20 Aprel 2024

Şənbə, 03:13

SARQSYANIN «UĞUR FORMULU

Ermənistanda keçirilmiş parlament seçkisinin nəticələrini Karapetyanın «xilastmə halqası», Sarukyanın «qızıl təpələri» və hər səsə görə ödənilən 40 dollar müəyyən edib

Müəllif:

15.04.2017

Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkisinin nəticələri əvvəldən təxmin edildiyi üçün proses heç bir intriqa vəd etmirdi. Səsvermənin nəticələri yalnız bir baxımdan maraq doğururdu: bu, Ermənistanda konstitusiya islahatları ilə bağlı 2015-ci ildə keçirilmiş referendumdansonrakı ilk seçki idi. Xatırladaq ki, konstitusiya islahatları hazırkı dövlət başçısının səlahiyyət müddətinin başa çatmasından sonra, ölkənin parlament üsul-idarəsinə keçidini nəzərdə tutur. Yəni, nəzəri baxımdan, gələn il hakimiyyət tamamilə qanunverici orqana keçməlidir.

Bundan sonra Ermənistan prezidentini məhz parlament seçəcək və dövlət başçısı, sadəcə, simvolik səlahiyyətə malik olacaq. Baş naziri və hökumətin tərkibini də parlament təsdiqləyəcək. Silahlı qüvvələr hökumətə tabe olacaq, müharibə şəraitində isə Baş nazir Ali Baş Komandan olacaq.

Hökumətpərəst politoloq və analitiklər bu prosesi liberallaşma və demokratikləşməyə doğru daha bir addım kimi təqdim etməyə çalışır. Lakin islahatlarla bağlı söz-söhbət ortaya çıxan andan Serj Sarqsyanın bu manevrlə hakimiyyət müddətini uzatmağa çalışdığı aydın idi. Aydındır ki, o, bundan sonra Baş nazir kimi hakimiyyətdə qalmağı düşünür - Sarqsyan nə qədər ki, parlamentə nəzarət edə biləcək, bu postda da o qədər qalacaq. Beləliklə, parlament seçkisi ölkənin bundansonrakı daxili və xarici siyasətini müəyyənləşdirəcək siyasi qüvvəni ortaya çıxarmalı idi.

Ermənistanda konstitusiya və idarəçilik forması ilə yanaşı, seçki qanunvericiliyi də dəyişdirilib. O, elə hala gətirilib ki, səsvermə prosesini son anadək MSK da daxil olmaqla, heç kəs anlamayıb. Məsələ ondadır ki, seçki dairələrində ümumi partiya siyahıları ilə yanaşı, partiya və blokların nümayəndələrinin reytinq siyahısı da peyda olub.

Daha bir təəccüblü məqam, seçki məntəqələrinin yalnız ölkə daxilində yaradılmasıdır. Yəni, ölkənin Ermənistandan kənarda yaşayan vətəndaşları səs vermək hüququndan məhrum edilib. Halbuki, ən səthi hesablamalara görə, Ermənistan əhalisinin üçdəbiri ölkədən kənarda yaşayır. Bu qərarı qəbul etmiş insanları anlamaq mümkündür. Axı bu və ya digər səbəbdən ölkəni tərk etmək məcburiyyətində qalmış insanlardan dəstək gözləmək yersiz olardı. Onlar öz səslərini ayaqları ilə veriblər.

Diplomatik missiya nümayəndələri üçün isə elektron səsvermə sistemi yaradılıb. MSK-nın məlumatına görə, ondan cəmi 1 000 nəfər istifadə edib. Ümumiyyətlə, qeyd edək ki, Avropa İttifaqı və ABŞ tərəfindən maliyyələşdirilən elektron texnologiyaların tətbiqi bu seçkinin daha bir özünəməxsus «yenilik»i sayıla bilər. Hakim Respublika Partiyası sədrinin müavini Armen Aşotyan hələ seçkidən əvvəl deyirdi: «Siyasi baxımdan biz texnoloji inqilab edirik. Supermüasir seçki sistemini tətbiq edən azsaylı ölkələrdənik - özü də bu sistem hüquqi baxımdan ən yaxşı olmaqla yanaşı, texniki baxımdan da olduqca mürəkkəbdir. Məsələyə belə yanaşanda anlamaq olar ki, minlərlə texniki qurğular, videonəzarət kameraları, şəxsiyyəti müəyyən edən avadanlıqlar bəzən işləməyə də bilər».

Lakin Aşotyanın təriflədiyi «texnoloji inqilab» seçkinin lap əvvəlindən iflasa uğrayıb - ayrı-ayrı seçki məntəqələrindən seçicilərin barmaq izlərinin tanınması üçün nəzərdə tutulmuş qurğuların işləmədiyinə dair xəbərlər gəlməyə başlayıb. Hətta Prezident Sarqsyanın cəhdləri də nəticə verməyib və onu bütün barmaqlarını, az qala, ən son texnologiya elan edilən bu oyuncağa salmağa məcbur ediblər. Lakin bütün cəhdlər uğursuz olub: qurğu prezidentin heç bir barmağını «tanımayıb».

Baş verənləri izləyən rusiyalı jurnalistlərdən biri dözməyərək, Sarqsyandan bunun nə qədər davam edəcəyini soruşub. Cavab kifayət qədər qısa olub: «Bu mənim səlahiyyətimdə deyil». Amma uğursuzluq prezidentin necəsə səs verə bilmək üçün pasportunu komissiyaya təqdim etməsindən sonra da davam edib. Texnoloji sistem israrla Ermənistani prezidentini «tanımaqdan imtina edib».

Bənzər vəziyyətlə digər siyasi liderlər də qarşılaşıblar. Söhbət Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan və «Ohanyan-Raffi-Oskanyan» blokunun liderlərindən biri, sabiq XİN başçısı Vardan Oskanyandan gedir.

İstənilən halda, seçkinin nəticələrinə əsasən, hakim ERP 49,17% səs yığmaqla, parlamentdə konstitusion çoxluğa sahib çıxıb (105 mandatdan 58-i). Sonrakı yeri 27,35% səslə Sarukyanın bloku tutub və müvafiq olaraq, 31 mandat əldə edib. «Yelk» («Çıxış») bloku 7,78% səslə parlamentdə 9 yer qazanıb. «Daşnaksutyun» da parlamentə düşə bilib. 6,58% səs yığmış daşnaklar qanunverici orqanda 7 deputatla təmsil olunacaqlar. MSK-nın məlumatına görə, seçici fəallığı 60,86% təşkil edib.

Bəs, Ermənistanda keçirilmiş parlament seçkisinin nəticələrinə hansı səbəblər və amillər təsir göstərib?

Birincisi, hakim partiyanın geninə-boluna istifadə etdiyi inzibati resursları heç kəs onun əlindən almamışdı. Seçkiqabağı kampaniya dövründə olduğu kimi, səsvermə zamanı da rayon və şəhər administrasiyaları prosesə istədikləri kimi təsir göstərib. Digər vacib amil isə «psixoloji amil»dir. Xatırladaq ki, ötən ilin «4 günlük müharibə»si məhz 1 il əvvəl - 2016-cı il aprelin 2-də baş vermişdi.

Məlum olduğu kimi, o zaman Ermənistan tərəfinin növbəti təxribatından sonra, Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçmiş, bütün cəbhə boyunca işğalçı orduya sarsıdıcı zərbə vurmuşdu. Parlament seçkisi də məhz həmin hadisələrin ildönümünə təsadüf etmişdi və Ermənistan rəhbərliyi bundan yararlanmaq üçün əlindən gələni edirdi - hakimiyyət elektoratını mümkün qədər qorxutmağa çalışırdı. Proses boyunca «Bizi seçməsəniz, Azərbaycan Ordusu Sevana və ya İrəvanadək gələ bilər» kimi çağırışlar eşidilirdi. Bir sözlə, ERP özünü erməni xalqının müdafiəçisi kimi təqdim etməyə çalışırdı.

Seçki dövründə hakim partiya «xilasetmə halqası» kimi, Baş nazir Karen Karapetyandan istifadə edib. Məhz onun sayəsində ERP erməni ictimaiyyətinin bəyənmədiyi xoşagəlməz, kriminal keçmişə və bugünə malik siyasi fiqurlardan qismən də olsa, qurtula bilib. Seçkiqabağı kampaniya zamanı Karapetyan ölkəyə mildardlarla investisiya cəlb edəcəyinə də söz verib, hansısa rus investorlarına məxsus klublardan, fondlardan danışıb. Lakin istər erməni, istərsə də rus analitikləri Karapetyanın bu vədlərini dərhal «boş xəyal» adlandırıb.

Aydındır ki, rusiyalı investorlar klubu dedikdə, söhbət Rusiyada yaşayan bir neçə erməni sahibkardan gedir. Onlara «Taşir» qrupunun Baş nazirlə eyni soyada malik Samvel Karapetyan rəhbərlik edir. Bu, ticarət və əyləncə mərkəzləri, restoranlar şəbəkəsi və sairdir. Ən əsas məsələ isə Ermənistanın elektrik şəbəkəsidir - bu şəbəkə hansısa möcüzə sayəsində onun Kiprdəki offşorlarında «oturmuş» mülkiyyəti sırasına düşüb. Başqa sözlə, Baş nazir nəhəng kapital qoyuluşlarına dair amorf perspektivlərdən danışarkən, onun iqtisadiyyatın konkret hansı sahələrini əhatə edəcəyini söyləməyib. Yəqin ki, belə sahələr artıq ümumiyyətlə, qalmayıb.

Hər halda, Karapetyan Qərb texnologiyasından və o qədər də ləkələnməmiş ad-sanından istifadə etməklə, partiyanın «sima»sına çevrilə, qələbə qazanılmasında ona kömək edə bilib. Lakin gələcəkdə onun ERP lideri, prezident Serj Sarqsyan üçün ciddi təhlükəyə çevriləcəyi istisna deyil. Bu gün Sarqsyanı xilas edən, ona köməklik göstərən Karapetyan sabah hakimiyyətin dadını hiss edə, Sarqsyanın ölkəyə Baş nazir kimi rəhbərliyə başlamağı planlaşdırdığı gələn il onun ciddi rəqibinə çevrilə bilər.

Ermənistanın hakim partiyasının yeni «uğur sirləri» arasında ölkədən getmiş vətəndaşların yerinə səs verilməsi və seçicilərə rüşvət paylanması xüsusi yer tutur. Üstəlik, bu, istər pul şəklində, istər ərzaq, mal maylanması, kommunal borcların ödənməsi formasında həyata keçirilib. Seçkini müşahidə etmiş yerli və beynəlxalq müşahidəçilər də seçiciləri rüşvətlə ələ alınması hallarının kütləvi xarakter daşıdığını yekdilliklə təsdiqləyib. Bu faktı təsdiqləyənlər arasında «Vətəndaş müşahidəsi» təşəbbüsü, ATƏT/DTİHB missiyası, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının nümayəndələri, həmsinin ABŞ-ın Ermənistandakı səfirliyinin təmsilçiləri də var.

Analitiklər hesab edir ki, hakimiyyət bu yolla paytaxt seçicilərinin, təxminən, yarısına, regionlarda isə mütləq əksəriyyətinə təsir göstərə bilib. İnanılmaz olsa da, faktdır: Ermənistanın hazırkı hakimiyyətinin siyasəti nəticəsində yoxsulluq həddinə çatdırılmış vətəndaşlar öz səsini, orta hesabla, 20 min drama və ya 40 dollara satıb. «Mən seçicilərin kütləvi şəkildə ələ alınması və sair haqqında deyilənlərlə razı deyiləm. Bəli, belə hallar olub. Lakin bu, qarşılıqlı razılaşma əsasında baş verib və heç kəs heç nəyə məcbur edilməyib. Burada cinayət varsa, bu, hər iki tərəfə aiddir. Odur ki, cəmiyyət özünün seçdiyi parlamentə layiqdir», - deyə səsvermənin gedişini «Lraqir» qəzetinə müsahibəsində şərh edən erməni politoloq Qagik Ambaryan bildirib.

Seçicilərin kütləvi şəkildə rüşvətlə ələ alınmasını digər siyasi qüvvə - Sarukyanın bloku da həyata keçirib. Artıq qeyd olunduğu kimi, o, seçkidə ikinci yeri tutub. Sarukyan insanları rüşvətlə almaqla yanaşı, iddialı vədlərlə də cəlb etməyə çalışıb. O, qalib olacağı təqdirdə, ölkəyə 15 milyard dollar investisiya cəlb edəcəyini söyləyib. Bu, Ermənistan üçün əlbəttə ki, nəhəng rəqəmdir. Çünki ölkənin ÜDM-i cəmi 10,4 milyard dollar təşkil edir.

Doğrudur, Sarukyanın biznes dairələri ilə, o cümlədən xarici biznes dairələri ilə geniş əlaqələrinin olduğu heç kəsə sirr deyil. Amma onun bu investisiyaları ölkəyə hansı yolla cəlb edəcəyi məlum deyil. Aydın olmayan bir şey də var: əgər Sarukyan belə imkana malikdirsə, bunu niyə indiyədək etməyib?

Fikrimizcə, Sarukyanın «uğur formulu»nda onun Ermənistan rəhbərliyi ilə birmənalı olmayan münasibəti də az rol oynamayıb. «Çiçəklənən Ermənistan» partiyasının lideri olaraq, özünü «hakimiyyətə alternativ» adlandıran Sarukyan vaxtilə müxalif bəyanatlar səsləndirirdi. Lakin prezidentin cəmi bir iradı ilə siyasi meydanı tərk etməli olmuşdu.

İndi, seçki ərəfəsində Sarukyan yenidən hakimiyyətə faydalı fiqura çevrilərək, maliyyə resursları hesabına siyasi boşluğu doldura bilib. Sarukyan həm hakimiyyətin, həm də müxalifətin siyasətindən son dərəcə məyus olmuş seçicilərin səsini qazanmağı bacarıb. Əminliklə demək olar ki, yeni parlamentdə Sarukyanın siyasi bloku özünü müxalifət kimi göstərsə də, əslində, çox sözəbaxan və üzüyola olacaq.

Qərbpərəst «Yelk» blokuna da özünəməxsus «cib müxalifəti» rolu verilib. Bu blokun lideri Nikola Paşinyanın siyasi bioqrafiyasına baxsaq, onun daha çox ideoloq yox, “səhnəarxası” oyunlar ustası, «media qatili» olduğunu söyləyə bilərik. Analitiklər hesab edir ki, Sarqsyan «Yelk»i parlamentə buraxmaqla, guya ölkə idarəçiliyində siyasi plüralizmin, demokratiyanın olduğunu nümayiş etdirməyə çalışır. Bu, Qərbdən olan kuratorlara və Avropanın maliyyə strukturlarına edilmiş güzəşt də sayıla bilər. Hər halda, Ermənistanın onların köməyinə ehtiyacı böyükdür.

Yeri gəlmişkən, Ermənistana maliyyə yardımından danışan zaman erməni diasporu da istər-istəməz yada düşür. Bu seçkidə diaspor müşahidəçi qismində - erməniəsilli kanadalı rejissor Atom Eqonyan, xanımı, aktrisa Arsin Xancyan, rok ifaçısı Serj Tankyan və digər «desantlar»la təmsil olunub. Ermənistan mətbuatı artıq onlara «Beyrut desantı», «axpar» (erməni dilində - qardaş) adı qoyub. Elə həmin KİV-ə inansaq, «axpar»ların əsas məqsədi diasporun ultimatumunu hakimiyyətə çatdırmaq imiş: dünya erməniliyinin əsas siyasi təşkilatı olan EİF «Daşnaksutyun» parlamentə düşməlidir! Təbii ki, Sarqsyan bu sifarişə əməl etməyə bilməzdi və daşnakların az sayda da olsa, qanunverici orqana düşməsini çoxları məhz bununla əlaqələndirir. Üstəlik, ERP-nin daşnaklarla mübarizə aparmaq üçün əsası da yoxdur - iki ölkə arasında əməkdaşlıq sazişi var. Amma ermənilərin «ən qədim partiyası»nın cəmi bir neçə mandatla kifayətlənmək məcburiyyəində qaldığını müşahidə etmək də gülməlidir. Hər halda, diasporun xətrinə dəyilməyib. Əks təqdirdə, Sarqsyan buna siyasi karyerası ilə cavab verməli olardı - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan kimi.

Yeri gəlmişkən, Ter-Petrosyan seçkiqabağı kampaniyasını Qarabağ probleminin həlli, Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin yaradılması məsələsi üzərində qurmuşdu. Dövlət başçısı olduğu dövrdə o, Dağlıq Qarabağ münaqişəsi çözülmədən Ermənistanın inkişafının, əsl dövlətə çevrilməsinin mümkünsüzlüyünü dəfələrlə dilə gətirmişdi. Bununla yanaşı, Azərbaycan torpaqlarının işğalına məhz Levon Ter-Petrosyanın prezidentliyi dövründə başlandığını unutmaq olmaz və bu üzdən «sülh göyərçini» rolu ona o qədər də yaraşmır.

İstənilən halda, Ter-Petrosyanın başçılıq etdiyi siyasi blok parlamentə düşə bilməyib. O, məğlubiyyətini belə izah edib: «Milli sərvətin böyük bir hissəsinin bir qrup insanın əlində cəmləşdiyi, xalqın isə yoxsulluq içərisində yaşadığı ölkədə seçkidən fərqli nəticə gözləmək siyasi savadsızlıq olardı». Yəqin ki, bu, sabiq prezidentin siyasi həyatında son seçkisi idi. Seçkinin nəticələri isə erməni ictimaiyyətinin sülhə, qonşularla normal münasibətlərə hazır olmadığını bir daha sübut edib.

Ermənistanda keçirilmiş parlament seçkisinin təhlilini elə Levon Ter-Petrosyanın bir fikri ilə ümumiləşdirmək olar: «Bizə ERP, ÇEP, EİFD və «Yelk»in Ermənistan iqtisadiyyatını sürətlə inkişaf etdirəcəyi, ölkəyə milyardlarla dollar investsiiya gətirəcəkləri, Ermənistan ordusunu gücləndirəcəkləri, durmadan artan emiqrasiyanın qarşısını alacaqları və xalqımızın əsas problemi olan Qarabağ münaqişəsini çözəcəkləri günü gözləmək qalır».



MƏSLƏHƏT GÖR:

392