoqa çəkmək üçün Cəsar Məmmədovun öz üsulları var: vizual, intellektual, emosional üsullar. O, şəhərləri - İstanbulu, Bakını, Praqanı, Venesiyanı, Bodrumu, Parisi, Yorulmuş şəhəri fədakarcasına təsvir edir. Amma necə çəkir? Sanki yuxarıdan baxır. Bax, Praqanın, Türkiyənin Bursa şəhərinin, Parisin damlarıdır… Və onların hər birinin öz «siması» var.

 

«Paris»

Əgər diqqətlə baxmasan, əsərin qarşısında uzun müddət qalmasan, Sekre Kör bazilikasına bənzər məbədlərin memarlıq zərifliyindən başqa heç nə görə bilməzsən. Amma əsərin qarşısında bir qədər qaldıqda, gözlərin önündə məbədlərin memarlığına, qəsrlərin zəng qüllələrinin zərifliyinə qısılmış qəribsəmiş evlər canlanır. Bütün bunlardan sanki mental müdafiə axtarışlarında məbədlər qarşısında baş əyən bir şəhər obrazı canlanır.

 

«Praqa»

Müəllifin detalları necə israrlı dürüstlüklə təsvir etməsi heyran qoyur. İlk öncə siz yalnız bir şey görürsünüz: damlar, damlar, damlar. Amma getdikcə çiçək öz ləçəklərini günəşə açan kimi şəhər qarşınızda açılır. Və siz sakit həyatı görürsünüz: pəncərədən rəssam və ona canlı modellik edən qız, görünür, azca aşağıdan sola çərçivə əvəzinə portret asılıb - ya Alfons Muxanın, ya da gənc Şekspirin, ya da sizin tanımadığınız birinin şəklidir. Müəllifin təhrikinin mənası da elə bundadır! O, düşünməyə, assosiativ gedişlər, bənzətmələr xatırlamağa, axtarmağa vadar edir. Evin fasadının sağına nəzər salsanız, ayrı-ayrı həyatların axdığı üç pəncərə görə bilərsiniz: birində açıq pəncərənin altında pişik gəzir, ikincidə, kresloda oturan qız görünür, üçüncüdə isə eyni cür oturmuş qadın təsvir edilib. Bir az uzaqda, aşağıda, qonşu binanın yanında mağaza, park edilmiş maşınlar var. Sakit axan, dinc-nizamlı həyat. Deməli, ömrümüzün daha bir günü hiss etdirmədən keçmişə qarışır…

 

«Bakı»

Əslində, bura “Tarqovı”, daha doğrusu, indiki Nizami küçəsidir. Evlər, adamlar, fənərlər, dükanların qarşısı - adət etdiyimiz gündəlik həyat. Evlər əhəng daşından olan tarixi fasadları ilə öyünür, insanlar tələsmədən öz işlərinin dalınca gedir. Onlar - bakılılar, turistlər, kişilər, qadınlar bizimlə dialoqa girmirlər. Biz rəssamla birlikdə sanki şəhərin həyatından qısa bir epizoda baxdıq.

Cəsar Məmmədov qayıqları, katerləri, barkasları, balıqçıları, çimərlikləri çəkir. Bu da onun sevimli mövzusudur - dəniz və qayıqlar. Amma dənizin tam özü yox, onun sahillə, dənizkənarı həyatla bağlı hissəsi. Amma buradakı insanlar da bizimlə heç zaman «ünsiyyət”ə girmirlər. Onlar bizə arxa çeviriblər. Öz gündəlik həyatlarını yaşayır və bizə imkan verirlər ki, onu «müşahidə» edək.

Burada çox sayda parlaq boyalar, çox sayda şən, nikbin çalarlar var. Bu, onun - Cəsarın dünyasıdır. Bizim üçün, sadəcə, qismən açdığı dünyadır, deyilməmiş nələrisə saxlayır, bir daha baxmağa ehtiyac var. Yalnız bu rəng coşqusunun hesabına biz onun hisslərini, onu əhatə edən dünyanı necə qavramasını duyuruq.

 

«Qayıqlar»

Onlar çoxdur. Şəhərdəki insanlar kimi. Bunlar avarlı qayıqlardır. Onlar bir-birlərinə sıxılıb, sanki öz yiyələrini gözləyərkən donublar: bu şəhərdə və ya balıqçılıq qəsəbəsində yaşayan insanları. Günorta günəşinin altında donublar, sanki onlar da yatıblar. Özünəməxsus qayıq fiestası!

 

«Sahildə»

Burada körpü boyunca insanlar düzülüb. Həm də motorlu qayıqlar var. Balıqçı qayıqları. Onlar dənizə çıxmağa hazırdırlar. Bir qayda olaraq, dan yeri söküləndə. İndi isə onlar günorta günəşinin altında mürgüləyirlər. Qayıqlar, katerlər, barkaslar… Dəniz nəqliyyatı. Rəssam onları çox çəkir, fədakarcasına və ləzzətlə çəkir. Müəyyən bir məqamdan sonra sizə elə gələ bilər ki, bu qayıqlardan hər birinin insanlar kimi öz xarakteri, dənizə və insanlara öz münasibəti var. Demək olar ki, mistik duyğu yaranır - insanlar yox, qayıqlar əsasdır.

...Və birdən şəhər damlarının və qayıqların arasından tamamilə fərqli işlər çıxır: «Xatirə», «Xəlvəti», «Səhər yeməyi», «İstirahət», «Növbələr”...

 

«Xatirə»

İçərişəhərdə kitab satılan rəfin qarşısında arxası bizə tərəf yaşlı kişi durur. O da bir az aralıda arxası qocaya uzanmış köpək kimi yalnızdır. Biz qocanın sifətini görmürük, amma kürəyi istənilən sözlərdən və baxışlardan daha bəlağətlidir. Köhnə kitablar, köhnə fotoşəkillər, köhnə əşyalar satır. Keçmişi satır. Kimlər üçünsə bu, sadə zaman kateqoriyasıdır. Qoca üçünsə həyatıdır. Ürəksıxan şəfqət və rəhm hissləri yaranır.

 

«Səhər yeməyi»

Küçə kafesi. İnsanlar səhər yeməyi yeyir, bir-birləri ilə söhbət edirlər. Qarşıda onların işləri, təəssüratları, münasibətləri üçün bütöv günləri var. Bu əsərin personajları da öz həyatları ilə yaşayırlar, bizə hadisələrin iştirakçısı olmaq hüququ vermirlər. Onlardan biri biz tərəfə tamamilə laqeyd, süzgün baxış yönəldirsə, amma bununla belə, biz onun üçün mövcud deyilik.

 

«Növbələr»

Burada bir dənə də sifət yoxdur. Amma taleləri, sosial mənsubiyyətləri, xarakterləri ilə insanlar var. Növbədə qadınlar dayanır. Biz onların ayaqlarını, ayaqqabılarını, çantalarını, paltarlarının aşağı hissəsini görürük. Bunları görərək, onlar barədə hər şeyi anlayırıq: hansı sosial mühitdən olduqlarını, hansı xarakterə, hansı duyğu və hisslərə malik olduqlarını anlayırıq. Hər zaman olduğu kimi, rəssamın təsvir etdiyi detalların ifadəliliyi heyran qoyur. Burada zərif dabanlar, çətir, əlcək, incə qadın biləkləri var, həm də nimdaş çəkmələr, qalın, ayağa kobudluqla çəkilmiş corablar, səliqəsiz açılmış çanta var… Həyatdır. Tələbə teatr interpretasiyaları üçün gözəl işdir! Süjet var. Qalmaqal var. Oynamaq olar. 

Rəssam Cəsar Sakit oğlu Məmmədov rəssam ailəsində doğulub, peşəkar kimi yetişməsi rəssam mühitində keçib, onun imkanlarının yaradıcı gerçəkləşdirilməsi burada və indi baş verir. Özü üçün müəllim və peşə avtoriteti isə atası Sakit Məmmədovu sayır.

Cəsar Məmmədov dünyada çox səyahət edir. Başqa şəhərlər onun xoşuna gəlir. İşlərindən belə görünür ki, hər bir şəhər onun üçün öz xarakterinə malik bir canlı varlıq kimidir. Müəllifə məhz bu xarakteri tapmaq xoş gəlir. Bu şəhərin hansı ölkədə - Fransada, İtaliyada, Türkiyədə və ya Azərbaycanda yerləşməsi önəmli deyil. O, müəllifin işlərində öz fərdi «sifət”inə malik olacaq: «Yorulmuş şəhər» kimi maraqlı, «Praqa» kimi cazibədar, «Paris» kimi sirli, «Venetsiya» kimi şən olacaq.



MƏSLƏHƏT GÖR:

398