25 Aprel 2024

Cümə axşamı, 23:47

NƏNƏ GƏLMƏYİB, ONU MƏN ƏVƏZ EDİRƏM

Sürətli küçələrdə süpürgəçiləri maşınlar əvəzləyəcək

Müəllif:

01.05.2017

Müşahidə etdikdə görürsən ki, xüsusilə güclü Bakı küləyi əsən zaman onların işi çox ağır olur. Yaydırsa, dərd yarıdır. Amma bu zaman da qızmar günəş var. Bəs payızdırsa, qış və şaxtadırsa?

«Sehrli süpürgə» ilə nə qədər süpürürsən-süpür - xeyri yoxdur. Əgər süpürgəçi qadın tullantıları özünün düzəltdiyi «inventar»a yığmağa macal tapmadısa, külək zibili yenidən küçəboyu səpələyəcək. İnventar dedikdə, süpürgəçinin arxası ilə sürüdüyü torba və ya qutunu nəzərdə tuturuq.

Onlar üzlərini «respirator ləçək»lə bağlayır, enli şalla sarıyır -  qışda şaxtadan, yayda qızmar günəşdən bu cür qorunurlar. Əyinlərində isə kommunal xidmət tərəfindən verilmiş uniforma - jilet. Lakin nə qədər süpürürsən-süpür, xüsusilə payızda, yarpaqların töküldüyü vaxtda küçələri təmiz saxlamaq mümkün deyil.

Üstəlik, indi, insanlar da təmizliyə, səliqə-sahmana riayət edilməsi baxımından o qədər də intizamlı deyillər. Nəinki piyadaların, hətta sürücülərin və sərnişinlərin də nəqliyyat vasitələrindən küçəyə zibil atması halına tez-tez rast gəlinir. Çoxsaylı siqaret qalıqları, müxtəlif enerji içkilərinin dəmir bankaları, kardondan olan şirə qutuları - siyahı “çoxçeşidli» olmasa da, kifayət qədər «dolğun»dur. Bir sözlə, küçələrin təmizliyi ilə məşğul olan qadınlara bu iş asan başa gəlmir.

Son zamanlar isə bütün bunlara küçələrdə işini görən zaman baş verən avtomobil qəzaları nəticəsində dünyasını dəyişən qadınlar haqqında xəbərlər də əlavə olunub.

Bakı Nəqliyyat Agentliyi hələ ötən ilin noyabrında Nazirlər Kabinetinə müraciət edərək, hərəkətin sıx olduğu, xüsusilə sürətli yollarda təhlükəsizlik tədbirlərinə əməl edilməsi ilə bağlı təkliflər verib. Nəticədə, Nazirlər Kabinetinin tapşırığı əsasında, Ədliyyə Nazirliyi müvafiq normativ hüquqi aktların hazırlanmasını planlaşdırır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev «R+»a açıqlamasında bu sahədə vəziyyəti təhlil etdiklərini bildirib: «Monitorinq göstərir ki, avtomobilin mənzil-kommunal təsərrüfat birliyi əməkdaşlarını vurması ilə baş verən qəzaların əksəriyyətində vurulan insan dünyasını dəyişir. Odur ki, Bakı Nəqliyyat Agentliyinin təklifinə əsasən, sürətli küçələri insanlar yox, xüsusi texnika təmizləyəcək. Hazırda müvafiq strukturların (icra hakimiyyəti orqanları nəzərdə tutulur) balansında belə texnika var».

Hələ 2013-cü ildə Bakı üçün yeni zibilyığan texnikanın alınması planlaşdırılırdı. O, Dünya Bankının krediti ilə alınmalı idi. Lakin «R+» kommunal xidmətlərin xüsusi texnikadan, o cümlədən tozsoranlardan niyə istifadə etmədiyini müəyyənləşdirə bilməyib: Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri telefon zənglərinə cavab vermir. İcra hakimiyyətinin zibilyığan texnikalara cavabdeh olan şöbəsi isə mətbuat xidmətinin icazəsi olmadan, heç bir sualı cavablandıra bilməzmiş. Beləliklə, yuxarıda qeyd olunan «müvafiq strukturlar»dan nə qədər lazımi texnika alındığı, onlardan niyə istifadə olunmadığı haqqında suallara cavab almaq mümkün deyil. Halbuki, bir neçə il əvvəl sürətli yollarda küçə tozsoranlarından istifadə olunduğunu görmək mümkün idi. Sonradan onlar yenidən süpürgəçi qadınlarla əvəzlənib. Niyə? Məlum deyil.

Əlbəttə ki, idealda bütün süpürgəçilərin texnika ilə əvəzlənməsi planlaşdırılardı. Yeri gəlmişkən, şəhərin abad mərkəzində rəngarəng şallarda və jiletlərdə yer süpürən yaşlı qadınlar turistləri də. Yenilənmiş Bakının, Azərbaycan paytaxtının qonaqları gözəlliyi ilə valeh edən, yaxın gələcəkdə turist bumu yaşamağı planlaşdıran küçələrində hələ də süpürgəçi nənələrin xidmətindən istifadə olunur!? Maraqlıdır, bu, nə dərəcədə doğrudur?

Bəs onların əməyi xüsusi texnika ilə əvəzlənərsə, bu qadınlar gəlirdən məhrum olmayacaqlarmı? Nəqliyyat sahəsində ekspert Ərşad Hüseynov deyir ki, belə problem olmamalıdır: «Nazirlər Kabinetinin tapşırığına əməl edilməsi çətinlik yaratmamalıdır. Qanunvericilikdə yol infrastrukturunun təşkili, təhlükəsizlik normaları ilə bağlı konkret müddəalar var. Bundan başqa, zibiltəmizləyən texnika, güman ki, yalnız magistral küçələrdə istifadə olunacaq. Onlar isə ümumi yolların yalnız 20%-ni təşkil edir. Bu texnikanın həyətlərə, ensiz küçə və dalanlara girməsi mümkün görünmür. Onlar yenə də xalaların, nənələrin ümidinə qalır».

Qeyd edək ki, küçələri təmizləyən qadınlar postsovet məkanının bütün iri şəhərləri üçün fenomendir. Bu fenomen paytaxtımızın küçələrində də özünə möhkəm yer edib.

«Mən bir çox ölkədə olmuşam. İstər Rusiyada, istər Avropada küçələri, əsasən, kişilər təmizləyir. Amma onların arasında xanımlara da rast gəlinir. Onlar daha çox həmin ölkələrə qazanc dalınca gəlmiş miqrantlar olur. Bizdə isə miqrant işçi qüvvəsi çox azdır. Bazarı özümüz tənzimləyirik. Bu işlə daha çox aztəminatlı ailələrdən olan qadınlar məşğul olur», - deyə Milli Məclisin deputatı Elmira Axundova bildirir. Onun sözlərinə görə, süpürgəçinin işi toz-torpaqlı iş olsa da, elə də ağır iş deyil. Deputat onların normal əməkhaqqı aldıqlarını da deyir.

E.Axundova Milli Məclisdə bu məsələni dəfələrlə qaldırdığını bildirir. O, hesab edir ki, əsas problemlərdən biri, paytaxt küçələrində kifayət qədər zibil qutusunun olmamasıdır. Nəzərə alsaq ki, belə qutular bir-birindən ən uzağı, 50 metrlik məsafədə quraşdırılmalıdır, bu, həqiqətən də aktual məsələdir. Şəhərin mərkəzində bu probelm o qədər də hiss edilmir. Lakin hərəkətli küçələrdə, nəqliyyat qovşaqlarında, əhalinin daha sıx olduğu yaşayış massivlərində onları tapmaq çətindir. Halbuki, belə yerlərdə zibil qutularına daha çox ehtiyac var.

«Bu işi ona daha çox ehtiyacı olanlar görməlidir. Görünür, küçə təmizləmək daha asan iş sayıldığından, buraya qadınlar daha çox cəlb olunub. Bu sistemin dəyişdirilməsinin nə dərəcədə effekt verəcəyini söyləyə bilmərəm», - deyə parlamentin daha bir üzvü Fazil Mustafa bildirir.

 

Bəs onlarda necədir?

Dünyanın inkişaf etmiş ölkələrində küçələri daha çox xüsusi texnika təmizləyir. Onu isə xüsusi uniforma geymiş cüssəli gənc oğlanlar idarə edir. Əlbəttə ki, müxtəlif ölkələrin, bir ölkə daxilində ayrı-ayrı şəhərlərin xüsusiyyəti fərqli olur. Hər bir ölkənin öz seçimi var və hərə küçələri bir vasitə ilə təmizləyir. Bu məsələdə ölkənin adət-ənənəsi, orada klininq sahənin inkişaf səviyyəsi, texnikanın olub-olmaması, yerli icma və bələdiyyələr üçün küçələrin təmizlənmə qiyməti də öz rolunu oynayır.

Hər halda, məsələn, Avropada küçələrin təmizlənməsinə çox vaxt və güc sərf olunur. İstər milyonlarla insanın yaşadığı meqapolis olsun, istər 50 sakini olan qədim kənd, təmizlik, məsələyə kompleks, savadlı yanaşma hər yanda hiss edilir.

Küçələrdə təmizliyə təsir edən əsas amillərdən biri də həmin bölgənin əhalisinin məsələyə yanaşmasıdır. Onlar bütün norma və qaydalara qəti şəkildə əməl edir. Demək olar ki, bütün Avropa ölkələrində illərlə hazırlanmış və təsdiqlənmiş təmizlik qaydaları var - küçələrin, səkilərin, bordürlərin mütləq qaydada avtomatlaşdırılmış və əl ilə yuyulması. Texnika və insanların təmizliyə başlamasından əvvəl evakuator yanlış parklanmış maşınları küçələrdən yığışdırır. Daha sonra işə ağır texnika qoşulur: tozu və çirkabı təmizləyən avtotozsoranlar. Yalnız bu mərhələnin başa çatmasından sonra sulayan və yuyan maşın işə düşür.

Şübhəsiz ki, şəhər küçələrinin təmizliyi ilə bağlı ictimai rəyin, həmçinin ictimaiyyətin bu işdə iştirakının böyük rolu var.

Qeyd edək ki, Avropa ictimaiyyəti bu məsələdə çox fəaldır. Bir sıra ölkələrdə sosial hərəkatlar və ictimai təşkilatlar yalnız gözəl bəyanatlar verməklə kifayətlənmir, gündəlik təmizlik işlərində bilavasitə iştirak edir, yaxud müvafiq orqanların işə nə qədər diqqətlə yanaşdığını izləyir.

Beləliklə, Avropa təcrübəsi göstərir ki, yayda və qışda təmiz küçələr dəbdəbə yox, sivil, rahat, xoş şəhər yaşamının vacib şərtidir. O, həm də digər regionlardan həmin şəhərlərə köçənlər üçün, turistlər və qonaqlar üçün cəlbedicilik deməkdir.

Bu gün beynəlxalq klininq bazarının imkanları yalnız Avropada deyil, Azərbaycanda da bütün şəhər və kəndlərdə təmizliyin, səliqə-sahmanın yaradılmasına tam şərait yaradır. Bunun üçün əslində, çox şey tələb olunmur: yerli icra hakimiyyəti orqanlarının iradəsi, bütün təsdiqlənmiş plan və proseslərin əhali tərəfindən başa düşülməsi və qəbul edilməsi, həmçinin hər birimizin küçələrimizin təmizliyinə, səliqə-sahmanına dəstək vermək arzumuz. Razılaşın ki, yuxarıda sadalanan nümunələrdə heç bir çətinlik yoxdur. Sadəcə, artıq süpürgəçi qadınların xidmətindən imtina etməyin, bu işi xüsusi texnikalarla həyata keçirməyin vaxtıdır. Bu, Bakının mövcud yüksəksəviyyəli urbanizasiyasına tam cavab verərdi.



MƏSLƏHƏT GÖR:

499