25 Aprel 2024

Cümə axşamı, 03:11

TARİXİ QƏRAR

Türkiyə Prezident respublikasına çevrilmək yolunda həyati əhəmiyyətli addım atdı

Müəllif:

01.05.2017

Türkiyədə aprelin 16-da keçirilmiş Konstitusiya referendumunun nəticəsi, güman ki, ölkənin gələcək inkişafı baxımından həyati əhəmiyyət daşıyacaq. Seçkidə Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü olan məsələyə - Türkiyənin parlament üsul-idarəsindən prezident respublikasına çevrilməsi yolunda həlledici addım atılıb.

 

ƏİP istəyinə nail oldu. MHP-nin köməyi ilə

Referendumun Ali Seçki Şurası (ASŞ) tərəfindən açıqlanmış nəticələrinə əsasən, seçicilərin 51,41%-i Konstitusiyaya prezident idarəçiliyinin gücləndirilməsini nəzərdə tutan dəyişiklikləri dəstəkləyib. Bu, dövlət başçısının - prezidentin ümumxalq səsverməsi ilə seçilməsini (bir şəxs hər biri 5 il olmaqla, ardarda 2 dəfə prezident seçilə bilər), Baş nazir postunun ləğvini, nazirlərin təyinatı səlahiyyətinin prezidentə verilməsini, eyni zamanda, onun öz partiyasına başçılıq etmək hüququna malik olmasını nəzərdə tutur. Bundan başqa, prezident qanunvericilik təşəbbüsləri ilə çıxış etmək, parlamenti buraxmaq, fövqəladə vəziyyət elan və onu ləğv etmək, Türkiyənin istənilən dövlət qulluqcusu haqqında inzibati istintaqa başlanılması təşəbbüsü irəli sürmək səlahiyyətlərinə də malik olacaq. Daha bir vacib məqam dövlət başçısına ordu üzərində əlavə mülki nəzarət hüququnun verilməsidir. O, bunu Dövlət Nəzarət Şurasını yaratmaqla edəcək. Üstəlik, Prezident Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına rəis təyin etmək səlahiyyətini də ələ alacaq. Sonuncu məqamlar, əlbəttə ki, ordunun siyasi subyektivliyinin tamamilə aradan qaldırılmasına, onun ölkənin siyasi həyatına müdaxiləsinin önlənməsinə imkan verəcək.

Beləliklə, referendumun təşəbbüskarları olan hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) ilə şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qələbə qazanıblar. Amma onların mütləq qələbəsindən danışmaq olmaz. Yalnız ona görə yox ki, ƏİP Millətçi Hərəkat Partiyası (MHP) tərəfdarlarının dəstəyini almasına rəğmən (ƏİP referendumda MHP ilə faktiki olaraq, koalisiya qurmuşdu), mütləq üstünlüyə nail ola bilməyib. Ona görə ki, Konstitusiya dəyişikliklərinə seçicilərin 51%-nin «hə» deməsi yerdə qalan 49%-in, yəni ölkə əhalisinin, demək olar ki, yarısının Türkiyənin prezident üsul-idarəsinə (ən azı, onun hazırkı hakimiyyət tərəfindən təklif olunan formasına) keçidini dəstəkləmədiyini göstərir.

Türkiyənin Prezident respublikasına çevrilməsinin tərəfdarları ölkənin 81 əyalətindən 48-də qələbə qazanıb. Lakin İstanbul, Ankara, İzmir kimi iri şəhərlərdə, həmçinin kürdlərin daha sıx məskunlaşdığı Diyarbəkirdə əhalinin əksəriyyəti dəyişikliklərin əleyhinə səs verib. Bu, ilk növbədə, şəhər əhalisinin, o cümlədən onun dünyəvi təbəqəsinin ƏİP hökumətinin mötədil islamçı cəhdlərindən narahat olduğunu göstərir. Onlar hesab edir ki, bu, gələcəkdə Türkiyənin qurucusu Kamal Atatürkün müəyyənləşdirdiyi siyasi və ideoloji yoldan imtina ilə nəticələnə bilər. Digər tərəfdən, Diyarbəkirdə qutulardan «xeyr» çıxması, kürdlərin tam şəkildə Ərdoğanın layihəsinə qarşı olduğu anlamına da gəlmir. Məsələ ondadır ki, ölkənin kürdlər yaşayan bir sıra şərq rayonları Konstitusiya dəyişikliyini dəstəkləyib. Bir sözlə, Konstitusiya islahatları Türkiyəni iki hissəyə bölüb.

İstənilən halda, Ərdoğan ilə hakim ƏİP-in cüzi fərqlə də olsa, qalib gəldiyi ortadadır. Beləliklə, Türkiyə Respublikası tarixində yeni səhifənin açılması qaçılmazdır. Prezident Ərdoğanın xalqın «tarixi qərarı» kimi qiymətləndirməsi, bunu «Türkiyə tarixinin ən vacib islahatı» adlandırması təsadüf deyil. Həmvətənlərinə müraciət edən Ərdoğan deyib: «Referendumda «Bəli» və “Xeyr» demiş hər kəs, 80 milyon əhali və Türkiyədən kənarda yaşayan vətəndaşlarımız, bu bizim birgə qələbəmizdir».

 

CXP heç biri ilə razı deyil

Ölkənin aparıcı müxalifət qüvvəsi - kamalçı Cümhuriyyət Xalq Partiyası (CXP) və kürdpərəst Xalqların Demokratik Partiyası (XDP) referendumdan dərhal sonra, onun nəticəsinə etiraz edib. Hələ referendum ərəfəsində müxalifətçilər Türkiyədə hökm sürən fövqəladə vəziyyət şəraitində ümumxalq səsverməsinin keçirilməsinin yersiz olduğunu bildirirdilər. Arqument olaraq onlar ƏİP-in və şəxsən Ərdoğanın senzura tətbiqini, mövcud hakimiyyəti tənqid edən çox sayda jurnalistin məsuliyyətə cəlb edildiyini, xeyli insanın vəzifədən kənarlaşdırıldığını göstərirdilər. Referendumdan dərhal sonra isə onlar hakimiyyəti səslərin sayılması zamanı saxtakarlığa yol verməkdə günahlandırıb; məsələn, CXP ASŞ-nin üzərində möhür olmayan bülleten və zərflərin etibarlı sayılması qərarına istinadən, referendumun nəticəsinin ləğvini tələb edir. Kamalçıların iddiasına görə, səslərin 3-4%-i saxtalaşdırılıb. CXP lideri Kamal Kılıçdaroğlu bildirib ki, «Türkiyə əhalisinin, ən azı, 50%-i Konstitusiya dəyişikliklərinə «Xeyr» deməyə hazırdır. Odur ki, səsvermənin nəticələri ictimai konsensus variantı ola bilməz».

Lakin hökumət müxalifətin iddialarını qəbul etməyəcəyini dərhal nümayiş etdirib. ƏİP-in və Prezident Ərdoğanın elektoratının yaşadığı eyforiyanı nəzərə alsaq, bu, əvvəldən də məlum idi. Türkiyə Prezidenti referendumun nəticəsindən ölkəyə rəhbərlik müddətinin uzadılması məqsədilə istifadə etmək niyyətini gizlətmir. Bu ona 2029-cu ilədək hakimiyyətdə qalmaq imkanı verə bilər. İndi, hökumət referendumun nəticələrinə şübhə edilməsinə heç bir əsas görmür. Odur ki, ASŞ müxalifətin nəticələrə təkrar baxılması ilə bağlı tələbini rədd edib. Ədliyyə naziri Bekir Bozdağ isə daha da irəli gedərək, müxalifətin Konstitusiya referendumunun nəticələrindən şikayət etməsini mümkünsüz adlandırıb. O, ASŞ-nin qərarının qəti olduğunu bildirib.

Bu arada polis referendumun nəticələrinə etiraz olaraq, qanunsunz aksiyalar təşkil etməkdə günahlandırılan 19 nəfəri həbs edib. Türkiyə KİV-in məlumatına görə, hüquq-mühafizə orqanları həmin aksiyaların «nifrət yaymaq» məqsədi güddüyünü düşünür. Asayiş keşikçiləri hesab edir ki, həmin aksiyalar «küçə iğtişaşlarına yol aça bilərdi». Bu, Türkiyədəki mövcud siyasi durumun çətin, qarışıq olduğunu təsdiqləyən daha bir amildir.

 

Qərb artıqdır, yaxud kim «öz yerini bilməlidir?”

Türkiyə hökuməti tərəfindən açıqlanmış nəticələr yalnız ölkə daxilindəki bəzi siyasi qüvvələr tərəfindən yox, xaricdə də qəbul edilməyib. Xüsusilə Avropa instansiyaları, faktiki olaraq, referendumun azad və şəffaf keçmədiyini düşünür.

Hələ səsvermə ərəfəsində bir sıra Qərb KİV-də təbliğat isteriyası baş qaldırmışdı - Ərdoğan Türkiyədə öz diktaturasını qurmağa çalışan siyasətçi kimi təqdim olunurdu. Bu, Ankara ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin ciddi şəkildə soyuması fonunda baş verirdi. Qeyd edək ki, bu soyuqluq, xüsusilə Almaniya və Hollandiya hökumətlərinin türkiyəli nazirlərin referendum ərəfəsində burada yaşayan türklər qarşısında çıxışına imkan verməməsindən sonra güclənib.

Beləliklə, Aİ-Ankara münasibətlərindəki soyuqluğu nəzərə alsaq, Brüsselin Türkiyədə keçirilmiş referendumun nəticələrinə reaksiyası təəccüblü deyil. Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, genişlənmə və qonşuluq siyasəti üzrə avrokomissar Yohannes Xan birgə bəyanatlarında Türkiyə hökumətini Prezident respublikasının qurulmasının tərəfdarları ilə əleyhdarları arasında «cüzi fərqi nəzərə alaraq», konsensus axtarmağa çağırıblar.

Oxşar çağırışla Avropa Şurasının Baş katibi Turbern Yaqland da çıxış edib: «Səslər arasında fərq çox az olduğundan, Türkiyə rəhbərliyi gələcək addımlarında ehtiyatlı olmalıdır… İndi, ən vacibi, məhkəmə hakimiyyətinin müstəqilliyinin qorunub-saxlanmasıdır».

ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunun (DİİHB) missiyası isə referendumun təşkilinin Avropa Şurasının standartlarına cavab vermədiyini bəyan edib. Qurum rəyini, guya, seçicilərin islahatlar haqqında obyektiv informasiya ala bilməməsi, bəzi seçki məntəqələrində ictimai təşkilatlardan müşahidəçilərin olmaması, müxalifətin KİV-ə çıxışının məhdudlaşdırılması və s. ilə əsaslandırıb. DİİHB-nin direktoru Mixael Georq Link Ankaranı səslərin yenidən sayılmasına çağırıb. Onun fikrincə, bu, Türkiyədəki seçki prosesinə inamı artırardı.

Rəsmi Ankara isə bu tənqidlərə birmənalı yanaşmır. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan ATƏT missiyasının üzvlərini «öz yerlərini bilməyə» çağırıb. O, referendumun ölkə Konstitusiyasına dəyişikliklər və prezident idarəçiliyi sisteminə keçidlə bağlı debatlara son nöqtəni qoyduğunu bildirib. Ərdoğan deyib ki, «səlibçilər dünyagörüşü daşıyıcıları»nın müqavimətinə rəğmən, prezident üsul-idarəsinə keçidlə bağlı referendum müsbət nəticə verib. «Biz xalq olaraq ayaqda qaldıq. Biz müqəddəslərimizdən başqa heç kəsə baş əymərik», - deyə Prezident qeyd edib.

Xatırladaq ki, referendum ərəfəsində bəzi Avropa hökumətləri Türkiyə siyasətsilərinin onların ölkələrində ictimaiyyət qarşısında çıxışlarını qadağan etmişdi. Ərdoğan isə öz növbəsində, referendumdan sonra, Avropa türklərinin islahatlara «hə» deməsindən məmnunluğunu dilə gətirib. Məsələ ondadır ki, Almaniya, Hollandiya və Avstriyada səsverməyə qatılmış türklərin, müvafiq olaraq, 63,71 və 73%-i Türkiyə Konstitusiyasına dəyişiklikləri dəstəkləyib.

«Baxın, onlar nəyə nail olmaq istəyirdi, amma nə baş verdi… Səsvermənin nəticələri Aİ siyasətçilərini dəli edib. Çünki onlar fərqli nəticə arzulayırdılar. Onların mənfi rəyi mənim qələbə qazanmama yardım etdi», - deyə Ərdoğan bildirib.

 

Dövrün çağırışlarına rəğmən...

Referendumun nəticələri və onun ətrafında yaranmış siyasi fon həm Türkiyə cəmiyyəti daxilində, həm də Ankara-Qərb münasibətlərində ziddiyyətlərin getdikcə artdığını göstərir. Lakin Türkiyənin fövqəldövlət tarixi qardaş ölkədə düzənin pozulmaz olduğuna əminlik yaradır. O, indiyədək dəfələrlə ciddi daxili və xarici siyasi çağırışlarla üz-üzə qalıb. Türkiyə bu çağırışlara həqiqətən, layiqli cavab verməlidir. Söhbət, ilk növbədə, istənilən formalı terrorçuluğun darmadağın edilməsindən, türk xalqının birliyindən və müəyyən dünya güclərinin ölkənin təhlükəsizliyinə, ərazi bütövlüyünə zərbə vurmaq cəhdlərinin önlənməsindən gedir.

Beləliklə, Türkiyədəki dərin siyasi proseslər yalnız prezident sisteminə keçidlə deyil, həm də müasir Türkiyə dövlətçiliyinin tabe olduğu kamalizm ideyalarının hakimliyindən tədricən imtina ilə bağlıdır. Bu proseslərdən çıxarılan əsas nəticə isə odur ki, ölkə əhalisi və elitasının böyük bir hissəsi hazırda güclü liderə üstünlük verir. Türkiyə ictimaiyyətinin ən fəal hissəsinin gözləntiləri məhz alternativi olmayan bu liderin öldürücü terror təhlükəsini aradan qaldıra biləcəyinə inamla bağlıdır. Söhbət istər PKK-nin, istərsə də «cihadçı» “İD”nin yaratdığı təhlükədən, eyni zamanda, Türkiyənin öz mürəkkəb geosiyasi ətrafından, xüsusən də alov içində olan Suriya və İraqdakı proseslərdən zərərsiz çıxmasından gedir. Çünki Suriya ilə İraq bu gün fövqəldövlətlər tərəfindən qurulan tələni xatırladır və etiraf etmək lazımdır ki, yalnız bu ərəb ölkələrini xalqları deyil, bütün Yaxın Şərq bölgəsi və Türkiyənin özü də bu tələdən qurtula bilməyib.

Türkiyədə keçirilmiş referendum, güman ki, Ankara ilə Brüsseli bir-birinə daha da yadlaşdıracaq. Hər halda, indiki şərtlərlə Türkiyənin Avropa İttifaqına üzvlüyü haqqında düşünmək belə, artıq olardı. Bu, illərdir, davam edən Avropa arzusundan imtinanın qaçılmaz olduğunu anlayan bir çox türkün xarizmatik lider olan Ərdoğana inamını artıran daha bir məqamdır. Bu mənada, referendum türk xalqının mütləq çoxluğunun olmasa da, yenə də əksəriyyətinin hazırkı prezidentə növbəti etimadıdır. Gələcək dövlət strategiyası ilə bağlı həyati əhəmiyyətli seçim də onun iradəsindən asılıdır. Söhbət istər türkiyədaxili vəziyyətdən, istərsə də Ankaranın dünya arenasındakı rolundan gedir.



MƏSLƏHƏT GÖR:

419