19 Aprel 2024

Cümə, 01:33

BORC RİSQİ

Ekspertlər Azərbaycanda problemli kreditlər məsələsinin həllində banklara dövlət dəstəyi imkanlarını nəzərdən keçirməyi təklif edirlər

Müəllif:

01.05.2017

İqtisadi durumun sabitləşdirilməsi üzrə tədbirlər, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadi islahatların aparılması, artıq iqtisadiyyatın real sektorunda nəticə verir. Ancaq bank sektorunda sakitliyə baxmayaraq, burada durum yetərincə gərgin olaraq qalmaqda davam etməkdədir. Bankların xarici borcları, müştərilərin banklara etibarının zəifləməsi və problemli kreditlər bank sektorunda sabitliyin bərqərar olmasına imkan vermir.  

2017-ci ilin 1 mart tarixinə Azərbaycanda vaxtıkeçmiş kreditlərin ümumi həcmi 1,6 mlrd. manata yaxın olub. Bu zaman ümumi kredit portfelində problemli kreditlərin payı 9,8%-ə çatıb. Halbuki, ilin əvvəlinə bu göstərici 8,96%-ə bərabər olub.  

Bu və digər amillər Maliyyə Bazarlarına Nəzarət Palatasını «Banklar haqqında» qanuna yeni düzəlişlər barədə təşəbbüs qaldırmağa vadar edib. Düzəlişlər ödəniş qabiliyyətini itirmiş bankların ləğvetmə qaydasını müəyyən edir və bankların öhdəliklərinin könüllü şəkildə restrukturizasiyasını tənzimləyir.

  

Problemli məsələ  

Prinsipcə, bank sektorundakı indiki vəziyyət xüsusi təəccüb doğurmur. Yetərincə uzun müddət yerli banklar, xüsusilə də istehlak məqsədləri üçün kredit verilməsi prosesinə tamamilə düşüncəsiz yanaşıblar. Çox vaxt kreditin rəsmiləşdirilməsində işlədilən yeganə sənəd şəxsiyyət vəsiqəsi olub, o da müştərinin ödəniş qabiliyyətli olub-olmaması barədə, təbii ki, heç bir məlumat təqdim etməyib.  

Bundan başqa, evdar qadınların, tələbələrin, pensiyaçıların və əhalinin sabit gəlir səviyyəsinə malik olmayan digər təbəqələrinin kredit alması üçün əlverişli şərtlər təklif edən ayrı-ayrı məhsullar var idi. Yalnız iri kreditlər verilən zaman, məsələn, avtomobil satınalınması zamanı girov barədə düşünürdülər, girov rolunu da adətən, kredit predmetinin özü oynayırdı. Amma bəllidir ki, daşınan əmlak yetərincə etibarsız zəmanətdir.  

Bunun nəticəsidir ki, bu gün məhkəmə icraatında olan 700 min mülki işdən 280 mini bankların müştərilərlə münasibətini əhatə edir. Yaranan problemlərdə günahkar kimdir - öz maliyyə imkanlarını düzgün hesablamamış müştərilər, yaxud müxtəlif kredit kartlarının paylanmasına həddindən artıq başı qarışmış və mümkün riskləri savadlı proqnozlaşdırmağı bacarmayan banklar?  

Ekspertlər hesab edirlər ki, günahın çoxunu banklarda görmək daha ədalətli olardı, çünki son nəticədə konkret müştəri ilə işləmək barədə qərarı onlar qəbul edirlər. Vəziyyət o qədər gərginləşdi ki, bu cür münaqişələrin həlli yollarının müzakirəsinə deputatlar və dövlət məmurları da qatıldılar. Parlamentin müxtəlif iclaslarında millət vəkilləri kredit siyasətinin seçilməsində kobud səhvlər buraxmış bankirlərin cəzalandırılmasına, onların inzibati və cinayət məsuliyyətinə cəlb edilməsinə çağırırdılar.  

Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri 10 ildən artıqdır ki, fəaliyyət göstərir, amma belə görünür ki, bankların heç də hamısı, heç də hər dəfə kredit verilməsi haqqında qərar verən zaman reyestrin məlumatlarından istifadə etməyib. Əks halda, bir neçə borcu olan müştəriyə yeni kredit verilməsi ilə bağlı bu qədər hal qeydə alınmazdı. Yalnız son bir neçə ildə maliyyə institutları kreditləşdirmə şərtlərinin sərtləşdirilməsinə getməyə başladılar.  

Ancaq bu tədbirlər, artıq mövcud olan borcluların vəziyyətini düzəltmir. Özü də xarici valyuta ilə kredit götürmüşlər ən pis vəziyyətdədir - manatın devalvasiyasından sonra onların dəyəri artıb, amma borcluların ödəniş qabiliyyəti tam əksinə olaraq aşağı düşüb. Bu zaman banklar, uzağı, kreditin yenidən strukturlaşmasına gedərək, aylıq ödənişləri azaltdılar və ödəniş müddətini uzatdılar, amma borcların bir hissəsinin silinməsi ilə razılaşmadılar.

Hazırda ekspertlər problemli kreditlər məsələsinin həllində banklara dövlət dəstəyinin variantlarına baxmağı, bu məqsədlə ucuz kreditlərin cəlbində banklara yardım edilməsini, bankla-müştəri arasında borc yükünün bölünməsini təklif edirlər. Bundan başqa, Dünya Bankının ekspertləri kredit çantasının keyfiyyətinin yaxşılaşdırılması üçün problemli kreditlərin silinməsi imkanından danışırlar ki, bu da dövlət tərəfindən banklara müəyyən maliyyə yardımı göstərilməsini nəzərdə tutur.

 

Borclu qalmamaq üçün...  

Həm də kredit verilməsi prosesinin sərtləşdirilməsi məsələsində lazımi balansı tapmaq lazımdır ki, bir tərəfdən risk olmasın, o biri tərəfdən isə müştərilər itirilməsin. Burada girov təminatı məsələsini təkmilləşdirmək lazımdır. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) tədqiqatlarına görə, bankların kredit portfelinin 30%-ə qədəri təminatsız verilir, 30%-ə qədəri üçünsə isə daşınan əmlak girov götürülür, 10%-nin girov təminatı həm daşınan, həm də daşınmaz olur, qalan hissəsi üçünsə girov təminatı kimi daşınmaz əmlak götürülür.  

IFC-nin maliyyə sektoru sahəsində eksperti Vasif Bədəlsoyun sözlərinə görə, banklar daşınan əmlakdan girov kimi daha çox maşın və avadanlıq, həmçinin şirkətlərin anbarlarındakı qalın materialları götürürlər. Banklar intellektual mülkiyyəti və debitor borclarını girov kimi götürməyə nadir hallarda razılaşırlar.  

Amma bununla yanaşı, ölkənin 14 bankı arasında aparılmış sorğunun nəticələrindən belə çıxır ki, banklar daşınan əmlaka kreditin əvəzinin ödənilməsi vasitəsi kimi baxmırlar. Belə olan halda, onlar əlavə zaminin olmasını tələb edirlər, özü də daşınan əmlakın təminatı altında verilən kreditlərin orta faiz dərəcəsi 20-30% arasında dəyişir.

Vəziyyəti yaradılması yaxın zamanlara planlaşdırılan daşınan əmlak reyestri xeyli yüngülləşdirə bilər. O, ölkədə bank kreditləri üzrə faiz dərəcələrini optimallaşdıra bilər. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı-direktoru Vüsal Qasımlının sözlərinə görə, bu reyestr bütün istiqamətlərdə maliyyə xidmətlərinin inkişafını təmin edə bilər, həmçinin sahibkarların, xüsusilə də Azərbaycanın regionlarında yaşayan sahibkarların kreditlərə çıxışını sadələşdirə bilər.  

Bundan başqa, tezliklə ölkədə ilk özəl kredit bürosu fəaliyyətə başlamalıdır. O, kredit tarixçələrinin toplanması və analizi, həmçinin kredit hesabatlarının təqdim edilməsi ilə məşğul olacaq. Bu qurum bankların kredit alanlarla işini yetərincə asanlaşdıra bilər. Məsələ bundadır ki, hazırda kredit reyestri banklar, bank olmayan kredit təşkilatları, borclular, borcluların kapitalında iri iştirak zərfinin sahibləri, kreditlər və onların girovları barədə bütün məlumat spektrini əhatə edir.  

Kredit bürosu, öz növbəsində, başqa maliyyə institutları - lizinq, sığorta, təkrar sığorta, faktorinq şirkətləri, mikrokreditləşdirmə gerçəkləşdirən təşkilatlar, qeyri-maliyyə təşkilatları, o cümlədən kommunal müəssisələr, mobil rabitə operatorları, malları kreditə satan ticarət obyektləri və s. barədə kredit məlumatı toplaya bilər. Bu isə ondan xəbər verir ki, kredit bürosu gələcək borclunun bütün öhdəlikləri (kommunal ödənişləri, telefon danışıqları və buna bənzər öhdəliklər) barədə məlumata malik olacaq ki, bu da kreditorlara ödənişsizlik risqindən qorunmaq imkanı yaradacaq.

 

Səbəbdən doğan nəticə

Bununla yanaşı, problemli kreditlər bankların toksik aktivlərinə qarışaraq, artıq onlar üçün bir xeyli çətinlik yaradıblar. Ekspertlər, beynəlxalq təşkilatlar Azərbaycanda, ən azı, 10 bankın da bağlanacağı barədə ehtimallar irəli sürməkdə davam edirlər ki, bu da maliyyə sektorunu gərginlik altında saxlamaqda davam edir. Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə kapital çatışmazlığı ilə üzləşən bankların dəstəklənməsi üzrə qanunvericilik səviyyəsində yeni alətlər tətbiq edilib. Belə ki, “Banklar haqqında” qanuna dəyişikliklər edilib, "rezolyusiya", "keçid bankı", "sistem bankı" və s. kimi anlayışlar daxil edilib. Bundan başqa, qanuna ödəniş qabiliyyətini itirmiş bankların “rezolyusiya” prosesini izah edən yeni bölmə daxil edilib.  

Parlamentin spikeri Oqtay Əsədovun sözlərinə görə, bütün bunlar bank bazarında mənfi halların tənzimlənməsi üçün vacibdir. «Gündə 5 milyon manat zərər edən banklar var. Özü də zərər günbəgün artır. Bu bankların sağlamlaşdırılmasına ehtiyac var», - deyə O.Əsədov vurğulayıb.  

Önəmli bəndlərdən biri, bank öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin tətbiqidir. "Bu prosedur bütün dünyada geniş tətbiq edilir. Bu, ödəniş qabiliyyətini itirmiş və problemlərlə üzləşmiş banklar üçün mümkün həllərdən biridir. Banklar ərizə ilə öz öhdəliklərinin restrukturizasiyası ilə bağlı məhkəməyə müraciət edə bilərlər", - deyə daha öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirmişdi.  

Bundan başqa, ödəniş qabiliyyətini itirmiş banklar üçün müvəqqəti inzibatçı təyin edilməsi şərtləri cüzi dəyişdirilib.  

Bazara «keçid bankları»nın tətbiq edilməsini izah edən R.Aslanlı qeyd edib ki, onlar problemli bankların sağlam aktivlərini qorumağa yardım edəcək.  

“Ötən il “Bank Standard”a müvəqqəti inzibatçı təyin etdik. Həmin bankın sağlam aktivləri və ona maraq göstərənlər var idi. Amma müvafiq hüquqi baza olmadığına görə, həmin sağlam aktivləri o xəstə maliyyə institutunun içərisindən çıxara bilmədik. Son nəticədə, dövlət 435 mln. manat kompensasiya ödəməli oldu. Halbuki, həmin sağlam aktivləri normal reputasiyası olan investorlara ötürmək, “körpü-bank” yaratmaq, bank əmanətçilərinin, dövlət və biznes strukturlarının öz vəsaitlərindən sərbəst şəkildə istifadə etməsinə imkan yaratmaq olardı”, - deyə R.Aslanlı bildirib.  

Və nəhayət, qanunvericiliyə düzəlişlərə görə, əgər konkret bankda yaranan problemlərin məsuliyyəti bankın menecmentinin və səhmdarlarının üzərinə düşərsə, onlar dəyən zərəri ödəməli olacaqlar. Beləliklə, müflis olmuş bankların menecmentinin və səhmdarlarının əmlakı müsadirə olunacaq və satılacaq.

Azərbaycan Beynəlxalq Bankı ətrafında baş vermiş qalmaqallı hadisələr nəzərə alınarsa, bu, yetərincə ədalətli qərardır. Bu bankın keçmiş rəhbərliyinin cinayət əməlləri üzündən Azərbaycanın yalnız bank sistemi deyil, bütün maliyyə sistemi laxladı. Uyğun olaraq, yeni düzəlişlər bankirləri onları etibar edilmiş maliyyə vəsaitlərinə münasibətdə daha məsuliyyətli olmağa və başqalarının pullarını saxlayan zaman öz pullarını itirməməyə məcbur edəcək.


MƏSLƏHƏT GÖR:

369