25 Aprel 2024

Cümə axşamı, 21:26

ŞƏRQİN CƏHƏNNƏM ATƏŞİ

İdlibə kimyəvi hücum ABŞ-Rusiya qarşıdurmasını yeni səviyyəyə yüksəldib

Müəllif:

15.04.2017

Deyəsən, Suriyada və bütünlükdə Yaxın Şərqdə sülhü qan içərisində boğulan xalq yalnız yuxusunda görə biləcək. Nəhəng fövqəldövlətlər gərginliyi getdikcə artırmaqla, regionun hüdudlarını aşır.

 

Xan-Şeyhun faciəsi

Aprelin 4-də bütün dünyaya dəhşətli xəbər yayılıb: Suriyanın İdlib əyalətinin Xan-Şeyhun şəhərinin bombalanması nəticəsində, 100-dək insan dünyasını dəyişib. Daha sonra xəbərə dəhşətli foto və videokadrlar əlavə edilib: nəfəs çatışmazlığı üzündən qıvrılan onlarca uşaq. Bu, insanlara qarşı kimyəvi silahdan istifadə olunduğunu düşünməyə əsas verib.

Xan-Şeyhun şəhəri və İdlib əyaləti, demək olar ki, tamamilə üsyançıların nəzarətindədir. «Həyat Təhrir əş-Şam» qruplaşmasından olan cihadçıların da nəzarət etdiyi bu region zaman-zaman Suriya və Rusiya aviasiyası tərəfindən bombardman edilir. Bu səbəbdən, Suriya müxalifəti və Qərb siyasətçiləri kimyəvi silahdan istifadəyə görə də dərhal Suriya Hərbi Hava Qüvvələrini günahkar elan edib. Rəsmi Dəməşq ittihamları rədd edərək, kimyəvi silahdan hansısa üsyançı qrupun istifadə etdiyini açıqlayıb. Rusiya tərəfinin versiyasına görə isə Suriya aviasiyası terrorçulara məxsus böyük bir anbara zərbələr endirib. Sadəcə, orada tərkibində zəhərli maddələr olan silah-sursat saxlanırmış. Bununla yanaşı, Moskva müttəfiqi olan Bəşər Əsəd hökumətinin kimyəvi silaha malik olmadığını bildirir. Ruslar Dəməşqin hələ bir neçə il əvvəl kimyəvi silah ehtiyatlarını məhv etdiyini xatırladır. O zaman bunu Kimyəvi Silahlara Qadağa Təşkilatı da etiraf etmişdi.

Qərb isə İdlib əyalətinə zəhərli qaz hücumunu məhz Bəşər Əsəd rejiminin məqsədli şəkildə təşkil etdiyinə əmindir. ABŞ Prezidenti Donald Tramp baş verənlərə münasibət bildirərkən, onu «Rusiya üçün hüznlü gün» adlandırıb. O, fikrini «Rusiyanın Dəməşqin yanında dayanması» ilə izah edib. Bununla yanaşı, Tramp «bütün bəşəriyyətə təhqir olan» qaz hücumunun cavabsız qalmayacağını da bildirib. Və Amerika administrasiyası bu hədəsini cəmi bir neçə gün sonra real əməllə təsdiqləyib: Suriyanın Homs əyalətindəki Şayrat aviabazasına, təxminən, 60 ədəd qanadlı «Tomakavq» raketi atılıb. Qeyd edək ki, İdlibə uçuşlar məhz bu bazadan həyata keçirilirdi. Suriya tərəfinin məlumatına görə, bombardman nəticəsində aviabaza tamamilə yararsız hala düşüb və insident zamanı 5 nəfər həlak olub.

 

Amerikan zərbəsi

Prezident Tramp ABŞ Konqresi üzvlərinə Suriya HHQ-yə məxsus aviabazanın bombalanmasına dair göndərdiyi məlumat məktubunda qərarını belə izah edib: «Mən bu qərarı Suriyanın kimyəvi silahlarla yeni hücumlar etməsi imkanlarını azaltmaq üçün vermişəm. Suriya rejimi qadağan olunmuş kimyəvi silahlardan istifadədən çəkindirilməlidir. Bununla biz regionda sabitliyin bərqərar olmasına kömək edir, hazırkı humanitar fəlakətin daha da ağırlaşmasını əngəlləyirik».

Vaşinqtonun əməllərinə ən yaxın müttəfiqlərindən dərhal dəstək gəlib. Söhbət Avropa İttifaqı, İsrail, Səudiyyə Ərəbistanı, Yaponiya və digərlərindən gedir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə hətta ABŞ-ın Suriyaya raket zərbələrinin Suriya rejiminin «yatırılması» üçün kifayət olmadığını bildirib.

İranla Rusiya isə təbii ki, ABŞ-ın addımını qəti şəkildə pisləyib. Rusiya Prezidenti Vladimir Putin onu «suveren dövlətə təcavüz, yalan bəhanələrlə beynəlxalq hüquq normalarının pozulması» kimi qiymətləndirib. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilir: «Özünə əziyyət verib heç nəyi araşdırmayan ABŞ güc tətbiqinə, beynəlxalq terrorçuluqla mübarizə aparan dövlətlə hərbi qarşıdurmaya gedib. Bu, ABŞ-ın ilk belə düşünülməz addımı deyil. Belə əməllər dünyada mövcud olan problemləri daha da dərinləşdirir, beynəlxalq təhlükəsizliyə təhdid yaradır».

Şübhəsiz ki, Suriyada baş verən son hadisələr son onillikdə onsuz da «soyuq müharibə» şəraitində olan Amerika-Rusiya münasibətlərinin gələcək inkişafına təsirsiz ötüşməyəcək. Putin, artıq ABŞ-ın Suriyaya zərbələrinin Vaşinqton-Moskva münasibətlərinə zərbə vuracağını nümayiş etdirib. Bu, ilk növbədə, elə Suriya istiqamətində təsdiqini tapıb. Rusiya ABŞ ilə Suriyada həyata keçirilən əməliyyatlar zamanı uçuşların təhlükəsizliyinin təmini, insidentlərin qarşısının alınması haqqında imzaladıqları memorandumun qüvvədən düşdüyünü bəyan edib. Bundan başqa, Amerikanın aviazərbələrindən sonra, Rusiya HDQ-yə məxsus hərbi gəmilərin təcili olaraq Suriya sahillərinə qayıtmağa başladığı məlum olub.

Bütün bunlar getdikcə dərinləşməkdə olan Amerika-Rusiya qarşıdurması mozaikasında sadəcə ştrixlərdir. İdlib faciəsi və Homsda baş verənlər bu prosesin nə qədər dərinə gedə biləcəyini ortaya qoyub. Dünya SSRİ-nin dağılmasından, hətta bir qədər də keçmişə getsək, Kuba ətrafında yaşanmış Karib böhranından sonra ilk dəfə qlobal münaqişənin astanasına gəlib çıxıb. Ekspertlər hesab edir ki, Rusiya ABŞ-ın Suriya aviabazasına endirdiyi zərbələrə cavab olaraq, bu ölkənin ərazisindəki HHM sistemlərindən istifadə etsəydi, məsələ iki nüvə fövqəldövləti arasında birbaşa qarşıdurmayadək gedib çıxa bilərdi. Xoşbəxtlikdən, bütün planet üçün acı nəticələr verə biləcək bu ssenaridən qaçmaq mümkün olub. Lakin təhlükə hələ də qalır. Son hadisələr göstərir ki, Birləşmiş Ştatlar qlobal lider rolundan imtina etməyi düşünmür, Rusiya isə dünyada ABŞ-ın başçılığı ilə, Qərbin hegemonluğuna meydan oxuyur.

 

«Bu, hələ son deyil»

Amerika-Rusiya qarşıdurması özünü BMT Təhlükəsizlik Şurasının Suriyadakı vəziyyətin müzakirəsi məqsədilə təşkil olunmuş fövqəladə toplantısında da tam çılpaqlığı ilə ortaya qoyub. ABŞ Bəşər Əsədin siyasi səhnədən getməsinə çalışdığını təsdiqləyib. Halbuki, Xan-Şeyhuna zərbədən cəmi bir neçə gün əvvələdək Tramp administrasiyası, artıq Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının Ağ ev üçün prioritet olmadığını, onun taleyini Suriya xalqının həll edəcəyini bildirirdi. Odur ki, döyüş meydanında da vəziyyətin Suriya hökumətinin xeyrinə dəyişdiyi bir vaxtda, kimyəvi silahdan istifadənin Dəməşqə nə qədər sərf etdiyi ciddi sual doğurur. Hər halda, İdlib faciəsindən sonra amerikalılar Barak Obamanın prezidentliyi dövrünə aid ritorikanı daha da sərtləşdirib. Donald Tramp bildirib ki, indi o, Suriyanı «öz məsuliyyət zonası» sayır. ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli də yəqin ki, bu «məsuliyyət»dən çıxış edərək, ölkəsinin Suriyada «daha irəli getməyə» hazır olduğunu bəyan edib.

Rusiyanın BMT-dəki nümayəndəsi Vladimir Safronov isə buna cavab olaraq, Amerikanın Suriyaya təcavüzünün yalnız terrorçuluğu gücləndirdiyini bildirib. Onun fikrincə, 4 aprel hadisələrinin obyektiv və müstəqil araşdırılması ABŞ-ı zərrə qədər də maraqlandırmır.

Bu qızğın müzakirələrin sonunda TŞ heç bir sənəd qəbul etməyib. Bu fakt isə Suriyada vəziyyətdən çıxış yolunun olmadığına dair fikirləri daha da gücləndirib. İndi, qarşı-qarşıya dayanan tərəflər arasında danışıqlar prosesi iflasa uğramaq təhlükəsi ilə üzləşib. Halbuki, Astanada aparılmış danışıqlar nikbinliyə müəyyən əsaslar vermişdi. Astana görüşündən sonra danışıqlar Cenevrədə davam etdirilsə də, rəsmi Dəməşq və müxalifətin iri fraksiyalarının nümayəndələri arasında birbaşa təmasların davam etdirilməsi haqqında razılığa gəlinməmişdi.

İdlib faciəsi və ABŞ-ın aviazərbələri, sadəcə, Suriyada vəziyyətin dalana dirəndiyini növbəti dəfə təsdiqləməyib. O həm də göstərib ki, 2011-ci ildən Suriyada hökm sürən «hamının-hamıya qarşı müharibəsi» durumu davam edir, hətta daha da güclənir. Üstəlik, bu müharibədə əsas mübarizənin nəhənglər - ABŞ ilə Rusiya arasında getdiyi bir daha təsdiqlənib. Bu mübarizə, öz növbəsində, cəhənnəm qazanında yanan Suriyanı sülh perspektivindən daha da uzaqlaşdırır.

 

Mosul ittiham edir

Bütün bunlarla yanaşı, Suriya arenası qlobal qarşıdurmanın yalnız bir parçasıdır. Suriya kimi, “İD”nin ekspansiyası ilə üzləşmiş İraqda baş verənlər də bununla birbaşa əlaqəlidir. İraqda da vəziyyət fövqəldövlətlər arasındakı çəkişmədən asılıdır. Bunun ən bariz nümunəsi, bu yaxınlaradək cihadçıların nəzarətində olmuş Mosul ətrafında baş verənlərdir.

Ötən ilin oktyabrında İraq Ordusu və ABŞ-ın başçılıq etdiyi koalisiya Mosul şəhərinin terrorçulardan azad olunması əməliyyatına başlamışdı. Onlar şəhərin şərq hissəsində tezliklə istəklərinə nail olmuşdular. Fevralın ortalarında isə İraq hökuməti şəhərin qərb hissəsinin azadlığı uğrunda əməliyyatlara başlanıldığını bəyan etdi. Cəmi 1 ay sonra “İD” dəstələrinin Mosuldan tamamilə çıxarıldığına, onların Suriya yaraqlıları ilə əlaqələrinin kəsildiyinə dair məlumat yayıldı. O zaman, təxminən, yarım milyon insan Mosulun qərbini tərk etsə də, 200-300 min dinc sakin hələ də terrorçuların nəzarətində qalmış rayonlardadır. İndi, az qala, hər gün həmin ərazilərdən qaçmağa cəhd edən dinc sakinlərin kütləvi şəkildə öldürüldüyünə dair xəbərlər gəlir.

Lakin yerli əhalinin yaşadığı müsibət yalnız terrorçuların cəza aksiyaları ilə bağlı deyil. ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın “İD” yaraqlılarının obyektlərinə endirdiyi aviazərbələr nəticəsində də vaxtaşırı yüzlərlə dinc sakin həlak olur. Belə faciələrdən biri martın 17-də baş verib. Həmin gün Mosulun qərb hissəsinin bombardmanı zamanı 100-dən artıq insan dünyasını dəyişib. Şəhər administrasiyasının rəhbəri Hüseyn Haşimin məsələyə münasibəti kifayət qədər aydın olub: «Bu qurbanlara, yanlış zərbələrə görə koalisiya qüvvələri məsuliyyət daşıyır».

Rusiya bundan istifadə etmək imkanını əldən verməyib; məsələn, ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, ABŞ-ın Suriyaya qarşı həyata keçirdiyi aksiya diqqəti Mosulda baş verənlərdən yayındırmaq məqsədi daşıyır.

Amma fövqəldövlətlərin bu qarşılıqlı ittihamları Suriya, İraq və digər Yaxın Şərq ölkələri xalqlarının dərdini azaltmır. İllər əvvəl dünyanın siyasi texnoloqları bu regionda «ərəb baharı»nın başlanmasından danışırdı. Lakin yaşanan qanlı təcrübə göstərir ki, o, burada, sadəcə, cəhənnəm atəşi yaradıb ki, nəhəng güc strukturlarının iddiaları bu alovdan çıxmağa imkan vermir.



MƏSLƏHƏT GÖR:

377