25 Aprel 2024

Cümə axşamı, 21:13

QƏLB-QƏLBLƏ DANIŞANDA...

«Xəzər mehi» müsabiqəsinin qalibi Nigar Cəfərova: «Akademik vokal - hər şeyin əsasıdır»

Müəllif:

01.06.2017

«Musiqi, sadəcə, ritm və melodiya deyil, həqiqi oksigendir», - gənc və istedadlı azərbaycanlı vokalçı Nigar Cəfərova belə düşünür. Qız Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Musiqi Akademiyasının vokal kafedrasının ikinci kursunda oxuyur. Bu yaxınlarda o, Bakıda «İstedadlar atəşi» layihəsi çərçivəsində keçirilmiş «Xəzər mehi» beynəlxalq festival-müsabiqədə qalib gəlib. Müsabiqəyə Rusiya, Qazaxıstan, Azərbaycan və Özbəkistandan gənc musiqiçilər, vokalçılar və rəqqaslar qatılıblar. Nigar Cəfərova müsabiqə barədə təəssüratlarını bölüşüb və musiqiyə münasibətindən danışıb.

 

- Nigar, «Xəzər mehi» festival-müsabiqədə iştirakınızdan danışın. Müsabiqəyə necə qatıldınız?

- Müsabiqə bu il aprelin sonlarında Bakıda keçirildi. Mən izləyicilərin çox sevdiyi bir ariyanı - Puççininin «Canni Skikki» operasından «O mio babbino caro» ariyasını oxudum. Festivalın qala-konsertində də çıxış edəcəyimi eşidəndə, çox xoş təəccübümə səbəb oldu. «Xəzər mehi» beynəlxalq festival-müsabiqədə qalib gəldiyimi biləndən sonra, daha çox sevindim. Bununla yanaşı, «Ən yaxşı kostyum» və «Ən yaxşı musiqi nömrəsi» nominasiyalarında mükafatı mənə verdilər. Bu, çox gözlənilməz və inanılmaz dərəcədə xoş idi.

- Siz «Moskva istedadlara inanır» VII beynəlxalq yaradıcılıq festivalında iştirak etmisiniz. Bu müsabiqə barədə öz təəssüratlarınızı bölüşün...

- Hər şey ondan başladı ki, müsabiqədə iştirak üçün dəvət aldım. Müsabiqənin başlanmasına bir həftə qalmış hazırlaşmalı oldum. Festival Moskvada, Ostankino teleqülləsinin əsas konsert zalında keçirilirdi. Əlbəttə, onda iştirak etmək çox maraqlı idi. Bu, məndən ötrü yaxşı təcrübə idi. Müsabiqəyə Qazaxıstan, Belarus, Dağıstan, Ukrayna və başqa ölkələrdən çox sayda ifaçı, musiqiçi və rəqqas qatılmışdılar. Müxtəlif ölkələrdən olan uşaqlarla tanış olmaq və ünsiyyət qurmaq mənim üçün çox xoş idi, onlarn hər biri nəsə yeni və maraqlı bir şey öyrənib, paylaşmaq istəyirdi. Festivalda «Akademik vağzal» kateqoriyasında çıxış etmişəm. P.İ.Çaykovskinin «Mazepa» operasından Mariyanın ariyasını ifa etdim. Öyrənmək çox xoş oldu ki, münsiflər mənim çıxışıma təəccübləniblər, çünki bu festivalda indiyə kimi ifa baxımından belə mürəkkəb çıxış olmamışdı. Nəticədə, ikinci yeri tutdum.

- Nigar, bir qədər özünüz barədə danışın...

- 1997-ci ildə Bakıda yaradıcı ailədə dünyaya gəlmişəm. Mənim valideynlərim peşəcə memardırlar. Memarlığa marağım buradandır, çünki memarlıq daşlarda donmuş musiqidir. Mənim anam uşaqlıqdan musiqi ilə məşğul olub, kamil musiqi istedadı olduğundan, fortepianoda virtuoz ifa edir. Əminəm ki, musiqi qabiliyyətimi ondan almışam.

Babam Azərbaycanın Xalq artisti Mübariz Tağıyevdir. Bizim çox böyük musiqili ailəmiz var. Məndən kiçik iki bacım və qardaşım var. Bacılarım da mənim kimi musiqi məktəbini bitiriblər: biri skripka sinfini, o birisi isə vokalı bitirib, amma aralarında musiqiyə ən çox marağı mən göstərmişəm. Doqquzuncu sinfə qədər Moskvada oxumuşam. 2012-ci ildə doğma Bakıya qayıtdım və musiqi təhsilimi Vətəndə davam etdirmək üçün Respublika İncəsənət Gimnaziyasına daxil oldum. Musiqi ilə yanaşı, ədəbiyyatla, memarlıqla və rəssamlıqla maraqlanıram.

- Vokalçı olmaq istəyiniz uşaqlıqdan vardı, yoxsa sonra yarandı? Niyə siz, məsələn, estradanı yox, məhz klassik ifaçılığı seçdiniz?

- Hələ uşaqlıqdan məndə musiqiçi olmaq istəyi vardı. İncəsənətlə maraqlanırdım, musiqi ilə yanaşı, rəsm də çəkirdim. Anam qabiliyyətimi görüb, musiqi məktəbinə qoydu. Orada estrada vokalı öyrənirdim, amma həmişə klassik musiqiyə üstünlük vermişəm. O mənim bir şəxsiyyət kimi formalaşmağıma yardım edir, özümü klassik musiqi ilə daha rahat hiss edirəm. Həm də rəsm çəkməyi xoşlayıram və həmişə musiqi səsi altında rəsm çəkirəm.

 

Musiqinin hər bir istiqaməti özlüyündə gözəldir. Amma akademik vokal hər şeyin əsasıdır. Bu, elə bir şeydir ki, inkişaf etmək, təkmilləşmək istəyirsən. Akademik vokal xüsusi səy və öz üzərində iş tələb edir ki, bu da məni cəlb edir.

- Klassik və ya akademik təhsil sizə nə verir?

- Akademik musiqi təhsili mənə peşəkar musiqiçiyə və vokalçıya lazım olan hər şeyi verir. İlk öncə, bu, mədəni baxımdan inkişafdır. Mən uşaqlıqdan Musiqi Akademiyasına daxil olmağı arzulayırdım. 2015-ci ildə arzum çin oldu - mən SSRİ və Azərbaycanın xalq artistləri, professor Fidan Qasımovanın sinfinə düşdüm.

- Gerçək musiqi nədir? Niyə bəzi musiqiləri incəsənət saymaq olmaz?

- Gerçək musiqi ruhun musiqisidir, ən səmimi, nüfuzedici və təmizdir. Bu, ürəyin dərinliyindən gələn sevgidir, bir dəfə Bertold Auerbax deyib: «Musiqi tək dünya dilidir, onu tərcümə etməyə dəyməz, çünki onda qəlb-qəlblə danışır».

- Akademik musiqinin dərinliyi və genişliyi sonsuzdur - siz nə ifa etməyi sevirsiniz? Ən sevdiyiniz əsərlər hansıdır?

- Sevimli əsərlərimiz həddindən çoxdur, buna görə də hansısa birini xüsusi seçmək çətindir. Həmişə repertuarın mürəkkəbliyinə diqqət yetirirəm, texniki baxımdan mürəkkəb olan əsərlə işləmək və öz qabiliyyətini təkmilləşdirmək daha maraqlıdır.

- Harada çıxış etmək xoşunuza gəlir? Sizdən ötrü hansı auditoriya ideal sayıla bilər?

- Zalın dəstəyini və rəğbətini hiss etməyi sevirəm, amma nəyisə əldə etmək üçün nələri isə bəxş etmək lazımdır. İnsanlar səmimi duyğuları sevirlər.

- Yaxşı musiqi ilə ünsiyyətə hansı müəlliflərdən, bəstəkarlardan və əsərlərdən başlamaq lazımdır?

- Düşünürəm, hər bir kəs ona ruhca yaxın olan, zövqünə uyğun gələn musiqini tapır. Mən melomanam, istənilən janrdan olan musiqini dinləyirəm, hərəsinin öz gözəlliyi var, amma klassik musiqiyə daha çox üstünlük verirəm. Sevimli bəstəkarlarım arasında Vivaldi, Bax, Motsart, Bethoven, Rossini, Vaqner, Bize, Çaykovski, Hacıbəyov, Qarayev, Qlinka, Şenberq və çox sayda görkəmli incəsənət xadiminin adlarını çəkə bilərəm. Həm də neoklassisizm və başqa çağdaş musiqi istiqamətləri ilə maraqlanıram.

- Nigar, həyatda nəyə nail olmaq istərdin?

- Məqsədə can atan adamam və həmişə qarşıma qoyulmuş hədəflərə nail olmağa çalışıram. Əsas niyyətim öz işimin peşəkarı olmaq, öz ölkəmi xaricdə yüksək səviyyədə təqdim etməkdir. Bunun üçün işləmək, özünütəkmilləşdirmək, əl saxlamadan daim çalışmaq lazımdır.

- Çağdaş və ya keçmiş ifaçılardan pərəstiş etdiyiniz biri varmı?

- Məndən ötrü özümü bənzətmək üçün nümunə müəllimimdir. Mən hələ uşaq olanda Fidan xanımın yaradıcılığı ilə tanış idim, onun səsini başqası ilə qarışdırmaq olmaz. Fidan xanım tələbələrdə musiqiyə, xüsusilə də vokal incəsənətinə böyük sevgi oyadır. O, bütün tələbələrinə qarşı çox tələbkardır ki, bu da həmişə çox xoşuma gəlib. Amma həm də tələbələrə qarşı sevgi və mehribanlıqla davranır. Mənim müəllimim taleyin hədiyyəsidir. Belə ustadı öz idealıma çevirməyim, bəs kimi çevirim?

Klassik musiqi ifaçıları ilə yanaşı, başqa janrlarda da pərəstiş ediləcək şəxsiyyətlər çoxdur: Lui Armstronq, Frenk Sinatra, Ella Fitscerald, Mayls Deyvis, Rey Çarlz, «Bitlz» qrupu, Şade, Maykl Cekson və başqaları.

- Musiqiyə olan maraqlarınızı sizin həmyaşıd olan dostlarınız paylaşırlarmı?

- Şəksiz! Mən çevrəmə musiqili, yaradıcı və hərtərəfli insanları toplamağı sevirəm. Qeyri-adi insanlar həmişə məndə böyük maraq oyadır. Hamının musiqi seçimi eyni deyil, həm də eyni cür maraqlı ola bilməz. Biz xoşumuza gəlmiş kompozisiyaları paylaşırıq, yeni janr və istiqamətlərlə tanış oluruq. Bu gözəldir, axı musiqi yaxınlaşdırır, hər bir insanın ürək tellərinə toxunur. İ.S.Baxın sözlərini unutmaq olmaz: «Musiqinin məqsədi ürəkləri dilləndirməkdir».


MƏSLƏHƏT GÖR:

445