24 Aprel 2024

Çərşənbə, 20:46

OD, SU və DÖRD QİTƏ

Bakı İslamiadası tarixdə yalnız təntənəli idman bayramı kimi qalmayacaq

Müəllif:

15.05.2017

Tarixə səyahət, füsunkar şou, möhtəşəm atəşfəşanlıq…

Azərbaycan paytaxtı yenidən irimiqyaslı idman tədbirinə ev sahibliyi edir və yenə dünyanın dörd bir yanından idmançılar Bakıya toplaşıblar.

Mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci vitse-prezidenti, İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlığı Təşkilatının (İƏK) Baş katibi Yusuf əl-Usaymin və digər rəsmi şəxslər iştirak ediblər.

Əsl Şərq nağılını xatırladan bu axşamı Bakı Olimpiya Stadionunun tribunalarından onminlərlə, telekanallardan isə 50 ölkədən 100 milyonlarla insan nəfəsini dərmədən izləyə bilib.

IV İslam Həmrəyliyi Oyunları proqramını açan su səyahəti, əsl Şərq nağılında olduğu kimi, açılış mərasimindən 40 gün əvvəl start götürmüşdü. Xəzərdən başlamış su səyahəti Azərbaycanın daha 15 bölgəsini əhatə edib. Nəticədə, 16 mənbədən yığılmış su İslamiadanın açılışında fəvvarə vurub. Bu, ruhən təmizlənmənin, həmrəyliyin rəmzi idi. Açılış mərasiminin əsas personajları da təsadüfən seçilməmişdi - qızcığaz Mina və onun babası, müasir və qədim Azərbaycanın təcəssümü idilər.

«Mərasimimizin mərkəzində balaca bakılı Minadır. Minanın və dostunun - uçan ilanın köməyi ilə dünyanı açmağa yollanırıq. Səyahətboyu o, insanların özünəməxsusluğu və irsi, onların inancı, arzuları ilə tanış olur. Minanın tarixçəsi insanların qüdrətinin, həmrəyliyinin təcəssümüdür. Onun arzusu daha yaxşı dünya, sakitliyin, harmoniyanın hökm sürdüyü dünyadır», - deyə bədii rəhbər Neytan M.Rayt hələ yarış başlanmazdan əvvəl bildirirdi.

Beləliklə, komandaların yürüşündən sonra, Bakı nağılının baş qəhrəmanı Mina, babasının uçurduğu kağız əjdahada sirli dünyaya səyahətə yollanır. Səhnədə və nəhəng monitorda Azərbaycanın tarixi və mədəni abidələri, İslamın rəmzləri, məscidlər, minarələr, yeni başlanğıcın rəmzi olan ayparalar bir-birini əvəzləyir. Minarələrin birindən Azərbaycanın dünyaca tanınmış Xalq Artisti Alim Qasımov azan oxuyur. İslam Dünyası üzərində uçan Mina, tamaşaçıları İslamın Qızıl əsrinin nailiyyətləri ilə tanış edir. Bütün bu möhtəşəm səhnələr Azərbaycan milli melodiyası ilə, Azərbaycan bəstəkarlarının əsərləri ilə müşayiət olunur.

Şərq nağılı ola, Simurq quşu olmaya? İlk dəfə Bakı səmasında o hələ 2015-ci ildə, Birinci Avropa Oyunları alovunun Bakıya gətirildiyi zaman uçmuşdu. «The Budapest Times» qəzetinin əməkdaşı, kanadalı jurnalist Li Reni o zaman yazırdı ki, «SSRİ-nin süqutundan sonra, Bakı Simurq quşu kimi, yoxdan yaranıb». Bu dəfə o, balasının xilasına görə minnətdarlıq etmək üçün balaca Minanın köməyinə gəlib. Bu, müasir Azərbaycanın qüdrətinin, onun bütün dünya ilə həmrəy olmağa çalışdığının, köməyə gəlməyə hazır olduğunun təcəssümü idi.

Dördüncü İslamiadanın Bakıda keçirilməsi haqqında qərar Azərbaycanın bu rolunun növbəti etirafıdır. Bu qərar İslam Həmrəyliyi İdman Federasiyası Baş Assambleyasının 2013-cü ilin iyulunda keçirilmiş toplantısında qəbul edilib.

«Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur. Biz minillikləri əhatə edən mədəniyyətə və güclü İslam ənənələrinə malik qədim diyarıq. Eyni zamanda, biz gənc, müasir və sürətlə inkişaf edən ölkəyik. Ötən il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü qeyd etdi. Ölkəmizin multikultural tarixi açıq, tolerant cəmiyyətimizin ən ülvi hissəsidir. Biz İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərlərini bölüşməkdən fərəhlənirik», - deyə Azərbaycanın birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılış mərasimində qonaqları salamlayaraq bildirib.

O, 2017-ci ilin Azərbaycanda «İslam Həmrəyliyi İli» olduğunu xatırladıb, İslamiadanın dostluq, tolerantlıq, mərhəmət mesajı olacağını bildirib. «Gücümüz həmrəylikdədir! Bu ruhlandırıcı mesajı Oyunlarımız Azərbaycanın hüdudlarından çox uzaqlara göndərəcək», - deyə Mehriban Əliyeva qeyd edib.

Bu gün bu çağırış yalnız İslam aləmi üçün yox, bütün dünya üçün heç zaman olmadığı qədər aktualdır. İƏT-in Baş katibi Yusuf əl-Usayminin diqqəti İslam Dünyasının ekstremizmin, radikalizmin, islamofobiyanın artması, cəmiyyətin bəzi hissələrinin təcridi kimi çətin çağırışlarla qarşı-qarşıya qaldığına çəkməsi də təsadüf deyildi. «İslam Həmrəyliyi Oyunları dünyada ən iri idman tədbirlərindən biridir. Çünki bu Oyunlar müxtəlif mədəniyyətlərə malik fərqli ölkələrdən gəlmiş, təxminən, 4 000 atleti bir araya gətirir. Bu, İslam həmrəyliyini əyani şəkildə nümayiş etdirir. Bu, İslamın əsl mahiyyətini, onun sülh və tolerantlıq dini olduğunu əks etdirir. Bu, mədəniyyətlərindən və fərqlərindən asılı olmayaraq, xalqlar arasında birlik, harmoniya, dostluq tellərini və dinc şəraitdə yanaşı yaşamaq tərzini gücləndirir», - deyə İƏT-in Baş katibi qeyd edib. O, bu möhtəşəm tədbirin təşkilinə görə, Azərbaycan xalqına, Prezidentinə və hökumətinə minnətdarlığını bildirib.

İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın həmrəyliyin, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun təmininə yönəlmiş dövlət siyasətinin məntiqi davamıdır. Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarının təşkilatçılığını da təsadüfən öz üzərinə götürməmişdi. «Təbii ki, bu Oyunlar bir idman tədbiri idi, lakin hesab edirəm, onların rəmzi mənası da var idi. Çünki ilk dəfə təşkil olunan Avropa Oyunları bir müsəlman ölkəsində keçirilirdi. Bu, multikulturalizmin və dini dözümlülüyün göstəricisi idi», - deyə Prezident İlham Əliyev Bakıda İslamiadadan cəmi bir neçə gün əvvəl keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında etdiyi çıxışında bildirmişdi.

Beləliklə, Avropa və İslam Həmrəyliyi Oyunları, faktiki olaraq, Azərbaycanın hələ 2008-ci ildə təşəbbüs göstərdiyi və sonradan «Bakı prosesi» adını qazanmış mədəniyyətlər və sivilizasiyalar arasında dialoq uğrunda qlobal hərəkatın bir hissəsinə çevrilib.

Bu proses çərçivəsində ilk dəfə olaraq, Azərbaycan Avropa Şurasına üzv ölkələrin nazirlərinin toplantısına onların İslam Əməkdaşlığı Təşkilatı ölkələrindən olan həmkarlarını da dəvət edib. Cəmi 1 il sonra isə Avropa Şurasına üzv dövlətlərin nazirləri Bakıda İƏT-dən olan həmkarlarının toplantısına qatılıblar.

Azərbaycan seçdiyi bu siyasətə uyğun olaraq, 2016-cı ili ölkədə «Multikulturalizm İli», bu ili isə «İslam Həmrəyliyi İli» elan edib.

Bakı 5 dəfə Beynəlxalq Humanitar Foruma, 4 dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib, Dini Liderlərin Ümumdünya Sammitini, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirib. Bu il Azərbaycanın Avropa Şurası, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, İSESKO, BMT-nin Ümumdünya Turizm Təşkilatı və FAO ilə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi beynəlxalq təşkilatların ilk yüksəksəviyyəli görüşü də baş tutub.

«Bütün bunlar bizə gərginlik və risklərin azaldılması, müxtəlif xalqlar və dinlər arasında daha yaxşı anlaşmanın təmin olunması yollarını müəyyənləşdirməyə yardım edir», - deyə Azərbaycan Prezidenti bildirib.

Azərbaycan vacib siyasi təşəbbüslərlə yanaşı, dünyanın müxtəlif guşələrində çoxsaylı humanitar və xeyriyyəçilik aksiyaları da keçirir. Onlardan bəzilərini Mehriban Əliyeva sadalayıb: Pakistanda zəlzələ nəticəsində dağılmış qızlar üçün məktəbin yenidən inşası; Romada qədim katakombaların, Versal sarayı parkında tarixi abidələrin bərpası; Bosniya və Herseqovinanın, Gürcüstanın, Macarıstan, Rumıniya, Rusiya və Serbiyanın bir sıra şəhərlərində məktəblərin, məscid və kilsələrin, reabilitasiya mərkəzlərinin, səhiyyə müəssisələrinin, istirahət parklarının tikintisi; Fransanın Aşağı Normandiya regionunda 20-dək yerli kilsənin, Strasburq kilsəsində şüşə vitrajların bərpası; Vatikanın Apostol Kitabxanasına aid qədim əlyazmaların bərpası və rəqəmsal formata keçirilməsi; Vatikan muzeylərindəki bir sıra abidələrin bərpası; Luvr muzeyində İslam incəsənəti şöbəsinin yaradılmasında iştirak; Bolqarıstanın Veliko Tırnovo şəhərindəki «Trapezidsa» Memarlıq Muzeyi Qoruğunun bərpası; Almaniyanın Berlin kilsəsinin bərpasında iştirak; İtaliyanın Roma şəhərindəki Kapitoli Muzeyinin Filosoflar zalının bərpası...

Diqqət yetirin. Müsəlman dünyasının gənc, müstəqil dünyəvi ölkəsi Roma katakombalarını, Vatikandakı abidələri, Berlində kilsəni bərpa edir… Bütün bu layihələr Bakının təşkil etdiyi Avropa Oyunları, indi isə İslam Həmrəyliyi Oyunları ilə birlikdə, Azərbaycanın təhlükəli islamofobiya tendensiyalarının, islamın terrorla əlaqələndirilməsinin qarşısının alınmasına töhfədir. «İki il müddətində eyni şəhərdə Avropa Oyunları ilə yanaşı, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim siyasətimizin və niyyətimizin göstəricisidir», - deyə Azərbaycan Prezidenti bildirib.

IV İslam Həmrəyliyi Oyunlarında dünyanın 54 ölkəsindən 4 minədək idmançı iştirak edir. İndiyədək bu turnirdə bu qədər ölkə təmsil olunmayıb.

Yarışda idmançılar 24 idman növündə 269 medal dəsti uğrunda mübarizə aparır. Ümumilikdə, qaliblərə 1 600 medal veriləcək. Azərbaycan yarışda 425 idmançı ilə iştirak edir.

«İnterfaks-Azərbaycan» xəbər verir ki, yarışın ilk 2 günündə Azərbaycan idmançıları artıq 50 medal qazanıblar. Onların aktivində 24 qızıl, 17 gümüş, 9 bürünc medal var. Oyunların ilk 2 günündən sonra Azərbaycan komanda hesabında ilk yeri tutur. İkinci yerdə aktivində 59 medal olan (20-24-15) Türkiyə yığması, üçüncü pillədə isə 21 medallı (5-4-12) Özbəkistan yığması gəlir.

Ümumilikdə, yarışın ilk 2 günündə 17 ölkədən olan idmançılar medal qazanıblar. Bu müddətdə qızıl medal qazanmış ölkələrin sayı 13-dür.

Nəticədən asılı olmayaraq, IV İslam Həmrəyliyi Oyunları tarixə yalnız miqyaslı idman tədbiri və ya baxımlı şou kimi düşməyəcək. O, tarixdə şərə meydan oxunması, sülhə, həmrəyliyə, birliyə çağırış kimi də qalacaq.



MƏSLƏHƏT GÖR:

443