24 Aprel 2024

Çərşənbə, 00:11

BİR NEÇƏ PARTİYALIQ OYUN

Koreya münaqişəsi heç də yalnız KXDR ilə ABŞ və müttəfiqləri arasında qarşıdurmadan idarət deyil

Müəllif:

01.05.2017

Koreya yarımadasında vəziyyət ən gərgin beynəlxalq siyasi mövzulardan biri olaraq qalır. Ümumi fikir ondan ibarətdir ki, KXDR-də 2006-cı ildən BMT TŞ-nin qətnamələrinə məhəl qoymadan nüvə sınaqları həyata keçirən hazırkı rejimin qaldığı müddətdə Koreya yarımadasının dinc yolla nüvəsizləşdirilməsi mümkün deyil. Şimali Koreyanın qonşuları və ABŞ hesab edir ki, KXDR onların və ümumilikdə, Asiya-Sakit okean regionunun təhlükəsizliyinə təhdiddir. Üstəlik, son zamanlar Pxenyanın qitələrarası ballistik raketlər əldə etməyə çox yaxın olduğuna dair fikirlər səsləndirilir. Söhbət Amerikanı belə, vura biləcək raketlərdən gedir.

KXDR-in hazırkı lideri Kim Çen Inı qorxutmaq istəyən ABŞ, Cənubi Koreya və Yaponiya mütəmadi olaraq, demilitarizə olunmuş zonada, Şimali Koreyanı əhatə edən dəniz sularında hərbi təlimlər keçirir. Bu isə Pxenyanı öz raketlərinin istehsalına və sınağına daha çox sövq edir. Bu qapalı dairə illərdir mövcuddur və nə qədər ki, növbəti gərginlik dalğası baş qaldırmayıb, o, ekspertlərdən başqa heç kəsi narahat etmir.

 

Təxribata qarşı təxribat

Cari ilin yazında buna Seul boyunca həyata keçirilən Amerika-Cənubi Koreya manevrləri və KXDR-in növbəti sınaqları yol açıb. Bundan sonra hər iki tərəfin bəyanatları getdikcə kəskinləşməyə başlayıb. Vaşinqton Pxenyanın daha bir nüvə sınağı keçirəcəyi təqdirdə, Şimali Koreyanın hərbi obyektlərinə önləyici zərbələrin endirilə biləcəyini bəyan edib. ABŞ-ın vitse-prezidenti Maykl Pens deyib ki, «Şimali Koreyanın raket-nüvə siyasətinə qarşı strateji səbir erası başa çatıb». Vaşinqton bu bəyanatın nə qədər ciddi olduğunu göstərmək üçün Koreya yarımadası sahillərinə «Carl Vinson» atom təyyarə gəmisinin başçılığı ilə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər, həmçinin «Tomaqavk» raketləri ilə silahlanmış sualtı qayıq da göndərib. Yaponiyanın özünümüdafiə qüvvələri isə amerikalılarla birgə təlimlərə başlandığını elan edib. Bundan başqa, aprelin 26-da ABŞ Hərbi Hava Qüvvələrinin Kaliforniyadakı bazasından «Minitmen III» qitələrarası ballistik raketi havaya buraxılıb. Bu, planlı xarakter daşısa da, Kim Çen Ina xəbərdarlıq mesajı kimi də qiymətləndirilib.

ABŞ-ın Suriyadakı aviabazaya «Tomaqavk» raketləri ilə gözlənilməz zərbələr endirməsindən sonra, Pxenyanın yeni ABŞ administrasiyasının hədələrinə həmişəkindən daha ciddi yanaşdığına şübhə yoxdur. Lakin qorxularını nümayiş etdirməyiblər, əksinə, «ABŞ-ın istənilən təxribatına cavab olaraq», preventiv hücumun olacağı bəyan edilib. KXDR-in BMT yanında daimi nümayəndəsi Kim İn Ryon bildirib ki, ABŞ regionda təhlükəli vəziyyət yaradıb və bu, «istənilən an nüvə müharibəsinin başlanması təhlükəsini real edir». «Nodon sinmun» partiya qəzetində isə Pxenyan «Carl Vinson»u bir zərbə ilə batıra biləcəklərini, Cənubi Koreyadakı Amerika hərbçilərini «yer üzündən silmək», ABŞ-ın quru hissəsini «külə döndərmək» iqtidarında olduqlarını bəyan edib. «ABŞ-a kor-koranə və həvəslə dəstək verən», bununla da «intihar edirmişcəsinə» Şimali Koreyanın nüvə zərbəsi zonasına düşən Avstraliya da hədələnib.

Gərginlik o həddə çatıb ki, ekspertlər «Koreya yarımadasında 1950-1953-cü illər müharibəsindən sonrakı ən ciddi böhrandan» danışmağa başlayıb. Lakin bir müddət sonra, ayrı-ayrı mənbələr ABŞ-ın hərbi gücə əl atmağı düşünmədiyini, diqqəti diplomatik təzyiqlərə, sanksiyalara yönəldəcəyini bildirib. ABŞ-ın Dövlət Katibi Reks Tillerson, Müdafiə naziri Ceyms Mettis və Milli Kəşfiyyatın direktoru Den Koatsın aprelin 26-da yaydıqları birgə bəyanatda isə bildirilir ki, ABŞ Prezidenti Donald Trampın Şimali Koreya ilə bağlı strategiyası Pxenyana təzyiqlərin sanksiyaların sərtləşdirilməsi ilə artırılmasını nəzərdə tutur. Sənəddə bildirilir ki, Ağ ev Şimali Koreyanı nüvə silahı və ballistik raket istehsalından məhz bu yolla çəkindirməyi düşünür.

Vaşinqton danışıqlardan da qaçmır. Lakin Ağ evin başçısı Donald Tramp Şimali Koreya ilə bağlı plan və gələcək addımlarının anonsunu verməyəcəyini bildirib. Odur ki, Trampın təxminedilməz lider olduğunu nəzərə alaraq, onun hansı addımları ata biləcəyini söyləmək çətindir. Üstəlik, Kim Çen Ina sanksiyalar (ticarət, faydalı qazıntıların ixracı, silah alışı və bank sektoru sahələrində) təsir etmir: o, raket sınaqlarından imtina etməyi düşünmür.

Bütün bunlarla yanaşı, Pxenyanın real imkanları da heç kəsə bəlli deyil. Dünyanın ən qapalı dövləti sayılan Şimali Koreyaya adi turist kimi belə, getmək mümkün deyil. Orada dənizə bütün girişlər yüksəkgərginlikli tikanlı məftillərlə bağlıdır. Bəziləri insanların istənilən bəhanə ilə təqib olunmasının dəhşətlərindən danışır və bu ölkə əhalisini “çuxçe” ideyası ilə zombiləşdirilmiş sekta adlandırır, digərləri isə hər şeyin Qərb KİV-in yazdığı qədər dəhşətli olmadığını bildirir. Belə bir şəraitdə KXDR-in nüvə silahı haqqında deyilənlərdən hansının həqiqət, hansının uydurma olduğunu söyləmək daha da çətinləşir. Hər halda, onu dəfələrlə yalançı nüvə sınaqları keçirməkdə də ittiham ediblər.

Əgər qismən qəbul olunmuş fikrə əsaslansaq, Şimali Koreyanın 10-16 ədəd nüvə başlığına və 1000-dən artıq ballistik raketə sahib olduğu bildirilir. Nüvə silahlarının yayılmaması üzrə Ceyms Martin Mərkəzinin məlumatına görə, Şimali Koreya raketlərinin uçma radiusu 1000-1300 (Skad, Nodonq) və 3 500 (Musudan) kilometrdir. Bəzi ekspertlər hesab edir ki, Şimali Koreya, artıq 3 ildən sonra uzaqmənzilli raketlərini miniatür nüvə başlıqları ilə təchiz edə biləcək. O, Pxenyanda bu yaxınlarda keçirilmiş hərbi paradda sualtı qayıqlar üçün nəzərdə tutulmuş «Pukkuksonq-2» ballistik raketlərini də nümayiş etdirib. Bu perspektiv yalnız Cənubi Koreya ilə Yaponiyanı deyil, həm də ABŞ-ın bu ölkələrdəki, hətta öz ərazisindəki nəhəng hərbi infrastrukturunu da risk qarşısında qoyur.

Bu arada Birləşmiş Ştatların Daxili Təhlükəsizlik naziri Ceyms Kelli ölkəsinin Şimali Koreya raketlərindən qorunub-qorunmadığı haqqında sualı cavablandırmaqdan imtina edib. Bununla yanaşı, Pxenyan nüvə imkanları ilə yanaşı, döyüş qabiliyyətli orduya da malikdir. Söhbət milyonlarla insanın silaha sarıldığı ordudan gedir. Şimali Koreyanın aviasiyası, qəliz, demilitarizə olunmuş zonanın yaxınlığınadək gedib-çıxan yeraltı kommunikasiya sistemi, güclü artilleriyası da var. Artilleriyanın gücü aprelin 15-də Vonsan liman rayonunda keçirilmiş təlimlərdə nümayiş etdirilib. Yeri gəlmişkən, oradan Seulu asanlıqla vurmaq mümkündür.

Bütün bunları nəzərə alsaq, ABŞ-ın Şimali Koreyaya qarşı mümkün addımları dünyanın bütün müşahidəçilərini narahat edir. Hər halda, problemin güc yolu ilə həlli, nəinki dinc əhali arasında kütləvi tələfata, humanitar fəlakətə səbəb olacaq, həm də böyük bir ərazinin nüvə çirklənməsinə məruz qalması risqini yaradacaq. Hadisələrin episentrində milyonlarla insan, nəhəng istehsal sənayesi, Qərb investisiyaları, Amerikanın Cənubi Koreya və Yaponiyadakı bazaları, Asiya bazarları yerləşir. Bundan başqa, indi, əlverişli dövr də deyil: Cənubi Koreyada Prezident Pak Kın Heyə impiçment elan olunduğundan, Seul seçkiqabağı bataqlıqla çapalayır və onun siyasi resursları məhduddur. ABŞ administrasiyasında isə, elə yerli mətbuatın yazdığına görə, Asiya məsələləri üzrə əsl ekspert o qədər də çox deyil. Ümumiyyətlə, Dövlət Departamenti və Pentaqonda bir çox vəzifələr hələ də boşdur.

 

Çin amili

Amma Koreya problemi yalnız bunlardan da ibarət deyil. Onun daha bir maraqlı tərəfi var - THAAD HHM sistemi (Yüksəklikdən Müdafiə Sistemi - böyük yüksəklikdə olan ballistik və digər raketləri vurmaq üçün nəzərdə tutulub). Yarımadada böhranın ən qızğın vaxtında Cənubi Koreyanın Müdafiə Nazirliyi Kensan-Namdo əyalətində, Soncuda THAAD qurğusunun quraşdırılmasına başlandığını bəyan edib. Halbuki, həm yerli sakinlər buna qəti etiraz edir, həm də ərazidə ekoloji ekspertiza hələ bitməyib. Cənubi Koreya KİV-in məlumatına görə, ölkə ərazisindəki THAAD batareyasının 4-9 hərəkətli tırtıllı qurğusu olacaq. Onların hər biri səkkiz raketə və TPY-2 TM tip raketə qarşı radar hesblanıb. Bu sistem rəsmi olaraq, KXDR ərazisindən buraxıla biləcək raketlərdən qorunmaq üçün nəzərdə tutulub. Lakin o, Çinin nüvə gücünü də azaldır - yeri gəlmişkən, yalnız Çinin yox. Radar Rusiya ərazisinin də bir hissəsini «tutur».

Odur ki, Pekin Cənubi Koreya ərazisində THAAD sisteminin yerləşdirilməsinin qəti əleyhinədir. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Gen Şuan bildirib ki, ABŞ ilə Cənubi Koreyanın bu əməlləri Pekinin təhlükəsizliklə bağlı strateji maraqlarına ziddir. O, hesab edir ki, yaranacaq vəziyyət Koreya yarımadasında gərginliyi artıracaq və Pekin öz təhlükəsizliyini təmin etmək üçün qəti addımlar atmaq məcburiyyətində qalacaq.

Yeri gəlmişkən, eyni komplekslərin Yaponiya ərazisində də quraşdırılacağı istisna deyil. Hər halda, Yaponiyanın Baş naziri Sindzo Abe buna tərəfdar olduğunu artıq bəyan edib.

İndi, Çin bütünlükdə Şimal-Şərqi Asiyanı «bağlayacaq» HHM sistemi yaradacağını istisna etmir. Aprelin 27-də Moskvada ÇXR Mərkəzi Hərbi Şurasının Baş Operativ Birləşmiş Qərargah rəisi müavininin də iştirakı ilə təhlükəsizlik konfransı keçirilib. Toplantıda ABŞ-ın Şimali Koreya ətrafında yaranmış böhrandan ümumdünya HHM şəbəkəsi yaratmaq üçün istifadə edə biləcəyindən narahatlıq ifadə olunub.

Bu gün Pxenyanla iqtisadi əlaqələrə malik yeganə ölkə olan Çin həqiqətən də çətin vəziyyətdə qalıb. Vəziyyətə müdaxilə etməmək ABŞ-ın regionda hərbi hökmranlığını artırmasını sakitcə müşahidə etmək deməkdir. Bunun Pekin üçün nələrə aparıb-çıxaracağını izah etməyə ehtiyac yoxdur. Amma Şimali Koreya ilə ABŞ arasında müharibə də (təbii ki, Pxenyanın məğlubiyyəti ilə bitəcək) Çinə lazım deyil. Yalnız ona görə yox ki, müharibə baş verəcəyi təqdirdə, Çin onun mümkün ekoloji fəsadları və qaçqın axını ilə üz-üzə qalacaq, həm də ona görə ki, hazırda KXDR Pekin üçün buferdövlət rolunu oynayır. Şimali Koreyanın süqutu onun Cənubi Koreya ilə birləşməsi ilə nəticələnəcək və bu halda, Amerikanın bazaları Çinin düz sərhədinə gəlib çıxacaq. Bu baxımdan, Pekinə hər şeyin olduğu kimi qalması daha çox sərf edir. Odur ki, Şimali Koreyanın təxribatçı əməllərinin Pekin ilə qıcıqlandırdığını istisna etmək olmaz. Hər halda, Çin, hətta fevraldan bu ölkədən kömür idxalını da dayandırıb. Bu yaxınlarda isə Pxenyanla hava əlaqəsi kəsilib.

Rusiyanın da Şimali Koreya ilə maraqları Çinin maraqlarına bənzərdir. Dünyanın bu hissəsində Amerikanın HHM sisteminin peyda olması Moskvanı da qane etmir. İki Koreyanın mümkün birləşməsi, bununla da ABŞ hərbçilərinin Rusiya sərhədinə yaxınlaşması da Moskvaya lazım deyil.

Odur ki, Koreya münaqişəsinin KXDR ilə ABŞ və müttəfiqləri arasında qarşıdurma olduğunu söyləmək vəziyyəti həddindən artıq sadələşdirmək olardı. Güman ki, Tramp bir neçə partiyadan ibarət oyuna başlayıb. Burada birmənalı düşmənlər və ya müttəfiqlər yoxdur, lakin strateji, yaxud taktiki hədəflərə çatmaq üçün hər kəsdən istifadə oluna bilər. Əslində, normal vəziyyətdir - istər biznesdə, istərsə də siyasətdə. Odur ki, seçkiqabağı kampaniya dövründə Çini ABŞ-ın “1 nömrəli” geosiyasi düşməni adlandırmış ABŞ Prezidentinin qəflətən Çin sədri Si Cinpinlə xüsusi münasibətləri olduğunu söyləməsinin səbəbləri üzə çıxır. Yaxud, Trampı Trans-Sakit okean tərəfdaşlığından istisna ilə Çinə gözəl bir hədiyyə etməsi nə ilə bağlı idi? Bəlkə ABŞ-ın yeni prezidentinin Amerikanın hədəflərinə nail olma yolları (Çinin imkanlarının məhdudlaşdırılması hər zaman burada prioritet olub) fərqlidir?

Beləliklə, Koreya yarımadasında münaqişə ehtimalını tam istisna etmək olmaz. Silahları cingildətmək, həqiqətən, idarəolunmaz münaqişəyə yol aça bilər. Amerikalıların riskləri dəqiq hesablamaqla, Şimali Koreyaya ani zərbələr endirəcəyi də istisna deyil. Lakin güman ki, növbəti «gərginlik dalğası» Pekin və ola bilsin, Moskvanın Pxenyana təzyiqləri sayəsində bir qədər sakitləşsin.



MƏSLƏHƏT GÖR:

363