20 Aprel 2024

Şənbə, 02:13

YENİ MƏRHƏLƏ

Azərbaycanla-Qazaxıstan regional əməkdaşlıqda keyfiyyətcə yeni vəziyyət yaradır

Müəllif:

15.04.2017

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfərinin effektli və məhsuldar keçəcəyini müşahidəçilər hələ səfərdən xeyli əvvəldən proqnozlaşdırırdı. Səfər zamanı hansı mövzularda müzakirələrin aparılacağı tam açıqlanmasa da, gözləntilər lap əvvəldən yüksək idi. Bu, qarşılıqlı maraq doğuran məsələlərin kifayət qədər çox olması ilə əlaqədardır.

Gündəm həqiqətən də dolğun imiş - məhdud və geniş tərkibdə danışıqlardan sonra, ölkələr arasında iki ölkə prezidentinin Birgə Bəyannaməsi ilə yanaşı, 5 başqa sənən də imzalanıb: iki ölkənin dəmir yolu idarələri arasında «Logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş»; «İkiqat vergitutma sahəsində Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol»; «Beynəlxalq avtomobil əlaqələri haqqında Saziş»; iki ölkənin Xarici İşlər nazirlikləri arasında «2017-2018-ci illər üzrə Əməkdaşlıq Proqramı»; «Bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş».

Tərəflərin qiymətləndirməsinə görə, Bakıda imzalanmış sənədlər ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoymalıdır. Lakin bu, Azərbaycanla-Qaraxıstan arasında heç də qarşılıqlı maraq doğuran bütün sahələr deyil. Tərəflərin bəyanatlarından da məlum olduğu kimi, artıq yaxın illərdə biz ikitərəfli əməkdaşlığın bütün sahələrində güclü sıçrayışa şahid olacağıq.

Bakıda prezidentlər gündəlikdə olan hər bir məsələni detallı şəkildə müzakirə edib. Söhbət istər ticarət dövriyyəsinin artırılmasından, istər qarşılıqlı investisiya qoyuluşundan, istərsə də beynəlxalq nəqliyyat layihələri çərçivəsində əməkdaşlıqdan gedir.

 

Ticarət

Qazaxıstanla-Azərbaycan arasında əsas əməkdaşlıq sahəsi əvvəlkitək qarşılıqlı ticarətdir. Lakin tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin hazırkı səviyyəsindən razı deyil. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, «Bu bizim nə potensialımızı, nə də niyyətlərimizi əks etdirə bilər».

Qazaxıstan tərəfinin məlumatına görə, 2016-cı ilin yekununa iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 137 milyon dollar təşkil edib. Tərəflər arasında birbaşa dəniz əlaqəsinin olmasına baxmayaraq, ötən il Qazaxıstanın xarici ticarət dövriyyəsində Azərbaycanın payı cəmi 0,2% təşkil edib. Üstəlik bu, 2015-ci illə müqayisədə qeydə alınmış 8,3%-lik artımdan sonrakı rəqəmdir. Bundan başqa, Qazaxıstanın ixracı Azərbaycandan idxalı 3 dəfədən artıq üstələyir.

Eurasia.expert portalının məlumatına görə, Qazaxıstan Azərbaycana neft-qaz resursları, kimyəvi xammal, taxıl, arpa, tütün məmulatları, polad istehsalı, elektrik avadanlıqları tədarük edir. Azərbaycandan Qazaxıstana isə neft məhsulları, etilen polimerləri, maşın və mexanizmlər üçün ehtiyatlar, yığma tikinti konstruksiyası idxal edilir.

Prezident İlham Əliyev bildirib ki, Qazaxıstandan teplovozlar və elektrovozlar alan Azərbaycan, öz növbəsində, Bakı Gəmiqayırma Zavodunda Astana üçün gəmilər inşa etməkdə maraqlıdır. Üstəlik, kənd təsərrüfatında da istifadə edilməyən böyük potensial var. Prezident Nursultan Nazarbayevin dediyi kimi, yalnız 1 ildə Azərbaycandan Qazaxıstana tərəvəz idxalının həcmi 12 dəfə artıb.

Qeyd edək ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarı Rusiyadır. Lakin Qazaxıstanın da perspektiv bazar kimi, Rusiya istiqaməti qarşısında böyük üstünlükləri var. Rusiya istiqamətində məhsul ixracı zamanı gömrük problemlərinə kifayət qədər tez-tez rast gəlinir. Üstəlik, bu problemlərin bir hissəsi süni şəkildə, uydurma səbəblərlə yaradılır və sonda məsələyə iki ölkənin hökumətləri qarışmalı olur. Qismətdən, elə Nazarbayevin Bakıda səfərdə olduğu günlərdə Azərbaycan-Rusiya sərhədində Azərbaycanın yük maşınlarından ibarət uzun-uzadı növbə yaranmışdı. Bu dəfə rusiyalı gömrükçülər məhsul tədarükçülərini Rusiyaya Türkiyə tərəvəzi keçirmək cəhdində şübhəli bilirdi - onun Rusiyaya buraxılması qadağandır.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Bakıdan dönər-dönməz Azərbaycanın Aktaudakı logistika mərkəzinə xüsusi gömrük rejiminin tətbiqi haqqında göstəriş verib. Məlumatı Azərbaycanın İqtisadiyyat Nazirliyi yayıb. Astana istər Azərbaycandan məhsul idxalının həcminin artırılmasında, istərsə də onun çeşidinin çoxaldılmasında maraqlıdır. «Əgər Qazaxıstanın idxalının nə olduğuna, Azərbaycanın ixrac və idxalının nələr olduğuna baxsaq, belə çıxır ki, biz bir-birimizdə olan malları uzaq ölkələrdən alırıq; məsələn, şəkər. Qazaxıstanda böyük şəkər qıtlığı var. Biz onu alırıq, amma Azərbaycandan da ala bilərik. Yaxud, Azərbaycan, məsələn, siqaretləri 250 milyona alır. Biz bunun yarısını verə bilərik və sair», - deyə N.Nazarbayev Bakıda mətbuata bəyanatında bildirib.

Əvvəlcə tərəflər qarşıdakı 3 ildə qarşılıqlı ticarətin həcmini 0,5 milyard dollara çatdırmağı planlaşdırırdı. Lakin nəzərə alsaq ki, iki ölkənin nəqliyyat idarələri, artıq 0,5 milyard dollarlıq saziş imzalayıb, indi, tərəflərin qarşısında 2020-ci ilə ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması kimi iddialı vəzifə durur.

Bəs Bakı ilə Astana yerdə qalan yarım milyardlıq dövriyyəni nəyin hesabına təmin etmək niyyətindədir? Bu, artıq hökumətlərarası komissiyanın gələn ay keçiriləcək toplantısından sonra aydın olacaq. Prezidentlər hökumətlərinə bütün istiqamətlər üzrə «Yol xəritəsi»nin hazırlanmasını tapşırıblar.

 

Nəqliyyat

Bununla yanaşı, qarşılıqlı ticarət dövriyyəsi həcminin yeddiqat artırılması planı Xəzər dənizi vasitəsilə tranzit əlaqəsi və nəqliyyat-logistika əlaqəsinin genişləndirilməsini də aktuallaşdırır. «Biz bu il Asiyadan Avropaya və Avropadan Asiyaya bizim ərazimizlə daşımaların vaxtını əhəmiyyətli dərəcədə azaldacaq Bakı-Tiflis-Qars dəmir yolunun işə düşəcəyini gözləyirik. Qazaxıstanda da, Azərbaycanda da bütün lazımi infrastruktur yaradılıb. Həmçinin məmnuniyyətlə qeyd edildi ki, bir neçə gün əvvəl, artıq yeni Kurık limanından Azərbaycana ilk yük göndərilib və bu da, həmçinin potensialın göstəricisidir», - deyə İ.Əliyev qeyd edib.

Dövlət başçısının sözlərinə görə, son il ərzində Azərbaycan və Qazaxıstandan yüklərin tranzitində ciddi artım var. Bəzi mövqelərdə, hətta səkkizqat artım müşahidə olunur.

Bu kontekstdə onu da qeyd etmək lazımdır ki, son iki ildə Moskvanın Türkiyəyə tətbiq etdiyi sanksiyalar üzündən türk mallarının Mərkəzi Asiyaya Azərbaycan vasitəsilə daşınması kəskin artıb. Üstəlik, Ukrayna da Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrilə ticarətdə Azərbaycan marşrutundan istifadə etməkdə maraqlıdır.

Ən başlıcası isə Qazaxıstanın özü Çindən Avropaya yüklərin Azərbaycan vasitəsilə tranzitinin təşkilinə maraq göstərir. «Qazaxıstan yeni İpək Yoluna cəlb olunub - Çin Xalq Respublikasının “bir kəmər-bir yol” təşəbbüsü əsasında Çinin sərhədindən Xəzər dənizinə qədər ümumi uzunluğu 2 min kilometrədək olan dəmiryolu inşa edilib. Artıq bu yol işləyir və öz bəhrələrini verir. Qərbi Çin-Qərbi Avropa avtobanının 2700 kilometrlik hissəsi inşa olunub. İndi söhbət Çindən konteynerlərin gətirilməsindən gedir. Yəqin eşitmisiniz, konteynerlər, artıq Qərbi Avropaya, Böyük Britaniyaya 14 sutka ərzində çatdırılır, halbuki dənizlər və okeanlar vasitəsilə 40-45 sutkaya gətirilirdi. İndi isə məsələ belə qoyulub ki, yüklər Avropaya Qafqaz - Bakı, Xəzər dənizi vasitəsilə gətirilsin», - deyə Qazaxıstan Prezidenti bildirib.

İlkin qiymətləndirmələrə görə, illik daşıma həcmi, təxminən, 6-7 milyard dollar təşkil edəcək və onun ciddi bir hissəsi Azərbaycan vasitəsilə həyata keçiriləcək. Bu zaman Azərbaycanın tranzitdən gəlirləri 0,5 milyard dolları aşa bilər. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bunun üçün yalnız infrastrukturun mövcudluğu kifayət deyil. Hazırda «Şərq-Qərb» beynəlxalq nəqliyyat dəhlizinin keçdiyi Azərbaycanda, Qazaxıstanda, Türkiyə və Gürcüstanda tranzit tariflərinin azaldılması və eyniləşdirilməsi istiqamətində ciddi iş aparılır.

«Artıq müəyyən nəticələr əldə etmişik. Bu gün bizim verdiyimiz tapşırıqlar bu yolu həm xeyli qısaldacaq, həm də iqtisadi baxımdan cazibədar edəcək», - deyə İ.Əliyev bildirib.

 

Neft

Gözlənildiyi kimi, Nursultan Nazarbayevin Bakı səfərində Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan boru xətti ilə tranziti də müzakirə edilib. Qazaxıstan Prezidenti bu müzakirənin detallarını açıqlamasa da, gələcəkdə Astananın öz neftini dünya bazarlarına çıxarmaq üçün bu marşruta müraciət etmək niyyətində olduğunu söyləyib.

Prinsipcə, Qazaxıstanın «Tengiz» yatağından çıxarılan qazax nefti 2008-ci ildən fasilələrlə Bakı-Tiflis-Ceyhan boru xətti ilə nəql olunub. Bundan başqa, ildə 3 milyon ton Qazaxıstan nefti dəmir yolu vasitəsilə məhz Azərbaycandan keçməklə, Gürcüstanın Batumi limanına çatdırılır.

Tərəflər «Tengiz»dən hasilatın artacağını və «Kaşaqan» yatağının istismarına başlanılacağını nəzərə alaraq, hələ 2008-ci ildə yeni Qazaxıstan Xəzər Nəql Sisteminin (QXNS) yaradılmasına dair razılığa gəlmişdi. Bu sistem neftin Qazaxıstanın Kurık limanından Bakıya iritonnajlı tankerlərlə daşınmasını, burada isə Bakı-Tiflis-Ceyhan boru xəttinə vurulmasını nəzərdə tutur. İlkin mərhələdə QXNS-nin gücü ildə 23 milyon ton, sonradan isə 56 milyon ton neft olmalıdır.

Lakin «Tengiz»dən hasilatın artırılmasının və «Kaşaqan»ın istismarının gecikməsi QXNS-nin reallaşdırılmasını təxirə salmışdı. Çünki mövcud boru xətləri Qazaxıstan neftinin ixracı üçün kifayət edirdi. Nəhayət, 2016-cı ilin sonunda «Kaşaqan» yatağının istismarına başlanılması ilə Qazaxıstanda neft hasilatı sürətlə artmaqdadır; məsələn, Azərbaycanın Energetika naziri Natiq Əliyevin də bir müddət əvvəl dediyi kimi, Tengiz-Novorossiysk, Atırau-Samara, Atasu-Alışankou və Xəzər Kəmər Konsorsiumu kimi ixrac kəmərlərinin imkanları Qazaxıstanın proqnozlaşdırılan ixrac potensialını təmin etmək gücündə deyil. Bu da qazax neftinin QXNS və BTC marşrutları ilə nəqli layihəsini yenidən aktuallaşdırır.

«Bundan başqa, «Kaşaqan» yatağının işlənilməsi layihəsinin səhmdarı olan 4 şirkət həm də Bakı-Tiflis-Ceyhan kəmərinin səhmdarıdır və burada onların payı, ümumilikdə, 15%-dir. «Kaşaqan» yatağının istismara verilməsi ilə bu şirkətlər Bakı-Tiflis-Ceyhan vasitəsilə Avropa bazarlarına sutkada 150 min barel neft nəql edə bilər», - deyə nazir qeyd edib.

Müvafiq olaraq, tezliklə QXNS layihəsinin reallaşdırılacağını da gözləmək olar. Bu isə Bakı-Tiflis-Ceyhanın Xəzəryanı region ölkələri üçün vacibliyini bir daha sübut edəcək.

 

İnvestisiyalar

Bakı-Astana əməkdaşlığında daha bir vacib istiqamət qarşılıqlı investisiyaların təşviqidir. «Mən çox şadam ki, Azərbaycan Qazaxıstana fəal sərmayə qoymağa başlayıb. Aktauda logistika mərkəzinin açılışı və həmin şəhərdə energetika-maşınqayırma zavodunun inşası bizim ticari-iqtisadi əməkdaşlığımızın möhkəmlənməsinə yönəldilmiş investisiyalarımızın nümunəsidir», - deyə Prezident İlham Əliyev bildirib.

Xatırladaq ki, Azərbaycan yalnız Aktauda logistika mərkəzinin inşasına 20 milyon dollar investisiya yatırıb. Mərkəz 2015-ci ildə «Azersun» şirkəti tərəfindən istismara verilib.

N.Nazarbayev əmindir ki, hazırda Qazaxıstan iqtisadiyyatına daha çox Azərbaycan investisiyasının yatırılması üçün yaxşı imkanlar var. Onun fikrincə, Qazaxıstanda yaşayan 130 min etnik azərbaycanlı bu işdə körpü olmalıdır. «Mən bilirəm ki, məhz onlar müştərək müəssisələr açır, biznes qurur və bizim münasibətlərimizi yaxşılaşdırmağa kömək edirlər. Fikrimcə, biz bunu dəstəkləməliyik», - deyə Qazaxıstanın dövlət başçısı qeyd edib.

 

Əlverişli zəmin

Bu il Azərbaycanla-Qazaxıstan diplomatik münasibətlərinin qurulmasının 25 illiyini qeyd edir. Nazarbayevin Bakıya səfəri də məhz bu üzdən indiyə təsadüf edib. İki ölkə arasında münasibətlər tarixi və coğrafi yaxınlığa, ümumi mədəniyyət, dil və dinə əsaslanır. Bu münasibətlərdə heç bir siyasi, iqtisadi və ya digər ziddiyyət yoxdur.

Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Astana Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanla müttəfiq olsa da, İrəvanın bu inteqrasiya birliklərinə üzvlüyündən Bakının əleyhinə istifadəsinə dəfələrlə mane olub. İndiki mərhələdə isə Astananın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Bakı üçün xüsusilə önəmlidir. Çünki Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Ümumi mədəniyyətin daşıyıcıları olan Azərbaycanla-Qazaxıstanı Türk Şurası, Türkdilli Dövlətlərin Parlament Assambleyası - TurkPA, TURKSOY - Beynəlxalq Türk Mədəniyyəti Təşkilat kimi inteqrasiya birliklərinin fəaliyyətində iştirak da birləşdirir.

Eyni zamanda, iki ölkənin etibara əsaslanan dostluq münasibətlərinin qurulmasında Azərbaycan və Qazaxıstan liderlərinin şəxsi münasibətləri də az rol oynamır.

Bütün bu amillər, həmçinin hər iki ölkənin mövcud inkişaf səviyyəsi onlara qarşılıqlı əməkdaşlıqda keyfiyyətcə yeni səviyyəyə yüksəlmək imkanı verir. Bunu dünya iqtisadiyyatındakı böhran və çətin vəziyyət də zəruri edir. Hər halda, Bakı danışıqları Bakı ilə Astananın mövqelərinin bütün məsələlərdə üst-üstə düşdüyünü göstərib. Əldə edilmiş razılaşmalar isə regional əməkdaşlıqda da yeni vəziyyətin yaradılmasına imkan verir.

 



MƏSLƏHƏT GÖR:

406