24 Aprel 2024

Çərşənbə, 09:12

QUTUDA İNCƏSƏNƏT

Bəhram Bağırzadə insanları düşündürən məsələlərə qeyri-adi baxış nümayiş etdirdi

Müəllif:

15.04.2017

Deyirlər ki, əgər insan istedadlıdırsa, hər sahədə istedadlıdır. Bəhram Bağırzadə bunun əyani nümunəsidir. Bakıda onu hamı tanıyır. Şəxsən tanımasalar da, qiyabi tanıdıqları dəqiqdir. Əksəriyyət üçün o, hər şeydən əvvəl «Bakılı oğlanlar» Şən və Hazırcavablar Klubunun (KVN) ən uğurlu çıxışlarının iştirakçısıdır. Daha sonra isə onun barəsində «Şəhər» jurnalının redaktoru, «Gəncliyimin şəhəri», «SSRİ qadınları nədən danışır: müsbət və mənfilər», «Merə məktub», «Mənim sevimli yeməklərim», «İçərişəhər: burada hər bir ev qaladır» və «Bakı açıqcaları» kitablarının müəllifi kimi danışırıq, fərdi sərgilərindən - karikatura və fotoşəkillərindən bəhs edirik. İndi isə «GALLERY 1969»da sərgilənən «Qutuda incəsənət» («ART IN BOXES») ekpozisiyasındakı işlərinə yanaşdıqda, Bəhramın problemlərə və məsələlərin məğzinə tamamilə gözlənilməz baxışı ortaya çıxır.

Təqdim edilən işlərin sayını müəyyən etmək çətin məsələdir, aydındır ki, bu qədər əsərin yaradılmasına illər sərf edilib. Çox böyük diqqət, dəqiqlik və təbii ki, fikirlərin aydın ifadə edilməsini tələb edən böyük zəhmətdir. Rəssam Bəhram Bağırzadənin konseptual baxışı, əslində, izləyicinin intellekti üçün yaxşı mənada bir təxribatdır! Sərginin açılışında müxtəlif yaşlardan olan çox sayda bakılı təqdim olunan işlərə maraqla və bir az da təəccüblə baxdılar. Görünən o idi ki, onlar Bəhram Bağırzadəni özləri üçün yenidən kəşf etdilər.

Görünür, heç kim “KVN” komandasının şən, yumorist və lirik olan üzvündən filosof, analitik, problemləri görən və onu təsvirini ümumiləşdirmə səviyyəsinə qaldıra bilən bir rəssam olduğunu gözləmirdi. Onun forma və məzmunca bu qədər fərqli olan işlərini mətnlərdə deyil, installyasiyalarda ifadə edilən Ezop dili üslubu birləşdirir. Seçilmiş «qutu» forması isə süjetin verilmə düşüncəsinin məkanını məhdudlaşdırır və bununla, sadəcə, müəllifin üstüörtülü fikirlərini gücləndirir.

Onun müəllif işlərini şərti olaraq səthi və üçölçülü installyasiyalara ayırmaq olar. Onların sayı çoxdur. Və hər biri öz müasirlərinə kodlaşdırılmış fikirlər - bəyanlar daşıyır. Bu gün qəbul edildiyi kimi, bu, bir ismarışdır. Nə barədə? Hər kəs özü qərar verməlidir. Çünki təqdim edilən işlər adla müşayiət edilmir. Ona görə yox ki, müəllif işlərinə ad qoymayıb. Yox. Sadəcə, o istəyir ki, bizim hər birimiz onun işlərində öz mövzumuzu tapaq. Elə mövzu ki, onu müəllifin yardım olmadan özümüz «oxuyaq».

Bu, öz fantaziyamızı azad edərək, öz konsepsiyamızı yaratmağa imkan verir. İşlər çoxdur və onlar o qədər alleqorik tutquludurlar ki, hansınasa üstünlük vermək çox çətindir. Əsas odur ki, bu işlər düşüncələri oyatmağa, hiss və duyğuları kökləməyə qadirdir.

 

«Köhnə Bakı»

Bu cür şərti adı bir neçə işə vermək olar. Köhnə fotolar və kiçik insan fiqurlarından istifadə edilib. İzləyicilər heyranlıqla baxaraq, şəklin şəhərin hansı hissəsinə aid olduğunu, hansı nostalji hisslər və fikirlər doğurduğunu müəyyən edirlər. Onyaşlı oğlan işlərdən birinə barmağını uzatdı və tramvayı göstərərək nənəsindən soruşdu: «Bu nədir?». Nənə izah etdi. Amma uşaq əl çəkmədi. Bilmək istəyirdi ki, Bakının məhz hansı küçələrindən tramvay gedirdi, neçə dənə idi, yanacaq kimi nə işlədirdi... Sonra susdu və dedi ki, maşınlar da tezliklə olmayacaq. Çünki küçələrdə çox yer tutur və havanı korlayırlar. Bəs bizim nə ilə hərəkət edəcəyimiz barədə verdiyim suala cavab olaraq bildirdi ki, insanlara maşın lazım deyil, onlar özləri də hərəkət edə biləcəklər. Necə? Sadəcə, havada, fikrin köməyi ilə…

 

«Yuxarı gedən yol»

Oturacaqlardan ibarət piramidanın üstündə bir kişi əyləşib. O, düz bizə baxır. Sanki keçdiyi yola nəzər salır, onu qiymətləndirir. Bu personaj üçün məqsədə gedən yol sadə olmayıb. Qarşımızda arzuladığı məqsədə çatmazdan öncə çox sayda kabinet və kürsü dəyişmiş karyerist dayanıb. Bəs o, geridə nə qoyub? Oturacaqlardan biri kimi nə qədər taleyi sındıra bilib? O, dünyaya əldə etdiyi vəzifənin yüksəkliyindən baxır, ancaq indən belə nə edəcəyini bilmir. Bilmir ki, bugünündən həzz alsın, yoxsa daha yuxarılara can atsın?

 

«Bilik işıqdır»

Sovet dövrünün uşaqları bu ifadəni xatırlayırlar. Yalnız xatırlamaqla qalmırlar, həm də bilirlər ki, bu, gerçəkdən belədir: bilik həm işıq, həm güc, həm də zənginlikdir. Bu elə bir şeydir ki, heç kim heç zaman onu sənin əlindən ala bilməz. O sənin dayağın, silahın və üstünlüyün ola bilər. Xoşbəxt o adamdır ki, bunu anlayıb və gerçəkləşdirməyə başlayıb. İrəlidə onu böyük gələcək gözləyir.

 

«İçərişəhər»

İlk baxışda anlamaq olmur - bu, akvareldir, yoxsa foto? Yalnız sonradan anlayırsan ki, bu işdə rəsm əsərlərinin fotosu və insan fiqurlarının fakturası istifadə edilib. Əslində, bu işdə əsas məsələ bu deyil. Biz müxtəlifyaşlı kşilər görürük, “qala”da yaşayanları. Bakıda «qalalı» sözünün nə demək olduğunu bilməyən varmı?! «Qalalı» olmaq bu, müəyyən şərəf məcəlləsi, yaşam tərzi, “özününkülər”ə və “özgələr”ə, qadınlara yanaşma tərzidir və s. Yalnız bütün bunlar keçən əsrin 60-70-ci illərində qalıb. Onların - altmışıncılarla-sıfırıncılar arasında qərarsızlıqdan donan Qadın dayanıb. O, sarırəngli çağdaş don geyinib. Bütün zamanlarda Qadın hörmət və təzim obyekti olub. Bu gün də elədirmi?

 

«Nyutonu yamsılama»

Qırmızırəngli iri alma altında kiçik insan fiquru. Sanki o, aydınlıq gözləntisi içində, «Evrika!» qışqırmaq imkanını gözləyə- gözləyə yatıb. Amma alma elə böyükdür ki! İnsanın başı elə balacadır ki! Axı belə balaca baş “alma ideyası”nı qavraya bilməz! Bax, buna görə də dahilər, kəşflər, mədəniyyət hadisələri, uyğun olaraq yaradıcılıq da yoxdur. Ola bilər ki, insan özünün yaradıcı hiss etmək qabilyyətini itirib…

 

«Keçmişin nostaljisi»

Ağaclar böyük, biz kiçik olan zamanlarda, maşınlar az, atlar çox olan, polis-milis adlandırılan çağlarda dünya bizə çox intizamlı və təşkilatlanmış görünürdü. Axı bizim özümüz qərar verib, iş görməli deyildik. Biz, sadəcə, böyüyüb oxumalıydıq. Çünki böyüklərin dünyası bizə etibarlı gələcək modeli vəd edirdi. Biz sonradan, böyüyəndən sonra anladıq ki, hələ qədim Roma zamanlarından etibarlı model mövcud deyil. Buna görə, hərdən insan uşaqlığa - ağacların böyük, bizim isə kiçik olduğumuz, dünyanın böyük və etibarlı olduğu günlərə dönmək istəyir…

 

«Donuz ili»

Astroloji təqvimin aylarını yeyən donuz balası işgüzar və qorxmaz görünür. O, sadəcə, yeyir: ayı ayın dalınca, günü günün dalınca. Görürsən ki, artıq il uçub keçmişə qovuşdu… Nə qaldı? Yeyilməmiş səhifələr? Nə baş verdi? Yadda saxlamağa nə var ki…

 

«Uşaqlığı və Qaydayı xatırlayaraq»

Sərgidə qonaqlara, Bakıda, nə vaxtsa, çəkilmiş filmlərdən açıqca verirdilər: «Amfibiya-adam» və «Brilyant əl». Hamı bilir ki, «Brilyant əl», sadəcə, sitatları ilə əbədiləşmiş kult filmə çevrildi. O, nəsə daha böyük bir anlamın şahididir. Və bu «böyük» anlam bakılıların həyatına keyfiyyət nişanı kimi daxil olub. Zaman insanlara məxsus idi və heç kimin ağlına belə gəlməyəcək imkanlar bəxş edirdi.

 

«Zamanın girovları»

Saat eynək qılafına bərkidilib (lazım olsa, bunu kiçik yol çantasına, yaxud qadınların kosmetika qabına da çevirmək olar). Gəlin onu zamanın çantası adlandıraq. Siferblatda saat 2-yə 5 dəqiqə qalıb. Gecə və ya gündüz olması önəmli deyil. Şərqdə saat 2-dən 5-ə qədər olan zamana “öküz vaxtı” kimi baxırdılar. Bu müddətdə ruhlar insan bədənini və yer ölçülərini tərk edirlər. Çantada saxlananlar insanlardır. Daha doğrusu, onların yuxarı çıxan ayaqlarıdır. Yanda isə uzun, çətinliklə sezilən bir nöqtəyə qədər uzanan növbə var. Onların hamısı öz saatını gözləyir. Müxtəlif cür yaşayırlar. Kimlərsə səbirlə gözləntidə donub, kimlərsə, son sevinclərdən həzz almağa tələsirlər. Bu, sadəcə, sovet uşaqlığının kağız torbalarındakı tum olsa belə…

Bütün bunlar «Qutuda incəsənət» ekpozisiyasındakı işlərin yalnız kiçik bir hissəsidir. Amma onların hər biri gerçək bir düşüncədir. İnstallyasiya bu gün təsviri incəsənətdə üzə çıxan istiqamətlərdən biridir. Axı müəyyən boşluğa hansısa bir kağız vərəq atıb, izləyicini düşündürmək mümkündür: niyə məhz vərəq? Niyə bu rəngli? Niyə bu bucaq altındadır? Rəssam bununla nə demək istəyir? Amma heç nə demək istəməyib! Sadəcə, təhrikdir! Bəhram hər şeyi fikir, duyğy və əhvalla yoxlayır. Mayda onun fotoqrafçılıq işlərinin fərdi sərgisi planlaşdırılır. Maraqlıdır, keçən 1 il ərzində, o bizim həyatımızda hansı yenilikləri görə bilib…

 



MƏSLƏHƏT GÖR:

429