25 Aprel 2024

Cümə axşamı, 02:38

ZORƏN DOSTLAR

Moskva-Ankara dialoqu, əvvəlkitək, rasional maraqlar üzərində qurulacaq

Müəllif:

15.05.2017

Rusiya-Türkiyə münasibətlərində bərpa mərhələsi başa çatıb. Bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqların yekununda bəyan edib. Onlar Soçidə, Boçarov iqamətgahında bir araya gəliblər. Bu, iki ölkə liderinin 2017-ci ildə baş tutmuş ikinci görüşüdür. Martın 10-da Ərdoğan Moskvada idi - orada Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı keçirilirdi. Mayda isə Putin ilə Ərdoğan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Türkiyədə keçiriləcək sammitində yenidən bir araya gələcəklər.

2015-ci ilin noyabrında Rusiya bombardmançı təyyarəsinin vurulması ilə iki ölkə münasibətləri sürətlə pisləşməyə başlamışdı. Lakin o vaxtdan çox hadisələr yaşanıb və dialoqun bərpası üçün tərəflər bir çox addımlar atıb. Bu, vacib iqtisadi tərəfdaşlar olan Moskva ilə Ankaranın hər biri üçün son dərəcə vacibdir. Üstəlik, onların istər Yaxın Şərqdə, istərsə də Cənubi Qafqazdakı geosiyasi maraqları çox yaxındır. Bütün bunlara baxmayaraq, Rusiya və Türkiyənin özləri də daxil olmaqla, onların bir-birinə tam etibar edə biləcəyinə heç kəs inanmır. Moskva-Ankara münasibətləri iqtisadi və geosiyasi maraqların rasional şəkildə üst-üstə düşməsinə əsaslanır. Bu isə bütün digər mümkün variantlardan daha önəmlidir.

Rəsmi versiyaya görə, Soçi görüşünə zərurət iqtisadi münasibətlərin hazırkı vəziyyətinin müzakirəsi və aktual beynəlxalq məsələlər, ilk növbədə, Suriya problemi ilə bağlı «saatların tutuşdurulması» üzündən yaranmışdı. Putinlə-Ərdoğan qarşıya kifayət qədər iddialı hədəflər qoyublar - iki ölkə arasında illik ticarət dövriyyəsinin 100 milyard dollaradək artırılması. Halbuki, ən yaxşı dövrlərdə belə, bu rəqəm 40 milyard dolları ötməyib. Böhran illərində isə o, 20 milyarddan da aşağı düşüb. İndi, tərəflər qarşıya qoyulmuş hədəfə «Türk Axını» Qaz Kəməri və «Akkuyu» AES kimi layihələr vasitəsilə çatmağı düşünür. Mayın 7-də Rusiyanın «Qazprom» şirkəti «Türk Axını» Boru Xəttinin dənizdən keçəcək hissəsinin tikintisinə başlayıb. Onun 2019-cu ilin sonuna başa çatdırılması nəzərdə tutulub. Bundan başqa, artıq AES-in ilk enerji blokunun tikintisinə də start verilib. Stansiya 2023-cü ildə fəaliyyətə başlamalıdır. Çətinlik kənd təsərrüfatı məhsulları ticarətində tətbiq edilmiş sanksiyaların aradan qaldırılmasında və vizasız rejimə keçid məsələlərindədir. Aprelin sonlarında Rusiya tərəfi bəyan edib ki, Ankara Rusiya taxılına tətbiq edilən rüsumu aradan qaldırmasa, Türkiyəyə tətbiq olunmuş məhdudiyyətlər ləğv edilməyəcək. Mayın əvvəlində Ankara bu şərti yerinə yetirib. Lakin bu dəfə Moskva Türkiyədən Rusiyaya pomidor tədarükünə qadağanın qüvvədə qalacağını bəyan edib. Putin bunu belə izah edib: «Embarqonun tətbiqi zamanı Rusiyanın kənd təsərrüfatı məhsulu istehsalçıları böyük həcmdə kredit və kredit resursları götürüb». Lakin pomidorun iki ölkə münasibətlərinə maneəyə çevrilməyəcəyi aydındır.

Məsələ ondadır ki, bu münasibətlər daha çox Rusiya ilə Türkiyənin Suriya ilə bağlı razılığa gəlib-gəlməyəcəyindən daha çox asılıdır. İndi, tərəflər arasında Rusiya bombardmançı təyyarəsinin vurulması səviyyəsində insidentin yaşanma ehtimalı, demək olar ki, yoxdur. Lakin problemə yanaşmadakı ziddiyyətlər aradan qalxmayıb. Ankara hələ də Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmalı olduğunu düşünür və ABŞ-ın Suryiada Rusiyanı qane etməyən bütün əməllərini dəstəkləyir. Amma Ankara Rusiyanın maraqlarını da nəzərə almaya bilməz. Bu üzdən qarant dövlətlər olan Rusiya, Türkiyə və İran Astanada aparılan danışıqların yekununda Suriyada 4 de-eskalasiya zonasının (İdlib və qonşu rayonlar olan Latakiya, Hələb və Hama, Suriyanın İordaniya ilə cənub sərhədiboyu, Dəməşqin şərq qəsəbələri, mərkəzi Homs əyaləti) yaradılması haqqında razılaşma imzalayıb. Bu zonalarda atəşkəs hökm sürməlidir. Soçidə bu razılaşma bir daha təsdiqlənib. Lakin onun taleyi dumanlıdır, çünki Suriya hökuməti ölkə ərazisində terrorçu saydığı bütün qüvvələrlə savaşmaq hüququnu özündə saxlayır. Üstəlik, bir çox müxalifətçi qruplar bu sənədi qəbul etmir. ABŞ-da sözügedən zonaların yaradılmasına ehtiyatla yanaşır. Vaşinqton bunun «terrorçuların təqibinə mane olacağını» bəyan edib. Amerikalıların apreldə İdlib əyalətinin Xan-Şeyhun şəhərinə kivyəvi silah hücumundan sonra endirdiyi raket zərbələrindən sonra, əslində, nə demək istədiyi aydındır. Yəni, əslində, hər kəs öz mövqeyində qalır - Suriyada "İD" yaraqlılarının və müttəfiq qruplaşmaların mövcudluğu, onların dislokasiya yerini dəqiq müəyyənləşdirməyin mümkünsüzlüyü, dəqiq tanınma əlamətlərinin olmaması bütün tərəflərə istənilən razılaşma çərçivəsində istədikləri kimi davranmaş imkanı verir. Odur ki, istənilən razılaşmadakı müddəalar Suriyada sülhə nail olunması yolları yox, ilk növbədə, prioritetlərin elan olunmasıdır; məsələn, Ərdoğan de-eskalasiya zonalarının yaradılmasını çoxdan tələb edir. O, bu məsələdə Suriyanın şimalında faktiki olaraq, kürd dövlətinin yaradılmasına imkan verməmək üçün israrlıdır. Türkiyənin cənub-şərqində kürdlərlə daim problemlər yaşayan Ankara üçün bu ssenari dəhşət olardı. Paralel olaraq həm terrorçular, həm də hökumət qüvvələri ilə döyüşən yaxşı silahlanmış, böyük döyüş təcrübəsinə malik kürd üsyançıları Ankara üçün "İD"dən daha ciddi problemdir. Bu səbəbdən, ABŞ-ın kürd dəstələrinə dəstək verməsi Ankaranı narahat edir və qıcıqlandırır. Məhz bu məqam NATO-da müttəfiq olan bu ölkələrin münasibətlərini xeyli korlayıb. Məsələ o yerə çatıb ki, Türkiyə Prezidentinin məsləhətçisi İlnur Çevik Suriyanın şimalında kürdlərin xalq özünümüdafiə dəstələrinə (YPG, Kürd Fəhlə Partiyasının qanadı) dəstək verən Amerika xüsusitəyinatlılarının təsadüfi zərbələrə məruz qala biləcəyini bildirib. Ümumiyyətlə, son zamanlar Türkiyənin NATO-da qalmasının nə dərəcədə məqsədəuyğun olub-olmadığına dair çox danışılmağa başlayıb və bu, heç də təsadüf deyil. Martın əvvəlində Türkiyə qəflətən Rusiyadan "S-400" Hava Hücumundan Müdafiə (HHM) Sistemi almaq niyyətini açıqlayıb. Nəzərə alsaq ki, NATO-nün öz vahid HHM sistemi var, Ankaranın bu addımı «gəmidə qiyam» kimi qiymətləndirilə bilər. Ankara-Brüssel münasibətlərinin xeyli korlandığını, Türkiyənin Avropa İttifaqına üzvlüyünə dair danışıqlarda heç bir irəliləyişin olmadığını, həmçinin Brüsselin Türkiyədə apreldə keçirilmiş referendumun nəticəsindən narazı qaldığını da nəzərə alsaq, bütün bunların Ankaranı Moskvaya tərəf yönəldəcəyini düşünmək olar.

Amma bunu məcburi dönüş sayanlar da var. Qərbə bəzi müşahidəçilər düşünür ki, Türkiyə bununla Vaşinqtonla-Brüsseli çaşbaş salmağa çalışır. Üstəlik, Rusiyanın özü də Türkiyəyə təzyiq göstərmək üçün kürd amilindən istifadə edir. Martın 20-də KİM-də Rusiya Ordusunun Suriyanın şimal-qərbində yerləşən Afrin əyalətinə yerləşdiyi haqqında xəbər yayılıb. Qeyd edək ki, Türkiyə ilə sərhəddə yerləşən bu əyalətə YPG nəzarət edir. Soçi görüşündə Ərdoğan Putinə Rusiya hərbçilərinin YPG yaraqlıları ilə birgə çəkdirdiyi fotoları da təqdim edib. Bundan əvvəl isə Rusiya hərbçilərinin kürdlərlə bir razılaşma əldə etdiyinə dair xəbərlər yayılmışdı. Məlumata görə, razılaşma kürdləri Türkiyə Ordusunun hücumundan qorumaq məqsədilə regionda rus hərbçiləri tərəfindən postların qurulmasını nəzərdə tutur.

Bununla yanaşı, kürdlərin nəzarətində olan digər ərazidə - Rocavada Türkiyə ilə sərhədi Amerika qüvvələri qoruyur. Bu, bir daha sübut edir ki, ruslarla-amerikalılar istəsələr, bir-biri ilə dil tapmağı yaxşı bacarırlar. Moskva addımları ilə bir şeyi tam çılpaqlığı ilə nümayiş etdirir: əgər Türkiyə Rusiyanın Suriyadakı əməllərinə etiraz edərsə, Kreml Suriya kürdlərinə dəstəyi artıra bilər.

Digər yandan, Rusiyanın özü də Ankarasız keçinə bilmir, çünki Turkiyənin Suriyada iştirakı nə qədər önəmlidirsə, onun Rusiya iqtisadiyyatında iştirakı da bir o qədər önəm daşıyır. Moskvanın isə bu mənada nəinki əsl dostları, hətta rasional rəqibləri belə, çox deyil.

Məhz bu səbəbdən, bu iki ölkə zaman-zaman düşmənçiliyə çevrilən, lakin yenə də dialoqu davam etdirmək iqtidarında olan zorən dostluğa məhkumdur. Bununla yanaşı, Rusiya-Türkiyə münasibətlərində Putin ilə Ərdoğanın şəxsi münasibətləri böyük rol oynayır. Yaxın illərdə bu sahədə dəyişiklik gözlənilmədiyindən, Moskva-Ankara dialoqu, güman ki, bu cür soyuq, lakin etibarlı zəmində davam edəcək.



MƏSLƏHƏT GÖR:

404