18 Aprel 2024

Cümə axşamı, 22:40

İNGİLİSSAYAĞI GEDİŞ

«Brexit» tərəfdarlarının Aİ-dən sivil şəkildə ayrılması çətin olacaq

Müəllif:

15.04.2017

Britaniyalıların «Brexit»ə «hə» dediyi referendumdan 9 sonra, Baş nazir Tereza Mey, nəhayət, Avropa İttifaqı (Aİ) rəhbərliyinə müraciət edərək, qurumun 2007-ci ildə qəbul etdiyi Lissabon müqaviləsinin 50-ci maddəsində nəzərdə tutulmuş prosedura start verildiyini rəsmən açıqlayıb. Sözügedən maddədə deyilir: «Hər bir üzv dövlət öz konstitusion-hüquqi normalarına uyğun olaraq, Aİ-nin sıralarını tərk edə bilər».

Aİ üzvü olan 27 dövlətin liderləri aprelin 29-da aparılacaq danışıqların əsas hədəf və prinsiplərini müəyyənləşdirmək üçün fövqəladə iclas keçirəcək. Aİ haqqında müqaviləyə əsasən, bu prosedur üçün 2 il nəzərdə tutulub. Demək, hər şey qaydasında gedərsə (buna hər iki tərəf şübhə ilə yanaşır), «Brexit» proseduru 2019-cu ilin mart-aprel aylarında başa çatmalıdır.

Bu müddətin uzadılması yalnız Aİ-nin bütün üzvlərinin yekdil qərarı ilə mümkündür. Əks təqdirdə, ittifaqı tərk etməyin şərtləri razılaşdırılmasa belə, Böyük Britaniya avtomatik olaraq, Aİ-dən kənarlaşdırılacaq. Yəni, o, rüsumsuz ticarət və s. kimi imtiyazları heç bir qarşılıq olmadan əldən verəcək.

Bu halda münasibətlər, əlbəttə ki, ÜTT-nin şərtləri ilə tənzimlənə bilər. Təşkilatın qaydaları isə sözügedən sahədə, təxminən, 4,5%-lik rüsum nəzərdə tutur. Lakin birincisi, bir çox britaniyalı istehsalçı üçün bu, məhsullarının rəqabət qabiliyyəti baxımından ciddi zərbədir. İkincisi, ÜTT-nin qaydaları belə, Britaniyaya illik 73 milyard avroya (Britaniya Xəzinədarlığının məlumatıdır) başa gələcək. Nəhayət, üçüncüsü, London ÜTT-yə üzvlüyünü yenidən rəsmiləşdirməli olacaq ki, buna da illərlə vaxt sərf oluna bilər.

Aİ-nin nümayəndə heyətinə başçılıq edən Mişel Barnyö Brüsselin mövqeyini belə ifadə edib: «Biz əzmli, mehriban olsaq da, heç bir halda sadəlövh olmayacağıq».

Onun sözlərinə görə, Aİ ümumi bazarın baza sayılan «4 azadlıq»ını israrla müdafiə edəcək. Söhbət malların, xidmətlərin, işçi qüvvəsinin və kapitalın sərbəst hərəkətindən gedir. Bunlar müzakirə mövzusu deyil.

Avropa Parlamenti aprelin 5-də Böyük Britaniyanın «özünün bütün hüquqi, maliyyə və fiksal öhdəliklərinə əməl etməli olduğuna» dair qərar qəbul edib. Bu, Aİ-nin 2020-ci ilədək müxtəlif layihələrə ayırdığı 60 milyard avroya, həmçinin məmurların onilliklər sonraya hesablanmış pensiyasına da aiddir. Söhbət Aİ-nin qurumlarında çalışan britaniyalı məmurlardan da gedir. Üstəlik, Britaniyanın borcunun hesablanması formulu hələ ki, müəyyən edilməyib və bu üzdən məbləğ şərtidir.

Britaniya hökumətinin hüquqşünasları deyir ki, Brüsselin Böyük Britaniyanı bu ödəmələrə məcbur etmək üçün hüquqi əsası yoxdur. Lakin Lordlar Palatasının üzvü baronessa Folkner Aİ tərəfindən müəyyən güzəştlər qarşılığında ödəməni mümkün sayır. Güzəştlər dedikdə söhbət, məsələn, Avropa bazarlarına imtiyazlı çıxışın təminindən gedə bilər.

Qeyd edək ki, tərəflər gələcək əməkdaşlıq şərtlərini hələ danışıqlara start verilməsindən xeyli əvvəl irəli sürməyə başlayıb.

London ayrılmanın sərt variantını seçərək, «Aİ-nin 4 azadlıq»ndan imtina edir. Aİ ilə üzv olmadan fəal əməkdaşlığı nəzərdə tutan yumşaq variantdan (məsələn, Norveç, İsveçrə, İslandiya və Lixtenşteyn) imtinanın əsas səbəbi Londonun Brüsselin qanunvericiliklə bağlı diktələrindən asılı qalmaq istəməməsi, Aİ büdcəsinə məcburi ödənişlərdən xilas olmaq, Avropaya üz tutan miqrantlardan yaxa qurtarmaq arzusudur.

Aİ isə öz növbəsində, iki mərhələdən ibarət danışıqlar planı hazırlayıb. Plana əsasən, əvvəlcə Böyük Britaniya Aİ-ni tərk edir, yalnız bundan sonra ona ittifaqın üzvləri ilə ticarət razılaşmalarına dair danışıqlar aparmaq imkanı yaradılır.

Bu plan, təbii ki, Londonu qane etmir. O, danışıqların proseslə paralel aparılmasını istəyir. Brüssel isə «Brexit»in minimal zərərlə başa çatmasına çalışdığından, bunu qəbul etmir. Məsələ ondadır ki, iqtisadi əlaqələrin yenilənməsi ilə yanaşı, tərəflər hazırda Böyük Britaniyada yaşayan, təxminən, 3,2 milyon Aİ vətəndaşının və Aİ ölkələrinə səpələnmiş, hardasa, 1 milyon britaniyalının gələcəyi ilə bağlı məsələni də çözməlidir. Üstəlik, Britaniya hökumətinin qayğıları kifayət qədərdir. Böyük Britaniyanın «Brexit» üzrə naziri Devid Devisin sözlərinə görə, indi, 12 minədək Avropa qanunu yenidən yazılmalı olacaq - işçilərin hüquqlarından tutmuş, ətraf mühitin mühafizəsinədək.

 

«Qanunvericiliyin müstəmləkələşdirilməsi»nə son

Xatırladaq ki, ölkənin Aİ-ni tərk etməsi ilə bağlı referendum ərəfəsində Britaniyanın yüzlərlə, minlərlə tanınmış alimi, maliyyəçisi, sənayeçisi, mədəniyyət və idman xadimi xalqa müraciət edir, insanları «Brexit»in əleyhinə səs verməyə çağırırdı. Onlar ada ilə Avropa qitəsi arasında dərin inteqrasiyaya, mədəniyyət, biznes və adi həyat şəraitində qarşılıqlı asılılığın çoxluğuna dair saysız-hesabsız nümunələr gətirirdi. Onlar sübut etmək istəyirdilər ki, Britaniya adalarının sakinlərinə, guya, xas olan təcridləşmə ənənəsi, əslində, mifdir. Onlar, hətta populyar şair Con Donnun hələ 1623-cü ildə qələmə aldığı sətirləri xatırladırdılar: «Heç kəs özü-özünə deyil, heç kəs ada deyil…».

Əsas nümayəndələrindən biri Londonun sabiq meri, ölkənin hazırkı Xarici İşlər naziri Boris Conson olan «boşanma» tərəfdarları isə fərqli fikirdədir. Hər kəsə mənfi epitetlər qoşmağı sevən nazir Aİ rəhbərliyinin əməllərini Hitlerin superdövlət qurmaq cəhdi ilə müqayisə edib. Conson bildirib ki, Aİ «qanunvericiliyin müstəmləkələşdirilməsinə», suveren dövlətlərin siyasətinin və iqtisadiyyatının, demək olar ki, bütün sahələrinə «burnunu soxmasına» son qoymalıdır.

Avropa İttifaqının fevralın 20-nə keçən gecə Brüsseldə baş tutmuş sammitində Böyük Britaniyanın Aİ-ni tərk etməsini əngəlləyəcək razılıq əldə etmişdi. 2016-cı ildə bunu ölkənin Baş naziri Devid Kemeron Twitter sosial şəbəkəsidəki səhifəsində sevinclə xəbər verirdi: «Böyük Britaniyaya Aİ-də xüsusi status verəcək razılaşma əldə etdim… Britaniya heç zaman daha məhdud Avropa İttifaqının yaradılması prosesində iştirak etməyəcək, heç zaman Avropa fövqəldövlətinin bir hissəsi olmayacaq. Aİ-dən olan mühacirlərin bizim sosial müdafiə sistemimizə buraxılması istiqamətində sərt məhdudiyyətlər qoyulacaq».

Amma Brüssel Londonun Aİ-də qalması üçün bir sıra ciddi güzəştlərə getsə də, referendumun mənfi nəticəsindən qaçmaq mümkün olmayıb.

Miqrasiya məsələləri üzrə ekspert, London Universitet Kollecinin professoru Kristian Dustman hesab edir ki, Britaniya sakinlərini Aİ-dən olan miqrantlarla bağlı məsələ çaşdırıb. Onun sözlərinə görə, son 16 ildə bu insanların əməkhaqqından tutulan vergi dövlətin onlara ayırdığı maddi yardımı dəfələrlə üstələyib. İnsanlar isə təhrif olunmuş faktlara əsaslanaraq səs verib.

Amma yenə də referendumun nəticəsi “Dumanlı Albion” sakinlərinin bu məsələdə həmrəy olmadığını ortaya qoyub. Səsvermə yaşlı britaniyalıların gənclərdən daha fəal olduğunu üzə çıxarıb. Statistika göstərir ki, 18-24 yaşlı britaniyalılar arasında seçici fəallığı cəmi 36% olub. 25-34 yaşlılar arasında bu, 58, 55 yaşdan yuxarı insanlar arasında isə 80%-dən çox təşkil edib. Bununla yanaşı, ilk yaş qrupuna aid seçicilərin 75%-i ölkənin Aİ-ni tərk etməsinə qarşı səs veribsə, sonuncu qrupa aid olanların 61%-i «boşanma»ya «hə» deyib.

 

Ərazi problemləri

Tereza Meyə həsəd aparmaq çətindir. Əgər Toni Bleyerin Baş nazir olduğu dövrdə, hətta Britaniyanın avrozonaya daxil olması məsələsi müzakirə edilirdisə (bunun alınmamasına rəğmən), Mey gələcək nəsillər tərəfindən Birləşmiş Krallığın heç bir baş nazirinin arzulamadığı şəkildə xatırlana bilər. Məsələ ondadır ki, hazırda Böyük Britaniya real olaraq, Şotlandiya, Şimali İrlandiya və Gibraltarı itirmək təhlükəsi ilə üz-üzədir.

Şotlandiyada 2014-cü ildə keçirilmiş referendum göstərdi ki, ölkə əhalisinin əksəriyyəti Böyük Britaniyanın tərkibində qalmaq istəyir. Lakin bunun əsas arqumentlərindən biri, məhz Aİ-yə üzvlük idi. Bu, Şotlandiyada ötən ilin iyununda keçirilmiş səsvermədə bir daha təsdiqini tapıb: əhalinin 68%-i ölkənin Avropa İttifaqından çıxmasının əleyhinə səs verib.

Ötən ay isə Şotlandiya Parlamenti Böyük Britaniyadan müstəqillik məsələsinin yenidən referenduma çıxarılmasına səs verib. Parlament birinci nazir Nikola Stergenə bununla bağlı Londonla danışıqlar aparmaq səlahiyyəti tanıyıb. Çünki Londonun razılığı olmadan, hüquqi gücü olan referendum keçirmək mümkün deyil.

Şotlandlar müstəqillik halında, avtomatik olaraq, Aİ-yə qoşulmayacaqlarını bilir. Amma yenə də Londonu referendumun keçirilməsinə razı salmaq əzmindədirlər. Onlar məsələni artıq 2018-ci ilin payızı və ya 2019-cu ilin yazında səsverməyə çıxarmağı düşünür. Yəni, bu, Londonla-Brüssel arasında danışıqlar başa çatmadan belə, reallaşa bilər.

«Brexit»dən sonra, Aİ-nin üzvü olan İrlandiya Respublikası ilə Böyük Britaniyanın inzibati ərazisi olan Şimali İrlandiya arasında sərhədin çəkilməsi zərurəti də yaranıb.

Bu arada martda Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibində qalmaq tərəfdarı olan yunionistlər partiyası ölkə tarixində ilk dəfə regional parlamentdəki çoxluğu əldən verib. Odur ki, köhnə Şimali İrlandiya münaqişəsinin qızışması, İrlandiya ilə birləşmə hərəkatının canlanması üçün bütün şərtlər var.

Brüssel isə Londona gözləmədiyi tərəfdən daha bir zərbə vurub. O, «Brexit»in Priney yarımadasının cənubunda yerləşən kiçik bir ərazi olan Gibraltara aid olmadığını bəyan edib. Bu, Britaniyanın 300 il əvvəl İspaniyadan qopardığı ərazidir. O, Aralıq dənizi ilə Atlantik okeanını birləşdirən Gibraltar boğazına nəzarət edir. Londonla-Madrid arasında 6 kilometrlik bu kiçik torpaq zolağı uğrunda mübarizə, yüz illərdir, bitmir. 1970-ci ildə münaqişə, hətta silahlı qarşıdurmanın bir addımlığınadək gedib çıxmışdı.

İndi, Brüssel İspaniyaya Gibraltarın taleyini Londonla ikitərəfli danışıqlarla çözmək hüququ verir. Bununla da Madrid ərazini öz nəzarətinə qaytarmaq üçün aşkar “rıçaq” əldə edir. Londonda isə artıq lazım gələcəyi təqdirdə, Gibraltarın silah gücünə qorunmasının vacibliyinə dair çağırışlar eşidilir.

 

Az ehtmial olunan ssenari

Lissabon müqaviləsinin 50-ci maddəsinin müəllifi, biritaniyalı diplomat Con Kerr «Politico»ya müsahibəsində bildirib ki, «Brexit»i prosedura start verildikdən sonra da dayandırmaq mümkündür.

«Aİ-də oyun qaydaları elədir ki, sizə fikrinizi dəyişmək imkanı verilir», - deyə o qeyd edib: «Bir çox dövlətlər (Aİ üzvləri) qanunverici prosedurların gedişində fikrini dəyişib. Çünki onlarda seçki olub və yeni rəhbərlik əvvəlki hökumətin qərarından imtina edib. Bu, normal vəziyyətdir».

Bununla yanaşı, diplomat deyib: «Mən çox istərdim ki, danışıqlara Britaniyanın təmsilçisi kimi gəlib (Avropa İttifaqı Şurasına) ucadan deyim: «Biz fikrimizi dəyişdik!». Amma bu, çox az ehtimal olunan versiyadır…».



MƏSLƏHƏT GÖR:

410