26 Aprel 2024

Cümə, 02:54

ƏZƏLİ MƏNBƏDƏ

Azərbaycan, ötən əsrdə olduğu kimi, bu gün də qlobal neft və qaz bazarında vacib rol oynayır

Müəllif:

01.05.2017

Nobel mükafatçıları 100 ildən artıqdır ki, fizika, kimya, tibb sahələrindəki səs-küylü ixtiralarına, həmçinin ədəbi əsərlərinə, dünyada sülhün əldə olunması səylərinə görə kifayət qədər ciddi maddi mükafat (ən azı, 1 milyon dollar) alırlar. Nobel Komitəsi dinamit ixtira etdiyi üçün XIX əsrin sonlarında jurnalistlər tərəfindən o qədər də şərəfli sayılmayacaq «ölüm alverçisi» adlandırılmış Alfred Nobelin son iradəsini qeyd-şərtsiz yerinə yetirir. Hesab olunur ki, Alfred Nobel alimlərin mükafatlandırılmasına yönəldilmiş vəsaitini məhz silah ticarəti ilə əldə edib. Lakin onu da unutmaq olmaz ki, Alfred 1879-cu ildə Bakıda neft hasilatı və emalı ilə məşğul olmuş «Nobel qardaşları şirkəti»ni yaradanlardan biri idi. Nobel Mükafatı Fondunun 12%-i Nobellərin məhz Bakıda qazandıqları vəsait hesabına formalaşıb.

XIX əsrin sonlarında Bakı dünyanın «qara qızıl» hasil olunan əsas mərkəzi sayılırdı. Həmin dövrdə dünyada ümumi neft hasilatının yarısı Bakının payına düşürdü. Lakin Nobellər Bakı nefti haqqında yalnız XIX əsrin sonlarında xəbər tutmuşdularsa, yerli sakinlərin yerin altından çıxan «yanar yağ» haqqında bir neçə əsr əvvəldən məlumatlı idi. Dünyada sənaye üsulu ilə ilk neft hasilatı da Bakıda baş verib. Azərbaycanda bundan xəbərdar idilər. Amma arxivlərdən onu rəsmən təsdiqləyən sənədlər yalnız bu yaxınlarda tapılıb. Nəticədə, dünyanın 21 metr dərinliyində olan və 1847-ci ildə qazılmış ilk neft quyusu Bakının Bibiheybət qəsəbəsində tapılıb, bərpa olunub və onun üzərində açıq səmada muzey yaradılıb.

«Biz gərək bunu dünyada yaxşı təbliğ edək. Çünki dəfələrlə demişəm ki, sənaye üsulu ilə ilk neft Azərbaycanda çıxarılıb, ancaq onun yeri dəqiq bilinmirdi. Ona görə tapşırıq verdim ki, o yer müəyyən olunsun. Əlbəttə ki, biz bilirdik bu, Bibiheybət ərazisində olub, ancaq indi onun yeri də dəqiqləşdi və gözəl bir abidə yaradıldı. Hesab edirəm ki, bu, həm neftçilər, həm də ölkəmizə gələn turistlər üçün çox gözəl hadisədir», - deyə Azərbaycan Prezidenti İlham Əliyev abidənin açılış mərasimində bildirib.

O, XIX-XX əsrlərdə Azərbaycanın neftin vətəni kimi tanındığını xatırladıb, lakin bu resursların heç də xalqın rifahının yaxşılaşdırılmasına istifadə olunmadığını bildirib.

«O vaxt biz Çar Rusiyasının tərkibində idik və buradan çıxarılan təbii ehtiyatlar xalqımızın güzəranına o qədər də təsir etmirdi. Kasıbçılıq, səfalət idi. Azərbaycan xalqı böyük bir sərvətin sahibi idi, ancaq özü bu sərvətdən istifadə edə bilmirdi. Sovet dövründə də Azərbaycan neft respublikası kimi özünü göstərib. İkinci Dünya müharibəsi dövründə Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tam başqa cür ola bilərdi. Azərbaycan neftçiləri faşizm üzərində Qələbədə həlledici rol oynayıblar. Biz bu il 2 milyard ton neftin hasil olunmasını qeyd edəcəyik. Təsəvvür edin, əgər Azərbaycan müstəqil ölkə olsaydı, indi dünyanın ən zəngin ölkələrindən biri olacaqdı. Bu gün isə bizim neftimiz xalqımıza xidmət edir, dövlətimizi gücləndirir», - deyə İ.Əliyev bildirib.

SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadənin sözlərinə görə, neft hasilatının həcmi 2 milyard tona 2017-ci ilin noyabrında çatacaq. «İndiyədək 1 milyard 971 milyon ton neft çıxarılıb. Bir milyard ton dənizdən, 971 milyon ton qurudan», - deyə o, SOCAR-ın Bakı Ali Neft Məktəbində «Confidence Capital» şirkəti ilə birgə keçirdiyi ikinci beynəlxalq forumda bildirib. Bununla yanaşı, statistikaya görə, Azərbaycanın müstəqilliyi dövründə neft hasilatı 650 milyon ton təşkil edib. Onun böyük hissəsi «Azəri-Çıraq-Günəşli» yatağının payına düşür. 1997-ci ildən bu blokda 423,5 milyon ton neft hasil olunub.

Dünyada neftin qiymətinin sabitliyinə dəstək məqsədilə ötən ilin sonunda əldə edilmiş qlobal razılaşmada Azərbaycanın da iştirak etməsi onun beynəlxalq neft sənayesindəki əhəmiyyətinin göstəricisidir. Üstəlik, Azərbaycan hasilatın azaldılmasına dair götürdüyü öhdəliyi ikiqat yerinə yetirir və bu, neft bazarının əsas aktorlarından lazımi qiyməti alır.

«Azərbaycan neft hasilatının azaldılması öhdəliyini ən yaxşı yerinə yetirən ölkələrdən biri, bəlkə də birincisidir», deyə Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Resurslar naziri Xalid əl-Falih Bakıya səfəri zamanı bildirib.

Bununla yanaşı, Azərbaycanın neft hasilatının azaldılması razılaşmasının mümkün prolonqasiyası baxımından da vacib oyunçu rolu getdikcə möhkəmlənir. «Düşünürük ki, dünyanın neft ehtiyatını, təxminən, 5 illik səviyyəyə çatdırmaq lazımdır. Azərbaycanın Energetika naziri mayın 24-25-də Vyanada bizə qoşulmağa razılıq verib», - deyə əl-Falih bildirib.

Bütün bunlarla yanaşı, Azərbaycan neft-qaz sənayesində əsas istiqamət kimi, «mavi yanacaq» ixracını seçib. Dünya ölçülərinə görə nəhəng yataq sayılan «Şahdəniz»in tammiqyaslı işlənməsi də buna kömək etməlidir. Ümumilikdə, ölkənin təsdiqlənmiş təbii qaz ehtiyatı 2,5 trilyon kubmetrdir. Onun yarısı «Şahdəniz» yatağının payına düşür. Bu yatağın işlənməsinin ilk mərhələsindəcə Azərbaycan qaz idxalçısından ixracatçısına çevrilib. Bu dövrdə o, Gürcüstanın təbii qaza olan tələbatını tam ödəməklə yanaşı, Türkiyəyə 6,6 milyard kubmetr «mavi yanacaq» ixrac edib.

Qaz istiqaməti həm də ümumilikdə, dünyada, o cümlədən Avropada qaz istehlakının artımı baxımından səmərəlidir. Azərbaycan qazının böyük hissəsi məhz Avropaya ixrac olunacaq.

«Fitch» qrupuna daxil olan «BMI Research» mərkəzinin analitiki Emma Riçardsın sözlərinə görə, qarşıdakı onillikdə Avropada yerli qaz hasilatı azalacaq, istehlak isə artacaq; məsələn, 2016-cı ildə burada 130 milyard kubmetr təşkil etmiş «mavi yanacaq» ixracı 2026-cı ildə 100-110 milyard kubmetrədək azalacaq. Eyni dövrdə bu yanacağın istehlakının 500-dən 550 milyard kubmetrədək artacağı gözlənilir. Nəticədə, təbii qaz idxalı 350 milyard kubmetrdən 450 milyard kubmetrə yüksələcək. Azərbaycanın strategiyası da Avropanın qaza artan tələbatının ödənilməsinə hesablanıb. Üstəlik, bunun yeni mənbələrdən alternativ marşrutlarla həyata keçirilməsi nəzərdə tutulur.

«Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi və «Cənub Qaz Dəhlizi» qaz nəqli sisteminin çəkilişi, artıq 2018-ci ildə Türkiyəyə ildə əlavə 6 milyard kubmetr, 2020-ci ildən isə Yunanıstan, Bolqarıstan və İtaliyaya 10 milyard kubmetr qaz ixracına imkan verəcək.

SOCAR-ın vitse-prezidenti Vitali Bəylərbəyovun sözlərinə görə, «Şahdəniz» yatağının işlənməsi, TANAP və TAP boru xətlərinin tikintisi üzrə bütün işlər qrafikə uyğun gedir. «İtaliya sahillərində zeytun ağaclarının yerinin dəyişdirilməsi ilə əlaqədar ləngimələr, hələ ki, TAP-ın inşasına təsir etmir. Hər halda, TAP konsorsiumu bizə bu barədə heç nə deməyib. İstənilən halda, borunun İtaliyadan keçəcəyi hissə ən qısa hissədir - cəmi 8 kilometr. Odur ki, ayrı-ayrı ləngimələr layihənin reallaşdırılmasına ciddi təsir göstərməməlidir. Əsas odur ki, «Cənub Qaz Dəhlizi»nin işə salınması Azərbaycanın digər perspektiv qaz yataqlarında fəal işə başlanmasına imkan verəcək. Buraya «Şahdəniz» yatağının işlənməsinin üçüncü mərhələsi, eyni zamanda, «Abşeron», «Ümid», «Babək», «Şəfəq-Asiman» və digər yataqlar daxildir. Perspektivdə bu yataqlardan əldə olunacaq təbii qaz «Cənub Qaz Dəhlizi»ni layihənin ötürücülük qabiliyyətinin ikiqat artırılmasından sonra belə, doldurmağa imkan verəcək. Üstəlik, biz Xəzər dənizinin şərq sahillərindən, həmçinin İraqdan da qaz nəql etməyi planlaşdırırıq», - deyə V.Bəylərbəyov SOCAR-ın forumunda bildirib.

Bununla yanaşı, «Cənub Qaz Dəhlizi» layihəsi SOCAR üçün Balkan ölkələrinə çıxış kimi, yeni perspektivlər də açır. SOCAR, məhz bu məqsədlə İon-Adriatik boru xəttinə də qoşulub. Bu boru xətti Albaniyada TAP-a qoşulmaqla, Çernoqoriya, Xorvatiya, Bosniya və Herseqovinadan keçə bilər. Bu, SOCAR-a Bosniya və Herseqovinanı qazlaşdırmaq, TAP layihəsi çərçivəsində isə Albaniyaya qaz tədarük etmək imkanı verəcək.

Azərbaycan qazı üçün Bolqarıstandan Rumıniya və Macarıstana istiqamətlənmiş «Vertikal qaz dəhlizi» layihəsi də maraqlı perspektivlər vəd edir. «BMI Research» mərkəzinin məlumatına görə, əgər Qərbi Avropa üçün həlledici amil qazın qiymətidirsə, bir mənbədən asılı olan Mərkəzi və Şərqi Avropa regionu üçün ən vacibi, «mavi yanacaq» əldə etməkdir. Odur ki, «Vertikal qaz dəhlizi»nin işə salınması «Cənub Qaz Dəhlizi» vasitəsilə Şərqi Avropa ölkələrinə, Polşaya, Çexiyaya və Baltikyanı dövlətlərə də qaz tədarükünə imkan verəcək.

Dünyada istehlak tendensiyasının dəyişməsinə də diqqət yetirmək lazımdır. İndi, mayeləşdirilmiş qaz tədarükü getdikcə artır. «BMI Research» mərkəzinin hesablamalarına görə, qarşıdakı illərdə bu sahədə ciddi sıçrayış qeydə alınacaq. Nəticədə, 2026-cı ildə ümumi qaz tədarükündə mayeləşdirilmiş təbii qazın payı 15%-dən 20%-ə yüksələcək. Boru xəttinin çəkilməsi mümkün olmayan regionlarda da mayeləşdirilmiş qaza tələbatın artdığını nəzərə alan SOCAR bu bazarda özünə yer etmək qərarına gəlib; məsələn, «SOCAR Trading» şirkəti artıq mayeləşdirilmiş təbii qazla bağlı ilk layihəsini reallaşdırıb. Şirkətin Layihələrin İnkişafı və İnvestisiyalar Departamentinin rəhbəri Toğrul Köçərlinin sözlərinə görə, söhbət Maltada mayeləşdirilmiş təbii qazın təkrar təbii qaza çevrilməsi terminalının və elektrik stansiyasının inşasından gedir. Layihənin dəyəri 500 milyon avrodur. «Maltada qaz terminalı və elektrik staniyası açmışıq. Bu, bizim ilk belə kombinasiya edilmiş layihəmizdir. Elektrik stansiyası Maltanın elektrik enerjisinə olan tələbatının 40%-ni ödəyəcək», - deyə T.Köçərli bildirib.

Onun sözlərinə görə, layihə «Siemens» və Maltanın GEM investisiya şirkəti ilə birgə həyata keçirilib.

Layihə mayeləşdirilmiş təbii qaz ticarəti sahəsində «SOCAR Trading»ə marağı artırıb.

«Biz diqqətimizi məhz qazın mayeləşdirilməsi layihələrinə cəmləmişik. Bu, daha ucuz layihələrdir və konkret qaz mənbələrinə bağlı deyil. Əgər qazın mayeləşdirilməsi terminalı 2-3 milyard dollar civarındadırsa, onun təkrar təbii qaz halına salınması terminalı bundan xeyli ucuzdur», - deyə o, bildirib.

Şirkət artıq Fil Dişi Sahilində «Total» və «Shell» şirkətləri ilə birlikdə daha bir mayeləşdirilmiş təbii qaz terminalı layihəsinin reallaşdırılmasına başlayıb.

T.Köçərli «R+»a açıqlamasında bildirib ki, layihənin dəyəri, təxminən, 120-130 milyon avrodur və o, bu bu ölkədə mayeləşdirilmiş təbii qazın yenidən təbii qaz halına salınması məqsədilə yaradılıb. Bundan sonra hazır qaz ölkənin «CI Energy» şirkətinə veriləcək, şirkət isə onu yalnız daxili tələbatın ödənilməsinə yönəltməyəcək, həm də Afrikanın yaxınlıqdakı digər ölkələrə ixrac edəcək. Gələcəkdə isə bu ölkədə elektrik stansiyasının inşası imkanları nəzərdən keçirilə bilər.

SOCAR-ın mayeləşdirilmiş qaz tədarükü imkanlarına Pakistan da maraq göstərir. O, Qvadar limanında terminalın tikilməsi təklifi ilə çıxış edib. «Pakistanla razılaşma Azərbaycana mayeləşdirilmiş təbii qaz terminalının tikintisinə dair müzakirələrə başlamaq imkanı verir. Kommersiya komandası bu məsələ ilə məşğuldur. Pakistan anoloji razılaşmanı bizdən başqa, yalnız Qətərlə imzalayıb. Qətər isə məlum olduğu kimi, dünyada mayeləşdirilmiş təbii qaz ixracı üzrə liderdir. Pakistan mayeləşdirilmiş təbii qaz almağa hazırdır. Çünki ölkə sürətlə inkişaf edir və nəticədə, qaz istehlakı da sürətlə çoxalır. Pakistanda qaz hasilatı həcmi azdır», - deyə Köçərli qeyd edib.

Onun sözlərinə görə, İran və Türkmənistandan boru xətti ilə qaz nəqlinə dair bir neçə layihə olsa da, bu sahədə, hələ ki, real uğur əldə edilməyib.

Ümumilikdə, SOCAR-ın strategiyası yalnız Azərbaycanın karbohidrogen resurslarının tədarükünə yox, həm də üçüncü ölkələrlə neft və qaz ticarətindən əlavə gəlir qazanılmasına yönəlib. Nəzərə alsaq ki, SOCAR Azərbaycanın nəhəng vergi ödəyicisidir, bu strategiyanın ölkə üçün nə dərəcədə effektiv olduğu ortadadır.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan neft-qaz yataqlarının işlənməsində özünü transmilli şirkətlərə etibarlı tərəfdaş kimi tanıda bilib. O, eyni zamanda, regional və qlobal miqyasda etibarlı neft və qaz tədarükçüsü kimi də tanınır. SOCAR-ın vitse-prezidenti Vitali Bəylərbəyovun sözlərinə görə, Azərbaycan bütün müstəqilliyi dövründə heç bir neft müqaviləsinin şərtlərinə dəyişiklik etməyib və bu, investorların təşviqinə, neft-qaz sektoruna yeni şirkətlərin cəlbinə öz təsirini göstərir.

SOCAR-ın regional bazarda etibarlı tərəfdaş olduğunu isə bu yaxınlarda Gürcüstanın Neft-Qaz Korporasiyasının sədri Liana Cervalidze bir daha dilə gətirib: «Şirkətin bu bazarda monopolis olmasına baxmayaraq, biz bu vəziyyətdən sui-istifadə hallarına rast gəlməmişik».

Neftlə-qazın tez-tez siyasi oyunlarda alətə çevrildiyi müasir dünyada bu, yüksək qiymətdir.



MƏSLƏHƏT GÖR:

435