16 Aprel 2024

Çərşənbə axşamı, 11:25

QEYRİ-ADEKVAT REAKSİYA

Neft hasilatının məhdudlaşdırılması haqqında razılaşmanın uzadılması bazarları çökdürdü

Müəllif:

01.06.2017

Neft hasilatçısı olan ölkələr «qara qızıl»ın qiymətini artırmaq üçün daha 9 ay iştahlarına «dur» deyəcək. 13 OPEK üzvü və kartelə daxil olmayan 11 dövlət arasında 2016-cı ilin dekabrında əldə olunmuş müvafiq razılaşma (2017-ci ilin yanvarından sutkalıq neft hasilatının 1,8 milyon barelədək azaldılması) dünya bazarlarında neftin qiymətinin 45-55 dollar arasında möhkəmlənməsinə imkan verib. Lakin bu qiymət həddi razılaşmada yer almayan istehsalçıları, ilk növbədə, ABŞ-ı nəzərəçarpacaq dərəcədə fəallaşdırıb. Nəticədə, şist nefti hasilatı Birləşmiş Ştatlar üçün gəlirli sahəyə çevrilib.

Odur ki, hasilatçı ölkələrin neft ehtiyatının ciddi şəkildə məhdudlaşacağına, tələblə-təklif arasında fərqin azalacağına olan ümidləri tam doğrultmayıb.

Bununla yanaşı, ayrı-ayrı istehsalçıların hasilatın məhdudlaşdırılmasına dair öhdəliklərə tam əməl etməməsi də bazarda balansa nail olunmasını əngəlləyib; məsələn, Rusiya hasilatın razılaşdırılmış 300 min barelədək azaldılmasına yalnız 2017-ci ilin mayında əməl etməyə başlayıb.

 

Yeni müddət

Məhz ehtiyatın azaldılması trendinin dəstəklənməsi üçün hasilatın məhdudlaşdırılması razılaşmasının müddətinin uzaldılması tələb olunurdu. Bununla yanaşı, razılaşmaya daxil olan ölkələrin artırılması, hasilatın daha çox məhdudlaşdırılması məsələsi də gündəmdə idi. Bazar OPEK-dən məhz bunu gözləyirdi. 2016-cı ilin dekabrında əldə olunmuş razılaşma «qara qızıl»ın qiymətində ciddi sıçrayışa, 60 dolları ötməsinə səbəb olmamışdı.

Nəticədə, mayın 25-də hasilatın məhdudlaşdırılması haqqında razılaşmaya qoşulmuş 24 ölkə Vyanada bir araya gəlib. Lakin bu görüş də bazarda ciddi nikbinlik yaratmayıb. Doğrudur, tərəflər 1,8 milyon barellik məhdudiyyəti daha 9 ay - 2018-ci ilin martınadək uzadıb. Lakin nəticədə neft ucuzlaşmağa başlayıb və «Brent» markalı neftin qiyməti, təxminən, 50 dollara düşüb. İlk baxışdan, dünya bazarında neftin ucuzlaşmasını qeyri-adekvat reaksiya kimi qiymətləndirmək olar - çünki hasilatçılar arasındakı razılaşma, əslində, qiymətin artmasına yol açmalı idi. Başqa sözlə, bazarın gözləntiləri daha nikbin idi və «qara qızıl» ehtiyatının ciddi şəkildə azalacağına ümid olunurdu. Lakin görünən odur ki, razılaşma neft bazarını, sadəcə, qiymətin 40 dollardan da aşağı düşməsindən xilas edib. Demək, müddətin uzadılması onun yenə də 45-55 dollar civarında qalmasını təmin edəcək.

 

Azərbaycan «hə» deyir

Azərbaycanın Energetika naziri Natiq Əliyev isə dünya bazarında neftin qiymətinin mümkün artımı haqqında daha nikbin danışıb. «OPEK ölkələri nazirlərinin 2017-ci il mayın 25-də Vyanada keçirilmiş 172-ci iclasında Azərbaycan neft hasilatının azaldılması razılaşmasına qoşulub. Bu, 2018-ci il martın sonunadək nəzərdə tutulur», - deyə nazir bildirib.

Onun sözlərinə görə, 2016-cı ilin dekabrında əldə olunmuş Vyana razılaşmasının nəticələri bazarda neftin qiymətinin 50-55 dollar ətrafında sabitləşməsinə imkan verib. Bu, 24 ölkənin öz üzərinə götürdüyü öhdəliklərə əməl etməsi sayəsində mümkün olub. Monitorinq Komitəsinin ilkin qiymətləndirməsinə görə, OPEK üzvləri hasilatın azaldılması öhdəliyinə 104%, kartelə daxil olmayan dövlətlər isə 102% əməl edib.

Vyana görüşündə hasilatın bir qədər də məhdudlaşdırılması məsələsinin müzakirə olunmadığını deyən nazir bildirib ki, razılığa gəlmiş dövlətlər Vyana razılaşmasının uzadılmasının qiymətin 55-60 dollar civarında qalmasına imkan verəcəyini gözləyir.

Xatırladaq ki, Azərbaycan üzərinə sutkalıq neft hasilatının 35 min barel azaldılması haqqında öhdəlik götürüb. «Razılaşmanın daha 9 ay uzadılması ölkənin maraqlarına tam cavab verir. Bununla yanaşı, Azərbaycan bu razılaşmaya 2018-ci ilin sonunadək də əməl olunmasında problem görmür», - deyə Natiq Əliyev bildirib.

Razılaşmanı imzalamış ölkələrin növbəti iclasının 2017-ci il noyabrın 30-da keçiriləcəyi gözlənilir.

 

Neft erasının qaz erası ilə əvəzlənməsi

Qeyd edək ki, Azərbaycanın neft hasilatının azaldılmasına dair götürdüyü öhdəliyə əməl etməsinin milli iqtisadiyyata ciddi təsiri olmamalıdır. Son illərdə ölkədə neft hasilatının tədricən azaldığı onsuz da müşahidə olunurdu və bu, əsas yataqların məhsuldar laylarının qüvvədən düşməsi ilə əlaqədardır. Bununla yanaşı, 1 barelə görə 50 dollardan yuxarı qiymət yeni yataqların axtarılması və işlənməsi üçün əlverişli hesab oluna bilər.

Azərbaycan rəhbərliyinin neft erasının qaz erası ilə əvəzləndiyinə dair bəyanatını da unutmaq olmaz. Yəni, perspektivdə Azərbaycanda bir sıra iri qaz-kondensat yataqlarının kəşfi və təbii qaz hasilatında ciddi artım gözlənilir.

Yeni yataqların aşkarlanması işinin sürətləndirilməsi istiqamətində addımlardan biri, 2017-ci il mayın 18-də Heydər Əliyev adına yarımdalma qazma qurğusunun istismara verilməsidir. Bu mərasimdə iştirak edən Prezident İlham Əliyev deyib: «Bu, Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir. Çünki bu günə qədər Azərbaycanda bu böyüklükdə qazma qurğusu tikilməmişdi. Biz neftdən əldə edilmiş gəlirləri, o cümlədən belə nəhəng layihələrə yönəldirik. Bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm Dövlət Neft Şirkətindən qoyulan vəsait, təqribən, 1 milyard dollara yaxındır».

Yeni qazma qurğusu perspektiv qaz-kondensat yatağı olan «Abşeron»a cəlb olunacaq. Daha sonra onun «Ümid», «Babək», «Qarabağ» yataqlarında da istifadə olunacağı gözlənilir.

«Bu, nəhəng qurğu istənilən yerdə qazma işlərini apara bilər. Yəqin ki, neftçilər yaxşı bilirlər, sovet dövründə suyun dərinliyinin 200 metrdən çox olan yerlərinə getmək imkanı yox idi. Bəlkə məhz buna görə biz “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarını bu gün müstəqil Azərbaycan üçün qoruya bilmişik. Əgər o vaxt belə imkanlar olsaydı, həmin yataqlar da artıq əlimizdən çıxacaqdı. Necə ki, bizim qurudakı əsas yataqlarımızın böyük əksəriyyətinin neft ehtiyatları Çar Rusiyası zamanı və sovet dövründə tükəndi. Amma bu qurğu ilə biz istənilən yerdə qazma işləri apara bilərik. Bu qurğu suyun 1 000 metr dərinliyində işləyə bilər. Mənə verilən məlumata görə, qurğunun qazma dərinliyi 12 min metrə bərabərdir», - deyə Prezident İlham Əliyev bildirib.

 

Şist nefti "Damokl qılıncı" kimi...

Dünya bazarında qiymətlərin neft ixracatçılarının hasilatın azaldılması haqqında razılaşmasına reaksiya verməməsi göstərir ki, bu proses indi, eyni dərəcədə, ABŞ və Kanadadan da asılıdır - hər iki ölkə şist nefti istehsalçısıdır.

Söhbət ondan gedir ki, 24 neft ixracatçısının hasilatın daha 9 ay müddətinə azaldılması haqqında əldə etdiyi razılaşma neft bazarında, artıq həcmin aradan qalxmasına kömək etməlidir, hansı ki,  ortalama 5 illik həcmdən 253 milyon barel çoxdur.

Lakin ABŞ və Kanadada şist nefti hasilatının artırılması bu planın reallaşdırılmasına mane ola bilər. Dünya bazarındakı hazırkı qiymətlər şist yataqlarından hasilatın artımına yol açır. Son məlumatlara görə, şist nefti hasilatında rentabellik, artıq 40-45 dollara çatır. Müvafiq olaraq, hasilatın azaldılması qərarı bir yandan neftin bahalaşmasına imkan verirsə, digər tərəfdən, şist nefti hasilatının artırılması üçün stimula çevrilir. Bu isə qiymətlərə təsir göstərərək, onu yenidən aşağı salır.

Bu üzdən OPEK ölkələrinin dünya bazarında qiymətlərə təsir imkanları azalır. Üstəlik, neft bazarında aparıcı istehsalçıların payının azalması OPEK daxilində yeni gərginliyə, öhdəliklərin pozulacağı təqdirdə, bazarda növbəti disbalansa səbəb ola bilər. Bu halda, əlbəttə ki, dünyanı yenidən ucuz neftlə «doldurmaq» uğrunda yarışın başlanacağı istisna deyil. Unutmaq olmaz ki, hasilatın azaldılması haqqında razılaşma daha çox centlmen razılaşmasıdır və onu pozacaq ölkə üçün hər hansı sanksiya nəzərdə tutulmur.

Beləliklə, hazırkı razılaşma, sanki qiymət uçurumu üzərində çəkilmiş kanatda kəndirbazlıq etməkdir. ABŞ-ın hazırkı Prezidenti Donald Trampın qiyməti 25 dollaradək salması inandırıcı görünməsə də, Ağ evin yeni administrasiyasının bütün ekoloji qadağaları aradan qaldırması neftin qiymətinin 60 dollara çatmasına da imkan verməyəcək.



MƏSLƏHƏT GÖR:

405