29 Mart 2024

Cümə, 06:37

NİYYƏT SİQNALI

Normund Qrostinş: «Le Pen qələbə qazanacağı təqdirdə, Fransanın avrozonadakı yeri ciddi sual altına düşəcək»

Müəllif:

01.05.2017

Fransada miqrasiya burulğanı, qanlı terror aktları və iqtisadi qeyri-sabitlik fonunda prezident seçkisinin ilk turu keçirilib. Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsindən sonra, qurumun ikinci iqtisadiyyatına çevrilmiş bu ölkədə baş verənlər bütünlükdə Avrasiya məkanına bu və ya digər dərəcədə təsir göstərir.

Bu arada Azərbaycan-Fransa münasibətlərində də xüsusi bir məqam var: iki ölkə arasındakı sıx mədəni-iqtisadi əlaqələrlə yanaşı, Fransa, həm də Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçidir. İndiyədək solçuların rəhbərlik etdiyi bu ölkə əvvəlcədən təxmin edilməsi mümkün siyasət yürüdürdü. İndi isə fransızlar qəflətən sağa dönüblər.

Avropanın Azadlıq Uğrunda Alyansının vitse-prezidenti (“European Alliance for Freedomz”da bu postu əvvəllər Milli Cəbhənin lideri Marin Le Pen tutub), Latviyanın Gələcəyin Tədqiqi İnstitutunun prezidenti Normund Qrostinış «R+»a müsahibəsində Fransanın yeni hakimiyyətindən gözləntilər haqqında danışıb.

- Fransada prezident seçkisinin arxada qalmış ilk turundan sonra hansı qənaətə gəlmək olar?

- Bu turun nəticəsi Fransanın ənənəvi siyasi partiyalarının ilk məğlubiyyətidir. İkinci tura onların təmsilçiləri deyil, partiyasız Makron ilə hər zaman sistemdənkənar siyasətçi olmuş, ənənəvi partiyalar sərt müxalifətdə dayanmış Marin Le Pen çıxıblar. İlk turda qalib gəlmiş namizədlərin siyasi platformasını bir cümlə ilə belə xarakterizə etmək olar: Makron - daha çox avrointeqrasiya və miqrant, Le Pen - daha çox Fransa, daha çox təhlükəsizlik və miqrasiyanın qarşısının alınması. Bununla yanaşı, Marin Le Pen Fransanın Avropa İttifaqında qalıb-qalmayacağının seçicilər tərəfindən referendum vasitəsilə müəyyənləşəcəyini də bəyan edib. O, öz mövqeyini fransızlara zorla qəbul etdirmək niyyətində deyil. Fransa üçün hansı yolun daha yaxşı olacağını seçicilər özləri müəyyənləşdirəcək.

- Bəs fransızlar da öz «breksit»ini elan edərək Aİ-dən çıxsa? Fransa ayrılacağı təqdirdə, Aİ və NATO layihələrinin, avrozonanın aqibəti necə olacaq?

- Le Penin qələbə qazanacağı təqdirdə, Fransa Aİ ilə gələcək əməkdaşlığa dair sərt danışıqlara başlayacaq. Parisin bir sıra şərtlər irəli sürəcəyinə, ilk növbədə, Parisin Aİ büdcəsinə ödəmələrinin azaldılmasını tələb edəcəyinə şübhə yoxdur. Yeri gəlmişkən, bu, Böyük Britaniyanın Aİ-ni tərketmə səbəblərindən biridir. Beləliklə, Paris Fransanın daxili bazarının qorunması məsələsini gündəmə gətirəcək. Ən əsası isə, Fransanın avrozonada qalıb-qalmayacağı ciddi sual altına düşəcək. Nəzərə almaq lazımdır ki, Fransa Aİ-də ikinci iqtisadiyyatdır. Avrozonada böhran davam edir və yaxın illərdə biz bir sıra ciddi dəyişikliklərin, hətta bəlkə də avrozonanın iflasının şahidi olacağıq.

Makronun qələbəsi isə Fransanın De Qollun vaxtında qismən tərk etdiyi NATO-ya tam qayıdışı demək olacaq. NATO-nun mənzil-qərargahı məhz o zaman Parisdən Brüsselə köçüb. Le Pen isə əksinə, NATO-dan uzaq Fransa layihəsini reallaşdıracaq. Amma onun Avropa Ordusunun yaradılması ideyasına, yaxud pan-Avropa hərbi əməkdaşlığının hər hansı digər formasına dəstək verəcəyini də istisna etmək olmaz.

- Bəs Le Pen Aİ-nin ən ciddi problemi olan miqrasiya böhranını çözə biləcəkmi?

- O, hüquq-mühafizə strukturlarını kəskin şəkildə gücləndirməyi düşünür. Artıq indidən polislərin və ordunun əksəriyyəti Le Penin tərəfindədir. O, bu xidmətlərin ehtiyaclarına hər zaman böyük diqqət göstərib. Fransa siyasi əmrin olacağı təqdirdə, sərhədlərini qorumaq iqtidarında olan güclü orduya malikdir. Marin isə belə əmri vermək əzmindədir. Le Penin qələbəsi təhlükəsizliyin güclənməsinə, terror təhlükəsinin azalmasına yol aça bilər.

- Avropanın hansı ölkələrində millətçi qüvvələr seçkiləri qələbə ilə başa vura bilər? Marin Le Penin uğuru Avropanın digər sağçıları üçün nümunəyə çevrilə bilərmi?

- Doğrudur, Avropanın sağçı partiyaları onlara əqidəcə yaxın olan ABŞ Prezidenti Donald Tramp kimi, sensasion nəticə göstərə bilməyib. Lakin bütün Aİ məkanında sağçı, vətənpərvər partiyaların gücləndiyi faktdır. Avstriyanın Azadlıq Partiyası ötən il keçirilmiş prezident seçkisində səslərin, demək olar ki, yarısını qazanmışdı. Skandinaviya ölkələrində, Şərqi Avropada da sağçı partiyalar güclənir; məsələn, İsveç parlamentində yer alan nəhəng «İsveç demokratları» sürətlə populyarlaşır. Bu partiya da miqrasiyaya qarşıdır. Almaniyada isə «Almaniya üçün alternativ» payızda ilk dəfə Bundestaqda təmsil olunacaq. Fikir verin: AFR Avropanın ən böyük iqtisadiyyatıdır. Demək, alman biznesi sağçıları dəstəkləyir. Avropada biznesin dəstəyi olmadan böyük siyasət mümkün deyil.

- Bu məsələ bilavasitə Azərbaycan-Fransa münasibətlərinə də aiddir. Le Pen Qarabağ məsələsində Ermənistana dəstək ifadə edib. Makron da «soyqırımı» məsələsində erməniləri dəstəkləyir. Demək, ikinci turda bu namizədlərdən hər hansının qələbə qazanması ilə Fransa hökuməti Azərbaycan və Türkiyə ilə münasibətlərdə, birmənalı olaraq, ermənipərəst mövqe tutacaq?

- Fransada namizədlərin seçkiqabağı dövrdə verdikləri ermənipərəst bəyanatlara daxili siyasi mübarizənin bir aləti kimi baxmaq lazımdır. Namizədlərə dəstək, demək olar ki, bərabər idi - onların hər biri, təxminən, 20% səs qazanmışdı. Bu mənada, onlar üçün erməni seçicilərin səsinin əldə edilməsi son dərəcə vacib idi.

Seçkidən sonra isə Parisin xarici siyasətində ciddi dəyişikliklərin olacağını gözləməyə dəyməz. Azərbaycanlı diplomatlar seçkiyədək olduğu kimi, seçkidən sonra da Fransanın xarici siyasi qərarlarına erməni lobbisinin təsiri ilə mübarizə aparmalı olacaqlar. Burada yeni bir şey yoxdur və düşünürəm, azərbaycanlı diplomatlar bu işdə kifayət qədər təcrübəyə malikdir.

- Marin Le Pen avropalıların qloballaşma ideyasına qarşı, vətənpərvərlik dalğasında, millətçi ideyaları prioritet elan edərək dəstək alıb. Beləliklə, Avropaya fransızlarla-almanlar arasındakı qədim və kəskin rəqabət qayıda bilərmi?

- Həqiqətən də, Avropa İttifaqının fraqmentasiyası onun aradan qaldırdığı və ya neytrallaşdırdığı bir sıra ziddiyyətləri yenidən gündəmə gətirəcək. Almaniyanın ötən ili 260 milyard avro qazancla bitirdiyi bir şəraitdə, Fransa ticarət dövriyyəsinin 200 mlrd avroluq mənfi saldo ilə olmasına hazır deyil. Bu, daha çox Almaniya ixracına kömək edən avrozonanın hesabına əldə olunub. Bir sözlə, iqtisadi ziddiyyətlər artıq ortadadır və onlar həll olunacaq. Odur ki, Avropada hərbi əməkdaşlıq, sərhədlərin birgə mühafizəsi zərurətdir. Fransa Afrika qitəsində böyük təcrübəyə malikdir. O, gələcəkdə də «qara qitə»də fəal olacaq. Maraqlıdır ki, Afrika istiqaməti Marin Le Pen ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə də müzakirə edilib. Bu, ciddi niyyət siqnalıdır.


MƏSLƏHƏT GÖR:

487