20 Aprel 2024

Şənbə, 15:46

TİCARƏT BAYRAMI

Bakı şopinq festivalı ölkəyə turist axınını ciddi şəkildə artıracaq

Müəllif:

15.04.2017

Artıq ikinci ildir ki, Azərbaycanın turizm sektorunda davam edən islahatlar bu sahənin əsasını təşkil edən bütün istiqamətlərə müsbət təsir göstərib. Ölkədə viza rejimi yetərincə sadələşdirilib, ucuz aviauçuşlar seqmenti yaradılır, otellərin tarif siyasətində müsbət dəyişikliklər baş verib, turizm agentliklərinin prioritetləri turist qəbulu istiqamətində dəyişib. Azərbaycanda turizmin inkişafının yeni drayveri isə ilk dəfə bu ilin aprel ayında Bakıda təşkil edilmiş «Baku Shopping Festival» ola bilər.

Söyləmək tamamilə doğru olardı ki, çağdaş turizmin əcdadı məhz dünya ticarəti olub. Hələ qədim zamanlardan tacirlər uzaq ölkələrə maldolu karvanları və ticarət gəmilərini yola salıblar ki, bu da yeni mədəniyyətlərin açılmasına, mədəniyyət mübadiləsinə, yeni bilik və texnologiyaların mənimsənilməsinə səbəb olurdu. Ticarət bu gün də bütün dünyadan səyyahların güzəştli ticarət rejiminə malik ölkələrə və ya Cənub-Şərqi Asiya, Yaxın Şərq, Avropanın və başqa regionların iri istehsal mərkəzlərinə uçmasını stimullaşdıran amildir.

Bundan başqa, son onillər boyunca dünyanın çox regionlarında ticarət və turizmin konvergensiyası şopinq-festival formatını alır. Bu çərçivədə ilin müəyyən dövrlərində brend geyim və texnikanın, zərgərlik əşyalarının, parfümeriyanın, alkoqolun, sənətkarlıq məhsullarının və suvenirlərin irimiqyaslı satışları təşkil edilir. Bu ticarət bayramları müxtəlif teatrlaşdırılmış tamaşalarla, dəfilələrlə, gənc dizaynerlərin müsabiqələri ilə, eksklüziv axşamlarla və kulinar ləzzətlərin dequstasiyası ilə müşayiət edilir.

Ən populyar ticarət bayramları sırasında hər il Dubay, İstanbul, Kann, Berlin, Frankfurt, Bazel, Sinqapur, Bankok və Quam adasında keçirilən şopinq-festivalları göstərmək olar. Turistləri bütün dünyadan bu şəhərlərə vergi və rüsumların olmaması, həmçinin xüsusi endirimlər, əlverişli təkliflər, xoş hədiyyələr və bonuslar cəlb edir.

Festivalı təşkil edən ölkələr də zərərə düşmürlər: ticarət sahəsinin birbaşa gəlirlərindən əlavə, səyahətçilərin axınından aviaşirkətlər, turizm agentlikləri, otellər, restoranlar və əyləncə servisinin başqa subyektləri də qazanırlar.

Zəngin dünya təcrübəsinə əsaslanan Azərbaycanda, həm də turizmin inkişafına effektiv stimul kimi, ticarət festivallarının təşkil edilməsi barədə qərar qəbul ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, «İxtisaslaşmış turizm sənayesinin inkişafına dair strateji yol xəritəsi»nə ticarət festivallarının təşkili də daxil edilib. Bu vəzifə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında Konqreslər Bürosuna tapşırılıb və elə bu qurumun dəstəyi ilə 10 aprel 2017-ci ildə birinci «Baku Shopping Festival» fəaliyyətə başlayıb. Festival mayın 10-na kimi davam edəcək və bir neçə istiqaməti - ticarət, turizm, əyləncə, moda və mədəniyyət sahələrini əhatə edəcək. Növbəti festivalı, artıq cari ilin oktyabr ayında keçirmək planlaşdırılır.

«Böyük dövlətlər turizm axınının artımına imkan verən ticarət festivalları ənənəsini formalaşdırıblar, özü də festivallar ticarəti stimullaşdırmaqla yanaşı, həm də turistləri tarixi abidələrlə, gəldikləri ölkənin mədəniyyəti ilə tanış edirlər», - deyə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir vurğulayıb ki, Bakıda keçirilən ticarət festivalı Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsində ilk belə təcrübədir.

Konqreslər Bürosu, Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri müxtəlif ixtisaslaşmış assosiasiyaların dəstəyi ilə festivala hazırlıq çərçivəsində dövlət qurumlarının, nəqliyyat strukturlarının, otellərin, restoranların, ticarət və servis obyektlərinin, bankların fəaliyyətinin əlaqələndirilməsi üzrə irimiqyaslı iş görüblər. Forumun başlanmasına 5 gün qalmış festival iştirakçıları üçün treninqlər keçirilib. Treninqlər Azərbaycan Turizm və Menecment Universitetinin müəllimləri, Vergilər Nazirliyinin mütəxəssisləri tərəfindən keçilib.

Bu il martın 1-dən bir neçə dildə festivalın rəsmi saytı bakushopfest.com fəaliyyət göstərir. Açıldığı ilk ay ərzində sayta 57 min izləyici baş çəkib. Sosial şəbəkədə yerləşdirilmiş kontent reklamı da önəmli rol oynayıb: ona 10 milyon izləyici baxıb və 600 minə yaxın adam şərh yazıb.

Maraqlıdır ki, «Baku Shopping Festival»in ekspozisiyası hər il keçirilən «Turizm və səyahət» AITF-2017 Azərbaycan Beynəlxalq Sərgisində nümayiş etdirilib. İzləyicilər Bakı Ticarət Festivalının stendində müfəssəl məlumat ala, o cümlədən festivala qatılmaq şərtləri ilə tanış ola, iştirakçı kimi qoşulmaq üçün ərizə doldura, artıq festivala qoşulmuş mağaza və başqa obyektlər barədə məlumat ala bilərdilər. Onlara, həmçinin ƏDV-nin qaytarılması sisteminin mexanizmləri barədə də məlumat verilirdi.

Sahibkarlığın, ticarətin və turizm sektorunun dəstəklənməsinə yönəlmiş festival region ölkələrində nəzərəçarpacaq səviyyədə maraq oyadıb: o cümlədən, Bakıda Rusiya, Qazaxıstan, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə və Gürcüstandan yetərincə qonaq axını gözlənir.

«Maraqlıdır ki, dünya təcrübəsində ilk dəfə olaraq, «Tax Free» sistemi yalnız xarici vətəndaşlara deyil, həm də Azərbaycan vətəndaşlarına şamil ediləcək. Bu da yalnız turizmin deyil, həm də bütünlükdə ticarətin stimullaşdırılması üçün effektiv addım olmalıdır. Bizim proqnozlara görə, «Baku Shopping Festival» büdcəyə, təxminən, 50 milyon manat vəsaitin daxil olmasına imkan verəcək», - deyə Mədəniyyət və Turizm naziri bildirib.

Festival tədbirləri Azərbaycan paytaxtının tarixi hissəsində - İçərişəhər, Qoşa Qala qapılarının qarşısında başladı. Orada qonaqlara Azərbaycanın rəqs və musiqi qruplarının iştirakı ilə parlaq şou-proqram təqdim edildi. Festivalın proqramına, həmçinin bu tədbiri böyük bayrama çevirməyə imkan verən əyləncəli tədbirlər - konsertlər, teatr və kino premyeraları, sərgi-yarmarkalar, təntənəli mərasimlər və moda göstərişləri də daxildir. Ticarət mərkəzləri, Fəvvarələr meydanı və Milli Dənizkənarı Parkda hər gün şou - dicey və animatorların, müğənni və artistlərin çıxışları; fleşmoblar, maskotların paradı, rəqslər, akrobatların çıxışları təşkil edilir. Bakının mərkəzində, otel və ticarət mərkəzlərində informasiya köşkləri quraşdırılıb, call-sentrlər fəaliyyət göstərir.

Geniş ticarət komponenti olmadan şopinq-festival keçiriləcəyini təsəvvür etmək mümkün deyil. Festivalda iştirak üçün yüzlərlə ticarət obyekti və 40-dan çox restoran qeydiyyatdan keçib, bundan başqa, bütün tədbirboyu istəyənlərin qeydiyyatı davam edəəck.

Haradasa, 250-dən artıq obyekt «Tax Free» sisteminə qoşulub və şopinq-festival zamanı ƏDV-nin qaytarılmasını təklif edə bilirlər.

Festival çərçivəsində şəhərin çoxsaylı ticarət mərkəzləri qonaqlara xüsusi endirimlər təklif edir, səyyar ticarət nöqtələrində isə Azərbaycanın ticarət markaları və xarici brendlər geniş çeşiddə təqdim edilib. Maraqlıdır ki, «Baku Shopping Festival - Tax Free» loqotipi ilə qeyd edilmiş mağazalardan mal alan alıcılar xərclədikləri pullardan ƏDV-ni geri ala bilərlər. Özü də turistlərlə yanaşı, Azərbaycan vətəndaşları da bundan yararlana bilərlər, bunun üçün bir hesab üzrə 100 manatdan artıq mal almaq yetərlidir.

ƏDV-nin ödənilməsi prosesi 3 mərhələdə gerçəkləşdirilir. Alıcı (iki nüxsədə) elektron hesab-faktura (e-VHF) doldurulması üçün şəxsiyyət vəsiqəsini satıcıya təqdim etməlidir, sonra bu sənədləri bütün möhürləri və rekvizitləri ilə birlikdə xüsusi vergi köşklərinə təqdim etmək lazımdır. Həmin köşklər Bakının aşağıdakı ticarət-əyləncə mərkəzlərində yerləşir: “28 Mall”, “Port Baku”, “Nargiz Mall”, “Park Bulvar”, “Metro Park” və “Ganjlik Mall”.

Vergi orqanının əməkdaşı hesab-fakturanı yoxladıqdan və üzərinə möhür basdıqdan sonra, alıcı 5 müvəkkil bankdan - “Kapital Bank”, “Pasha Bank”, “Yapi Kredi Bank Azerbaijan”, “Bank Silk Way” və “Azərbaycan Sənaye Bankı”ndan birinə müraciət edir, orada ƏDV məbləği bir gün ərzində Azərbaycanın milli valyutasında geri qaytarılır.

Pulların nağdsız variantda geri qaytarılması variantı da var. Bunun üçün hesab-fakturanı vergi köşklərinin yanında yerləşən xüsusi qutuya atmaq lazımdır. Amma nağdsız format seçilən zaman vəsaitlər 10 iş günü ərzində geri qaytarılacaq.

Qeyd etmək lazımdır ki, seçilən üsuldan asılı olmayaraq, ƏDV-nin geri qaytarılması xidmətinə görə qaytarılan məbləğin 20%-i komissiya kimi tutulur. ƏDV-nin qaytarılması üstünlüyünün şamil edilmədiyi malların sırasına aksizli məhsullar, ərzaq, dərmanlar, işlənməmiş qiymətli daşlar, qiymətli metalların külçələri, nəqliyyat vasitələri və onların ehtiyat hissələri, həmçinin ƏDV-dən azad edilmiş mallar aiddir.

«Bakıda şopinq-festivalın keçirilməsi turizmin, iqtisadiyyatın inkişafına, mədəniyyətin və milli dəyərlərin təbliğinə önəmli töhfə verəcək», - deyə Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev birinci «Baku Shopping Festival»ın açılışı mərasimində bildirib.

Onun sözlərinə görə, ticarət festivallarının keçirilməsi turizmin inkişafı alətlərindən biri ola bilər; Azərbaycanın iqtisadi və turizm potensialının artmasına gətirər, həmçinin ticarəti və istehsal sahələrini stimullaşdırar. Ticarət komponentinin istifadəsinin effektivliyi yetərincə yüksəkdir, çünki qlobal turizm bazarında şopinq-turizm sahə üzrə birinci yerlərdən birini tutur. Bu fakt da dəqiqdir ki, qlobal statistikaya görə, ticarət festivalları hər şeydən öncə, turist axınını 30% artırıb.

Bu, elə də pis göstərici deyil. Əgər hər şey nəzərdə tutulduğu kimi getsə, Bakı festivalı da xaricdən gələn turist axınının onsuz da yaxşı olan dinamikliyinə əlavə impuls verə bilər. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Azərbaycana 2016-cı ildə 2,2 milyon turist gəlib, turist axınının artımı 11,7% təşkil edib. Bu meyil cari ildə də saxlanıb: birinci rübdə Azərbaycana 557 min xarici turist gəlib, onlar, əsasən, Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələrindən olublar. Bakı şopinq-festivalının uğurlu başlaması ümid etməyə imkan verir ki, tezliklə bu turistlərə Avropa, Amerika, Çin və Cənub-Şərqi Asiya dövlətlərindən olan səyyahlar da qoşulacaqlar.

 



MƏSLƏHƏT GÖR:

408