25 Aprel 2024

Cümə axşamı, 12:36

NEFT BAZARININ «SOYUQ KÜLƏKLƏRİ»

«Qara qızıl»ın indiki ucuzlaşması nə qədər davam edə bilər?

Müəllif:

01.04.2017

Neft bazarında yenə soyuq küləklər əsir. Bu ilin əvvəlindən hasilatın azaldılması mexanizminin işə salınmasına baxmayaraq, martın birinci ongünlüyündə bir həftə ərzində neftin qiyməti $50-a və daha aşağı düşüb. Doğrudur, martın əvvəlinə kimi hasilatın sutkada 1,8 milyon barrel azaldılması barədə razılığa gəlmiş istehsalçı ölkələrin gözləntiləri özünü doğrultdu. Əvvəlcə neftin bir barrelinin qiyməti inamla $55-57 dəhlizində möhkəmləndi. Hasilatın azaldılması haqqında sazişin yerinə yetirilməsi səviyyəsi də heç bir qınağa səbəb olmadı.

Rusiyanın Energetika naziri Aleksandr Novakın sözlərinə görə, bütünlükdə razılaşma 93% yerinə yetirilib. Hətta OPEC ölkələri öhdəliyə 106% əməl edib və hasilatı danışılmış 1,2 milyon barreldən də çox azaldıblar. Kartelə daxil olmayan, amma sazişə qoşulmuş 11 ölkə isə öhdəliyə 64% əməl edə bilib. Onlar tərəfindən götürülmüş ümumi öhdəliyin tam yerinə yetirilməsinə mane olan əsas səbəb kimi, Rusiyada hasilatın aşağı sürətlə azalması göstərilir. Belə ki, Rusiya hasilatı 2017-ci ilin mart ayına kimi razılaşdırılmış 300 min barrel əvəzinə, 187 min barrel azaldılıb.

Bu baxımdan, Azərbaycan önəmli nəticələr əldə edib. Energetika Nazirliyinin məlumatına görə, ölkə razılaşdırılmış 35 min barrel/sutka azalma kvotasına 214% əməl edib, bununla da OPEC-ə daxil olmayan ölkələrin ümumi hasilat azaltmasının 20%-ni təmin edib. Bu azalma həcmləri bazarda qiymətlərin istehsalçı üçün əlverişli olan səviyyədə qərarlaşması üçün yetərli olub.

Lakin soyuq külək elə gözlənilən tərəfdən əssə də, hasilatçı ölkələr buna hazır olmayıb. ABŞ-ın şist nefti istehsalçıları bazardakı əlverişli durumdan istifadə edərək hasilatı fəal şəkildə artırmağa başlayıblar. Nəticədə, martın əvvəlinə ABŞ-da hasilat il ərzində ilk dəfə sutkada 9 milyon barreli keçib. Bunun nəticəsində martın birinci həftəsində ABŞ-ın neft ehtiyatları 8,2 milyon barrel artıb ki, bu, proqnozlardan 4 dəfə yüksək artım göstəricisidir. Birincə həftə 528,4 mln. barrelə çatan ehtiyatlar növbəti həftə daha 5 mln. barrel artaraq, tarixi maksimumda qərarlaşıb.

Hasilatın artması ilə yanaşı, ABŞ-ın neftayırma zavodlarındakı profilaktik təmirlə bağlı neft istehlakının mövsümi azalması da ehtiyatların artmasına təsir edib. Bütün bu amillər nəticəsində, neft gündə 3-5% dəər itirərək sürətlə ucuzlaşmağa başlayıb, brent neftinin qiyməti $50-a və Amerika “WTI”nin qiyməti isə $47-a qədər enib.

Amma maraqlıdır ki, analitiklərin əksəriyyəti neftin qiymətinin indiki ucuzlaşmasından narahat deyil. Onların fikrincə, 24 hasilatçı ölkənin razılaşması dünya üzrə rekord səviyəyə çatmış neft ehtiyatları göstəricisinin azalmasına səbəb olacaq. Beynəlxalq Energetika Agentliyinin qiymətləndirməsinə görə, indiki hasilat və istehlak həcmlərinin saxlanması şərti ilə iyuna qədər dünya neft bazarında təklifin tələbi üstələməsi, təxminən, sutkada 500 min barrelə bərabər kəsrlə əvəzlənəcək.

Belə şəraitdə OPEC şist neft istehsalçılarının həddindən artıq güclənməsinə imkan verməməlidir, çünki onlar kartelin, xüsusilə də Səudiyyə Ərəbistanının payını müəyyən qədər ələ keçirə bilərlər. Məhz buna görə də Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl-Falih Hyustonda keçirilmiş konfransda bildirib ki, şist nefti istehsalçıları üçün «müftə yem» buraxmayacaqlar.

«Reuters» agentliyinin məlumatına görə, Amerikanın, o cümlədən şist layihələri ilə məşğul olan bir neçə neft şirkətinin başçıları ilə qapalı görüş zamanı səudiyyəli nazirin müşavirlərindən biri qeyd edib ki, OPEC ABŞ-da şist neftinin hasilatı naminə zərərə düşmək niyyətində deyil.

Amma şirkətlərin özləri gələcək qiymət artımları barədə yetərincə optimist əhvaldadırlar. «Reuters»in yazdığına görə, «Hess», «Chesapeake Energy», «Continental Resources» kimi şirkətlər və Britaniya-Hollandiya şirkəti «Royal Dutch Shell» fəaliyyətlərinin gücləndiriləcəyi barədə açıqlamalar veriblər. Yeniləşmiş layihələr müəssisələrə yaxın onillər boyunca sabit şəkildə ABŞ nefti ixrac etməyə imkan yaradacaq.

ABŞ Energetika Nazirliyi Energetika Məlumatları İdarəsinin (EIA) məlumatına görə, 2018-ci ildə ABŞ-da neft hasilatı 1970-ci ildə qeydə alınmış rekordu keçərək, 10% artacaq və sutkada 10 milyon barrelə bərabər olacaq.

Səudiyyə Ərəbistanı da bazarda yaranmış duruma yetərincə operativ reaksiya vermək imkanlarını artıq müəyyən edib. Yanvarda hasilatı irimiqyaslı azaltmış krallıq fevralda hasilatı artırıb, amma razılaşdırılmış kvotadan kənara çıxmayıb. Üstəgəl, səudiyyəlilər ABŞ-a göndərdikləri nefti sutkada 300 min barrel azaldıblar. Bu, demək olar ki, şist neft istehsalçılarına dünya neft bazarında vəziyyəti gərginləşdirməməklə və qiymətləri əksər istehsalçılar üçün əlverişli olan $60 ətrafında saxlamaqla bağlı xəbərdarlıq idi.

Ümumiyyətlə, neftin qiyməti OPEC-in və başqa neft hasilatçılarının hasilatın azaldılması ilə bağlı əldə edilmiş yarımillik anlaşmanın uzadılmasından asılı olacaq. Bazar günü Monitorinq Komitəsinin Küveytdə keçirilmiş iclasında bu suala cavab tapmaq istəyirdilər, iclasda neft hasilatının azaldılması ilə bağlı sazişin yerinə yetirlməsi ilə bağlı vəziyyət müzakirə edilirdi. Neft hasilatçısı olan ölkələr hasilatın azaldılması üzrə öhdəliklərə 100% əməl etmək barədə niyyət nümayiş etdirsələr də, Küveyt görüşü sazişin vaxtının uzadılmasının mümkünlüyü barədə suala cavab vermədi. Monitorinq Komitəsinin yekun bəyanatında bildirilir ki, sazişin vaxtının uzadılması ilə bağlı təkliflər apreldə OPEC katibliyinə təqdim edilməlidir, son qərar isə təşkilatın mayın 25-də Vyanada keçiriləcək sammitində verilə bilər.

Neftin qiymətinin indiki düşməsi Küveytdə keçirilən iclas iştirakçılarını elə də narahat etməyib. «Mövsümi tələbin azalması, neft emalı güclərinin təmir kimi bir sıra mövsümi amillər və OPEC-ə daxil olmayan ölkələrin hasilatı artırması xam neft ehtiyatlarının müəyyən qədər artmasına səbəb olub. Neft emalında təmir işlərinin başa çatması, ABŞ-da ehtiyatların artımının nəzərəçarpacaq dərəcədə yavaşıması, həmçinin üzən neft anbarlarının sayının azalması bazarın sabitləşməsi üzrə göstərilən müsbət səylərə dəstək verəcək», - deyə Monitorinq Komitəsinin bəyanatında bildirilir.

Küveytin Neft naziri Əssam əl-Mərzuk bildirib ki, əgər hər bir ölkə neft hasilatının məhdudlaşdırılması ilə bağlı öhdəliklərinə 100% əməl edərsə, onda neft bazarı artıq 2017-ci ilin üçüncü rübünə sabitləşə bilər.

Ümumiyyətlə, proqnozların çoxunda bu il neftin orta qiymətinin $55-57 arasında dəyişəcəyi vurğulanır. «The Wall Street Journal» qəzetinin sorğusunda iştirak etmiş 15 investisiya bankının nümayəndələrinin konsensus-proqnozu da ehtimal edir ki, brent neftinin orta qiyməti 2017-ci ildə $57 və 2018-ci ildə $65 olacaq.

Rusiya Bankı isə bu il üçün daha az optimist proqnozla çıxış edib - orta qiymət $50-dir və konservativ ssenari üzrə qiymət ilin sonuna kimi $40-a qədər azala bilər. Bu, cari il üçün, bəlkə də, yeganə aşağı proqnozdur; məsələn, Avropa Mərkəzi Bankı bu il üçün brent neftinin orta qiyməti üzrə proqnozu dekabrda gözlədiyi $49,3-dan $56,4-a qaldırıb. ABŞ Energetika Nazirliyi də brent üzrə proqnozunu azacıq qaldıraraq, $54,6-ə bərabər edib. Beynəlxalq Valyuta Fondu (BVF) da hesab edir ki, 2017-ci ildə qiymətlər $55-58 arasında dəyişəcək. “BP” də öz sərmayələrini $55-a bərabər qiyməti nəzərə alaraq planlaşdırıb, bu barədə şirkətin başçısı Robert Dadli bilirib.

Yəni martın 8-dən neftin qiymətində kəskin ucuzlaşma müşahidə edilsə də, bazarın, demək olar ki, bütün iştirakçıları neftin hasilatının azaldılmasının nəticələrini müsbət qiymətləndirirlər, sabitləşmədən və getdikcə qiymətlərin artmasından danışırlar. Bu meylin möhkəmləndirilməsi üçün, ən azından, sazişin 2017-ci ilin sonuna kimi uzadılması pis olmazdı. Amma bu məsələdə son söz bir tərəfdən, Səudiyyə Ərəbistanına və Rusiyaya, digər tərəfdən isə ABŞ-ın şist layihələrinə məxsusdur. İstənilən halda, görünən odur ki, hər iki tərəf qiymət müharibəsinin zərərli olduğunu anlayıblar, çünki həddindən ucuz neft həm istehsalçıya, həm də istehlakçıya zərər vurur. Bu isə gələcək qərarlara praqmatik yanaşılacağına ümid yaradır.



MƏSLƏHƏT GÖR:

410