25 Aprel 2024

Cümə axşamı, 05:13

MAHNI ÜÇÜN OLDUĞU KİMİ SƏS

Növbəti «Eurovision-2018» mahnı müsabiqəsi Portuqaliyada keçiriləcək

Müəllif:

15.05.2017

Ukrayna paytaxtında «Eurovision -2017» beynəlxalq mahnı yarışmasının nəticələri bəlli oldu. Qalib Portuqaliyadan olan gənc ifaçı Salvador Sobral oldu. O, «Amar pelos dois» («İkimizin əvəzinə sevmək») romantik mahnısını ifa etmişdi.

Doqquz və 11 may tarixlərində keçirilmiş iki yarımfinal konsertində qələbə uğrunda 26 ifaçı mübarizə aparırdı və onlar Moldova, Azərbaycan, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr, Belçika, Bolqarıstan, Belarus, Xorvatiya, Macarıstan, Danimarka, İsrail, Rumıniya, Norveç, Niderland və Avstriya kimi ölkələri təmsil edirdilər. Böyük Britaniya, İtaliya, İspaniya, Fransa və Almaniyadan olan yarışmaçılar, ənənəvi olaraq, finala birbaşa keçdilər. Müsabiqənin yaradıcıları və sponsorları olan bu ölkələrin nümayəndələrinə ilkin seçimlərdə iştirak etməməyə icazə verilir.

Ukraynanı təmsil edən «O.Torvald» qrupu da finala birbaşa keçmişdi, çünki Ukrayna bu il müsabiqəyə ev sahibliyi edir. İştirakçılardan hər biri səy göstərirdi, necə deyərlər, hərənin bir üstünlüyü vardı. Demək olar ki, bütün ölkələr şouya və sözün həqiqi mənasında, uca mahnıya üstünlük vermişdi. Hər kəs Avropanı heyrətə salmaq istəyirdi. Amma Avropa gənc portuqal ifaçı Salvador Sobralın həssas kamera ifasını, onun sevgi və tənhalıq haqqında oxuduğu sakit, pıçıltılı «Amar Pelos Dois» mahnısını seçdi. Hər şeyi olduğu kimi təsvir edən, sadə və səmimi sevgi etirafını.

 

Heyrətamiz yekdillik

Teleizləyicilər və milli münsiflər 50/50 sxemi üzrə səsvermə sistemi tətbiq ediləndən bu yana ilk dəfə idi ki, öz nəticələrində həmfikir oldular. Teleizləyicilərin liderə verdikləri 376 balın üzərinə münsiflərin verdiyi 382 balı da gəldikdə, indiyə kimi görünməmiş rekord qələbə xalı - 758 bal əldə edildi. Avrosonqda ikinci yeri Bolqarıstan təmsilçisi Kristian Kostov (615 bal ) qazandı, üçüncü yer isə moldav qrupu «Sunstroke Project»ə (374 bal) nəsib oldu.

Bu il Azərbaycanın bəxti elə də gətirmədi. Bizim ölkəni təmsil edən xanım müğənni Dihaj (120 bal) özünün «Sceletons» mahnısı ilə yalnız 14-cü yer tutdu. Ən yüksək (12) balı Azərbaycana İtaliya və Portuqaliya verdi. Finala çıxmış keçmiş postsovet ölkələrindən Belarus 17-ci (83 bal), Ermənistan 18-ci (79) və Ukrayna 24-cü yeri (36) tutdu.

«Skeletons» mahnısını tanınmış Azərbaycan bəstəkarı və prodüseri İsa Məlikov və isveçli Sandra Bürman yazıblar. Onlar birlikdə Eldar Qasımov və Nigar Camalla işləyərək, onların «Eurovision -2011»də qələbə qazanmış mahnısının müəllifi olublar. Sandra «Hour of the Wolf», «Drip Drop» və başqa mahnıların yazılmasında iştirak edib. Müsabiqə mahnısı üçün teatral səhnə quruluşunun müəllifi tanınmış Azərbaycan xoreoqrafı və quruluşçu rejissoru Nailə Məmmədzadə olub.

Quruluş ideyasının sadəliyinə baxmayaraq, onun «Eurovision» səhnəsində gerçəkləşdirilməsi elə də asan olmayıb. Ən mükəmməl təqdimata nail olmaq üçün Azərbaycan nümayəndə heyəti üç variantda dekorasiya üzərində işləməli oldu. Polad çərçivələr üzərində hazırlanmış birinci variant yetərincə ağır idi - divarın çəkisi 137 kq təşkil edirdi. Taxtadan düzəldilmiş ikinci variant isə kobudluğu üzündən səhnəyə yaramırdı. Sonuncu variant isə xüsusi metal xəlitələrdən hazırlanmışdı ki, bu da konstruksiyanı maksimum yüngülləşdirməyə imkan verirdi.

Yeri gəlmişkən, bukmekerlər əminliklə «Eurovision -2017»nin qalibinin İtaliyadan olan 35 yaşlı yarışmaçı Françesko Qabbani olacağını düşünürdülər. Mahnı müsabiqəsində o, hərarətli «Occidentali's Karma» kompozisiyasını ifa etdi. Bukmekerlərin fikrincə, Salvador Sobral ikinci yeri tutmalı idi, Bolqarıstan üçün üçüncü yer proqnozlaşdırırdılar. Bu ölkəni Moskvada anadan olmuş, 17 yaşlı Kristian Kostov təmsil edirdi. Amma bu il bukmekerlərin proqnozları özünü doğrultmadı. Qalib portuqal oldu, italyan isə yalnız altıncı yeri tutdu.

 

Salvador üçün ürək

Salvador Vilar Braamkamp Sobralın 27 yaşı var. O, kökləri XVII əsrin ortalarına gedən zadəgan ailəsi da Silvanın nəslindəndir. Salvadorun Luiza adlı bacısı var, o da müğənnidir. Salvadorun «Eurovision»da ifa etdiyi «Amar pelos dois» mahnısını da o yazıb. Yeri gəlmişkən, nəticələrin elan edilməsindən sonra, Salvador mahnını bacısı ilə birlikdə təkrar ifa etdi.

Gənc müğənni Lissabonda doğulub, amma uzun müddət ABŞ və İspaniyada yaşayıb. Əvvəlcə psixologiya ilə məşğul olub, sonra musiqiyə sevgi qələbə çalıb. Vətənində Salvadoru hələ 2009-cu ildən tanıyırlar, onda o, Britaniyanın «Pop Idol» şousunun portuqal anoloqunun üçüncü mövsümündə iştirak etmişdi. Düzdür, qalib olmadı və yalnız yeddinci yerlə kifayətəndi.

Salvador Sobral siyasi həyatla fəal maraqlanır və qaçqınların problemini diqqətlə izləyir. Avrosonqun yarımfinalının qaliblərinin mətbuat konfransına o, üzərində «S.O.S. Refugees» («Qaçqınlara kömək edin») sözləri yazılmış futbolkada gəlib. Fanatları ən çox təsirləndirən məsələ isə Salvadorun təcili ürək əməliyyatına ehtiyacı olması idi. O, donor gözləyir. Vaxtı azdır - həkimlər 1 il vaxt veriblər. Müsabiqədən öncə müğənninin iki yırtığını tikiblər.

Bütün bunlara baxmayaraq, Salvador həmişə gülümsəyir və dolğun bir həyat yaşayır. Öz qələbəsinə Salvador nəsə qeyri-adi bir məsələ kimi baxmır. O sevinir ki, Avropa onu qiymətləndirib və səsini parlaq şouya deyil, mahnıya verib. Müğənni etiraf edib ki, heç zaman populyar olmağa çalışmayıb, sadəcə, xoşagələn mahnı yazıb. Yeri gəlmişkən, 49 illik iştirak tarixində ilk dəfədir ki, Portuqaliya «Eurovision»un qalibi olub. İndiyə kimi bu ölkənin ən yaxşı nəticəsi 1996-cı ildə qazandığı 6-cı yer olub.

Sobralın özü ironik şəkildə bildirib ki, səsvermənin nəticələrini çətinliklə anlayır. «Mən səsverməni başa düşmədim. Onu anlamaq çətindir», - deyə o vurğulayıb. Eyni zamanda, müğənni qeyd edib ki, özünü ölkəsinin yeni qəhrəmanı saymır. «Mən düşünürəm ki, real qəhrəman Ronaldudur», - deyə portuqal zarafat edib. O, qələbəsinin önəmini həm də ona görə etiraf edib ki, öz mahnısı ilə Avropada qaçqınları dəstəkləyən humanitar missiya ilə çıxış edib. «Mən düşünürəm ki, bu, Avropa üçün çox böyük problemdir», - deyə müğənni qeyd edib və vurğulayıb ki, onun ideyası siyasi missiya deyil.

Müsabiqənin qalibi vətəninə döndükdən sonra, «öz musiqi işini davam etdirmək» niyyətindədir. O, yaradıcılıq turuna yola düşməyi və albom yazmağı planlaşdırır. Yeri gəlmişkən, «Eurovision»un finalında Salvadora təqdim edilən büllur avrosonq mükafatına qədər Marsel Bezanson mükafatının təqdimatı baş tutdu. Bu, «Eurovision» iştirakçıları üçün nəzərdə tutulan peşəkar mükafatdır və üç kateqoriya üzrə təyin edilir: mətbuatın mükafatı, bəstəkarların mükafatı (ən yaxşı və orijinal kompozisiyaya görə) və bədii mükafat (şərhçilərin səsinin nəticələrinə görə, ən yüksək artislik nailiyyəti). Portuqal üçüncü nominasiya üzrə ən yaxşı olub. Qeyd edək ki, keçən il şərhçilərin səsinin nəticəsinə görə, bu mükafatı Ukrayna müğənnisi Camala almışdı.

 

Qalmaqallar

Yeri gəlmişkən, "Eurovision-2017" qalmaqalları ilə zəngin olub. Bunlardan biri Rusiya ilə bağlı olub. Məlumdur ki, bu ölkə builki Avropa mahnı müsabiqəsində iştirak etməyib. Yada salaq ki, Ukrayna Təhlükəsizlik Xidməti mart ayında Rusiya təmsilçisi Yuliya Samoylovanın Ukraynaya girişini qadağan etdi, buna səbəb müğənninin 2015-ci ildə Ukrayna qanunvericiliyini pozaraq, Krıma səfər etməsi olub. Avropa Yayım Şurası (EVS) Rusiyanın müsabiqədə iştirakını təmin etməyə çalışdı, onun uzaq məsafədən çıxışının təşkilini və ya iştirakçının dəyişdirilməsini təklif etdi. Həmçinin Ukraynaya təzyiq göstərərək, Samoylovanın ölkəyə daxil olmasına icazə verilməsinə nail olmağa çalışdı.

Amma bu cəhdlər nəticəsiz oldu: Rusiya müğənnisinin məsafədən iştirakı variantı həm Rusiya, həm də Ukrayna tərəfindən rədd edildi, Rusiya iştirakçını dəyişmək istəmədi, Samoylovanı Kiyevə buraxmaq tələbi ilə bağlı ultimatum Ukrayna tərəfindən rədd edildi. Nəticədə, "EVS" rəsmi şəkildə Rusiyanın "Eurovision-2017"də iştirak edə bilməyəcəyini təsdiq etdikdən sonra, Rusiya Birinci kanalı müsabiqənin yayımından imtina etdi.

"Eurovision-2017"nin əvvəlində isə Ukraynaya bu mahnı yarışını bəxş etmiş müğənni Camala qırmızı yola buraxılmadı. Bundan əlavə, "Eurovision"un Ukrayna münsiflər heyətinin sədri Yuri Rıbçinskini, nəinki qırmızı yola, hətta şounun özünə belə dəvət etmədilər. Daha sonra o danışdı ki, müsabiqənin keçirilməsi zamanı müşahidə edilən korrupsiya səviyyəsinə görə əsəbiləşib və ayrılmış büdcə ilə üç müsabiqə keçirmək mümkün idi.

Finalda isə öz qalmaqalları ilə məşhur olan jurnalist Vitalik Sedyuk səhnəyə çıxaraq, Camalanın ifası zamanı özünü tərbiyəsiz apardı.

Türkiyəyə gəldikdə isə hələ 2016-cı ilin sentyabr ayında Türkiyənin TRT telekanalı bildirirdi ki, onun ölkəsi 2017-ci il müsabiqəsində iştirak edə bilməyəcək. Elə həmin ilin 24 oktyabrında Türkiyənin müsabiqədə iştirakdan imtinası rəsmiləşdirildi.



MƏSLƏHƏT GÖR:

417