29 Mart 2024

Cümə, 10:00

REYDİNQİN SİYAHISI

Hollandiyalı tədqiqatçı-jurnalist itkin düşmüş hesab olunan azərbaycanlıların şəxsiyyətini müəyyənləşdirib

Müəllif:

01.06.2017

“Bu qəbiristanlıq mənim üçün hüzn, kədər yerindən çox, həyat mənbəyidir. Əvvəl-əvvəl sovet əsgərləri mənə uzaq ölkədən olan simasız ölülər kimi görünürdüsə, indi şəkilləri və tapa bildiyim qohumlarının söhbətləri sayəsində, onlar, sanki diriliblər. Onların hamısı öz simasını bərpa edib. Mən onları yenidən insan etdim - lap bizim kimi, öz tarixi və qisməti, yaxınları, 50 ildən artıq sevimli ərləri və atalarının taleyindən bixəbər qalan qohumları ilə…», - deyə niderlandlı tədqiqatçı-jurnalist Remko Reydinq özünün «Şöhrət Meydanının övladı» kitabında yazır.

O, kitabda hər birinin arxasında bir insan taleyinin dayandığı araşdırmalarının nəticələrini toplayıb. Söhbət faşist düşərgələrində, sürgün işlərində ölmüş, sonradan Hollandiyada təkrar dəfn edilmiş sovet əsgərlərindən gedir. Onların bir çoxu bu gün də itkin düşmüş sayılır. Lakin Remkonun səyləri nəticəsində, düz, 200 insanın şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Jurnalist bu işlə şəxsi təşəbbüsü ilə məşğuldur. O, 18 ildir ki, Şöhrət Meydanında uyuyan əsgərlərin şəxsiyyətini müəyyənləşdirmək, onların yaxınlarına, bəlkə də, hələ də xəbər gözlədikləri atalarının, babalarının taleyi haqqında danışmaq məqsədilə arxivlərdə axtarışlar aparır.

Remkonun şəxsiyyətini müəyyənləşdirdiyi əsgərlər arasında azərbaycanlılar da var. Lakin jurnalist əmindir ki, o, Azərbaycan arxivlərində də araşdırma apararsa, bu cür insanların sayı arta bilər.

- Hörmətli Remko, zəhmət olmasa, araşdırmanız haqqında danışın... Hollandiyadakı faşist konslagerlərində öldürülmüş sovet əsgərlərinin məzarları, sənədləri ilə bağlı araşdırma aparmaq ideyası necə yaranıb və bu işə nə vaxtdan başlamısınız?

- Mən doğma şəhərimdə sovet qəbiristanlığının olduğunu ilk dəfə 1998-ci ildə öyrənmişəm. O zaman jurnalistika məktəbində oxuyur, paralel olaraq, yerli qəzetdə idman müxbiri işləyirdim. Tələbə mübadiləsi proqramı çərçivəsində təcrübə keçdiyim Moskvadan yenicə qayıtmışdım. Moskvada olarkən Rusiyaya vurulmuşdum və rus dilini öyrənməyə başlamışdım. Elə onda qəzetimizin redaktoru mənə yaxınlıqdakı «rus izi» - qəbiristanlıq haqqında danışdı.

Məlum oldu ki, Amersfoort və Leysden şəhərlərinin kənarında qəbiristanlıqlar var və onların üzərindəki başdaşlarında kiril əlifbası ilə «Sovet əsgəri filankəs», yaxud «Naməlum sovet əsgəri» kimi yazılar yazılıb. Eyni yazılar yerli arxivdə də var imiş, lakin artıq latın əlifbası ilə. Vəssalam. Anladım ki, onların qohumları tapılmayıb və bu əsgərlər itkin düşmüş sayılır. Demək, onları tapacaq ilk şəxs ola bilərəm. Bu, gənclik iddialarıma da uyğun idi. Amma əsas, əlbəttə ki, mənəvi borc məsələsidir.

- Bildiyimizə görə, araşdırdığınız məzarlar arasında Azərbaycan əsgərlərinin qəbirləri də var. Mütəxəssislərin də köməyi ilə onlardan ikisinin şəxsiyyətini müəyyənləşdirə bilmisiniz…

- Azərbaycandan olan bir əsgərin şəxsiyyətini müəyyənləşdirə bilmişəm. Bu, Oğuz rayonunun Qumlaq kəndindən olan Bəbiş Babayevdir. Təəssüf ki, qohumlarını hələ də tapa bilməmişik. Bundan başqa, Azərbaycanda yaşamış bir rus əsgərini də üzə çıxarmışam - Andrey Antonoviç Zaxarov. Həmin qəbiristanlıqda dəfn olunmuş, ən azı, daha 2 əsgər, böyük ehtimalla, Azərbaycandandır. Lakin onların yalnız adını müəyyənləşdirə bilmişəm. Deyəsən, adları da düz yazılmayıb: Tahiz Vəliyev və Şanbala Salamov.

- Rusiyada sənədlərlə bağlı araşdırmalar aparmaqla, çox əsgərin şəxsiyyətini müəyyənləşdirmisiniz. Azərbaycanda da anoloji iş aparmağı düşünürsünüzmü?

- Mən azərbaycanlı əsgərlərin qohumlarının izinə düşməyə çalışsam da, alınmayıb. Çox ümid edirəm ki, Azərbaycan hökuməti və insanları bu əsgərlərin ailələri ilə bağlı araşdırmalarıma həvəslə yardım göstərəcək. Onların yaxınları, yəqin ki, bütün bu 75 ili əsgərlərindən xəbər gözləyib.

- Ümumiyyətlə, araşdırmalarınızın nəticələri necədir? Hollandiyada neçə sovet əsgəri dəfn olunub? Onların şəxsiyyətini, milliyyətini və digər məlumatları üzə çıxarmaq üçün nə tələb olunur?

- Sovet Şöhrət Meydanında 865 əsgər dəfn olunub. Onlar kütləvi şəkildə dəfn edilsələr də, başdaşları ayrıdır. O zaman bu insanlar Sovet İttifaqının bir parçası olub. Onların sənədlərini, artıq 18 ildir axtarıram. Arxivlərdə apardığım araşdırmalar nəticəsində, bir çox əsgərin adını tapmışam. Odur ki, onların haralı olduğunu bilirəm. 200-dən artıq əsgərin ailəsi ilə bağlı araşdırma aparmışam və bu ailələrə atalarının, həyat yoldaşlarının, qardaşlarının, babalarının, əmi və ya dayılarının, artıq itkin olmadıqlarını, Niderlandda dəfn olunduqlarını xəbər vermişəm.

- Araşdırmalarınız əsasında yazılmış kitab və ya çəkilmiş film varmı? Yeni nəşrlər haqqında düşünürsünüzmü?

- Müxtəlif ölkələrdə mənimlə, araşdırmalarımla bağlı minlərlə yazı yazılıb. Özüm də kitab yazmışam və o, rus dilinə tərcümə olunub. Kitab «Şərəf Meydanının övladı» adlanır. Araşdırmalarım əsasında bir neçə sənədli film də çəkilib. Bir neçə sayt da var (məsələn, www.soldaat.su <http://www.soldaat.su>). İşlər davam edir...

 



MƏSLƏHƏT GÖR:

474