25 Aprel 2024

Cümə axşamı, 08:58

YENİ QÜTB

Aİ dünya iqtisadiyyatının mərkəzi titulunu ABŞ-dan ala bilər

Müəllif:

01.04.2017

İnanılmaz olsa da, faktdır - dünyanın birinci iqtisadiyyatının daxili və xarici siyasətində qeyri-müəyyənlik davam etdikcə, digərlərinin ümumi maraqlar axtarışında çoxtərəfli dialoq qurmaq şansları artır. İlk növbədə bu, təbii olaraq, azad ticarət prinsiplərinin müdafiəsi və inkişaf etdirilməsi uğrunda qlobal əməkdaşlığa aiddir.

ABŞ-ın yeni Prezidenti Donald Trampın mövcud beynəlxalq siyasi, ticarət və hərbi razılaşmalara yenidən baxmaq niyyəti ilə bağlı hər yeni fikri, bu zaman kimisə cəzalandırmaqla hədələməsi, yaxud daha az satmağa, çox ödəməyə məcbur edəcəyini deməsi və s. bütün dünyada getdikcə daha sakit qarşılanır.

Ekspertlərin fikrincə, Tramp özünü development biznesində davranmağa vərdiş etdiyi kimi aparmağa çalışır - sərt şərtlər irəli sürməklə, insanları təzimə məcbur etmək. Amma o, bunun fərqli səviyyə olduğunu hələ ki, anlamır. Söhbət o dövlət başçılarından gedir ki, ticari sövdələşmələri yalnız bir ölkə ilə - bu, dünyanın ən böyük iqtisadiyyatı olsa belə - məhdudlaşdırmırlar.

 

Oturduğun budağı kəsmək lazım deyil

Tramp ABŞ iqtisadiyyatında inkişafın zəifləməsini xarici ticarət kəsri ilə əlaqələndirən Milli Ticarət Şurasının rəhbəri Piter Navarro, Ticarət naziri Uilbur Ross kimi iqtisadi məsləhətçilərinə inanır. Məhz onların fikrinə əsaslanan Tramp ticarət balansının «həddi aşdığını» düşündüyü ölkələrdən mal idxalına ciddi gömrük rüsumları tətbiq etməklə hədələyir; məsələn, Çindən idxala 45%, Meksikadan 20%, Meksika vasitəsilə gətirilən alman maşınlarına 35% və s. Tamamilə mümkündür. Burada ABŞ-ın dünyanın əsas ehtiyat valyuta emitenti olması, mənfi ticari saldonun beynəlxalq valyuta sisteminin qorunması üçün zəruri olduğu heç də vacib deyil. İcranın rəqabət qabiliyyətini zəiflədən məqam - dolların qiymətinin şişirdilməsi də onun ehtiyat statusu ilə bağlıdır.

2016-cı ildə ABŞ-da ümumi ticarət defisiti 502 milyard dollar olub (idxal 2,712 trilyon, ixrac 2,209 trilyon dollar). Amma bu, 2006-cı ilin rekordundan (762 milyard dollar) azdır.

İdxala görə rüsumları artırmaq qərarına gəlmiş yeni administrasiya bununla Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydasını pozacaq. Həmin qaydaya görə, yol verilə biləcək gömrük rüsumunun orta həddi 3-4%-dir. Alman Sənayesi Federal Birliyinin prezidenti Diter Kempf hesab edir ki, Donald Tramp bu qaydaya əhəmiyyət verməsə, «ABŞ-ın özünün oturduğu budağı kəsmiş olacaq, çünki öz maraqlarını qorumaq üçün heç bir ölkə ÜTT-nin qaydalarından ABŞ qədər intensiv istifadə etmir».

Lakin ÜTT-nin elə həmin normalarına görə, «zərərçəkmiş» ölkələr cavab addımlarına, yəni sanksiyalara əl ata bilər. Onlar öz lazım bildikləri sahələr üzrə cərimə rüsumları müəyyənləşdirməkdə sərbəstdir; məsələn, Vaşinqtonun Avropadan avtomobil idxalına məhdudiyyət qoymasına cavab olaraq, Avropa İttifaqı Amerikanın mikroprosessorları və kompyuter texnikasına görə rüsumları artıra bilər. Almaniya mətbuatı yazır ki, bunun heç kəsə fayda verməyəcək ticarət müharibəsinə aparıb çıxarma ehtimalı olsa da, Trampa bəzi şeylər sübut olunmalıdır: onun hakimiyyəti sərhədsiz deyil, onun siyasəti isə sonda öz ölkəsinin iqtisadi maraqlarına zərbə vuracaq.

 

İqtisadi inkişaf haqqında mantralar

Dünyanın aparıcı dövlətlərinin rəhbərləri ABŞ-ın yeni liderinə, hələ ki, ticari proteksionizmin təhlükəsinin nədən ibarət olduğunu izah edə bilmir. “G-20” ölkələrinin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin martın 17-18-də Almaniyanın Baden-Baden şəhərində keçirilən növbəti görüşündə də hər kəs amerikalı həmkarı Stiv Mnuçini bir məsələyə inandırmağa çalışıb: birgə kommünikedə müəyyən qaydalara, standartlara və razılaşmalara tabe olan azad ticarət prinsiplərinin qeyd edilməsi vacibdir.

Mnuçin bütün bu səylərə təkrar-təkrar bir fikirlə cavab verirdi (hər addımını telefon vasiətsilə Vaşinqtonla razılaşdıraraq): Amerika iqtisadiyyatı üçün yaxşı olan qlobal inkişaf üçün də yaxşıdır. «Mən əsas diqqətimi Birləşmiş Ştatların iqtisadi inkişafına yönəltmişəm», - deyə o, mantra kimi təkrar edirdi: «Hesab edirəm ki, ABŞ-ın iqtisadi inkişafı həm bizim, həm də dünyanın digər böyük iqtisadiyyatları üçün yaxşıdır».

Sonda Mnuçinin təklif etdiyi versiya qəbul olunub. Sənədin yekun variantında heç bir əhəmiyyəti olmayan, abstrakt fikir yer alıb: «Biz ticarətin iqtisadiyyatımıza töhfəsini artırmaq üzərində çalışırıq».

Cəmi 1 il əvvəl isə «iyirmilk»in maliyyəçilərinin bəyanatı fərqli idi: «Biz proteksionizmin bütün formaları ilə mübarizə aparacağıq».

 

Zarafatı bəyənmədilər

Almaniya kanslerinin ABŞ Prezidenti ilə müasir qlobal iqtisadiyyatda qarşılıqlı asılılıq məsələsi ilə bağlı danışmaq cəhdi də demək olar ki, nəticə verməyib. Ağ ev sahibinin, heç olmasa, biznesmen həmkarlarını dinləyəcəyinə ümid edən kansler «Siemens», BMW və digər nəhəng alman şirkətlərinin başçılarını da özü ilə Vaşinqtona aparmışdı. Onlar Trampa, məsələn, Almaniya şirkətlərinin ABŞ iqtisadiyyatına 255 milyard dollar investisiya yatırdığı, burada 670 mindən artıq iş yeri açdığı haqqında danışmalı idilər. Qeyd edək ki, son 7 ildə Almaniyanın avtomobil konsernləri ABŞ-da öz avtomobil istehsalını 4 dəfə artırıb. «Made in USA» olan alman maşınlarının yarıdan çoxu ixrac edilir; məsələn, “BMW”nin Birləşmiş Ştatlardan ixrac etdiyi maşınların sayı «General Motors» və «Ford»un birgə ixracından daha çoxdur. Amerikanın böyüklüyünə görə üçüncü mobil operatoru olan «T-Mobile USA» şirkətinin («Deutsche Telekom»un Amerikadakı törəmə şirkəti) müştərilərinin sayı 70 milyonu ötüb. “Deutsche Bank” isə sahibkar Donald Trampın kreditorudur - KİV-in məlumatına görə, bank ona 2,5 milyard dollar vəsait ayırıb.

Təəssüf ki, Trampın iki liderin danışıqlarından dərhal sonra Almaniyanın ABŞ-a böyük borcunun olduğu haqqında tviti Almaniya kanslerinin Vaşinqton səfərini uğurlu saymağa imkan vermir.

Amma yox, Ağ ev sahibi Merkellə aralarında ümumi nəsə tapa bilib - birgə mətbuat konfransında Tramp bildirib ki, onların hər ikisi Amerikanın keçmiş administrasiyasının qurbanı olub, yəni, onların hər ikisinin danışığı dinlənilib. Bu zaman qonağın həmkarına baxışından bəlli olub ki, kansler bu «zarafat»ı heç bəyənmədi.

 

Brüsselə gedən yol

ABŞ proteksionizmlə mübarizədən imtina etməklə, beynəlxalq ticarətlə bağlı mövcud normaları qəbul etmədiyini açıq şəkildə ortaya qoyur. Vaşinqton göstərir ki, o, bütün ölkələrlə ticari münasibətlərə öz yanaşmasını formalaşdırmağı düşünür. Üstəlik, indi amerikalılar vaxtilə mənbəyində özlərinin dayandıqları normaları rədd edir. Hər halda, uzun illər ərzində digər ölkələri azad ticarətə doğru aparan lokomotiv məhz ABŞ olub. İndi isə dünya Birləşmiş Ştatların bu səyləri əngəlləməyə çalışdığı bir şəraitlə qarşı-qarşıya qalıb.

Amma beynəlxalq siyasətdə bu, heç də ən pisi deyil. Amerikanın yeni administrasiyası indiyədək əldə olunmuş bütün beynəlxalq razılaşmalardan asanlıqla və qəribə inadkarlıqla imtina etməyə başlayıb. Halbuki, həmin razılaşmalar oniliklər üçün nəzərdə tutulurdu. ABŞ kimi fövqəldövlət tərəfindən beynəlxalq məsələlərdə ardıcıllığın olmaması qlobal xaosa yol aça bilər.

Çoxları hesab edir ki, bütün bunların fonunda azad dünyanın müdafiəçisi rolu Almaniyanın lideri kimi Angela Merkelin və birləşmiş Avropanın lideri kimi Almaniyanın üzərinə düşür. O özü bu titulu rədd edərək onu «gülünc», «absurd» adlandırsa da, deyəsən, məhz yaranmış vəziyyət Merkeli növbəti seçkilərə qatılmağa həvəsləndirib. O, bu qərarını Trampın prezident seçkisində qalib gəlməsindən 11 gün sonra açıqlayıb.

«Brekzit» və Birləşmiş Ştatlarda keçirilmiş seçki Avropa üçün yeni kursun əsasını qoyub», - deyə Almaniyanın Müdafiə naziri fon der Lyayen bildirib.

Almaniyanın sabiq Xarici İşlər naziri Yoşka Fişer isə məsələyə belə münasibət bildirib: «Elə bilirdik ki, Amerikanın zəmanət kölgəsi altında ömürboyu özümüzün Avropadakı qumqabımızda oynayacağıq. Amma indi, avropalılar böyüməli, bir-birinin arxasında dayanmağı öyrənməli olacaq».

Beləliklə, gözlənilmədən elə vəziyyət yaranıb ki, Aİ dünya siyasətinin bütün qitələrin üz tutduğu yeni qütbünə çevrilib. «Aİ-Asiya» Mərkəzinin direktoru Freyzer Kemeron deyir ki, artıq Çin də Avropa İttifaqını çoxtərəfli sistemin qarantı kimi qəbul edib.

Yaponiya da illərlə davam etmiş nəticəsiz danışıqlardan sonra Aİ ilə mümkün qədər tez bir vaxtda azad ticarət haqqında razılığa gəlmək istəyir. Bunun yaxın sonlarınadək mümkün olacağı istisna edilmir. Yaponiyanın Baş naziri Sindzo Abe, deyəsən, Trampla fevralda keçirdiyi görüşdən çox təsirlənib. Hər halda, o, ölkəsinin «Almaniya ilə birlikdə, açıq sistemin müdafiəsi işində çempion olmaq istədiyini» bildirib.

Cənubi Koreyadakı hökumət böhranına baxmayaraq, artıq bu ölkənin də yüksəkrütbəli məmurları daha sıx əməkdaşlıq təklifləri ilə Brüsselə axışır.

Bu da son deyil. Cənub-Şərqi Asiya ölkələri, o cümlədən İndoneziya ilə Filippin Aİ ilə azad ticarətə dair danışıqları sürətləndirməyə çalışır. Hindistan, Pakistan, Avstraliya və Yeni Zelandiya da Aİ ilə əlaqələri dərinləşdirməyə hazırdır. Meksika da Avropa ölkələrindəki ticarət missiyasını region ölkələri ilə ticarət dövriyyəsini artırmaq üçün gücləndirir.

Və nəhayət, Aİ ilə Merkosur (Cənubi Amerika ölkələrinin ümumi bazarı) arasında azad ticarət razılaşmasına dair danışıqlar bərpa olunub. Martda isə Brüsseldə Aİ ilə Latın Amerikası və Karib hövzəsi dövlətləri Birliyinin yüksəkrütbəli nümayəndələri arasında görüş olacaq.

 

Sərt şərtlər

«Almanya ilə Amerikanı ümumi dəyərlər bağlayır: demokratiya, azadlıq, həmçinin qanunun aliliyinə, mənşəyindən, dərisinin rəngindən, baxışlarından, cinsindən, seksual oriyentasiyasından və siyasi mövqeyindən asılı olmayaraq, istənilən insanın ləyaqətinə hörmət», - deyə Angela Merkel Donald Trampa prezident seçilməsi münasibətilə ünvanladığı təbrik məktubunda yazmışdı. Bir çoxlarının fikrincə, bu məktub daha çox Almaniyanın ABŞ ilə hansı şərtlərlə əməkdaşlığa hazır olduğunun göstəricisi idi.

Bu belədirsə, dünyanın ən iri iqtisadiyyatlarından birinin (ümumi istehsal həcminə görə üçüncü, ixrac həcminə görə birinci) lideri əməllərində kifayət qədər ardıcıldır. Baden-Badendəki maliyyə sammitini isə döyüşöncəsi kəşfiyyat saymaq olar. Mövcud azad ticarət sistemini dağıdanla real döyüş iyulda Hamburqda - dünyanın aparıcı dövlət başçılarının toplantısında olacaq.

Donald Trampı «öyrənən sistem» sayanların sayı getdikcə azalır. Artıq Stiven Xedli (ABŞ prezidenti oğul Corc Buşun milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi) də belə düşünmür, «O, sizin özü-özlüyünüzdə adi saydığınız şeylərin çoxunu bilmir», - deyə Xedli Berlinda almaniyalı siyasətçilərə müraciət edərək bildirib: «Bu haqda ona danışmalısınız. Sizi dinləyəcək, öyrənəcək».

Hələliksə, Ağ evin sahibi həmkarları ilə görüşdə protokol qaydası olan əl sıxmaqla bağlı təklifi belə, eşitmək istəmir.



MƏSLƏHƏT GÖR:

378