20 Aprel 2024

Şənbə, 07:51

TƏCİLİ YARDIM

Beynəlxalq Bankın sağlamlaşdırılması tədbirləri dövlətin məsələyə radikal müdaxiləsini tələb edirdi

Müəllif:

15.05.2017

Bazar iştirakçılarının və requlyatorların bütün səylərinə baxmayaraq, Azərbaycanın bank sahəsində böhran davam edir və hər dəfə bu sektorun problemlərini çılpaqlığı ilə üzə çıxarır. Sirr deyil ki, sistemin zəif bəndlərni bir-bir sıradan çıxaran ilk halqa Azərbaycan Beynəlxalq Bankı (ABB) oldu - ABB texniki defolt elan etməli oldu və dəstək üçün Nyu-York məhkəməsinə müraciət etdi.

Beynəlxalq maliyyə institutları və ekspertlər yenidən Azərbaycanda bankların sayının azalmasının qaçılmazlığı barədə danışmağa başladılar ki, bu da bazarın sürətlə sabitləşdirilməsi baxımından məntiqlidir. Ancaq başqa tərəfdən, bankların bağlanması da bir sıra problemlər və müştəri narazılıqları ilə müşayiət olunur. Ancaq ekspertlər ümid edirlər ki, bankların ləğvi prosesinin təkmilləşdirilməsi üzrə qəbul edilmiş tədbirlərlən sonra, ən azından, bu sahədə müsbət dəyişikliklər əldə etmək mümkün olacaq.

ABB-yə verilən milyardlarla vəsait, həmçinin dəfələrlə menecmentin dəyişdirilməsi, təəssüf ki, əvvəlki rəhbərliyin banka vurduğu zərəri sona qədər zərərsizləşdirə bilmədi. Hökumət bankın 9,93 mlrd. manatlıq toksik aktivini satın alıb. Həmçinin banka $1,3 mlrd. və 70 mln. manat likvid vəsaitlər təqdim edilib. Bundan başqa, bu ilin yanvarında bankın əsas səhmdarı olan hökumət bankın kapitalının artırılması üçün öz depozitlərindən 600 mln. manat yönəldib.

" Tədbirlər bankın kapital və likvidlik mövqeyini gücləndirsə də bankın yüksək faiz ödənişləri, manatın əsas xarici valyutalara qarşı devalvasiyası, toksik aktivlərin dövlət tərəfindən satınalma prosesinin başa çatmaması ABB-ni əlavə itkilərə məruz qoymuşdur. Nəticədə, 2016-cı ilin yekunlarına görə, beynəlxalq maliyyə hesabatları üzrə Beynəlxalq Bank Qrupunun (bankın törəmə təşkilatları da daxil olmaqla) 1,9 milyard manat, ABB-nin özünün isə 1,74 milyard manat məbləğində zərərinin açıqlanması gözlənilir", - deyə bankın bu yaxınlarda yaydığı açıqlamada bildirilir.

Nəticədə, ABB bəyanatla çıxış edərək bildirdi ki, bankın sağlamlaşdırılması proqramı çərçivəsində onun öhdəliklərinin könüllü restrukturizasiyanı elan edir. Yəni bankın beynəlxalq maliyyə institutlarından xarici valyutada cəlb etdiyi borclar birbaşa dövlətə ötürüləcək. Bu prosedurun başa çatdırılmasına qədər xarici kreditorlar qarşısında valyuta öhdəliklərinin icrası dayandırılır (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faizlərin ödənişi istisna olmaqla).

Açıqlamada Maliyyə naziri Samir Şərifova istinadən bildirilir ki, Beynəlxalq Bankın maliyyə və kapital mövqeyinin zəifləməsi ilə bağlı narahatlıq mövcuddur. «ABB-nin maliyyə dayanıqlılığının bərpa edilməsi Azərbaycan iqtisadiyyatı üçün önəmli olan maliyyə xidmətlərinin göstərilməsində mühüm əhəmiyyətə malikdir. Bank tərəfindən hal-hazırda görülən tədbirlər maliyyə sabitliyinin təmin edilməsi üçün əhəmiyyətli addımdır və bu tədbirlər Maliyyə Nazirliyi tərəfindən tam şəkildə dəstəklənir", - deyə nazir bildirib.

Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə öz növbəsində bildirib ki, restrukturizasiya planı ABB-nin hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsinə təsir göstərmir.

«MBNP olaraq biz bankın kreditorlarının və əmanətçilərinin hüquqlarının pozulmayacağına və vəsaitlərindən sərbəst şəkildə istifadə etmələrinə nəzarət edəcəyik”, - deyə o vurğulayıb.

ABB-nin idarə heyətinin sədri Xalid Əhədov da oxşar vədlə çıxış edib və əlavə edib ki, ABB-nin "bütün pərakəndə və korporativ müştəriləri əmin olmalıdırlar ki, restrukturizasiya planı onlara heç bir təsir göstərməyəcək. Eyni zamanda, bu, bankın digər proseslərinə də toxunmayacaq".

ABŞ-ın «The Wall Street Journal» nəşrinin məlumatına görə, Azərbaycan Beynəlxalq Bankı, həmçinin Nyu-York məhkəməsinə müraciət edərək, $3,34 mlrd. məbləğində xarici borcunun restrukturizasiya prosesinə dəstək istəyib.

Yeri gəlmişkən, bankın özünün məlumatına görə, məhkəmə ABB-nin tərəfini tutub və bunu msbət qərar sayıb. X.Əhədovun sözlərinə görə, «Bu, göstərir ki, biz restrukturizasiya prosesinin uğurla başa çatdırılması üçün düzgün addımlar atırıq».

Beləliklə, bankın xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesində xarici kreditorlar bankın aktivlərinə tələb təqdim edə bilməzlər. Eyni zamanda, Maliyyə Nazirliyi borcun dövlət büdcəsindən qaytarılması mexanizmini açıqladı. Bəyan etdi ki, Azərbaycan ABB-nin kreditorları qarşısında öhdəliklərinin əvəzlənməsi üçün xarici valyutada dövlət istiqrazları buraxacaq.

Beynəlxalq Bankın ətrafında baş verən son hadisələrin ictimaiyyət tərəfindən müəyyən narahatlıqla qarşılanmasına baxmayaraq, obyektivlik naminə demək olar ki, hazırda bu iri sistem bankının nəhəng problemlərinin həlli baxımından yeganə mümkün qərardır. Onu xilas etməmək ölkənin bank sisteminin dağılmasına şərait yaratmaq deməkdir, həmçinin bu bazarın bütün iştirakçılarının reytinqini yolverilməz şəkildə aşağı salmaq və onların xarici borc almaq cəhdlərini bəribaşdan sıfra endirmək deməkdir. Bu cür nümunələr dünyanın ən aparıcı iqtisadiyyatlarının təcrübəsində var və hər yerdə dövlət ən çətin dəqiqələrdə sistem banklarına yardım əli uzadır.

Borcları ödənildikdən dərhal sonra, ABB qısa müddətdə özəlləşdiriləcək. R.Aslanlı daha öncə bildirmişdi ki, bank buna 2017-ci ilin birinci yarımilində hazır olacaq. Beynəlxalq Valyuta Fondunun (BVF) qiymətləndirməsinə görə, ABB-nin sağlamlaşdırılması üzrə tədbirlərin son məqsədi bankın 5 il ərzində özəlləşdirilməsidir.

 

Boğmaq olmaz - xilas etməli!

Bununla yanaşı, Beynəlxalq Valyuta Fondu (BVF) proqnozlaşdırır ki, Azərbaycanın bank sektoru bazar iştirakçılarının sayının daha da azalmasının astanasındadır. "Azərbaycanda kapitalın birləşdirilməsi və dövlət tərəfindən ümidsiz kreditlərin satınalınması prosesi davam edib. Amma kapitallaşma üzrə yeni planların işlənməsinin başa çatdırılmasından sonra daha bir neçə bankın bağlanması tələb edilə bilər ", - deyə fondun "Regional iqtisadiyyatın inkişaf perspektivləri: Qafqaz və Mərkəzi Asiya (QMA)" icmalında bildirilir.

Yeri gəlmişkən fond göstərir ki, bu cür durum yalnız Azərbaycanda deyil, həm də regionun başqa ölkələrində də müşahidə edilir. "Bir qədər istisnalar ilə əvvəlki kimi böyük dollarlaşma və bankların kapitallaşmasının kəsri fonunda restrukturizasiya edilmiş və vaxtıötmüş kreditlərin həcminin artırılması baş verdi. Regionun bir sıra ölkələrində kreditləşmə artımının yavaşımasının davam etməsi nəzərə alınarsa, bu çatışmazlıqlar gələcək iqtisadi artım üçün "əyləc"ə çevrilir", - deyə BVF vurğulayır.

Bütünlükdə, risklərin cilovlanması və maliyyə əməkdaşlığının genişləndirilməsi üçün QMA regionunun ölkələri çox iş görməlidir. Birincisi, bankların balansında bütün zəif yerləri lazımi qaydada aşkar etmək və aradan qaldırmaq lazımdır. İkincisi, zəif bankların işinə vaxtında müdaxilə sistem risklərinin qarşısının alınması üçün prinsipal önəm daşıyır və ABB ilə olan halda bu, tətbiq edilir.

Yeri gəlmişkən, artıq Azərbaycanda gələcəkdə bu cür risklərin qarşısının alınması üçün konkret qərarlar verilib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər haqqında" fərmana düzəlişlər edilməsi barədə Sərəncam imzalayıb. Sənədə görə, Maliyyə Nazirliyi dövlət hüquqi şəxslərinin daxili və xarici borclarının yuxarı həddinin müəyyən edilməsi üzrə yeni səlahiyyətlər əldə edir, onların bütün daxili və xarici borclanmaları üçün razılıq verir və ya imtina barədə qərar qəbul edir.

Yada salaq ki, 2016-cı ildə müxtəlif səbəblər üzündən, 11 bankın lisenziyası ləğv edilib. Hazırda 32 bank fəaliyyət üçün lisenziyaya malikdir. Eyni zamanda, bəzi banklar birləşmələri barədə elan ediblər, amma həmçinin bir sıra başqa bankların da konsolidasiya qərarı verəcəyi istisna edilmir. Daha bir neçə bankın bağlanması ehtimalı yetərincə məntiqlidir - sirr deyil ki, sistemdə zəif bəndlər yetərincədir.

Digər tərəfdən, artıq bağlanmış bankların çoxunda ləğvetmə prosesinin hələ başa çatmadığı və bir sıra problemlərlə müşayiət edilməsi nəzərə alınarsa, yenilərinin bağlanma prosesinin yetərincə ağır yük olduğu ortaya çıxır. Əlbəttə, sığortalanmış əmanətlərin geri qaytarılmasında heç bir problem yoxdur. Əmanətlərin Sığortalanması Fondu öz funksiyasını dəqiq yerinə yetirir. Amma bu məbləğin ödənilməsindən sonra, bankların aktivlərinin satışı proseduru başlanmalıdır və əldə edilən vəsaitlər sığorta edilməmiş əmanətlərin qaytarılmasına yönəldilməlidir. Bu proses üzərində nəzarət üçün hər bir bankda bu cür əmanətçilərdən ibarət kreditorlar komitəsi yaradılır. Bax, elə burada da problemlər başlayır - şikayətlər, əsasən, bu prosesdə lazımi şəffaflığın olmaması ilə bağlı gəlir.

Prinsipcə, palatanın özü də mübahisəli məqamların olduğunu istisna etmir. Yalnız «Bank Standard»da 260 mindən artıq əmanətçi vardı, başqa banklarda onların sayı 100 minə çatır və bu qədər say içində narazıların olması yetərincə normaldır. «Elə məqamlar var ki, əmanətçilər iddia edirlər ki, onların depozitlər üzrə faizləri 10% yox, 12% olmalıdır, bütün bunlara məhkəmə qaydası ilə baxılır», - deyə daha öncə R.Aslanlı bildirmişdi. Həm də nəzərə almaq lazımdır ki, depozitlər, əsasən, birilliyə qoyulur, kreditlər isə məsələn, beşilliyə verilir. Belə çıxır ki, aktivlər obyektiv qiymətləndirilə bilməz.

«Biz əmanətçiyə «Beş il gözlə, qoy kreditor borcunu ödəsin», - deyə bilmərik. Buna görə aktivlərin qiymətləndirilməsi üçün başqa mexanizmlər gərəkdir. Çıxış variantlarından biri, başqa bank tapıb borcu ona verməkdir, amma bu, texniki və hüquqi cəhətdən əsaslandırılmalıdır», - deyə R.Aslanlı qeyd edib.

Bununla yanaşı, bu cür mübahisəli məqamların həllində önəmli addım kimi, bütünlükdə İlham Əliyevin bank sektorunun sağlamlaşdırılması barədə Fərmanını göstərmək olar. Fərmanla ödəniş qabiliyyətini itirmiş bankların rezalyusiyası və sağlamlaşdırılması üzrə tədbirlər çərçivəsində işlək olmayan aktivlərin satış qaydası təsdiq edilib.

Bildirmək gərəkdir ki, qayda yetərincə sadədir: 20 gün ərzində Maliyyə Bazarlarına Nəzarət Palatası bankın aktivlərini «işlək olmayan» (toksik) kateqoriyasına ayırmalıdır, sonra onlar müstəqil qiymətləndiricilər tərəfindən qiymətləndirilməlidir. Onların satışı isə adi mülki-hüquqi müqavilələr əsasında gerçəkləşdirilməlidir.

Bu, nə verir? İlk öncə, sağlam aktivləri «keçid bank»ına verməklə bankı bağlanmaqdan xilas edir, işlək olmayan aktivlər isə müəyən edilmiş qaydada satılır. Bankın menecmenti bankın gələcək taleyi barədə qərar verməsi, konsolidasiya və ya əlavə dəstək cəlbi üzrə danışıqlar aparması üçün imkan və vaxt qazanır. Yəni indi hökumət və requlyator «problemli» banklarla işdə fərqli prinsiplərin istifadəsi imkanları əldə ediblər. İndi onlar bankların yaşamasına maksimum yardım edə bilər və artıq başqa variantların nəticə vermədiyini gördükdən sonra, ləğvetmə barədə qərar verə bilərlər.

İndiki mərhələdə bu, həddindən vacibdir, ən azı, ona görə ki, Əmanətlərin Sığortası Fondunun resursları tükənib, bank sektoru hər bir bankın bağlanmasından sonra müştərilərin və xarici kreditorların etibarını daha da itirir. Son nəticədə bu, maliyyə sektoruna və bütünlükdə iqtisadiyyata təsir göstərir. Hələ ki, bank sektorunun xilası üçün imkanlar var və bundan istifadə etmək lazımdır.


MƏSLƏHƏT GÖR:

366