20 Aprel 2024

Şənbə, 14:36

ÇİNSAYAĞI OYUN QAYDALARI

XXI əsrin ən nəhəng infrastruktur layihələrindən biri etimaddan başlayır

Müəllif:

01.06.2017

Təxminən, 10 il əvvəl "PwC" Beynəlxalq Reytinq Agentliyi dünyada 2050-ci ilədək iqtisadi inkişaf modelini hazırlamışdı. O vaxtdan agentlik hər il proqnozlarının yenilənmiş versiyalarını dərc edir. Bütün bu proqnozlarda Çinin qaçılmaz üstünlüyü heç kəsdə şübhə doğurmurdu. "PwC" ekspertlərinin proqnozuna görə isə, Çin iqtisadiyyatında artım tempi tədricən azalaraq, dünyadakı orta artım tempi səviyyəsinə düşəcək. Lakin 2020-ci illərin ortalarına dünya ümumi daxili məhsulunda Çinin payı 20% səviyyəsində sabitləşəcək. İkinci yer uğrunda mübarizə ABŞ ilə Hindistan arasında gedəcək. Hazırda dünya ÜDM-nin 24,3%-i Birləşmiş Ştatların payına düşür (Dünya Bankının 2017-ci ilin fevralına olan məlumatına görə). İkinci yerdə Çin gəlir - 14,8%.

Çinin dünya iqtisadiyyatının liderləri mövqeyinə doğru təkanı Den Syaopinin 1975-ci ildə elan etdiyi proqramın uğurla reallaşdırılması sayəsində mümkün olub. Söhbət «Dörd modernizasiya proqramı:

- kənd təsərrüfatı;

- qida sənayesi;

- milli təhlükəsizlik;

- elm və texnologiya»dan gedir.

2012-ci ildə ölkəyə rəhbərliyə başlamış Si Cinpin isə iqtisadi qüdrətin avtomatik olaraq, beynəlxalq nüfuzun artımına səbəb olmadığı, ölkənin digər dövlətləri tərəfindən diktə olunan qlobal oyun qaydalarından asılılığını aradan qaldırmadığı qənaətinə gəlib. Beləliklə, Çinin ona regional və beynəlxalq səviyyədə müstəqil oyunçu olmaq imkanı verəcək öz beynəlxalq əməkdaşlıq konsepsiyasını yaratmasının zamanı yetişib.

Bununla yanaşı, daxili iqtisadi problemlərin həllinə də yeni yanaşma olmalıdır. Çində ÜDM-in inkişaf tempi dünyada ən sürətlilərdən olaraq qalsa da, tədricən zəifləməkdədir; məsələn, 2016-cı ildə Çin iqtisadiyyatı yalnız 6,6% inkişaf edib (2007-ci ildə bu, 14,2% olub). Bu, uzun illərin ən zəif göstəricisidir. Bununla paralel olaraq, ölkənin dövlət borcu da artır. 2015-ci ildə borc ÜDM-in 16,7%-ni təşkil edirdisə, 2016-cı ildə 20,1%-nə çatıb. Çinin ümumi borcu (daxili borclar da hesaba alınmaqla) isə ötən ilin nəticələrinə görə, ÜDM-in 250%-ni ötüb. «Moody's» Beynəlxalq Reytinq Agentliyinin məlumatına görə, 2018-ci ildə Çinin dövlət borcu ÜDM-in 40%-nə çata bilər.

Agentlik mayın 24-də 1989-cu ildən bu yana, ilk dəfə olaraq, Çinin uzunmüddətli kredit reytinqində dəyişiklik etməsini də bununla əsaslandırır. Pekinin reytinqi «Aa3» səviyyəsindən «A1» səviyyəsinə endirilib. Bu, Yaponiya, Çexiya və Səudiyyə Ərəbistanı kimi ölkələrlə eyni reytinq deməkdir. Digər iki agentlik, hələ ki, reytinqdə dəyişiklik etməyib - "S&P" onu «AA» («Moodyʼs» agentliyinin «Aa3» reytinqinə bərabər), «Fitch» isə «A+» («Moodyʼs» agentliyinin «A1» reytinqinə bərabər) olaraq saxlayıb.

Pekin qarşıya illik ÜDM artımının 6,5%-dən aşağı düşməməsi hədəfini qoyub. Lakin bunun üçün yalnız yeni satış bazarları axtarmaq kifayət deyil. Onları yaratmaq da lazımdır. İndi, ölkə rəhbərliyi qarşısında, xüsusilə Şimal-Qərb və daxili regionların iqtisadiyyatının möhkəmləndirilməsi vəzifəsi durur. Bu bölgələr inkişafına görə, sahilboyu yerləşən Şərq əyalətlərindən çox geri qalır.

 

Fövqəldövlətlik iddiası

2013-cü ilin payızında Çin sədri Si Cinpin qədim İpək Yolunun bərpa olunduğunu bəyan edib. Bu yol ilə 2 min ildən də əvvəl Çindən Qərbə karvanlar gedirdi. Lakin yeni yolun qarşısında daha böyük vəzifələr durur: siyasi koordinasiya, infrastrukturlar arasında qarşılıqlı əlaqə, maneəsiz ticarət və kapitalın sərbəst hərəkəti.

Pekin Avrasiyanı vahid yüksəksürətli nəqliyyat infrastrukturu ilə «bağlamaq» niyyətindədir - avtomobil və dəmir yollarının tikintisi, boru xətlərinin çəkilişi, dəniz limanları və aeroportların inşası. Bu məqsədlərə nail olunması üçün 2014-cü ilin dekabrında İpək Yolu Fondu da yaradılıb. Fonda 40 milyard dollar ayrılıb. Bundan başqa, layihənin maliyyələşdirilməsinə 2015-ci ilin dekabrında 100 milyard dollarlıq investisiya ilə Asiya İnfrastruktur İnvestisiyaları Bankı da qoşulub.

XXI əsrin «Bir kəmər-bir yol» adlanan ən nəhəng infrastruktur layihələrindən biri özündə 2 dəniz və 3 quru marşrutunu birləşdirir: Şimal (Çin - Mərkəzi Asiya - Rusiya - Avropa), Mərkəzi (Çin - Mərkəzi və Qərbi Asiya - Fars körfəzi və Aralıq dənizi) və Cənub (Çin - Cənub-Şərqi Asiya - Cənubi Asiya - Hind okeanı). Bu layihə Yer kürəsi əhalisinin 63%-nin yaşadığı ərazini əhatə edir. Çinli ekspertlərin fikrincə, yaxın 10 ildə dünya ölkələrinin 60%-i bu layihəyə cəlb olunacaq. Onu artıq 100-dən artıq ölkə və beynəlxalq təşkilat dəstəkləyib.

Ötən 3 ildə Çin marşrut boyunca ölkə iqtisadiyyatına 50 milyard dollardan artıq investisiya yatırıb, 1 676 infrastruktur və enerji layihəsi reallaşdırıb. Çinin «Bir kəmər - bir yol» layihəsi boyunca yerləşən ölkələrlə ümumi ticarət dövriyyəsi 2014-2016-cı illərdə 3 trilyon dolları ötüb.

 

Qarşıdurma əvəzinə dialoq

Çinin Qərbi Avropa ölkələri ilə ticarəti artırmasının kökləri ötən əsrin 60-cı illərinin ortalarına gedib çıxır. Zaman keçdikcə, Avropa İttifaqı Pekinin ən nəhəng ticarət tərəfdaşına çevrilib. 2017-ci ilin ilk 4 ayı ərzində tərəflər arasında ticarət dövriyyəsi 165 milyard dollar təşkil edib. Bu, Çinin ümumi ticarət dövriyyəsinin 14,8%-dir.

Avropa, əlbəttə ki, istər Çin, istərsə də ümumilikdə, Asiya regionu ilə ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdır. Lakin o, yeni İpək Yolunun Aİ-nin təşəbbüsləri ilə koordinasiya olunmasına dair mütləq şərt irəli sürür. Xüsusi olaraq yaradılmış «Aİ - Çin əlaqələri platforması» Çinlə ticarətə dair ümumi mövqe hazırlamalıdır. Bu, gələcəkdə Aİ-nin ayrı-ayrı üzvləri ilə ikitərəfli əlaqələrin qurulmasını önləmək üçün lazımdır. Avropa Parlamentində bu addımların Çinin Avropada mümkün «Parçala, hökm sür!» taktikasından istifadə edə bilməməsi üçün vacib olduğunu düşünürlər.

Avropa biznesinin narazı olduğu başqa məqam da var: Çin qanunvericilikdəki maneələri aradan qaldırmağa tələsmir; Çin bazarına girişlə bağlı müəyyən məhdudiyyətləri aradan qaldırmır. Avropa hər gün 1 milyard avro dəyərində Çin malı alırsa, Pekin Avropadan 2 dəfə az mal idxal edir. 2016-cı ildə Avropada Çin investisiyasının həcmi Çindəki Avropa investisiyasının həcmindən 4 dəfə az olub.

Bütün bunlara baxmayaraq, Avropa qarşıdurmadansa, dialoqa üstünlük verir. O, Çinin beynəlxalq arenada təcrid duruma salınması siyasətinə qəti etiraz edir. Xatırladaq ki, bu siyasəti Amerikanın keçmiş administrasiyası irəli sürürdü. Bu, özünü Çinin təşəbbüsü olan Asiya İnfrastruktur İnvestisiyaları Bankının yaradıldığı zaman tam aydın şəkildə göstərib. O zaman ABŞ müttəfiqlərini bu maliyyə strukturunda iştirakdan çəkindirməyə çalışsa da, istəyinə nail olmayıb.

 

İnvestisiyalar qorunmalıdır

Mayın 14-15-də Pekində ilk «Bir kəmər - bir yol» beynəlxalq forumu keçirilib. Foruma maraq çox yüksək olub: 100-dən artıq ölkə öz nümayəndəsini bu tədbirə göndərib. Üstəlik, 29 dövlət orada dövlət və hökumət başçıları səviyyəsində təmsil olunub. Toplantıya BMT, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəhbərliyi də qatılıb.

Beynəlxalq maliyyə institutlarının forumda yüksək səviyyədə təmsil olunmaları təsadüf deyil. Çin öz layihəsinə mümkün qədər çox vəsait cəlb etməyə çalışır. «Bir kəmər - bir yol» təşəbbüsünün iddiasının son dərəcə böyük olması ciddi vəsait tələb edir. Çin sədri Si Cinpin deyib ki, bu işdə onlar Asiya İnfrastruktur İnvestisiyaları Bankı, BRHÇC bankı və digər inkişaf bankları ilə işləyəcəklər. Bundan başqa, Çin, əlavə olaraq, İpək Yolu Fonduna 14,5 milyard dollar yönəldəcək. O, Çin banklarının yardımına da ümid edir. Yerli banklara layihəyə dəstək olaraq 55 milyard dollar ayırmaları təklif olunub.

Forum iştirakçıları «Asiya ilə Avropa arasında qarşılıqlı əlaqələrin güclənməsinə yönəlmiş, eyni zamanda, Afrika və Cənubi Amerika kimi digər regionların iştirakına da açıq olan» «Bir kəmər - bir yol» təşəbbüsünə dəstək veriblər. Yeri gəlmişkən, Afrika ilə Cənubi Amerika toplantıda Argentina, Çili, Keniya və Efiopiya rəhbərliyi ilə təmsil olunub.

Yaxın qonşu - Hindistan isə Çinin Kəşmirə investisiya yatırmasına etiraz olaraq, foruma qatılmaqdan boyun qaçırıb. Məlum olduğu kimi, Kəşmir Hindistanla-Pakistan arasında gərginlik ocağı olaraq qalır. Çinin Kəşmirdə apardığı tikinti işlərinə və Cənubi Çin dənizində hərbi fəallığına bir çoxları Pekinin xarici siyasətində ciddi tərpəniş kimi baxır.

Çinin çoxmilyardlıq infrastruktur yatırımları onu beynəlxalq təhlükəsizlik problemləri ilə də ciddi məşğul olmaq məcburiyyətində qoyur. Öz investisiyalarını qoruması üçün Pekinin hərbi təsir rıçaqlarına ehtiyacı var.

 

Tərəfdaşlıq münasibətləri

Azərbaycanın əlverişli coğrafi mövqeyi ona müxtəlif beynəlxalq infrastruktur layihələrində iştirak imkanı verir. Azərbaycan ərazisindən 3 dəmir yolu marşrutu keçir: Şimal-Cənub (Hindistan - İran - Azərbaycan - Rusiya - Avropa), Şərq-Qərb (Çin - Qazaxıstan - Xəzər dənizi - Azərbaycan - Gürcüstan - Türkiyə və/və ya Qara dəniz - Avropa) və Cənub-Qərb (Hindistan - İran - Azərbaycan - Gürcüstan -Qara dəniz - Avropa).

Bakı - Tiflis - Qars dəmir yolunun istismara verilməsindən sonra, Şərq-Qərb Dəmir Yolu dəhlizi ilə müntəzəm reyslər həyata keçiriləcək. Qarsdan yüklər İstanbula daşınacaq, buradan isə birbaşa dəmir yolu xətti ilə Avroya aparılacaq.

«Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri Cavid Qurbanovun sözlərinə görə, hazırda yeni marşrutun yaradılması istiqamətində danışıqlar aparılır. O, Çinin cənub regionlarından və Avropadan yüklərin Qırğızıstan, Özbəkistan və Türkmənistan vasitəsilə Azərbaycana daşınmasına imkan verəcək.

Qeyd edək ki, «İpək Yolu» layihəsi üzrə daha sıx Azərbaycan - Çin əməkdaşlığına start Azərbaycan Prezidenti İlham Əliyevin Pekinə 2015-ci ilin dekabrında etdiyi səfəri zamanı verilib. Səfər çərçivəsində tərəflər arasında bu sahədə qarşılıqlı anlaşma memorandumu imzalanıb. Bundan başqa, tərəflər mülki aviasiya, yerüstü nəqliyyat, energetika, texnoparkların inşası və digər sahədə əməkdaşlıq haqqında razılığa da gəlib.

2016-cı ilin yekunlarına görə, Çin 975 milyon dollarla, Azərbaycanın əsas 5 ticarət tərəfdaşından birilir (Azərbaycandan idxal 271 milyon dollar, ixrac 705 milyon dollar). Çinin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 300 milyon dollardır.

Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, Çin şirkətləri Azərbaycanda 12 layihədə iştirak edir və onların ümumi kapitalı 640 milyon dollardan çoxdur. Ümumilikdə, Azərbaycanda çinkapitallı 77 şirkət var.

Pekində forumun keçirildiyi günlərdə Bakının 15 kilometrliyində qaz emalı və neft-kimya kompleksinin inşasına dair müqavilə imzalanıb. Onun illik gücü, təxminən, 10 milyard kubmetr qaz olacaq. İlkin qiymətləndirməyə görə, layihənin dəyəri 4 milyard dollara yaxındır. Bu ilin sonuna Bakıda liman qurğularının inşasının başa çatması ilə Çinin regionun infrastrukturuna sərmayə qoyuluşunu artıracağı gözlənilir.

Bu il Azərbaycanla-Çin arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ili tamam olub. Ölkələr arasında iqtisadi əlaqələr inkişafdadır. Azərbaycanın böyük iqtisadi və siyasi ambisiyaları olan bu ölkənin qlobal infrastruktur planlarında öz yeri var.

Pekin forumunda bütün iştirakçılar, o cümlədən Azərbaycan nümayəndələri layihələrin yalnız məsləhətləşmələr, danışıqlar vasitəsilə reallaşdırılmasının vacibliyini vurğulayıb. Onlar «Bir kəmər - bir yol» layihəsinin bütün iştirakçılarının maraqlarının nəzərə alınacağına, ölkələr arasındakı təbii və mədəni fərqliliyə hörmətlə yanaşılacağına söz verilib.

XXI əsrin ən nəhəng infrastruktur layihələrindən biri etimaddan başlayır. Onu isə heç bir məbləğ qarşılığında almaq mümkün deyil.

 



MƏSLƏHƏT GÖR:

365