29 Mart 2024

Cümə, 16:44

AVROPAYA MÖHÜRSÜZ

Aİ ilə vizasız rejim Gürcüstanın Avro-Atlantik məkana doğru növbəti addımıdır

Müəllif:

15.04.2017

Üçgünlük xalq gəzintisi, küçələrdə çalıb-oynama, atəşfəşanlıq. Tiflisdə martın son günlərində yaşanan şadyanalığı Bakının Novruz Bayramı günləri ilə müqayisə etmək olardı. Gürcüstan Avropa ilə vizasız rejimin qüvvəyə minməsini qeyd edirdi.

Gürcülər Avropa İttifaqına (Aİ) tamhüquqlü üzv olmaqla bağlı çoxdankı arzularına nail olmasalar da, bu istiqamətdə ciddi addım atıldığını lazımınca hiss ediblər. Doğrudur, Gürcüstan hökumətinin Aİ ilə assosiasiya sazişi imzalamasından sonra, vizasız rejimə nail olmaq üçün 3 il gözləmək lazım gəlib. Amma əvəzində indi, Avropanın Böyük Britaniya və İrlandiya istisna olmaqla, 30 ölkəsinə getmək istəyən Gürcüstan vətəndaşları səfirliklərdə, konsulluqlarda uzun-uzadı prosedurlardan keçməli olmayacaq. Söhbət Şengen razılaşmasına daxil olan 22 ölkədən, Aİ-yə üzv olmayan 4 dövlətdən (İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə), həmçinin Şengen razılaşmasına namizəd olan Bolqarıstan, Kipr, Rumıniya və Xorvatiyadan gedir.

Vizasız rejimin qüvvəyə mindiyi ilk gün - martın 28-i səhər Avropaya asanlıqla getməyin yolunu hər kəsə Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili nümayiş etdirib. O, adi biometrik pasportla Afina və Brüsselə yollanıb. «Bü gün tarixi gündür - Gürcüstan vətəndaşları üçün Aİ ölkələrində vizasız dolaşa bilmə imkanı yaranıb. Bu, çox böyük nailiyyət, Gürcüstan vətəndaşları üçün Aİ ilə yaxından tanış olmaq imkanıdır. İndi, gürcülər Avropa İttifaqının dəyərlərini daha yaxından öyrənə bilər», - deyə Kvirikaşvili, əsasən, gənc Gürcüstan vətəndaşlarından ibarət qrupla birgə Avropaya yollanmazdan əvvəl bildirib.

Brüsseldə Baş nazir təbriklərlə qarşılanıb. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk bildirib ki, vizasız rejim yalnız Gürcüstan üçün deyil, Aİ üçün də vacibdir. O, bugünü tarixi gün kimi qiymətləndirərək, bu addımın Gürcüstanla Aİ-ni daha da yaxınlaşdırdığını söyləyib.

Lakin Avropaya getmək nə qədər asanlaşsa da, hələ bir çox nüans və maneələr də qalır. Nəzərə alsaq ki, Avropanın bir çox şəhərlərinə kifayət qədər ucuz aviareyslər var, aviabilet məsələsi bu problemlərin ən yüngülüdür.

 

Vizasız rejim hələ açıq qapı demək deyil

Viza rejiminin aradan qaldırılması viza alınması üçün tələb olunan sənədlərə ehtiyacın olmadığı anlamına gəlmir. Yəni, Gürcüstan vətəndaşları Avropaya yollanmaq üçün geriyə biletə, oteldə yer tutduğunu təsdiqləyən sənədə, orada yaşamaq üçün maliyyə vəsaitinə (1 nəfər üçün günə 50 avro) və səfərin məqsədindən asılı olaraq, bir çox digər sənədə malik olmalıdır; məsələn, səfər insanın səhhətindəki problemlə əlaqədardırsa, tibbi qurumdan gəlmiş dəvət lazımdır. Yox, Avropaya avtomobil almaq üçün gedirsənsə (bu halda geriyə biletin olmaya da bilər), əldə etdiyin razılaşma, yaxud aparılmış danışıqların çap olunmuş versiyası tələb olunur və s. Üstəlik, bütün sənədləri bu başdan gürcü sərhədçiləri yoxlayacaq və hər şey qaydasındardısı belə, bu, Avropaya buraxılacağınıza zəmanət vermir - son söz qəbul edən ölkənin sərhədçilərindədir. İmtinaya isə məsələn, qeyri-Avropa ölkəsinin deportasiya haqqında möhürü də səbəb ola bilər. Bu aradan aprelin 7-də Şengen Məcəlləsinə dəyişikliklər qüvvəyə minib. Yenilik Şengen zonasına daxil olan şəxslərin ciddi şəkildə yoxlanılmasını nəzərdə tutur.

Faktiki olaraq, Şengen vizası almaq üçün bütün lazımi sənədləri toplamış Gürcüstan vətəndaşı sonda getmək istədiyi ölkəyə buraxılmaya, demək, ən azı, uçuşa sərf etdiyi vaxtını, aviabiletə ödədiyi pulunu «çölə atmış» olar. Halbuki, onun imtina qərarını yollanmaq istədiyi Avropa ölkəsinin Tiflisdəki səfirliyindən alması bu itkilərin qarşısını alırdı.

«R+»un əldə etdiyi məlumata görə, artıq Aİ-yə vizasız yollanan Gürcüstan vətəndaşlarının oteldə yer sifarişi və ya geriyə bileti olmadığından, Avropa aeroportundan geri qayıtması faktları qeydə alınıb.

Onu da qeyd edək ki, yeni rejim Gürcüstan vətəndaşına Avropa ölkəsində yarım il ərzində 90 gün qalmaq imkanı verir. Bu da turizm məqsədli, qısamüddətli təhsil və ya işgüzar səfər, yaxud müalicə məqsədilə edilmiş səfər ola bilər. Avropada işləmək və ya uzunmüddətli təhsil almaq üçün isə yenə də viza tələb olunur. Viza rejiminin pozulmasına görə Avropaya girişin 5 il məhdudlaşdırılması ilə deportasiya və 3 min avroyadək cərimə nəzərdə tutulur. Qaydaları pozanları Gürcüstan hökuməti də axtaracaq. Çünki belə şəxslərin həddindən artıq çox olması vizasız rejimin ləğvi ilə də nəticələnə bilər.

 

Əzablı yol...

Lakin ümumilikdə, Gürcüstan üçün vizasız rejimin tətbiqi Tiflisin Avro-Atlantik məkana yaxınlaşması istiqamətində son dərəcə vacib addımdır. Üstəlik, Aİ buna Yaxın Şərq və Afrikadan miqrasiyanın getdikcə artdığı bir şəraitdə, əksər avropalıların «açıq qapı» siyasətinə etiraz etdiyi dönəmdə gedib. Hər halda, Avropaya vizasız gedəcək gürcülərin orada iş axtarmağa başlayacağını, qeyri-leqal şəkildə Avropada qalacağını heç kəs istisna edə bilməz. Hələ viza rejiminin qüvvədə olduğu dövrdə Aİ-yə yollanan hər 10 Gürcüstan vətəndaşından 3-ü oraya işləmək üçün gedirdi. Vizasız rejimin tətbiqi ilə bu, daha da arta bilər. Lakin bu risklərə baxmayaraq, Aİ Gürcüstanla assosiasiya sazişinin imzalanması zamanı verdiyi vədə sadiq qalaraq, viza liberallaşdırılması prosesini başa çatdırıb.

Moskva Karnegi Mərkəzində hesab edirlər ki, Aİ-yə «25 il ərzində istisnasız olaraq bütün hökumətləri dövründə durmadan Qərbə can atan kiçik ölkənin mükafatlandırılması və təşviqi presedenti»ni yaratmaq lazım idi. «Hakimiyyətlər dəyişsə də, Gürcüstan son 25 ildə bəyan etdiyi kursdan bir an belə, imtina etməyib (Yanukoviçin dövründəki Ukraynadan fərqli olaraq), NATO-ya üzvlüklə bağlı ərizəsini Brüsseldən geri çağırmayıb, daim İraq, Kosovo, Əfqanıstan və Mərkəzi Afrika Respublikasına kifayət qədər böyük (ölkənin miqyası ilə müqayisədə) kontingent göndərib. Bir sıra hallarda gürcü hərbi kontingenti NATO-nun veteran ölkələri ilə müqayisədə daha böyük olub… Postsovet ölkəsinin uzun illər davam edən cəhdlərinə heç nə ilə cavab verməmək, bu istiqamətdə heç bir addım atmamaq doğru olmazdı. Hər halda, prestij, məsuliyyət və cəlbedicilik yalnız abstrakt anlayışlar deyil, onlar vaxtaşırı xarici siyasətdə konkret addımlarla öz təsdiqini tapmalıdır. Bu, xüsusilə söhbətin digər güc mərkəzləri ilə rəqabətdən getdiyi şəraitdə önəmlidir», - deyə Karnegi Mərkəzi bildirir.

Gürcüstan hökuməti vizasız rejimin ölkənin Cənubi Osetiya və Abxaziyada yaşayan vətəndaşlarına  şamil edildiyini bildirsə də, bu, çətin ki, qiyamçı regionların Tiflisin nəzarətinə qayıtmasına təkan olsun. Amma istənilən halda, vizasız rejimin qüvvəyə minməsi avroassosiasiya haqqında maddələrin real tətbiqi baxımından vacib amil sayıla bilər.

Razılaşmanın daha bir müsbət tərəfi gürcü məhsulları üçün «dərin və hərtərəfli azad ticarət məkanı» müqaviləsi çərçivəsində ticarət maneələrinin azalması olmalı idi. Qeyd edək ki, sözügedən müqavilə 2016-cı ilin ortalarında qüvvəyə minib. Razılaşmaya əsasən, Aİ-yə mal ixrac edən gürcüstanlı istehsalçılar üçün rüsumlar qısa zamanda aradan qaldırılmalıdırsa, Tiflis öz bazarlarına bir müddət Avropa məhsullarının axınını əngəlləmək istəyirdi. Məqsəd yerli məhsulların daha öncül rəqiblərlə rəqabət aparacaq həddə çatmasına nail olmaqdır. Sonda Tiflis Aİ-yə, xüsusilə kənd təsərrüfatı məhsulları, mineral sular və şərab ixracının ciddi şəkildə artmasına ümidli idi. Lakin reallıqda vəziyyət heç də sevindirici deyil və bunu rəsmi statistika da təsdiqləyir.

Gürcüstan Statistika Xidməti bildirir ki, 2015-ci ilin nəticələrinə görə, Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 13% azalması fonunda Aİ ilə ticarət dövriyyəsi 6% artıb. Burada həm ixracda (4%), həm də idxalda (6%) artım qeydə alınıb. Lakin azad ticarət razılaşmasının da qüvvəyə mindiyi 2016-cı ilin nəticələri heç də nikbinliyə əsas vermir. Həmin il Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 20, Aİ ölkələri ilə ticarət dövriyyəsi isə 14% artıb. Amma onun strukturu heç də gürcü istehsalçıların xeyrinə deyil - idxalın 20%  artması fonunda ixrac 12% azalıb. Demək, Avropa məhsullarının axını və gürcü məhsullarının rəqabətədavamlı olmaması ilə bağlı narahatlıqlar tədricən təsdiqini tapır.

Gürcüstanda ümid edirlər ki, assosiasiya sazişi ölkənin Aİ-nin tamhüquqlu üzvünə çevrilməsi istiqamətində ilk addımdır. Aİ-yə üzvlüyün bu razılaşma ilə heç bir bağlılığı olmasa da, qurumun Şərqi Avropa və Balkanlardan olan yeni üzvləri ona məhz avroassosiasiya vasitəsilə qoşulub. Görünür, məhz bu səbəbdən, vizasız rejim qüvvəyə minər-minməz, Gürcüstanın Xarici İşlər Nazirliyi ölkənin Aİ-yə üzv olmasının 6 maddədən ibarət planını ortaya çıxarıb. Sənəddə yer almış maddələr arasında institusional və qanunvericilikdə islahatlar, Aİ-nin ixtisaslaşmış agentliklərinə maksimum inteqrasiya, Gürcüstanın Aİ proqramlarında iştirakının effektivliyinin artırılması, Aİ-nin daxili bazarı ilə inteqrasiya və s. yer alıb.

Aİ üçün isə Gürcüstanın üzv qəbul edilməsinin bir sıra riskləri var. Belə risklər arasında Gürcüstan iqtisadiyyatının zəifliyini, Abxaziya və Cənubi Osetiya münaqişələrini göstərmək olar. Eyni səbəblər Tiflisin NATO-ya yolunu da çətinləşdirir və onun alyansa üzv ola bilib-bilməyəcəyi, ümumiyyətlə, aydın deyil. NATO-nun Cənubi Qafqazdakı nümayəndəsi Uilyam Laxyu bildirib ki, Gürcüstan həyata keçirdiyi islahatlarla əlaqədar gələcəkdə bəlkə də alyansa dəvət ala bilər, lakin Abxaziya və Cənubi Osetiyanın statusu ilə bağlı məsələni gürcülər özləri həll etməlidir. «NATO-nun bütün üzvləri Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Tiflis NATO-ya dəvət alan zaman bu ərazilərin statusu ilə bağlı məsələni özü həll etməlidir. Çünki heç kəs bu ərazilərdə 5-ci paraqrafdan (üzv ölkələrdən birinə hücumun, ümumilikdə, alyansa hücum sayılması) istifadə etməyəcək», - deyə Laxyu «Kommersant» qəzetinə müsahibəsində bildirib.

Bütün bunlarla yanaşı, Gürcüstanın nə vaxtsa Aİ və NATO-nun tamhüquqlu üzvünə çevriləcəyini istisna etmək də olmaz. Amma bu, xüsusilə Aİ üzvü olan ölkələrdə avroskeptizmin artması, mərkəzdənqaçan qüvvələrin güclənməsi fonunda uzun və əzablı yol kimi görünür.



MƏSLƏHƏT GÖR:

382