20 Aprel 2024

Şənbə, 03:06

SKRİPKANI FƏTH EDƏN QIZ

Ümidə ABASOVA: «Ölkəmi xaricdə təmsil edəndə, mənim pultuma ölkəmizin bayrağı vurulanda çox həyəcanverici olur»

Müəllif:

15.04.2017

Skripkaçı Ümidə Abasovanın 25 yaşı var, Bakıda yaşayır. Onbeşillik konsert həyatı boyunca beynəlxalq səviyyədə yığma orkestrlərin solisti kimi, 30-a yaxın ölkəni gəzməyə macal tapıb. O, yalnız respublika müsabiqələrinin deyil, həm də İtaliyada keçirilən Don Vinçenso Viti adına beynəlxalq müsabiqənin laureatıdır. Bakalavr və magistrdir, hazırda doktoranturada oxuyur. Bülbül adına istedadlı uşaqlar məktəbində işləyir, skripka dərsi keçir, kamera ansamblına rəhbərlik edir və həmçinin Bakı Musiqi Akademiyasının (BMA) gənclərdən ibarət kamera orkestrinin konsertmeysteridir. Musiqi dünyasında onu Tanrı tərəfindən seçilmiş istedad sayırlar.

- Kənardan elə gəlir ki, həm dərs keçmək, həm xaricdə konsert vermək sizin üçün çox asandır, belədir?

- Əlbəttə, zəhmət çəkmək lazım gəlir, amma düşünürəm ki, təbiətin özü skripka çalmaq üçün hər şeyi verib. Uğurumun böyük hissəsini mən anama borcluyam. O, həmişə dəstəkləyib, ruhlandırıb və məni indi olduğum kimi yetişdirib.

- Sizin çıxışlara hazırladığınız ansambl - musiqi məktəbinin şagirdlərindən ibarət kvintetdən danışın, tərkibi necədir?

- Bu, beş nəfərdən ibarət elə də adi ansambl deyil - iki skripka var və onlardan birini mən çalıram, bir alt, bir violonçel və bir kontrabas var. Biz dirijorsuz ifa edirik, ansambl yumşaqnizamlı xor kimi səslənir. Görək, çıxışımızı mütəxəssislər necə qiymətləndirir.

- Siz dəfələrlə İtaliyada olmusunuz, artıq bu ölkəni sevməyə də macal tapmısınız. Qədim italyan ustaları Stradivari, Qvarneri və Amatinin texnologiyası üzrə skripka hazırlanan emalatxanada ola bilmisinizmi?

- Təəssüf ki, məşhur emalatxanalara baş çəkmək alınmadı, amma Almaniya və Gürcüstanda oxşar emalatxanalarla tanış olmuşam.

- Öz musiqi alətiniz barədə danışın... 

- Öz skripkam üzərində əsirəm, onlara bir canlı varlıq kimi qayğı ilə yanaşıram. Mənim alətim avstriyamənşəlidir, XIX əsrdə düzəldilib. Onun səsi yüksək olsa da, onu zərif, kədərli və coşğun oxumağa məcbur edə bilirəm. Köhnə işlənmiş alətə sahib olmaq daha yaxşıdır, çünki köhnə quru ağac daha yaxşı səslənir.

- Ailənizdə musiqiçi varmı? 

- Peşəkar musiqçilər yoxdur, amma atam və qardaşım tar sinfi üzrə musiqi məktəbini bitiriblər. Atam jurnalist, qardaşım iş adamıdır, anam filosof və filoloqdur, Bakı Dövlət Universitetinin professorudur, məni musiqiçi kimi o yetişdirib.

- Siz kimin yanında oxumusunuz?

- Məktəbdə Fatimə Hidayətullinanın sinfində oxumuşam, məni ayağa o qaldırıb, sonra Zəhra Quliyevanın sinfində oxumuşam. 

- Ən yaxşı çıxışınız hansıdır? 

- Bu, İtaliyada keçirilən Don Vinçenso Viti adına beynəlxalq müsabiqədəki çıxışımdır. Orada bütün iştirakçılar arasında yalnız mən mümkün 100 xaldan 100-nü toplaya bilmişdim. Nəticə 1-ci yer - Qran-pri oldu. Fəxr elədim ki, bu, yalnız mənim deyil, həm də zəngin mədəniyytə malik ölkəmin qələbəsidir.

Bundan başqa da çox sayda maraqlı çıxışlarım olub. Spivakovla birlikdə Qələbə Gününün 65 illiyi ilə bağlı Amerikaya yola düşmüşdük. YUNESKO-da çıxış etdik. Daha sonra Fransada BMT-nin mənzil-qərargahında çıxışımız oldu.

Çalışıram ki, çıxışıma Azərbaycan musiqisini daha çox daxil edim. Mənim üçün həddindən xoşdur ki, izləyicilər notları istəmək üçün xahişə gəlir və əsərin müəllifi ilə maraqlanırlar. Fikrət Əmirovun «Muğam-poema»sını ifa edəndə belə oldu.

Müxtəlif kütlələrin Azərbaycan musiqisinə diqqəti, sadəcə, heyranedicidir. Musiqiyə görə bizi tanıyır və sevirlər.

Öz Vətənimizdə, Qəbələnin gözəl təbiətində dünyanın tanınmış musiqiçiləri ilə birlikdə çıxış etmək də çox qürurludur. Bu cür təbiət güc qaynağıdır. Bu festivalda mütəmadi olaraq çıxış edirəm.

Bir də öz ölkəmi xaricdə təmsil edəndə, yaxud yığma orkestrdə pultumu ölkəmizin bayrağı ilə qeyd edəndə, çox həyəcanverici olur - anlayıram ki, Vətənimdə mənə etibar edirlər.

- Sizin yaddaqalan konsert və görüşləriniz...

- Həyatımın ən yaddaqalan konsertindən sonra, sevincindən coşan atam əllərində qızılgül dəməti sürəkli alqışlar altında səhnəyə tələsirdi. O, həyatımın ən yaxşı günü idi; yaxud mənə 15 dəmət gətirilmiş konsert idi. Ən yaddaqalan görüş kimi isə Finlandiyada master-klassda dünyanın ən yaxşı musiqiçiləri, məsələn, pianoçu Ralf Qotoni ilə tanış olmağımı sayıram. O, “master klass”da yeni cür necə çalmaq nümayiş olunurdu. 

- İndi nə üzərində işləyirsiniz?

- Xəyyam Mirzəzadənin Üçüncü simfoniya-konserti (diptix) üzərinə işləyirik, orada mən birinci ifaçı olacağam. Çox çağdaş bəstədir, onu Rostropoviçin anadan olmasının 90 illiyi münasibətilə festivalda ifa edəcəyəm.

- Sərbəst vaxtınızda nə ilə məşğul olursunuz?

- İngilis dilindən əlavə, ispan dilini də öyrənmək istəyirəm. Gerçəklikdən uzaqlaşmaq üçün fantastika və komediya oxuyuram; şeir yazmağı sevirəm, məhəbbətdən yox, daha çox sevgi əzablarından yazıram. İtalyan, fransız, yapon və rus mətbəxlərinin yeməklərini bişirməyə çalışaram.

- Necə istirahət etməyi sevirsiniz?

- Dənizkənarında - Xəzəri çox sevirəm, Xəzərin dalğası məni çox sakitləşdirir. Nabranı da sevirəm, adətən, orada istirahət edirik. Bütün uşaqlığım orada keçib.

- Qarşıdan gələn yayı harada keçirməyi planlaşdırırsınız?

- Hər şey çıxışlarımdan asılı olacaq, amma konsertləri uğurla istirahət, gəzinti, ekskursiya və çimərliklə birləşdirə bilirəm.

- Arzu və istəkləriniz...

- İstəyirəm ki, doğma və yaxınlarım sağlam olsunlar. Arzum isə xoşbəxt olmaqdır; amma həm də demək olar ki, mən artıq xoşbəxtəm. Yaradıcılıq xoşbəxliyini fərdi, qadın xoşbəxtliyindən yüksək qiymətləndirirəm; həm də klassikadan-avanqarda qədər müxtəlifistiqamətli skripka əsərləri ifa etmək istəyirəm. Əsas arzum - dünya musiqiçisi olmaqdır.

 

- Sizə uğurlar arzulayıram...


MƏSLƏHƏT GÖR:

417