24 Aprel 2024

Çərşənbə, 16:44

«BÖYÜK RAZILAŞMA»nın MÜJDƏÇİSİ

ABŞ-ın yeni administrasiyası çətin Fələstin-İsrail münaqişəsi düyününü açacağına söz verir

Müəllif:

15.05.2017

Dünya KİV, təxminən, 1 ay əvvəl yazırdı ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası bu yay Fələstin-İsrail münaqişəsinin həllinə dair sammit təşkil etmək niyyətindədir. Bununla əlaqədar, ABŞ Prezidentinin xüsusi elçisi Ceyson Qrinblattın artıq müvafiq məsləhətləşmələrə başladığı da bildirilirdi. Məlumata görə, o, Misir, İordaniya və Fars körfəzinin ərəb dövlətlərinin sammitə dəstəyini almağa çalışır.

Şübhəsiz ki, Ağ ev, əvvəlki administrasiyaları kimi, indiki rəhbərliyi də Yaxın Şərqin ən köhnə münaqişəsinin həlli ilə bağlı öz təşəbbüsünü irəli sürmək qərarına gəlib. Prezident Tramp seçki kampaniyası zamanı İsrailə rəğbətini tərəddüd etmədən dilə gətirirdi və bu, ekspertlərdə onun ABŞ-dakı güclü yəhudi lobbisinin maraqlarına uyğun hərəkət edəcəyinə dair rəy formalaşdırmışdı. Bununla yanaşı, Amerika liderləri Fələstin-İsrail münaqişəsi tərəflərinə münasibətdə nə qədər birtərəfli fikir səsləndirsələr də, sadəcə, İsrailin ünvanına referansla bu münaqişənin həllinə nail olmağın mümkünsüzlüyünü anlayırlar. Onlar başa düşürlər ki, yalnız bu yolla Vaşinqtonun Yaxın Şərq regionundakı əsas müttəfiqi olan yəhudi dövlətinin təhlükəsizliyini  təmin etmək də çətindir.

Odur ki, bu məntiqə əsaslanan Donald Tramp hələ martın əvvəlində Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasla telefon əlaqəsi yaradıb. Daha əvvəl - fevralda isə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo Fələstin muxtariyyətinə səfər edib. Sonuncunun yüksəkrütbəli nümayəndələri bu səfəri İsrailin Mahmud Abbasın «sülh tərəfdaşı olmadığı haqda xülyalarını dağıdan» «yüksəksəviyyəli təmaslar» kimi qiymətləndirib.

Ağ ev rəhbəri İsraillə-Fələstin arasında yeni sülh prosesinə başlamaq niyyətini aprelin əvvəlində Vaşinqtona səfər etmiş Misir Prezidenti Abdel Fəttah əs-Sisi və İordaniya Kralı II Abdullah ilə görüşlərində də dilə gətirib. İordaniya ilə Misir İsraillə sülh razılaşması əldə etmək təcrübəsinə malikdir. Odur ki, Fələstin-İsrail düyününü açmaq istəyən Vaşinqtonun məhz bu ərəb dövlətləri ilə dialoqa arxalanması təəccüblü deyil.

Əs-Sisi öz növbəsində, Trampa ərəb dövlətlərinin vahid mövqeyini çatdırıb. Onlar Fələstin probleminin 2002-ci ildə irəli sürülmüş Ərəb Sülh Təşəbbüsü əsasında ədalətli həllini tələb edir. Bu təşəbbüs İsrail qoşunlarının 1967-ci ildə işğal olunmuş ərazilərdən (İordan çayının qərb sahili, Şərqi Qüds, Qəzza sektoru və Qolan təpələri) çıxarılmasını, əvəzində, yəhudi dövləti ilə Ərəb dünyası arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur.

Bütün bunların fonunda mayın əvvəlində Fələstin lideri Mahmud Abbasın özü də Vaşinqtona səfər edib. Maraqlıdır ki, ABŞ-a uçmazdan az əvvəl Abbas Əmman və Qahirədə olub, orada II Abdullah və əs-Sisi ilə danışıqlar aparıb. Bu səfərlərdən belə qənaət yaranıb ki, Abbas Trampla danışıqların hansı istiqamətdə aparılmalı olduğuna dair «detallı təlimat» alıb. Ehtimal olunur ki, ona ABŞ-ın yeni, təxminedilməz lideri ilə ünsiyyətdə özünü necə aparmalı olduğu deyilib.

 

Abbas Ağ evdə

ABŞ Prezidenti Fələstin lideri ilə keçirdiyi birgə mətbuat konfransında sülh prosesinə start verildiyini rəsmən bəyan edib və bu prosesin «sülhə aparıb-çıxaracağını» bildirib. Tramp qazandığı «qaba siyasətçi» tərzinə sadiq qalaraq deyib: «Bütün həyatımboyu eşitmişəm ki, dünyada ən çətin sövdələşmə israillilərlə-fələstinlilər arasında mümkün razılaşmadır. Gəlin görək, bu iddiaları əsassız çıxara biləcəyikmi?». O, Yaxın Şərqdə sülh razılaşmasının əldə edilməsi üçün «çox yaxşı şans"ın olduğu deyib: «Biz buna nail olacağıq».

Doğrudur, Abbasla görüşdə Ağ ev rəhbəri Fələstin milli administrasiyasını tənqid etməkdən çəkinməyib. O, Təl-Əviv və Vaşinqtonun iddialarına əsasən, Fələstin rəhbərliyini «İsraildə həbsdə olan terrorçulara və onların ailələrinə maddi yardım göstərildiyi üçün» tənqid edib. Bununla yanaşı, Tramp Fələstin liderinə dəstəyini də dilə gətirib. Donald Tramp Mahmud Abbasın adını İsrail-Fələstin yekun sülh razılaşmasına yazdıracaq şəxs olduğuna ümid etdiyini söyləyib.

Bəs görəsən, ən ağrılı beynəlxalq münaqişə ilə bağlı sülh binası hansı fundamental şərtlər üzərində ucaldılmalıdır? Tramp bu şərtləri açıqlamağı lazım bilməyib. Yəqin ki, o, bu haqda fikrini Müqəddəs Torpaqda mövcud vəziyyəti tam öyrənmədən açıqlamaq istəməyib. Mahmud Abbasa gəlincə, o, fələstinlilərin əsas hədəfini bir daha dilə gətirib - «1967-ci ilin sərhədləri çərçivəsində müstəqil dövlət». Abbas əmindir ki, bu, bitmək bilməyən münaqişəyə son qoyulması üçün yeganə yoldur.

«Bizim strateji seçimimiz «iki xalq üçün iki dövlət» prinsipi ilə sülh yaratmaqdır», - deyə Mahmud Abbas Donald Trampa xatırladıb.  Qeyd etmək lazımdır ki, bir müddət əvvəl Abbasın mövqeyinə yaxın fikirləri onun əsas rəqibi, Qəzza bölgəsinə nəzarət edən HƏMAS da da səsləndirib. Və bu amil, fələstinlilərin bu strateji seçimi haqqında xatırlatmasını daha sanballı edir. Radikal hərəkat tərəfindən bu dəfə açıqlanmış siyasi sənəddə onun ənənəvi çağırışı - İsrailin yox edilməsi tələbi yer almır. Əksəriyyət bunu sensasiya - HƏMAS-ın «iki dövlət prinsipi»ni qəbul etməsi kimi qiymətləndirib.

 

HƏMAS simasını dəyişir?

Mayın əvvəlində Fələstinin HƏMAS hərəkatının rəhbərliyinə seçki keçirilib. Seçkidə qələbə qazanan İsmail Haniyə bu posta yenidən seçilmək istəyən Xaled Maşaalı əvəzləyib. HƏMAS rəhbərliyindəki dəyişikliyin hərəkatın ideologiyasının dəyişməsinə nə qədər təsir göstərdiyini birmənalı söyləmək çətindir. Lakin o aydındır ki, hərəkat fəaliyyətində yeni səhifə açıb.

Radikal hərəkatın mövqeyində əsas yenilik Fələstinin 1967-ci ildəki sərhədlərini tanımağa hazır olmasıdır. Maraqlıdır ki, HƏMAS-ın mövqeyindəki bu dəyişiklik İsrailin Suriya, Misir və İordaniya ilə apardığı və ərəb dövlətlərinin məğlubiyyəti ilə bitmiş 1973-cü il müharibəsindən, düz, 50 il sonraya təsadüf edir.

HƏMAS-ın ideoloji simasının dəyişməsi özünü bir sıra digər prinsipial məsələlərdə də göstərir. Hərəkatın hələ 1988-ci ildə qəbul etdiyi Xartiyaya əsasən, HƏMAS Fələstin Azadlıq Təşkilatına (FAT) məhz sonuncunun dünyəvi Fələstin dövləti ideyasını dəstəklədiyi üçün qoşulmayıb. Çünki HƏMAS Fələstin İslam Respublikasının qurulmasında israr edirdi. Hərəkatın yeni proqramında isə onun bir şərtlə FAT-a qoşulmağa hazır olduğu deyilir: bunun üçün təşkilət öz fəaliyyətinin «demokratik başlanğıcı"na qayıtmalıdır (burada söhbət ondan gedir ki, 1967-ci ildən etibarən FAT-ı FATH partiyasının liderləri idarə edirlər).

HƏMAS-ın yeni proqramında daha bir vacib məqam: 1988-ci il Xartiyasında hərəkatın islamçı «Müsəlman Qardaşları» Beynəlxalq Təşkilatının Fələstin qanadı olduğu bildirilirdisə, yeni proqramda bu fikir yoxdur. «Müsəlman Qardaşları»ndan ayrılığın səbəbini Ərəb dünyasında ciddi təlatümlərin yaşandığı bir dövrdə, HƏMAS-ın faktiki olaraq, beynəlxalq təcrid vəziyyətinə salınmasında axtarmaq lazımdır. Hərəkat Misir Prezidenti, general əs-Sisinin dəstəyini itirib. 2014-cü ildə Misir Prezidenti postunda «Müsəlman Qardaşları» Təşkilatını təmsil edən Məhəmməd Musrini əvəzləmiş əs-Sisi bu təşkilata müharibə elan edib. HƏMAS-dan Suriya Prezidenti Bəşər Əsəd də üz döndərib. Səbəb, bu radikal hərəkatın Suriyada, artıq 6 ildir davam edən qanlı müharibədə hökumətə qarşı olan qüvvələrin tərəfini tutmasıdır (HƏMAS-ın Suryiada məğlub olması üzündən, Xaled Maşaal Dəməşqdən Qətərin paytaxtı Dohaya qaçmalı olub).

Bu da son deyil. HƏMAS-ın Suriya müharibəsində «cihadçılar»ı dəstəkləməsi Suriya rəhbərliyinin əsas müttəfiqlərindən olan İranın da hərəkata dəstəyi dayandırmasına yol açıb. Halbuki, əvvəlki illərdə Tehran HƏMAS-a tam dəstək verir, ona səxavətlə maliyyə yardımları edirdi. İndi, «Müsəlman Qardaşları»nı qanunsuz təşkilat elan etmiş İordaniya və BƏƏ-də də HƏMAS-a dəstək ciddi şəkildə azalıb.

Bundan başqa, gözləntilərin əksinə olaraq, yaşlaşmış Mahmud Abbas nə Fələstin daxilində, nə də beynəlxalq arenada mövqelərinin zəifləməsinə imkan verib. Beləliklə, HƏMAS FAT-la yaxınlaşmaq, «Müsəlman Qardaşları»ndan isə imtina etmək qərarına gəlib.

Hərəkatın yeni proqramında İsrailin məhvi tezisinin olmamasına gəlincə, bu da HƏMAS-ın siyasi mövqeyini gücləndirmək, beynəlxalq arenada itirdiyi xalları geri qaytarmaq istəyi ilə bağlıdır. Bu mənada, ABŞ Prezidentinin «Fələstin liderləri vahid cəbhədə birləşmədən, dayanıqlı sülhə nail olmaq mümkün deyil» fikri xüsusi maraq doğurur. Deyəsən, HƏMAS ABŞ Prezidentinin bu çağırışını danışıqlar prosesinə bərabərhüquqlu tərəf kimi qoşulmaq şansı kimi qiymətləndirib. Doğrudur, bunun nə ilə nəticələnəcəyini indidən söyləmək çətindir. Hər halda, İsraildə HƏMAS-ın ideoloji baxımdan dəyişməsinə, sülh prosesinin iştirakçısına çevrilməsinə böyük şübhə ilə yanaşırlar.

 

Turne gözləntisində...

Bununla yanaşı, Fələstin-İsrail münaqişəsinin həlli prosesinin uğuru yalnız HƏMAS-ın deyil, həm də potensial olaraq Yaxın Şərq böhranına cəlb olunmuş bütün qüvvələrin səmimiliyindən asılıdır. Bu, yalnız bir sıra məsələlərdə tam zidd mövqelərdə olan (Qüdsün statusu, qaçqınların problemi və s.) münaqişə tərəflərinə yox, həm də qüdrətli xarici oyunçulara, problemin həllində vasitəçilik iddiasında olanlara aiddir. Söhbət, ilk növbədə, yeni prezidenti Yaxın Şərqdə sülh prosesində irəliləyişə nail olacağına söz vermiş ABŞ-dan gedir.

Donald Tramp Mahmud Abbasla görüşündə İsrail-Fələstin münaqişəsinin «iki xalq üçün iki dövlət» prinsipi əsasında həll oluna biləcəyini bir dəfə də olsun, dilə gətirməyib. Bu prinsip isə məlum olduğu kimi, müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur. Halbuki, Ağ evin əvvəlki sahibi Barak Obama məhz bu varianta üstünlük verirdi. İndiki ABŞ administrasiyasının nümayəndələri iddia edirlər ki, Tramp bu konsepsiyaya dəstək ifadə etməsə də, onun əleyhinə də deyil. Guya ABŞ Prezidenti, sadəcə, bütün variantları açıq qoymaq, bununla da israillilərlə-fələstinlilərə münaqişəli regionun gələcəyini müstəqil şəkildə müəyyənləşdirmək imkanı vermək istəyir.

Bununla yanaşı, Tramp, hələlik, başqa bir məqamla bağlı da susur. Söhbət Şərqi Qüds də daxil olmaqla, işğal olunmuş Fələstin torpaqlarında yəhudi yaşayış məntəqələrinin tikintisindən gedir. Obamanın dövründə Birləşmiş Ştatlar yəhudilərin bu əməlini psiləyirdi. Ötən ilin sonunda isə hətta BMT Təhlükəsizlik Şurası tikinti işlərinin dərhal dayandırılmasını tələb edən qətnamə qəbul edib. Trampın isə bu barədə nə düşündüyü hələ məlum deyil. Əslində, onun İsraillə-Fələstin arasında «böyük razılaşma»nın əldə edilməsinin mümkünlüyü haqqında danışarkən də nəyi nəzərdə tutduğu bəlli deyil.

Amerikanın yeni administrasiyasının sülh təşəbbüsünə Donald Trampın tezliklə baş tutacaq ilk xarici turnesindən sonra aydınlıq gələcəyi gözlənilir. Qeyd edək ki, həmin turne çərçivəsində ABŞ lideri Qüds və ər-Riyada da baş çəkəcək. Amma bu səfərin Yaxın Şərqdə getdikcə güclənən İranın qarşısının alınmasına yönəlmiş hərbi-siyasi və iqtisadi addımların müzakirəsi ilə məhdudlaşacağı da istisna deyil. Görünən odur ki, bu tədbirlərin həyata keçirilməsində yalnız İsraillə-Səudiyyə Ərəbistanı yox, Tehranla-Obamanın dövründə əldə olunmuş nüvə razılaşmasından imtina etməyə çalışan yeni ABŞ administrasiyası da maraqlıdır.

İstənilən halda, Donald Tramp administrasiyasının irəli sürdüyü İrana müqavimət və Fələstin-İsrail münaqişəsinin həlli təşəbbüsləri, bütünlükdə, Yaxın Şərq və Ön Asiyada öz maraqlarına cavab verən geosiyasi mozaika qurmağa çalışan ABŞ-ın əsas alətlərindən olacaq.



MƏSLƏHƏT GÖR:

410