24 Aprel 2024

Çərşənbə, 21:19

POZİTİV TƏŞƏBBÜSLƏR MƏKANI

Azərbaycan regional və qlobal böhranların həlli üçün vacib meydana çevrilir

Müəllif:

01.04.2017

«Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar». Martın 16-17-də Azərbaycanın paytaxtında keçirilmiş V Qlobal Bakı Forumunun leytmotivi məhz bu olub. Foruma 56 ölkədən, təxminən, 300 nümayəndə qatılmışdı - nüfuzlu dövlət xadimləri, 40-dan artıq hazırkı və sabiq prezidentlər, baş nazirlər, parlament sədrləri, siyasətçilər, alimlər, siyasi ekspertlər. Onların arasında Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva, Latviyanın dövlət başçısı Raymonds Veyonis, Makedoniya Prezidenti George İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqronun dövlət başçısı Filip Vuyanoviç, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal, Pakistanın sabiq Baş naziri Şövkət Əziz və digərləri var idi. Forum iştirakçıları terrorçuluqla mübarizə üsulları və strategiyaları, ərazi münaqişələrində güc tətbiqi, miqrasiya böhranı, Çinin beynəlxalq münasibətlərdəki rolu, ekologiya problemləri, qadınlara və azlıqlara qarşı ayrı-seçkiliyin yolverilməzliyi, trans-Atlantik münasibətlərin gələcəyi və s. kimi ən kəskin qlobal problemləri müzakirə ediblər.

Digər bənzər tədbirlərlə müqayisədə, Bakı forumunun bir vacib fərqi var - burada müasir çağırışlar əməkdaşlıq prizmasından, dünyanın daha yaxşı, hər bir sakin üçün daha təhlükəsiz hala gətirilməsi düşüncəsi ilə müzakirə olunur. Burada müxtəlif xalqlar, mədəniyyətlər və konfessiyalar arasında dialoq və əməkdaşlığın dəstəklənməsi yolları axtarılır. Bakı forumunun bu özəlliyini keçirilən görüşlər zamanı iştirakçılar da dəfələrlə dilə gətirib; məsələn, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç bildirib ki, Bakı platforması müsbət təşəbbüslərin irəli sürülməsi meydanıdır. Serbiyanın sabiq prezidenti Boris Tadiç V Qlobal Bakı Forumunun əsas mesajını bu cür ifadə edib: «İnsanlara münaqişə və problemlərin lazım olmadığının, planetimizin sülh və barışıq şəraitində yaşamasının vacibliyinin dünyaya çatdırılması». Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal deyib ki, forum vacib sülh və sabitlik mesajı verir, dünya liderləri birləşməli, sivilizasiyalar münaqişələrə yola açmamalı, əksinə, barışığa nail olmaqla, dünyanı daha da bəzəməlidir.

Bu baxımdan, forumun məhz Bakıda keçirilməsi heç də təsadüf deyildi. Onun məntiqi və rəmzi əhəmiyyəti var idi. Azərbaycana ərazi münaqişəsi, torpaqlarının işğalı, humanitar fəlakət, çox sayda qaçqın və məcburi köçkün problemləri yaxşı tanış olsa da, o, əməkdaşlığa və təhlükəsizliyə çalışan sülhsevər, multikultural dövlətdir. Prezident İlham Əliyevin də forumun açılışındakı çıxışında dediyi kimi, Azərbaycan yerləşdiyi regionda sabitləşdirici amil rolunu oynayır.

Lakin bəzən, sadəcə, sülhə çalışmaqla məqsədə nail olunmur. Azərbaycan son dərəcə mürəkkəb regionda yerləşir və onun sərhədlərində baş verənlər istər dövlətlərin liderlərində, istərsə də əhalidə tamamilə anlaşılan narahatlıq yaradır. Məhz bu səbəbdən, Bakı forumu kimi platformalara ehtiyac var. Çünki belə tədbirlərdə müasir dövrün ən ağrılı problemləri yüksək səviyyədə, eyni zamanda, etibarlı çevrədə müzakirə edilir;

məsələn, İlham Əliyev forumun açılışındakı çıxışında ikili standartların yolverilməzliyini bir daha dilə gətirib. BMT Təhlükəsizlik Şurasının erməni işğalçılarının Azərbaycanın zəbt olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə 25 ildir, əməl olunmaması ilə Bakı məhz ikili standartlarla qarşı-qarşıya qalıb.

«Bütün bunlar bir tərəfdən, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qərarların icrası mexanizminin mövcud olmamasını nümayiş etdirir. Digər tərəfdən, bu, bir daha ardıcıl mövqeyin olmamasını göstərir. Çünki biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qərarları bir neçə gün, hətta bir neçə saat içərisində icra olunur. Bizə gəldikdə isə artıq 25 il keçir və hələ də irəliləyiş yoxdur, qaçqın və məcburi köçkünlərimiz hələ də doğma torpaqlarına qayıda bilmirlər. Biz bunu ikili standartlar siyasəti hesab edirik. Təəssüflər olsun, ümumilikdə, bu gün dünyada baş verənlər onu nümayiş etdirir ki, ikili standartlar siyasəti beynəlxalq münasibətlərdə standart bir yanaşmaya çevrilib. Beynəlxalq hüquq və normalar müxtəlif dövlətlər tərəfindən öz istəkləri və cari siyasi maraqlarına uyğun təhrif olunur», - deyə İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti xüsusi vurğulayıb ki, «BMT çərçivəsində islahatlar və ümumiyyətlə, beynəlxalq təşkilatların qərarlarının icrası barəsində danışarkən məhz bu məsələyə diqqət yetirməyimiz çox vacibdir», çünki bu, «bütün dünya üçün bir təhlükədir».

«Bu o deməkdir ki, ərazi işğalı məqsədilə istənilən ölkə real vəziyyəti zorla dəyişərək milyonlarla insana əzab verə, nəticədə isə cəzasız qala bilər. Bu səbəbdən, biz dəfələrlə bu məsələni müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qarşısında qaldırmışıq ki, bu təcavüz, işğal və dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistana sanksiyalar tətbiq edilməlidir», - deyə Azərbaycanın dövlət başçısı qeyd edib.

İkili standartların yolverilməzliyi və nəticədə, BMT TŞ-də islahatların vacibliyi fikrini Bakı forumunun, demək olar ki, bütün iştirakçıları bu və ya digər formada ifadə edib; məsələn, Latviya Prezidenti Raymonds Veyonis hesab edir ki, BMT-nin təkmilləşdirilməsinə, fəaliyyətinin gücləndirilməsinə ehtiyac var. Onun fikrincə, bu, ali qurumun «müdafiə və təhlükəsizliyin, iqtisadi və sosial səviyyələrdə əməkdaşlığın təminində vacib rol oynaya bilməsi üçün» önəmlidir.

Şahzadə Turki əl-Faysal isə BMT TŞ-nin 5 daimi üzvünün vəzifəsinə yenidən baxılmasının vacibliyini xüsusi vurğulayıb. Onun fikrincə, bu, həmin dövlətlərin münaqişələri həll edə bilməsi üçün vacibdir. Cənubi Qafqaz regionundakı əsas təhlükə - Dağlıq Qarabağ münaqişəsi yalnız bu cür həll oluna bilər.

Bu baxımdan, Bakı forumunun Azərbaycanın özü üçün də əhəmiyyəti çox böyükdür. O, ölkənin, onun mədəniyyəti və tarixinin təbliği üçün vacib platforma olmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin bir daha dilə gətirildiyi tribunadır. Bakı forumu kimi görüşlər yeni dostların qazanılmasına, başqa ölkələrdə Azərbaycanın maraqlarına uyğun nüfuzlu qrupların yaradılmasına da kömək edir.

Digər tərəfdən, Bakı tədricən regional, hətta qlobal böhranların həlli üçün danışıqlar meydanına çevrilir. Azərbaycanın özünün vasitəçilik səylərinin artırılmasına ehtiyacı olsa da, Bakı İlham Əliyevin də dediyi kimi, «həm də bəzi dövlətlər arasında problemlərin olduğu vaxtda kommunikasiya baxımından sabitləşdirici amil rolunu oynayır». Rusiya-Türkiyə münasibətlərinin çətin dövründə Azərbaycanın bu problemin həlli üçün əlindən gələni etdiyini hər kəs xatırlayır. Fevralda isə ABŞ Ordusunun Baş Qərargah rəisi ilə rusiyalı həmkarı arasında ilk görüş məhz Bakıda keçirilib. Bu da son deyil. Martın 17-də Bakıda «Asiyanın Qəlbi - İstanbul Prosesi» təşəbbüsünün iştirakçısı olan dövlətlərin xarici işlər nazirlərinin iclası təşkil olunub. Qeyd edək ki, Azərbaycan bu təşəbbüsə 2012-ci ildə qoşulub. Azərbaycanın beynəlxalq nüfuzunu və geniş imkanlarını xüsusi vurğulayan Əfqanıstan Xarici İşlər nazirinin müavini Hikmət Xəlil Kərzai deyib ki, Bakı onun ölkəsində də sülh və sabitliyin təminində vacib rola malikdir.

Mayın əvvəlində isə Azərbaycan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. Bu tədbirin təşkilatçıları arasında YUNESKO, İSESKO, Avropa Şurası, Ümumdünya Turizm Təşkilatı və BMT-nin Sivilizasiyalar Alyansının adını çəkmək olar.

Bakı ta qədimdən mədəniyyətlər və dinlər arasında körpü rolu oynayıb. Azərbaycanın dözümlülük və multikulturalizm təcrübəsinə müsbət təşəbbüslərlə investisiya yatırılması lazım və vacibdir. Qlobal Bakı Forumu bunlardan biridir. Forum Azərbaycanın beynəlxalq statusunu artırmaqla yanaşı, dünyadakı problemlərin, ilk növbədə, danışıqlar yolu ilə həlli olunacağına ümid yaradır.



MƏSLƏHƏT GÖR:

380