19 Aprel 2024

Cümə, 10:39

NEVA SAHİLİNDƏ PARTLAYIŞ

Piterdə törədilmiş terror aktı ilə bağlı bütün versiyalar bir nöqtədə cəmlənir

Müəllif:

15.04.2017

Aprelin 3-də Sankt-Peterburq Metropoliteninin «Sennaə plohad» və «Texnologiya İnstitutu» stansiyaları arasındakı tuneldə törədilən terror aktı bütün Rusiyanı sarsıtdı. Partlayış nəticəsində 14 nəfər həlak oldu, 50-dək insan yaralandı. Xəsarət alanlar arasında Özbəkistan, Belarus və Tacikistan vətəndaşları, həmçinin Rusiyanın 17 regionunun sakinləri var. Terror aktı nəticəsində azərbaycanəsilli Rusiya vətəndaşı da dünyasını dəyişib, daha bir həmvətənimiz isə yaralanıb.

Dünyanın bir çox ölkəsinin meqapolislərində insanlar təhlükəli həyat və iş şəraiti ilə çoxdan barışıb. Terror aktı istənilən anda istənilən yerdə baş verə bilər - Tunis çimərliyindən tutmuş, Vestminster körpüsünədək. Rusiya isə beynəlxalq terrorçuluq üçün hər zaman əsas hədəflərdən biri olub - orada amansız, qanlı terror aktları haqqında yalnız xəbər buraxılışlarından eşitməyiblər. Beslanı, Buynvaksda, Moskvada və Volqoqradda yaşayış evlərinin partladılmasını, Dubrovkada insanların girov götürülməsini xatırlatmaq kifayətdir. Lakin bununla yanaşı, dəfələrlə Moskva metrosunun sakinləri də kamikadzelərin qurbanına çevrilib. Üstəlik, Rusiyada ən müxtəlif nəqliyyat vasitələrinə bombalar quraşdırılıb - təyyarədən tutmuş, avtobusadək. Ötən illərdə bu ölkədə dayanacaqların, bazarların, ticarət komplekslərinin, yeraltı keçidlərin, aeroportların partladılmasına da dəfələrlə rast gəlinib.

Əksər Rusiya KİV, nədənsə, Sankt-Peterburqda əvvəllər terror aktlarının törədilmədiyini yazır. Amma belə hallar baş verib, sadəcə, insan tələfatı çox olmayıb. Bundan başqa, 2009-cu ilin noyabrında «Neva ekspresi»nin partladılmasının, 2015-ci ilin oktyabrında Sinay üzərində baş vermiş “A321” faciəsinin də peterburqlulara birbaşa aidiyyəti var idi. Lakin Rusiyanın mədəni paytaxtının məhz 3 aprel 2017-ci ildə üzə çıxan zəifliyi bir çoxu üçün - adi insanlardan tutmuş, hakimiyyət nümayəndələrinədək - acı və ağrılı məqam oldu. Bəs Neva sahilindəki şəhərə zərbə niyə bu qədər rezonans doğurdu?

Vaqonda kustar üsulla hazırlanmış və 300-500 qram trotil ekvivalentində olan partlayıcı qurğu partladılıb. Daha bir partlayıcı «Plohad vosstaniya» stansiyasında tapılaraq zərərsizləşdirilib. O da kustar üsulla hazırlanıbmış.

Artıq partlayışı törətmiş kamikadzenin şəxsiyyəti də müəyyənləşdirilib. Bu, 22 yaşlı Akbarjon Cəlilovdur. Cinayət yerindən onun bədənindən ayrılmış başı tapılıb (bu, bombanın məhz həmin şəxsin üzərində partladığını təsdiqləyir). Aşkarlanmış partlayıcının yerləşdiyi çantada da Cəlilovun genetik izləri aşkarlanıb. Bundan başqa, A.Cəlilov videomüşahidə kameralarına da düşüb. Görüntülərdə onun əynində adi gödəkcənin, gənclərə xas papağın, gözündə eynəyin olduğu aydın görünür. Yəni, onun üzərində şübhə yaradacaq hər hansı əlamət yoxdur. Belə kişilərə Piter küçələrində istədiyiniz qədər rast gələ bilərsiniz. Rusiya vətəndaşı olan A.Cəlilov avtoservisdə çilingər, daha sonra suşi-barda aşpaz işləyirmiş. KİV-in yazdığına görə, istintaq Cəlilovun özü istəmədən canlı bomba kimi istifadə olunması versiyasını araşdırır. Yəni, o, sadəcə, bombanı lazımi yerə yerləşdirərək, oradan uzaqlaşmalı imiş. Lakin cinayət ortaqları sonda fərqli qərar qəbul edib.

Terror aktından dərhal sonra, ortaya iki versiya çıxıb: konsprioloji və Suriya. Birinci versiya, yəqin ki, terror aktından əvvəl Rusiya şəhərlərində bitmək bilməyən antikorrupsiya mitinqləri fonunda səslənməyə bilməzdi. Bəzi müxalifətçilər, rus və xarici ekspertlər terror aktının Rusiya hökumətinin öz işi olduğuna birbaşa və ya dolayı eyhamlar vururlar. Onların fikrincə, hökumət bununla əhalinin fikrini yayındırmağa, daxili siyasəti sərtləşdirməyə bəhanə qazanmağa və ya sadəcə, baş verənlərə görə günahı etiraz aksiyaları keçirən siyasi müxalifətin üzərinə qoymağa çalışır. Guya Kremlin «Birlikdə terrora qarşı» şüarı ilə mitinqin keçirilməsi qərarı da bununla bağlıdır. Ölkənin aparıcı telekanallarında isə etirazçı gənclərin müzakirəsi əvəzinə bir anda terror təhlükəsi fonunda xalqın birləşməsi haqqında danışılmağa başlanıb.

Lakin bu versiya həm də ona görə heç bir tənqidə cavab vermir ki,  hakimiyyət müxalifətin ünvanına heç bir ittiham səsləndirməyib. Ümumi bəla ətrafında birləşmə hissinə gəlincə, o, tez keçir və bir müddət sonra insanların başı öz gündəlik işlərinə, problemlərinə qarışır. Əvəzində, daim təhlükə hiss etmək «təhlükəsizliyi yaxşı təmin etməyi bacarmayan» hakimiyyətə qarşı yeni etirazların baş qaldırmasına səbəb ola bilər. Ən azı, Piter metrosunun təhlükəsizlik xidməti ilə bağlı elementar suallar meydana çıxır. Onlar çantasına bomba qoymuş şəxsi metroya necə buraxıblar? Necə olur ki, o, ikinci bombanı lazım bildiyi yerə yerləşdirərək, asanlıqla oradan uzaqlaşır? Üstəlik, ikinci bomba odsöndürən formasında maskalanıbmış. Odur ki, bu cür «fikiryayındırma» təxminedilməz və təhlükəlidir.

İkinci versiya Suriya izidir. Bu, daha inandırıcı görünür. Çünki Rusiya Suriyada özünü məhz beynəlxalq terrorçuluqla mübarizənin flaqmanı kimi aparır. Xarici KİV yazır ki, böyük fövqəldövlət iddialarının «haqqını verməlisən». Bundan başqa, «The Independent» İD ilə «Cabhat ən-Nusra»nın Rusiyanı çoxdan hədələdiyini xatırladır. Bunun partlayış zamanı Sankt-Peterburqda olmuş Putinə meydan oxunulması kimi qiymətləndirənlər də var. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, ölkədə törədilən istənilən terror aktı həm də dövlət başçısına çağırışdır.

İlk baxışdan, qəribə heç nə yoxdur - terror aktları Brüssel, Paris, Nitsa və İstanbulda da baş verir. Xüsusi xidmət orqanlarının fasiləsiz işləməsinə baxmayaraq, ondan Rusiyanın da heç bir şəhəri sığortalanmayıb. Üstəlik, belə şəxslərin əvvəlcədən müəyyənləşdirilməsi çox çətindir. Milliyyətcə özbək olan Cəlilov Rusiya pasportu alanadək Qırğızıstanın Oş şəhərində yaşayıb. İndi, onun günlərin birində çantasına bomba qoyaraq həmvətənlərini öldürməyə yollanmasının səbəbini, çətin ki, kimsə izah edə bilsin.

Əgər əvvəllər - 1990-2000-ci illərdə əksər terror aktları Çeçenistan müharibəsi ilə əlaqəli olurdusa, indi problemli məkan Moskvanın yaxın qonşuları, Rusiyaya əsas işçi qüvvəsi tədarükçüsü olan Mərkəzi Asiya ölkələridir. Bəzi ekspertlər Qırğızıstanın cənubunun, Cəlilovun da əslən mənsub olduğu Oşun radikallaşması təhlükəsindən danışır. Onlar, ümumiyyətlə, daim münaqişə zonası olan Fərqanə vadisi ilə bağlı bu problemin olduğuna diqqət çəkir. Qeyd edək ki, məhz bu bölgə illərdir ki, Mərkəzi Asiya əhalinin ən sıx yaşadığı bölgəsidir.

Bu, 1990-cı ildə Özbəkistandan (Türküstan) İslam Hərəkatının Özbəkistandan çıxarılmasının (lakin məhv edilməməsinin) nəticəsidir. Hərəkat 2014-cü ildə “İD”yə qoşulduğunu bəyan edib. Digər səbəblər Tacikistandakı vətəndaş müharibəsi və 2010-cu ildə Qırğızıstanda baş vermiş növbəti «rəngli inqilab»dır. Son belə hadisələrdən biri də ölkənin cənubunda milli zəmində baş vermiş toqquşmadır. Oş və Cəlalabadda qırğızlarla-özbəklər arasında qarşıdurmaya, radikallaşmaya, gənclərin Əfqanıstan, Pakistan, Suriya kimi ölkələrin radikal strukturlarına axınına yol açıb. İslamçılar Əfqanıstandan narkotik və silah qaçaqmalçılığı hesabına dolanır. Bu bölgələrdə hökm sürən işsizlik də onların işinə yarayır. Sonradan isə həmin insanlar istər qastarbayter kimi, istərsə də daimi yaşayış icazəsi ilə asanlıqla Rusiyaya yollana bilir. Rusiyanın xüsusi xidmət orqanları bildirir ki, Cəlilov bu ilin fevralında Qırğızıstana uçubmuş. Türkiyədə olmuş bu şəxs Suriya sərhədini keçməyə cəhd də göstəribmiş.

Maraqlıdır ki, aprelin əvvəlində terrorçular yalnız Sankt-Peterburqda peyda olmayıblar. Aprelin 4-də naməlum şəxslər Həştərxanda yol-nəqliyyat hadisəsini qeydə almağa gəlmiş 2 polis əməkdaşını güllələyib. Aprelin 6-na keçən gecə isə onlar Rusiya Milli Qvardiyasının postunu atəşə tutublar. Terrorçuların məhv edilməsindən sonra, onların Həştərxan vilayətinin, Çeçenistan və Dağıstanın yetirmələri olduğu aşkarlanıb. Sonradan guya “İD”nin baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdüyünə dair xəbər yayılıb.

Sankt-Peterburq terrorundan dərhal sonra Rusiyada təbii olaraq, miqrantlara qarşı etiraz dalğası baş qaldırıb. Bu, xüsusilə Mərkəzi Asiya ölkələrindən olan miqrantlara aiddir. Qısa zamanda sosial şəbəkələrdə onlarca qastarbayterin döyüldüyünə dair xəbərlər yayılıb, Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilməsini nəzərdə tutan qanunun qəbulundan imtinaya, əksinə, miqrasiya sahəsində qanunvericiliyin sərtləşdirilməsinə çağırışlar başlayıb.

Andrey (İlyas) Nikitinlə bağlı baş verənləri xüsusi qeyd etmək olar. Terror aktından sonrakı ilk saatlarda onun fotosu bütün sosial şəbəkələri bürüyüb: başında müsəlman papağı olan saqqallı şəxs ideal kamikadze obrazını canlandırırdı. Lakin sən demə, bu, keçmiş hərbçi, yük avtomobili sürücüsü olan başqırd imiş. Özünü televizorda görən şəxs dərhal polisə yollanıb və az sonra onu sərbəst buraxıblar. İndi isə Nikitinin özünü də müəyyən mənada terror qurbanı saymaq olar. Əvvəlcə onu Orenburq reysinə buraxmayıblar - Vnukovo aeroportunda bəzi sərnişinlər onunla eyni reysdə uçmaq istəməyiblər. Sonradan isə Nikitini, ümumiyyətlə, işdən çıxarıblar.

Odur ki, Suriya versiyası ilə yanaşı, Sankt-Peterburq terroru və Həştərxanda baş verənlər ölkədə millətlərarası münasibətlərin qızışdırılmasına, islamofobiyanın coşdurulmasına da hesablana bilər. Bunun, eyni zamanda, Rusiya ilə Mərkəzi Asiya ölkələrinin inteqrasiyasına zərbə vurmaq məqsədi daşıdığı da istisna deyil. Hər halda, terror aktından cəmi 2 gün sonra, Özbəkistan Prezidenti Şavkat Mirzoyev Moskvaya ilk dövlət səfərini edib. KİV-in məlumatına görə, səfər kifayət qədər uğurlu alınıb. Tərəflər ümumi dəyəri 15 milyard dollar olan layihələrin icrasına dair razılaşmalar imzalayıb. Daşkənd Aİİ ilə Azad Ticarət Zonasının yaradılmasında maraqlıdır. Moskva isə Özbəkistanın kənd təsərrüfatı və ərzaq məhsulları üçün «yaşıl gömrük dəhlizi» açır.

Odur ki, nə qədər təəssüfləndirici olsa da, istər Piterdə baş vermiş partlayış, istərsə də Rusiyanın cənubunda yaşanmış insidentlər davam edə bilər. Bu yerdə isə hər şey Rusiya xüsusi xidmət orqanlarından asılı olacaq. Məhz onların fəaliyyətinin nəticəsi ölkədə hakimiyyətə münasibətə öz təsirini göstərə bilər. Sankt-Peterburq terroruna bu tərəfdən yanaşdıqda, bütün versiyalar bir nöqtədə cəmlənir.



MƏSLƏHƏT GÖR:

388