28 Mart 2024

Cümə axşamı, 12:44

SÜLH AXTARIŞINDA

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni beynəlxalq səylərin nə ilə bitəcəyi Ermənistandakı siyasi böhranın nəticəsindən asılı olacaq

Müəllif:

01.04.2017

Bu günlərdə Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindəki təmas xətti boyunca yol verdiyi təxribatlar nəticəsində yaşanmış dördgünlük Aprel müharibəsinin 1 ili tamam olur. Bu, tərəflər arasında 22 ildir davam edən atəşkəs razılaşmasından sonra, Qarabağ cəbhəsində baş vermiş ən şiddətli döyüşlər idi. Bu döyüşlər Rusiyanın vasitəçiliyi ilə dayandırıldı, Ermənistanın işğal etdiyi minlərlə hektar ərazini itirməsi, eyni zamanda, hər iki tərəfdən çoxsaylı insan tələfatı ilə yekunlaşdı.

Ehtirasların son dərəcə coşmasına baxmayaraq, döyüşlərdənsonrakı aylarda vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərini iki dəfə danışıqlar masası arxasına əyləşdirməyə nail olmuşdular - Vyanada və Sankt-Peterburqda. Artıq nizamlama prosesinin üfüqündə ekspertlər dairəsində «Lavrov planı» adlandırılan konkret plan da canlanırdı. Lakin planda ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlardan 5-nin işğaldan azad olunması şərtini görən Ermənistan, ənənəsinə sadiq qalaraq, müxtəlif bəhanələrlə prosesi pozmağa başladı - mütəmadi olaraq cəbhə xəttinə təxribatlara əl atan İrəvan, bununla beynəlxalq ictimaiyyətin diqqətini nizamlamanın əsas predmetindən yayındırmağa çalışdı.

Ermənistan-Azərbaycan münaqişəsi ətrafında bu gün yaşananlar İrəvanın status-kvonu qoruyub-saxlamaq üçün əlindən gələni etdiyini təsdiqləyir. Beynəlxalq vasitəçilərin münaqişə tərəfləri arasında dialoqun bərpası istiqamətində səyləri artırdığı bir vaxtda, Ermənistan prezidenti Azərbaycanın işğal olunmuş ərazilərinə yollanır, orada Bakını «İsgəndər» raketləri ilə hədələyir.

«Bu gün ehtiyac yaranarsa, Ermənistan silahlı qüvvələrinin ali baş komandanı tərəddüd etmədən, «İsgəndər» komplekslərindən istifadə əmri verəcək. Bunu qonşu ölkədə də yaxşı başa düşürlər», - deyə Serj Sarqsyan Dağlıq Qarabağda erməni hərbçiləri və onların ailələri qarşısında etdiyi çıxışında bildirib. O, çıxışında ötən ilin Aprel döyüşlərini də xatırladıb. Bununla yanaşı, Sarqsyan o zaman erməni hərbçilərinin düşməni geri oturda bildiyini söyləyib: «Biz onların planını pozduq, informasiya müharibəsində onları darmadağın etdik».

«Bu gün bizim supermüasir qüdrətli hücum imkanlarımız müharibəyə susamış qonşumuzun bütün ərazisinə, ən vacib infrastrukturlarına tuşlanıb», - deyə RİA «Novosti»nin məlumatına görə, Sarqsyan bildirib.

Sarqsyanın bu iddialı bəyanatlarının aprelin 2-nə təyin olunmuş parlament seçkisi öncəsi daxili auditoriyaya hesablandığını ən sadə insan da anlayır. Anlaşılmayan Ermənistan prezidentinin öz xalqını nə yerinə qoyduğudur. Ermənilər öz hakimiyyətinə bir sualı bu gün olmasa da, sabah mütləq verəcək axı: Ermənistan silahlı qüvvələri düşməni necə «geri oturdub» ki, ali baş komandan S.Sarqsyan aprel döyüşlərindən dərhal sonra başda müdafiə naziri Seyran Ohanyan olsaqla, «qalib» generaliteti istefaya göndərib?! Yeri gəlmişkən, qurduğu tərifli «müdafiə xətti»ni Azərbaycan Ordusunun ötən il asanlıqla yardığı Ohanyan qarşıdan gələn parlament seçkisinə Sarqsyanın partiyasının opponenti kimi gedir.

Bütün bunların fonunda Sarqsyan xalqını ələ salmaqda davam edir və indi də, «İsgəndər» raketləri ilə öyünür. Görünür, o hələ də erməni terrorçu birləşmələrinin səhra komandiri kimi düşünür və bir ölkənin prezidenti olaraq, verdiyi bəyanatların məsuliyyətini dərk etmir. Amma Sarqsyanın özünün də öz hədələrinə inanması çətindir. Hər halda, o, söhbətin transmilli layihələrin infrastrukturundan getdiyini bilir. Anlayır ki, bu layihələrin iştirakçısı yalnız Azərbaycan yox, həm də dünyanın güc mərkəzləridir.

Yeri gəlmişkən, NATO Rusiyanın onun sərhədləri boyunca «İsgəndər» sistemi yerləşdirməsinə etiraz edirsə, Ermənistan rəhbərinin hədələrinə niyə reaksiya vermir? Axı İrəvan nəinki NATO (yəni, Türkiyə) ilə sərhəddə bu sistemləri yerləşdirir, həm də alyansa bilavasitə aidiyyəti olan ölkələrin infrastrukturu ilə bağlı hədələr səsləndirir.

«İnformasiya müharibəsində qələbə»yə gəlincə, görünür, Sarqsyan hakimiyyətinin cəbhədə baş verənlər, öldürülmüş erməni hərbçilərinin sayı ilə bağlı məlumatları gizlətməsini nəzərdə tutur. Azərbaycan həlak olmuş hər bir əsgərini son mənzilə ehtiramla yola salır. «Onlar bizi öldürür və biz oğullarımızı səsimizi çıxarmadan dəfn edirik. Çünki rəhbərliyimiz daha çox pul qazanmaq, yumşaq kürsülərdə daha çox oturmaq haqqında düşünür. Texnikanın işləməməsi, tanklar üçün yanacağın tapılmaması onların vecinə deyil», - deyə Yerepouni-news.com erməni saytı yazır.

Ermənistan ordusunun düşməni necə «geri oturtduğunu» Baş nazir Karen Karapetyanın parlamentdə səsləndirdiyi qalmaqallı bəyanat da açıq şəkildə ortaya qoyur. Onun sözlərinə görə, dördgünlük Aprel savaşında erməni ordusu yanacaqla bağlı problem yaşayıb. «Joxovurd» qəzeti yazır ki, məhz bu səbəbdən, hərbi texnikadan istifadə mümkün olmayıb. Yazıda Karapetyana istinadən bildirilir ki, dizel yanacağı kerosinlə qarışdırılaraq, bazarlarda satılırmış.

Ermənistan hakimiyyət nümayəndələrinin parlament seçkisi ərəfəsində populizm yarışına girərək, öz prezidentlərini təkzib etdikləri bir vaxtda, Bakı Ermənistanın Azərbaycanın işğal altındakı torpaqlarında keçirdiyi hərbi təlimlər, Sarqsyanın həmin ərazilərə qanunsuz səfəri və orada səsləndirdiyi bəyanatlarla bağlı ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrə, ATƏT Daimi Şurasının sədrinə və qurumun digər institutlarına müraciət edib. Bakı diqqəti bir məqama da çəkir: Ermənistan prezidenti bəyanatlarında ölkəsinin silahlı qüvvələrini xristianlığın keşiçkisi kimi təqdim etməklə, münaqişəyə dini don geyindirmək istəyir, eyni zamanda, əslində, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında iştirak etdiyini boynuna alır.

Bakı ATƏT-i, Minsk qrupunu və onun həmsədrlərini dövlətlərarası münasibətlərin baza prinsiplərinin kobud şəkildə pozulmasını önləmək üçün vahid mövqe nümayiş etdirməyə, İrəvandan Azərbaycana qarşı təcavüzə son qoyulmasını tələb etməyə çağırıb.

Əlbəttə, həmsədr ölkələrin Ermənistanın əməllərini birmənalı şəkildə pisləyəcəyini, Dağlıq Qarabağ münaqişəsinin həllində tezliklə irəliləyişə nail olunacağını gözləməyə dəyməz. Bununla yanaşı, vasitəçilərin son aylarda müşahidə olunan fəallığı danışıqlar prosesinin «ölü nöqtə»dən tərpənəcəyinə müəyyən ümidlər yaradır. Bununla yanaşı, yəqin ki, hazırkı mərhələdə nizamlama prosesində əsas moderator rolunu Fransa öz üzərinə götürməyə hazırlaşır. Məsələ ondadır ki, Fransa Prezidenti Fransua Olland martın ilk yarısında ayrı-ayrılıqda həm Ermənistanın dövlət başçısı Serj Sarqsyan, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Bunun ardınca S.Sarqsyanı Rusiya Prezidenti Vladimir Putin də qəbul edib. Martın sonunda isə ATƏT-in Minsk qrupunun həmsədrləri regionda olublar.

«Biz bütün tərəflərin mövqeyini dinlədik. Bu danışıqları Vyanada, Minsk qrupunun görüşündə davam etdirəcəyik. Biz ATƏT rəhbərliyi ilə görüşməyi də düşünürük. Bundan başqa, yüksəksəviyyəli planlaşdırma qrupu ilə görüşmək fikrimiz də var», - deyə Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Xankəndidə verdiyi açıqlamasında bildirib.

Amerikalı həmsədr Riçard Hoqlan isə öz növbəsində, Azərbaycan və Ermənistan XİN başçılarının yaxın zamanlarda Moskvada bir araya gələcəklərini söyləyib. Onun sözlərinə görə, nazirlər iki ölkə prezidentinin görüşünü təşkil etmək üçün bir araya gələcəklər. Amerikalı diplomat bildirib ki, bununla əlaqədar, prezidentlərin görüşünə şəraitin yaradılması üçün müəyyən işlər aparılır.

Səsləndirilən bəyanatlardan belə məlum olur ki, həmsədrlər tərəflərə ötən il Lavrovun irəli sürdüyü plandan fərqlənən yeni plan təqdim edəcək. «Tərəflərin müzakirə etdiyi sənəd «Lavrov planı» adlanmır», - deyə Hoqland İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. O, sənədin 3 hissədən ibarət olduğunu deyib: «Detalları açıqlamayacağam. Tərəflər onun üzərində işləməlidir. Bu, kart oyunu yox, diplomatiyadır və plan dəyişə də bilər. Odur ki, hər şeyi açıqlamaq olmur. Biz görüşür, irəliləməyin mümkün olacağı ümumi yolu axtarırıq».

Həmsədr Qarabağ üzrə danışıqların ləngidiyini, lakin «dalana dirənmədiyini» də qeyd edib.

Vasitəçilərdə tərəflərə konkret təkliflərin olduğunu Minsk qrupunun fransalı həmsədri Stefan Viskontinin açıqlaması da təsdiqləyir. «Proses gedir. Bunu hər kəs görmür, bu, hər kəsə məlum deyil. Əlbəttə ki, detalları açıqlaya bilmərik. Çünki danışıqlar məxfi aparılır. Lakin bu, heç bir iş görülmədiyi anlamına gəlmir», - deyə o, bildirib.

Diplomatın sözlərinə görə, Fransa Ermənistan və Azərbaycan prezidentlərinin görüşünə ev sahibliyi etməyə hazırdır. Parisin prezidentlərin görüşünü təşkil edə biləcəyini Fransanın Xarici İşlər naziri Jan-Mark Eyro da təsdiqləyi. «Bu cür münaqişələri yalnız diplomatik yolla çözmək olar», - deyə nazir qeyd edib. O, münaqişə ilə bağlı status-kvonun qorunub-saxlanmasına qarşı çıxıb: «Status-kvonun qalması vəziyyəti ağırlaşdıran siyasi seçimdir».

Bəs yüksək səviyyədə görüşün təşkili mümkün olacaqmı? Vasitəçilər tərəflərə hansı təklifləri verəcək? Bunları zaman göstərəcək. Hələlik, bir şey aydındır ki, vasitəçilərin təklifləri məşhur «Madrid prinsipləri» əsasında hazırlanıb və orada əsas şərt Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə, status-kvonun dəyişməsidir.

Doğrudur, Rusiyanın XİN başçısı Sergey Lavrov bildirir ki, Ermənistanla Azərbaycan hələ ki, münaqişənin həllində əsas sayılacaq bəzi məqamlar üzrə razılığa gəlməkdən uzaqdır. Lakin o, tərəflərin bəzi məsələləri razılaşdırdığını da etiraf edir.

Amma danışıqların nəticəsinə bir müddət əvvəl Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da skeptik yanaşmışdı. O, Ermənistanın mövqeyinin nikbinliyə əsas vermədiyini söyləmişdi.

Bununla yanaşı, Azərbaycan vasitəçilərin İrəvanı konstruktivliyə meyilləndirəcəyinə ümidini itirmir. Amma bu məsələdə Ermənistanda keçiriləcək parlament seçkisinin, daha dəqiq desək, bu ölkənin seçki ərəfəsində üzləşdiyi siyasi böhranın nəticəsindən də çox şey asılı olacaq.

Bakı qonşu ölkədə sabitliyin qorunub-saxlanmasında maraqlıdır. Ən azı, ona görə ki, Ermənistanın daxili siyasi problemləri Qarabağ nizamlanmasını ikinci plana keçirməsin. Lakin nəzərə alsaq ki, Azərbaycanla münaqişə Sarqsyanın kriminal rejiminin əlində əsas “kozır”dır, İrəvanın təmas xəttində istənilən təxribata əl ata biləcəyinə hazır olmaq lazımdır.

Bəlkə də vasitəçilərin fəallaşması həm də Aprel müharibəsinin ildönümündə cəbhədə insidentlərini qarşısının alınması istəyi ilə bağlıdır. Bu, Ermənistanda növbəti parlament seçkisinin keçiriləcəyi günlə üst-üstə düşür.

 



MƏSLƏHƏT GÖR:

442