20 Aprel 2024

Şənbə, 16:25

İLAHİ SƏSLƏ

Nərminə Əfəndiyeva: «İstənilən gerçək incəsənət kimi, klassik musiqi də heç nəyə baxmadan gəncləri cəlb edir»

Müəllif:

01.05.2017

İstedadlı azərbaycanlı pianoçu Nərminə Əfəndiyeva öz həyatını musiqisiz təsəvvür etmir. Hazırda Nərminə Torontoda (Kanada) yaşayır və musiqi yaradıcılığı ilə məşğul olur. «Opera in Concert» və «Summer Opera Lyric Theatre»in musiqi direktoru, həmçinin Toronto Universitetinin və «Toronto Operetta Theatre»in konsertmeysteri və «vocal coach»dır. Pianoçu «R+»a müsahibəsində uşaqlıqdan uğur qazanmasının sirləri, özünü səhnədə necə hiss etməsi, niyə insanlara musiqi bəxş etmək istəməsi və sərbəst vaxtlarında nə etməsi barədə danışıb.  

- Nərminə, öz ailəniz barədə danışın. Bildiyimiz ojur ki, siz artıq dördüncü nəsildir ki, musiqi ilə məşğul olursunuz…

- Mənim bəxtim gətirib, belə alınıb ki, bizim ailədə musiqi ilə məşğul olmaq böyüyən nəslin tərbiyəsinin bir hissəsidir. Ana tərəfdən mənim ulu nənəm, nənəm və babam fortepiano müəllimi olublar. Anam Alla Əfəndiyeva Asəf Zeynallı adına Musiqi Kollecinin aparıcı pedaqoqlarından biridir. Ata tərəfdən musiqiçilər olmasa da, Azərbaycanın «ədəbi intellegensiyası”nın təmsilçiləri var idi. Ulu babam Ağəli bəy Naseh Əfəndizadə Şamaxı poeziya məktəbinin görkəmli təmsilçisi olub, babam Hidayət Əfəndiyev isə atasının ədəbi yolunu davam etdirib, tanınmış ədəbiyyat tənqidçisi olub, onun hər iki oğlu linqvistika ilə məşğul olub.  

Mənim atam Əli Əfəndiyev gözəl tərcüməçidir, tanınmış Azərbaycan tarixçilərinin çox sayda kitablarını rus və ingilis dillərinə tərcümə edib. Təəssüf ki, məndə ədəbi istedad özünü göstərmədi, amma müxtəlif dillərə sevgi uşaqlıqdan atamdan keçib.  

Əlbəttə, mənim üçün həmişə birinci yerdə musiqi olub. Beş yaşım olanda fortepianoda çalmağı öyrənməyə başladım. Altı yaşında musiqi məktəbində ilk kiçik solo-konsertimi ifa etdim. Təəssüf ki, çıxışımın necə keçdiyini indi xatırlamıram, amma konsert barədə elan hələ də mənim afişalarımın arasında qayğı ilə saxlanır.  

- Niyə məhz musiqini seçdiniz? Bəlkə, uşaqlıqda başqa sənəti seçməyi arzulayırdınız?  

- Musiqi həmişə mövcudluğumun ayrılmaz hissəsi olub. Konsertlər, müsabiqələr, çıxışlar - bütün bunlar, sanki öz-özünə baş verirdi və həyatıma ayrılmaz şəkildə daxil olurdu. Hətta ola bilər ki, əksinə baş verirdi - həyatım ayrılmaz şəkildə musiqi məşğələlərinə və konsertlərə daxil olurdu. Adi musiqi məktəbindən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olduqdan sonra, aydın oldu ki, musiqi sonrakı həyat yolumun ən əziz və sonsuza qədər sevilən bir hissəsi olacaq.

Bəxtim inanılmaz dərəcədə onda gətirdi ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının (BMA) professoru Adilə xanım Vəkilovanın sinfinə daxil oldum.  

Adilə xanım inanılmaz dərəcədə hərtərəfli insandır, heyrətamiz zərif ruha malikdir, öz həyatını, ruhunu və fiziki gücünü yalnız musiqiyə xidmət etməyə yönəltmiş ecazkar musiqiçidir və özünü musiqiyə həsr edərək, daimi biliklərini artırmaqla məşğuldur. Adilə xanımla keçirdiyim bütün bu illər - 8 il məktəb və 6 il konservatoriya həyatı ərzində bitməyən məlumat axını, enerji mübadiləsi, parlaq və həyat eşqi dolu dərslər kimi yadda qalıb. Bu dərslərin hər biri nəsə yeni bir şey bəxş edirdi, sonsuz texniki və emosional təkmilləşmə prosesində yeni bir pilləyə çevrilirdi. Mən bu adama böyük təşəkkür edirəm, onsuz mən heç nə edə bilməzdim və indi royalda ifadə etdiklərimin üçdəbirinə nail ola bilməzdim.  

Başqa peşəni arzulamışammı? Ciddi şəkildə - yox. Detektiv olmaq və ya dillərlə məşğul olmaq adi uşaq fantaziyalarının bir hissəsidir. Anam məni musiqi yolu ilə inamla irəli apardı. Ancaq bir dəfə, 7-ci sinfə keçməzdən öncə, anam gözlənilməz şəkildə mənə dedi ki, musiqi ilə məşğul olmağı davam etməyi istəyib-istəməməyim barədə düşünüm. Anladım ki, geniş dünyagörüşünə malik bir insan kimi o, mənə seçim imkanı təklif eləməli idi, amma bu fikrin üstündə elə də qəti dayanmadı. Anam həmişə istəyirdi ki, musiqiçi olum, buna etiraz etmirdim və həyatımda bir an belə olsun, buna təəssüf etməmişəm.  

- Torontoya necə gedib çıxdınız? Niyə məhz bu şəhəri seçdiniz? Bu şəhərin sizin üçün nə anlamı var? Orada necə yaşayırsınız?  

- Biz daimi yaşamaq üçün başqa ölkəyə getməyə qərar verəndə, Kanadanı seçdik. Bu ölkə əvvəlcədən mühacir ölkəsidir, gəlmələrə loyal yanaşırlar, yeni peşəkar kadrların gəlməsini alqışlayırlar. Sanıram ki, bu, doğru seçim oldu. Niyə Toronto? Mühacir üçün birinci qayda böyük şəhərə yerləşməkdir. Bu qayda haqqında bu yaxınlarda oğlumun Kanada tarixi barədə dərslik kitabında oxumuşam. Ona qədər bu barədə eşitməmişdim, amma instinktiv şəkildə həyatın qaynadığı və işə düzəlmək üçün imkanların çox olduğu böyük şəhərə can atırdım. Hədsiz dərəcədə müxtəlif millətlər, çoxlu iş yerləri, diaspor ilə əlaqə qurmaq imkanı var. Bəzən şəhərin küçələrində təsadüf nəticəsində öz köhnə tanışlarına rast gəlirsən, Torontoda yaşadığım birinci il 3 dəfə başıma gəlib. Bütün bunlar yeni gələnlərə bu yeni şəhərdə özünü yad hiss etməməyə və yeni daxil olduğu cəmiyyətə sürətlə qarışmağa imkan yaradır.  

- Öz işiniz barədə danışın. Sizin yaradıcılığınızda kamera-instrumental və solo-musiqisi hansı yerə malikdir?  

- Kanadaya yeni gələndə özəl musiqi məktəbində işləməyə başladım, uşaqlara fortepiano və vokal dərsi keçirdim. Çox tezliklə anladım ki, bu, həyatımboyu məşğul olmaq istədiyim iş deyil. Burada, adətən, uşağın musiqi ilə məşğul olmasına onların rəsm, karate, futbol və s. dərnəklərinə getməsinə baxdıqları kimi yanaşırlar. Yəni uşaq bezəndə dayandırırlar. Valideynləri onu davam etməyə məcbur edə bilməzlər, yalnız çinli valideynlər fərqlidir, amma onlar da başqadır, o da başqa bir ifrata varmaqdır. Buna görə də mən musiqi məktəbində faydasız yerə oturaraq vaxtımı sərf edə bilməzdim, amma başqa elə bir ciddi iş də yox idi, çünki burada heç kim məni tanımırdı. Sonra «həm özümə baxmaq, həm də özümü göstərmək» üçün kamera musiqisi şöbəsinə daxil olmağa qərar verdim.

İki il Toronto Universitetinin musiqi fakültəsinin magistraturasında oxudum, təhsili başa çatdırdıqdan sonra, mənim artıq vacib əlaqələrim vardı və oranın musiqi aləmi ilə əlverişli münasibətlər qurmuşdum. İndi, əsasən, müqavilə ilə «Opera in Concert» və «Summer Opera Lyric Theatre» kimi şirkətlərdə musiqi direktoru işləyirəm, həmçinin Toronto Universitetinin və «Toronto Operetta Theatre»in konsertmeysteri və «vocal coach»ı kimi çalışıram.

Mən müğənnilərlə işləməyi sevirəm, söz və musiqinin vəhdətində nəsə sehrli bir cazibə var - hər halda, ata tərəfimin üzərimdə təsiri də öz söznü deyir. Sözlə-musiqi arasında mütərəddid balans tapmaq, birini o birisinin vasitəsilə açmaq, müğənniyə bu və ya başqa əsərin dərinliklərinə qədər enməkdə yardımçı olmaq - bu, sonu görünməyən ovsunlayıcı prosesdir.  

Eyni zamanda, kamera-instrumental musiqini çox sevirəm. Burada müğənnilərin (zərif və tezinciyən adamların) nazı ilə oynamağa ehtiyac yoxdur, burada öz instrumentalist qardaşınla eyni dildə danışırsan, tərcüməyə ehtiyac yoxdur. Simli alət çalanlarla işləmək mənim üçün daha çox bərabərhüquqlu tərəfdaşlıqdır, müğənnilərlə işləmək isə daha çox fiziki və mənəvi yardım işinə bənzəyir. Müğənni bilməlidir ki, arxasını daş divara söykəyib, La Skala teatrının orkestrində çalışan Dominqonun dediyi kimi, pianoçu «onunla birlikdə cəhənnəmə enməlidir və oradan Yer üzünə dönməlidir». Simli alət çalanlara gəldikdə isə, mənim fikrimcə, onlar üçün kiminlə və hara enməyin fərqi yoxdur. Amma istənilən halda, peşəkar dəstək və tərəfdaşa inam ansamblda ifa edən hər bir musiqi üçün lazımdır.  

Gündəlik məşğələlər üçün lazımi vaxtım olmadığı üçün mənim sevimli solo-ifaçılığım indi bir xeyli arxa plana keçib.

Səhər saat 9-da işə gedib, axşam saat 9-da geri qayıtmaqla solo-proqram hazırlamaq mümkün deyil. Düzdür, keçən il bir neçə solo-çıxışım ilə yaddaqalan oldu və bununla bağlı çox şadam. Ümid edirəm, yaxın gələcəkdə mənim ciddi məşğələlər üçün vaxtım olacaq.

- Azərbaycanlı musiqiçilərlə çağdaş layihələrə qatılırsınızmı?  

- Torontoda gözəl azərbaycanlı skripkaçı Rüfət Əmirəliyev yaşayır. Onunla biz Qara Qarayev, Şostakoviç və Dvorjaka həsr edilmiş bir neçə konsertdə birlikdə çalmışıq. Bizim əməkdaşlığımız davam edir və hər ikimizə insani və musiqi ünsiyyəti baxımından gözəl anlar bəxş edir.  

- Kimin ifası sizin üçün etalondur?  

- Özümü tanıyandan, mənim üçün heç zaman ifa etalonu olmayıb. Çox sayda gözəl, istedadlı, dahi musiqiçilər var, onların yaradıcılığı heyran edir, qürurlandırır, mat qoyur. Amma heç zaman, məsələn, Pletnev, Kisin və ya Allah eləməsin, Lanq Lanq kimi ifa etmək istəyi yaranmır. Elə bir universal musiqiçi yoxdur ki, bütün musiqiləri eyni cür gözəl ifa etməyi bacarsın. Kimsə həm kiçik formaların heyrətamiz Şopenidir, həm də iri formaların dəhşətli Şopenidir. Başqa biri heyrətamiz Mosartdır, amma Brams kimi heç nəyə yaramır; üçüncüsü Ravel kimi qığılcım saçır, amma Bethovendə zəhlə tökür.  

Musiqiçilər müxtəlifdir və özlərinəməxsus şəkildə gözəldirlər. Mən, əlbəttə ki, görkəmli musiqiçilər barədə danışıram. Onların interpretasiyası ilə razılaşmamaq da ola bilər, amma onların istedadını və qeyri-adiliyini danmaq olmaz. Mənim üçün sevimli pianoçular bu gün Kisin, Arqerix, Qorovits və Sokolovdur. Onların yaradıcılığında ən çox cəlb edən həm özlərinə qarşı, həm də əsərini ifa etdikləri bəstəkara qarşı vicdanlı olmaları və musiqiyə sonsuza qədər sadiqliklə xidmət etmələridir.  

- Vətəndə tez-tez olursunuz?

- Özüm də hiss etmədən artıq ənənəyə dönüb - ildə iki dəfə evə gəlirəm: qışda və yayda. Yayda bağ, dəniz, günəş mütləqdir, bir il üçün qüvvə və enerji toplayıram. Qışda qısa müddətə gəlirəm, ikihəftəlik işləri təxirə salıram, amma qış səfərindən imtina etmək fikrim yoxdur. Evdə valideynlərim, dostlarım, fevral və nərgizgülləri gözləyir. Bu qış dostlarım - Azərbaycan Dövlət Simfonik Orkestrinin artistləri - skripkaçı Elina Əliyeva və violonçelçi Eyyub Əliyev ilə konservatoriyada gözəl konsert verdik, orada Frankın, Bramsın və Mendelsonun musiqisi səsləndi.  

- Azərbaycanı təbliğ edirsinizmi? Torontoda Azərbaycan musiqisi ifa edirsinizmi?

- Düşünürəm, öz ölkənin və millətinin ən yaxşı təbliği peşəkar işdir. Yüksək səviyyədə yerinə yetirilmiş keyfiyyətli iş həmişə hörmət gətirir, bu, şüuraltı səviyyədə insanın ölkəsi və milləti barədə rəy yaradır. Başqa millətlər arasında yaşayan hər kəs bunu bilməlidir. Bayraq yelləmək çətin iş deyil.  

Mənim fikrimcə, peşəkar iş insanın öz ölkəsinə görə qürur dərəcəsini müəyyən edən meyardır. Əlbəttə, mənim konsertlərimdə imkan olan kimi, Azərbaycan bəstəkarlarının əsərlərini də öz proqramıma daxil edirəm. Əsasən, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyevin əsərləridir. Ümid edirəm, tezliklə biz - Torontoda yaşayan azərbaycanlı musiqiçilər - bir yerə toplaşıb dinləyicilərə bizim gözəl musiqini bəxş edə biləcəyik.  

- Boş vaxtınızda nə dinləyirsiniz? Nə cür musiqiləri? Çağdaş musiqiyə, pop musiqisinə necə baxırsınız?  

- Nə qədər kədərli olsa da, əgər mən musiqi dinləyirəmsə, 99.9% bu, klassik musiqidir. Klassikada həm caz, həm pop, həm rok, həm də metal tapmaq mümkündür, sadəcə, tapmaq üçün axtarmaq lazımdır. Ən sadəsi, Baxı dinləməkdir, onda hər şey var. Pop musiqiyə gözəl yanaşıram - insan sadə melodiyaları oxumalıdır, sadəcə, yerində titrəyərək, ayaqlarını ritmə uyğun yerə vurmalıdır. Mən düşünürəm ki, bu, normaldır. Durub deməyəcəyəm ki, insanların başına hər cür pop zir-zibili doldururlar. Fikirlər müxtəlifdir, bu, tamamilə fərqli, uzun və maraqsız söhbətdir. Əgər pop musiqisi yüngül və qısa müddət ərzində vaxt keçirmək üçündürsə, niyə bunun əleyhinə olmalıyıq? Mənim də sevdiyim «yüngül» mahnılar var.  

- Sizcə, nə etmək lazımdır ki, gənc nəsil klassik musiqi ilə maraqlansın?

- Bəlkə də sizə qəribə gələcək, amma mənim fikrimcə, heç nə etmək lazım deyil. İstənilən gerçək incəsənət kimi, klassik musiqi heç nəyə baxmadan gəncləri cəlb edir.

Mən dinləmələrdə çox ifa edirəm və hər dəfə heyrət edirəm ki, çox sayda gənc başqa sahədə diplomu olmasına baxmayaraq, peşəkar səviyyədə musiqi öyrənmək niyyətindədir. Misal çəkim: kompüter proqramlaşdırılması sahəsi üzrə diplom almış ağıllı və ciddi bir qız, ilk baxışdan ağla gələn budur ki, bu qız işə düzəlib xoşbəxt ola bilər. Amma yox, o, opera tamaşalarında oxuyur, musiqi fakültəsinə sənəd verib və səbirsizliklə gözləyir. Kanada barədə çox sayda belə nümunə çəkə bilərəm. 

Bakıda da belə gənclər tanıyıram, tamamilə başqa işlə məşğul olduqları halda, ciddi şəkildə klassik musiqi ilə maraqlanırlar, bəstələməsələr də, daim klassik musiqi dinləyirlər (bəziləri, hətta bəstələyirlər də). Onlar bizim aramızdadırlar - klassik musiqinin həqiqi aşiqləri və sərrafları, sadəcə, bu, bir növ, qapalı klub kimidir, bu klubun üzvləri gözəllik aşiqi olduqlarını sirr kimi saxlayırlar. Çünki bizdə, adətən, çoxlarının məşğul olduğu işlə qürurlanmaq dəbdədir. Amma televiziyalar öz efirlərindən bu cür gözəllikləri yaymağa başlasalar, bizim bu gizli klub üzvlərimiz klassik musiqiyə sevgilərini gizlətməzlər, ümumi laqeydlik maskası altında gizlənməzlər.  

Bir dəfə mən bizim opera teatrında Puççininin «Bohema» operasında olmuşam. Ön cərgədə darıxan gənclər oturmuşdular. Tamaşa tezliklə başlanmalı idi və gənc qız yanında oturan oğlanı tənbeh edirdi: axı, sən işdə planlaşdırılan axşam ziyafətini qoyub, məni necə Opera Teatrına gətirirsən? Oğlan isə özünə haqq qazandırdı və elə həmin an işıq yavaş-yavaş zəiflədi və teatr öz sehrli qucağını açdı…

Birinci hissədən sonra qız dedi: «Nə yaxşı ki, biz bu gün teatra gəldik, gözləmirdim ki, bu, belə maraqlıdır!».  

 

İnsan nə qədər çılğın, ateist və öz fikrinin qızğın tərəfdarı olsa belə, həmin axşam musiqi adlanan İlahi səsi eşitdi...



MƏSLƏHƏT GÖR:

424