25 Aprel 2024

Cümə axşamı, 12:32

ZİDDİYYƏTLİ NƏTİCƏ

Sərbəst və qadın güləşi üzrə milli komandalar Avropa Çempionatının ikincisi olsa da, klassiklər medalsız qaldılar

Müəllif:

15.05.2017

Serbiyanın Novı Sad şəhərində keçirilən güləş üzrə Avropa Çempionatı idmançılarımızın fərqli nəticəsi ilə yadda qaldı. Avropa Çempionatında sərbəst və qadın güləşçilər xalqımızı qələbələrlə sevindirdiyi halda, klassiklərin nəticəsi hamını məyus etdi.
Qadın güləşçilərimiz çempionatı 1 qızıl və 2 bürünc medalla tamamladılar. Qızıl medalı komandamıza Mariya Stadnik (48 kq), bürünc medalları isə Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) qazandırdı.Bu nəticə ilə qadın güləşçilərimiz komanda hesabında 45 xalla Avropa ikincisi oldular. Rusiya 55 xalla birinci, Belarus isə 43 xalla üçüncü yeri tutdu.

Zərif cinsin nümayəndələrinin nəticəsi yüksək qiymətləndirilir. Xüsusilə Olimpiya mükafatçımız, dəfələrlə dünya və Avropa çempionu Mariya Stadnikin qələbəsi. Qadın güləşinin canlı əfsanəsi sayılan Mariya Stadnik karyerasında altıncı dəfə Avropanın ən güclü idmançısı olduğunu sübut etdi. Bütün görüşlərini yüksək səviyyədə keçirən, texnikası və cəldliyi ilə rəqiblərinə şans verməyən Stadnik Azərbaycana növbəti qızılı qazandırdı. Bu medalla Stadnik karyerasını başa vurmaq istəmədiyinə işarə vurdu. Rio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısının kolleksiyasında Olimpiada qızılından başqa bütün mükafatlar var. Məhz buna görə də Stadnik "Tokio-2020"də də çıxış etmək barədə düşünür. Yaponiyadakı Olimpiada onun üçün çempion olmaq üçün son şans olacaq. 

Sərbəst güləşçilərimiz çempionatda 1 qızıl, 3 gümüş və 1 bürünc medala layiq görüldülər. Qızıl medalı yığmamıza Giorgi Edişeraşvili (57 kq) qazandırdı. Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) gümüş, Ruslan Dibirhacıyev (70 kq) isə bürünc medala layiq görüldülər.Bu nəticə ilə sərbəst güləşçilərimiz komanda hesabında 57 xalla Avropa ikincisi oldular. Rusiya 62 xalla birinci, Türkiyə isə 53 xalla üçüncü yeri tutub. 

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarına görə qitə birinciliyinə ikinci heyətlə yollanan güləşçilərimiz 5 medalla bəslənən ümidləri doğrultdu. Gənc Murad Süleymanovun yalnız finalda uduzaraq gümüş medalla kifayətlənməsi barədə xüsusi danışmaq lazımdır. Finala gedən yolda bütün rəqiblərini məğlub edən Murad həlledici görüşdə güclü həmkarına qarşı layiqli çıxış etmədi. Bununla belə karyerası ərzində böyüklərin yarışında ilk cəhdində qazandığı gümüş medal ona böyük stimul olacaq. 

Təəssüf ki, qadın və sərbəst güləşçilər haqqında dediklərimizi yunan-Roma millisi haqqında söyləyə bilmərik. Qitə birinciliyinə əsas heyətlə yollanmayan yığma gənc pəhləvanlara özünü göstərmək üçün şərait yaratdı. Amma güləşçilər Avropa Çempionatında medal qazanmağa hazır olmadığını nümayiş etdirdi. İlk yarış günündə döşək üzərinə çıxan Taleh Məmmədov, Sənan Süleymanov, Araz Həsənov, Oyan Nazariani mükafatçılar sırasına düşə bilmədi. Növbəti gün Ruhin Mikayılov, Həsən Əliyev, Emin Əhmədov, Arif Niftullayev ümidləri doğrultmadı. 

Dünya və Avropa çempionu Həsən Əliyev 14 finalda rus pəhləvanına uduzmaqla əvvəlki formasını bərpa etmədiyini göstərdi. Ümumiyyətlə, Həsən Əliyev son illər qeyri-stabil çıxışı ilə yadda qalır. Bu mənada, Serbiyadakı yarış onun üçün əsas milliyə qayıtmaq baxımından əla fürsət ola bilərdi. Lakin Həsən bu imkandan istifadə edə bilmədi. Buraxılan səhvlər nəticəsində mükafatsız qalan idmançımızın növbəti il əsas millidə olacağı inandırıcı deyil. 

2012-ci ildə London Yay Olimpiya Oyunlarında bürünc medal qazanmaqla bütün Azərbaycanda tanınan Emin Əhmədov ilk görüşdə Türkiyə idmançısı Aslan Atəmə uduzmaqla məşqçiləri əsəbiləşdirdi. Türk pəhləvan ikinci görüşdə məğlub olmaqla, Əhmədovun bürünc medal şanslarının üstündən xətt çəkdi. Startda zəif rəqibə uduzmaq idmançımızın qitə birinciliyinə hazır olmadığını göstərdi. "London-2012"dən sonra heç bir ciddi uğurla yadda qalmayan Emin Əhmədovun əsas yığmaya qayıdacağı sual doğurur. 

Bütün idmançılara nümunə olan Mariya Stadnik karyerasında altıncı Avropa çempionluğundan sonra təəssüratlarını "R+"a bölüşüb. Xanım güləşçi qələbələr üçün darıxdığını bildirib: “Rio Olimpiadasından sonra, demək olar, istirahət etmədim. Tez bir zamanda məşqlərə başladım. Bunun nəticəsində, Avropa Çempionatında qızıl medala layiq görüldüm. Uzun illər mənə dəstək olan məşqçilərimə təşəkkür etmək istərdim. Eyni zamanda, federasiya rəhbərliyi həmişə yanımda olub. İlk dəfə Avropa Çempionatına gələndə, qızıl medal arzulayırdı; artıq karyeramda 6 qızıl medal. Qitə birinciliklərini zona yarışı hesab edirəm. Hamını tanıyıram. Təvazökarlıqdan uzaq olmasın, amma əksəriyyətindən güclüyəm. Hazırda bütün diqqətimi İslam Həmrəyliyi Oyunlarına yönəldəcəyəm. Sonra bir müddət istirahət etməyi düşünürəm. Bu il oğlum 1-ci sinfə gedəcək. Ona vaxt ayırmaq istəyirəm. Amma təbii ki, karyeramı başa vurmaq barədə düşünmürəm”.

Sərbəst güləşmə üzrə Azərbaycan millisinin baş məşqçisi Firdovsi Umudov qitə birinciliyindəki nəticələr barədə danışıb. Təcrübəli mütəxəssis İslam Həmrəyliyi Oyunlarına görə əsas idmançılara istirahət verildiyini bildirib: “Bu qələbə dövlətimizin, bütövlükdə bütün xalqımızın qələbəsidir. Sərbəst güləşmə üzrə yığma komanda Avropa Çempionatına ikinci heyətlə qatılmışdı. Buna baxmayaraq, güləşçilərimizin çıxışından razı qaldım. Onlar sona qədər mübarizə apardılar və uğurlu nəticələr qazandılar. Hazırlıqlar yüksək səviyyədə keçmişdi, Avropa Çempionatında qazanılan medallar düzgün yolda olduğumuzu göstərdi. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları gözləyir. İdmançılarımızın bu uğurlu nəticələri İslamiadaya hazırlaşan güləşçilərimiz üçün də əlavə stimul, motivasiya olacaq. Çox yaxşı təlim-məşq toplanışları keçmişik. Federasiya rəhbərliyi tərəfindən bizə hər cür şərait yaradılıb. Çalışacağıq ki, ölkəmizdə təşkil olunan bu mötəbər yarışda da xalqımızı sevindirək, dövlətimizin bizə etimadını doğruldaq”.

Qeyd edək ki, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında güləşçilər tam heyətlə təmsil olunur. 



MƏSLƏHƏT GÖR:

402