25 Aprel 2024

Cümə axşamı, 10:35

QRASİYALAR KUBOKU

Azərbaycan Gimnastika Federasiyası Dünya Kubokunun təşkilinə görə, coxsaylı müsbət rəylər aldı

Müəllif:

01.05.2017

Azərbaycanın paytaxtı Bakı bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi etdi. 2017-ci ildə ardıcıl üçüncü yarışı təşkil edən Azərbaycan Gimnastika Federasiyası bu dəfə ən zərif idman növünün nümayəndələrini Milli Gimnastika Arenasına topladı.

İyirmi bir ölkədən 94 gimnastın iştirak etdiyi yarışlarda 37 nəfər fərdi proqramda, 57 idmançı isə ümumilikdə, 10 qrup hərəkətləri komandasının tərkibində çıxış etdi. Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa Çempionatının gümüş və bürünc medalçısı olmuş Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirova, həmçinin Avropa Çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçılar Siyana Vasilyeva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil etdilər.

Bədii gimnastika üzrə Azərbaycan millisinin lideri Marina Durunda zədə səbəbindən, mötəbər yarışda iştirak etmədi. Fransada keçirilən turnirdə zədələnən Durundanın IV İslam Həmrəylik Oyunlarında Azərbaycanı təmsil edəcəyi gözlənilir. Məhz buna görə də məşqçilər titullu gimnastı qorumağa qərar verdilər.

Halqa ilə hərəkətlərin yekunu üzrə rusiyalı idmançı Arina Averina qızıl medal qazandı, onun həmyerlisi Aleksandra Soldatova ikinci, Belarus gimnastı Alina Qornosko isə üçüncü oldu.

İsrail idmançısı Viktoriya Vaynberq-Filanovski gürzlərlə hərəkətlər üzrə hakimlərdən ən yüksək bal aldı. Gümüş medala rusiyalı gimnast Aleksandrova Soldatova, bürünc medala isə Arina Averina sahib oldular.

Bolqarıstan idmançısı Neviana Vladinova lentlə hərəkətlər üzrə birinci oldu. Arina Averina ikinci, Alina Qornoska isə üçüncü yeri tutdular.

İtaliyanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda halqa ilə çıxışların yekunu üzrə birinci yerə layiq görüldü. Gümüş medala Belarus, bürünc medala isə Bolqarıstan komandası sahib çıxdı. Ukraynanın qrup hərəkətləri komandası isə Dünya Kubokunda 3 top və 2 iplə çıxışların yekunu üzrə qızıl medal əldə etdi. İkinci yeri Bolqarıstan, üçüncü yeri isə Belarus komandası tutub.

Dünya Kubokunda ölkəmizi təmsil edən azərbaycanlı gimnast Jalə Piriyeva mükafatçılar sırasında yer almasa da, ən xoş sözlərə layiqdir. “R+”a açıqlamasında Piriyeva təəssüratlarını bizimlə bölüşdü: “Özümü daha inamlı hiss edirdim. Doğma meydanda çıxış etmək böyük məsuliyyətdir. Bizi dəstəklədiklərinə görə, azarkeşlərə minnətdarlığımı bildirirəm. Fiziki cəhətdən hazır idim, sadəcə, mənəvi cəhətdən sakitləşmək lazım idi, bunun da öhdəsindən gəldim. Nəticələr daha da yaxşı ola bilərdi. Amma mən qarşıma qoyulan əsas məsələni həll etdim. Ən vacibi, baş məşqçi Mariana Vasilyeva və fərdi məşqçim Yasena Stonevanın mənə olan inamı idi”.

Dünya Kubokunda iştirakı son anda məlum olan gənc Zöhrə Ağamirova bütün çıxışlarını dəqiqliklə yerinə yetirdi. İlk dəfə böyüklər arasında böyük yarışda təmsil olunan azərbaycanlı gimnast Dünya Kubokunun həyəcanını unutmağı bacardı. Jurnalistlərə müsahibəsində Zöhrə Ağamirova Milli Gimnastika Arenasında azarkeşlərin dəstəyinin ona kömək olduğunu bildirib: “Mən bu yarışda zədə səbəbi ilə çıxış edə bilməyən Marina Durundanı əvəz etdim. İlk dəfə Dünya Kubokunda mübarizə apardım. Böyüklər arasında turnirdə çıxış etmək asan deyil. Üstəlik, yarış Bakıda keçirilir. Bu, əlavə məsuliyyət deməkdir. Mənə inandığı üçün millinin baş məşqçisi Mariana Vasilyevaya təşəkkür edirəm. Məşqçinin inamı çox vacibdir. Yaxşı çıxış etdiyimi düşünürəm. Sadəcə, mükafatçılar sırasına düşmək üçün zamana ehtiyacım var. Daha çox məşq etməliyəm. Xalça üzərində əksər hərəkətləri səhvsiz yerinə yetirdim. Dünya Kuboku mənə böyük təcrübə və stimul oldu. Növbəti yarışlarda mükafatçılar sırasına düşmək üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Dünya Kubokunu yüksək səviyyədə təşkil etdiyinə görə, Beynəlxalq Gimnastika Federasiyası Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edib. Yarışda iştirak edən rusiyalı gimnastlar Aleksandra Soldatova, Arina Averina, israilli Viktoriya Vaynberq-Filanovski, Bolqarıstan gimnastı Neviana Vladinova növbəti dəfə Azərbaycan paytaxtında olduqlarından məmnun qaldıqlarını deyiblər.

Üç gün davam edən bədii gimnastika üzrə Dünya Kuboku Milli Gimnastika Arenasında, sözün əsl mənasında, idman bayramı yaşatdı. Minlərlə azarkeş yarış günlərində Azərbaycan idmançılarına dəstək nümayiş etdirdilər. Arenadakı işıqlandırma, dekorasiya və təntənəli açılış mərasimini gimnastlar hələ uzun müddət unutmayacaqlar.

Bildiyiniz kimi, paytaxtımız 21 idman növünün təmsil olunacağı 4-cü İslam Həmrəyliyi Oyunlarına (12-22 may) ev sahibliyi etməyə hazırlaşır. Həm dünya, həm İslam aləmi üçün önəmli olan bu oyunların proqramına ilk dəfə olaraq, gimnastika idman növü də daxil edilib. 

Oyunlar çərçivəsində gimnastikanın 3 növü üzrə - bədii gimnastika, qadın və kişi idman gimnastikası üzrə yarışlar təşkil olunacaq. On iki may tarixində, məhz Oyunların möhtəşəm açılış mərasimi günü, Milli Gimnastika Arenasında start veriləcək gimnastika yarışlarına, 15 may tarixində yekun vurulacaq.

Ölkəmizi oyunlarda bədii gimnastlar Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova, qadın idman gimnastları Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova, kişi idman gimnastları Murad Ağarzayev, Timur Bayramov və Bense Talas təmsil edəcəklər.

İslam Həmrəyliyi Oyunlarından sonra da gimnastlarımızın istirahətə vaxtı olmayacaq. İslam Oyunlarının ardınca bədii gimnastika üzrə Azərbaycan millisi Avropa Çempionatında iştirak edəcək.



MƏSLƏHƏT GÖR:

455