20 Aprel 2024

Şənbə, 01:05

«ÖZ KİNOMUZU ÇƏKMƏK LAZIMDIR»

Oleq SƏFƏRƏLİYEV: «Özünəməxsusluq əsas meyardır. Xarici şablonları istifadə etməyə dəyməz.»

Müəllif:

01.06.2017

Həmyerlimiz Oleq Mirzağa oğlu Səfərəliyev həm sovet, həm Rusiya və həm də Azərbaycan kinorejissoru, ssenaristi və prodüseridir. Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib. On il Salyanda - 1 saylı orta məktəbdə tarix dərsi keçib. Bu illər ərzində özünü rejissorluğa həsr etmək istəyi yaranıb. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (VQİK) rejissorluq fakültəsində Sergey Solovyevin emalatxanasına daxil olub.  

1988-ci ildə institutu bitirən kimi, "Mosfilm"ə dəvət edilib və orada "Birbaşa yayım" filmini çəkib. Daha sonra Rusiyada daimi yaşamağa başlayıb. On il «Yevraziya-film» kino şikrətinin baş prodüseri olub. Bakıda da işləyib. 1991-ci ildə Rus Dram Teatrında «Ailə içi» tamaşasını qoyub və bu, böyük əks-səda doğurub. 2006-cı ildə «Azərbaycanfilm» studiyasında "Əlvida, Cənub şəhəri" filmini başa çatdırıb. Film çox uğurla Berlin, Monreal, İstanbul, Hayfa, Rio-de-Janeyro və s. kimi iri kinofestivallarda nümayiş etdirilib.  

Jurnalımıza müsahibəsi zamanı rejissor yaradıcılığından danışdı, nəsihətli əhvalat bəhs etdi və "zəmanəmizin qəhrəmanı" barədə düşüncələrini açıqladı…

 

Filmoqrafiya

1987-ci il, Peter Vaysın «Marat/Bağ» pyesi əsasında «Murad/Bağ» filmi - VQİK məzununun diplom işi (ssenari müəllifi və rejissor);

1989-cu il, «Birbaşa yayım» - «Mosfilm», bədii film (quruluşçu rejissor);

1996-cı il, «Prezident və onun arvadı» - bədii film (prodüser), Onfler (Fransa) beynəlxalq kinofestivalında Qran-pri,  «Kinoşoka-96»da baş mükafat, həmçinin Rusiya «Nika»sı; 1999-2001-ci illər, «İş dinlənilir» - televerilişlər silsiləsi (RTR və TVC).  

2006-cı il, «Əlvida, Cənub şəhəri» - bədii film, Azərbaycan - Rusiya istehsalı (quruluşçu rejissor);

2006-cı il ərzində Azərbaycanın üç Milli Kinematoqrafiya Mükafatı - «Qızıl Çıraq», ən yaxşı ssenariyə görə mükafat, kişi rolunun ən yaxşı ifasına görə mükafat, ən yaxşı filmə görə mükafat. Almatıda üçüncü «Avrasiya» Beynəlxalq Kinofestivalında ARRI mükafatı, beşinci «Moskva premyerası» festivalında (2007) izləyici rəğbəti mükafatı.

Seriallar - «Dullar», «Qorxu mağarası».  

       

- Oleq müəllim, bəllidir ki, siz Bakıda Pedaqoji İnstitutu bitirmişdiniz, amma müəyyən vaxtdan sonra, VQİK-ə daxil oldunuz. Niyə məhz kinonu seçdiniz?  

- Siz düşünürsünüz ki, yaradıcılığı seçmək mümkündür? Bu, sizdə ya var, ya da yoxdur və heç zaman olmayacaq. Seçmək daha incə materiyalarda mümkündür. Harada ki, baş tələb olunur; məsələn, müəllimlə-həkim arasında. Ürəyin girov götürdüyü yerdə isə sən artıq gücsüzsən. Yaradıcılıq UCA HAKİMin hökmüdür və ondan şikayət mümkün deyil. Burada, hətta əfv də mümkün deyil.  

- Siz Sergey Solovyevin emalatxanasında oxumusunuz. O, həmişə tamaşaçıları təsviri axtarışları ilə heyran qoyması ilə seçilirdi. Amma sizin filmlərdən Solovyevin tələbəsi olduğunuzu görmək çətindir. Sizə nələri o öyrədib?

- Düşünürəm, ona oxşamalı deyildim. Sergey Aleksandroviçin birinci VQİK emalatxanasında biz yeddi nəfər idik. Hamımızın yaşı 30-u keçmişdi və alitəhsilli idik. Əlbəttə, hər birimizin kinematoqrafın necə olduğu barədə  təsəvvürü vardı. Daha yeddi yeni «Solovyev»in olması nəyə gərək idi? Onun bizə öyrətdiyi əsas məsələ öz sənətimizə vicdanlı və tələbkar yanaşmaq oldu. «Nəyi qorumaq mümkün deyilsə, onu da qorumaq mümkün deyil...», - şair deyib. Çünki yalnız böyük ruhi itkilər sənin işini azacıq incəsənət meyarlarına yaxınlaşdıra bilər - azacıq.  

- O zaman siz kimi öz müəlliminiz saya bilərsiniz?

- Bilirsiniz, bu məsələdə, yəqin ki, düzgün-buddistəm. Onların müdrik postulatı var:  «Budda ilə qarşılaşdınsa - onu öldür!». Söhbət müəllimlərin və ustadların nüfuzunun qəbul edilməməsindən gedir. Əlbəttə, fiziki ölümdən yox, onu öz içində öldürməkdən gedir. Birincisi, incəsənətdə heç kimi heç nəyə öyrətmək olmaz. İnsan bunu nə qədər tez anlayarsa, onun üçün bir o qədər yaxşıdır. İkincisi, müəllimə pərəstiş yaradıcılıqda çox zərərlidir, gec-tez məyusluğa gətirəcək. Gec-tez ustad şəxsiyyətə pərəstiş mühiti yaradır və şagirdlərini öz iddialarının və komplekslərinin girovuna çevirir.  Yaradıcılıq isə azad-qərəzsiz uçuşdur. Hamıdan sürətli və yüksək uçan toyuq barədə müdrik Qafqaz rəvayətini bilirsiz?

- Xeyr, lütfən, danışın...  

- Qədim zamanlarda quşların içində ən yaxşı uçan toyuq imiş. Bir dəfə quşlar bir yerə yığışıb, toyuqdan ustalığının sirlərini onlara öyrətməsini xahiş etdi. Yəni, bir növ, bizdə hələ sovet dövründən çox sevilən ixtisasartırma seminarı istədilər. Toyuq sevinclə razılaşdı və fikirləşdi ki, nədən başlasın? Fikirləşdi, fikirləşdi və beləcə uçmağı unutdu.  

- Yəni sizdən ötrü yaradıcılıq sərbəst uçuşdur?

- Bir kino qəhrəmanının dediyi kimi, mən belə düşünürəm. Əlbəttə, mənə çox güclü təsir edən filmlər var, xüsusilə gənclik illərində. İlk növbədə, Vaydanın «Kül və almaz»ı və Kluzonun «Qorxunun haqqı» filmi.  

- İlk filminiz - «Birbaşa yayım»da - siz yaradıcı-şəxslə cəmiyyət arasındakı təzadı tədqiq edirsiniz. Sosialist cəmiyyəti, sizin filmdə olduğu kimi, yaradıcı şəxsə təzyiq edir, hətta öldürür. Amma cəmiyyətin maraqları fərdin maraqlarından üstündür. Ümumiyyətlə, fərdlə-cəmiyyət arasındakı münaqişəni həll etmək mümkündürmü?  

- Suala bax! Biz indi tarixi materializmin dərinliklərinə dalacağıq və siz məni orada itirəcəksiniz.  Əgər qısa cavab istəyirsinizsə, maraqların münaqişəsi göz qabağındadır; həm də funksioner insanla yaradıcı insanı fərqləndirmək lazımdır. Yaradıcılıq azadlığı yaradıcılığın əsas şərtidir. Nə dövlət, nə də partiya sənətkarın yaradıcı əlini idarə edə bilər.  

Bir xatırlayın, neçə ton ideoloji zir-zibil yazılmışdı. Lenin və Stalin haqqında yazılmış bütün bu poemalar, pyeslər, mahnılar hanı? Hakimiyyət və küləyin istiqaməti dəyişən kimi, bir gözqırpımında yox çıxdı. Bu gün hansı teatr Şatrovun Lenin haqqında pyesini tamaşaya qoyar? Ancaq psixi xəstəxananın dram dərnəyi. Amma əgər o, öz arvadına olan sevgisindən pyes yazsaydı, bestseller olardı, arvadı "KQB" agenti idi və onun söhbətlərindən donos yazırdı, sonra da "KQB"nin əmri ilə onu tərk edib, Berezovskiyə ərə getdi. Bu, bir yunan faciəsi idi. Yaxud, götürək Mayakovskini. Onun Lenin haqqında poeması bu gün heç kimə lazım deyil, amma «Şalvarlı buludlar» əsrlərboyu oxunacaq. Birində sifariş və xoşa gəlmək arzusu, o birində sərbəst yaradıcılıq var. Qısacası, şəxsiyyətlə-cəmiyyət arasında heç bir təzad yoxdur. Sadəcə, sənətkarın hansı ideallara xidmət etməsi ilə bağlı seçimi var. Burada Puşkini xatırlamaq yerinə düşər: «Çardan asılı olmaq, yaxud xalqdan asılı olmaq - nə fərqi var?». Amma lütfən, gəlin kinematoqrafa qayıdaq.  

- Çağdaş kinoda çox şey texnikadan asılıdır. Buna dayanaraq demək olarmı ki, kinoda yaradıcılığın rolu aşağı düşür?

- Əlbəttə, bu, texniki tərəqqi ilə bağlı mürəkkəb incəsənət növüdür. Amma Allaha şükür ki, əsasda həmişə dramaturgiya, rejissorların və aktyorların şəxsiyyətinin rolu durur, hələ ki, bu, yaxın gələcəyin tamaşaçısının önündə kompüter fokuslarını tarazlaşdırır. «Avatar»la mübarizə aparmaq mürəkkəbdir, amma vacibdir.  

- Kinoda hansı mövzuları qaldırmaq olar və qaldırılmalıdır?  

- Müxtəlif, ən sadə və ən ağrılı olanları. Kino məhz bundan ötrüdür və bunun hesabına mövcuddur. Sevgi və edam haqqında, vicdanlılar və əclaflar haqqında, hətta heyvanlar haqqında filmlər var. Amma bu, bir sıra etik və dini məhdudiyyətləri ləğv etmir.  

- Deməli, qadağan olunmuş mövzular var?

- Əlbəttə, hər bir yaradıcı insan onu özü üçün müəyyən edir. 

- Sizin yaradıcılıq kredonuz nədir?

- Sual birbaşa «12 stul»dandır. «Sizin siyasi kredonuz?". - "Həmişə!». Mənim cavabım da belədir: «HƏMİŞƏ!».

- Bir əfsanəvi filmdə deyilir ki, yol məbədə aparmalıdır. Bəs kino hara aparmalıdır?

- Heç yerə. Kino parovoz deyil. Mən istərdim ki, kino ağrı yaratsın. Baxdıqdan sonra ürək və yaxud heç olmasa diş ağrısın. Keçmiş bakılılar mənə İsraildən və ya Kanadadan yazanda ki, filmimə baxdıqdan sonra ağlayıblar, onda inanmağa başlayıram ki, nəsə dəyərli bir iş görmüşəm (hansı film olduğunu deməyəcəyəm). Amma filmdə çəkilmiş aktyorlar bu barədə öz müsahibələrində susurlar, çünki film Bakıda kiməsə xoş gəlməyib. Hər halda, bu filmin niyə belə əsəb doğurduğunu mənə izah etsəydilər, yalnız şad olardım.  

- Sizin yaradıcılığınız yalnız Rusiya deyil, həm də Azərbaycan kinematoqrafı ilə bağlıdır. Sizcə, beynəlxalq səviyyəyə çıxmaq üçün milli kinematoqrafın nəyi çatmır?

- Sual yetərincə ağrılı və kəskindir. Festival kinosunun reseptini, əlbəttə, bilmirəm. Mən yalnız öz təcrübəmdən danışa bilərəm. On il qabaq  Mədəniyyət Nazirliyinin sifarişi ilə kiçikbüdcəli film çəkmişdim və o, Azərbaycanı 20-yə yaxın prestijli kinofestivalda təqdim elədi. İzləyicilər həmişə üfüqdən o tərəfə boylanmağa, nəsə öyrənməyə meyilli olurlar. Etnik kinonun yüksək reytinqi buna əsaslanır.  Düşünürəm, özünəməxsusluq əsas meyardır. Xarici ülgüləri istifadə etməyə dəyməz. Cavab nə qədər aydındırsa, bir o qədər də mənasızdır.  

- Belə sayırlar ki, seriallar heç də yüksək incəsənət növü deyil. Siz isə bu janra müraciət edirsiniz («Növbətçi mələk -2», «Savva Morozov», «Qadınlar və başqa xoşagəlməzliklər»)…  

- Yüksək və ya aşağı incəsənət nə deməkdir? Linçin «Tvin Piks»i və ya Lioznovanın «Baharın 12-ci anı» incəsənət deyil? Mən çox sayda yüksək bədiyyatlı serialların adlarını çəkə bilərəm. Burada söhbət büdcədən yox, işə münasibətdən gedir. Aristotel deyib ki, əgər işinə yaradıcı yanaşarsa, hətta çəkməçi də böyük ola bilər. Çalışmaq lazımdır ki, plankadan aşağı düşməyəsən. Burası da var ki, rejissor nə qədər tələbkardırsa, bir o qədər işsiz qalır.  

- Öz vaxtında Mixail Yuryeviç Lermontov «zəmanənin qəhrəmanı» anlayışını gündəmə gətirdi. Sizin fikrinizcə, «zəmanənin qəhrəmanı» kimdir?

- İndi Peçorin, demək olar ki, yadplanetlidir. Əgər ədəbi anologiya axtarsaq, indi Ostap Bender və Şveykin vaxtıdır. Onlar firma yaradıb Çin malları satırlar.  

- Hazırda çox nadir hallarda itlər haqqında filmlər çəkirlər. Sizin, barəsində mütəmadi olaraq, mətbuatda xəbər yayılan «Ka-De-Bo» layihəniz nə yerdədir?  

- Bu, mənim müstəqil layihəmdir, bunu artıq 15 ildir ki, çəkirəm… Hər beş ildən bir üç qəbula. Bu, döyüş köpəkləri barədə jurnalist araşdırmasıdır və onlardan fleş-beklərin yardımı ilə bəhs edilir.  Qəhrəmanlar 10 il əvvəl baş vermiş hadisələri danışırlar, bu zaman onda və indiki zamanda özlərini oynayırlar. Heç bir qrim və yalan  yoxdur, artıq saatyarım çəkilib və montaj edilib.  

- Final yaxındır?

- Kim bilir?! Hamımız öz niyyətlərimizin girovuyuq.



MƏSLƏHƏT GÖR:

397