28 Mart 2024

Cümə axşamı, 23:08

PRAQMATİK TRAMP

ABŞ-ın xarici siyasətinin əsas oriyentirləri artıq aydındır

Müəllif:

01.06.2017

Yazın bir neçə nəhəng geosiyasi hadisəsi - NATO və "G7" sammitləri, ərəb-islam-Amerika sammiti ABŞ Prezidentinin «kölgəsi altı"nda keçib. Donald Tramp mayın 20-dən 27-dək özünün bu postdakı ilk xarici səfərini reallaşdırıb. Bu müddətdə o, həm Yaxın Şərqə, şəm də Avropaya baş çəkib. Bu turne çərçivəsində imzalanmış (yaxud imzalanmamış) bir sıra sənədlər, bəyanatlar, hətta Ağ ev rəhbərinin davranışı Birləşmiş Ştatların xarici siyasətinin yaxın 4 il üçün oriyentirlərini kifayət qədər aydın şəkildə ortaya qoyub.

 

 

Yaxın Şərq

Tramp Amerika prezidentlərinin ilk xarici səfəri Kanada və ya Meksikaya etməsi kimi ənənəni pozub. Bunun əvəzinə o, «İslam Dünyasının döyünən ürəyi"nə - Səudiyyə Ərəbistanına yollanıb. Trampın bu seçimi bütün dünya KİV-in diqqətini çəkib. Axı cəmi bir neçə ay əvvəl o, prezident seçkisi kampaniyasında açıq anti-İslam ritorikası ilə çıxış edirdi. Üstəlik, Trampın Prezident kimi, ilk fərmanlarından biri, bir sıra müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a gəlişinə qadağa qoyulması ilə bağlı olub. Bununla yanaşı, onun Səudiyyə Ərəbistanına səfəri sülhsevərlik atmosferində keçib - Kral Salman qonağı qəbul etməkdən məmnun olduğunu hər addımında nümayiş etdirib, Trampı təntənəli şəkildə qəbul edib. Fars körfəzinin əsas monarxiyasının başçısı ilə ABŞ Prezidenti arasında bu cür anlaşmanın səbəbi aydındır: Tramp sələfi Barak Obamadan fərqli olaraq, əksər regional problemlərin səbəbkarı kimi İranı görür. Obama isə Tehranla nüvə razılaşması əldə etmiş və bununla ər-Riyadı məyus etmişdi. Bu, iki müttəfiqin münasibətlərində soyuqluğa səbəb olmuşdu. İndi, Tramp hər şeyi geri qaytarmaq qərarına gəlib.

Yaxın Şərqə səfəri zamanı ABŞ Prezidenti əsas diqqəti, əlbəttə ki, terrorçuluqla mübarizə məsələsinə yönəldib. O, qarşıdurmanın «fərqli inanclar arasında» deyil, «Xeyirlə-Şər arasında» getdiyini söyləyib. Bununla yanaşı, o bildirib ki, «Yaxın Şərq ölkələri onların əvəzinə, düşməni Amerikanın məhv edəcəyini gözləməməlidir». «Daha yaxşı olar ki, terrorçuları və ekstremistləri onların özləri qovsun», - deyə Donald Tramp qeyd edib.

Eyni fikir ər-Riyadda mayın 21-də baş tutmuş ərəb-islam-Amerika sammitində də səsləndirilib. Qeyd edək ki, bu sammitdə ev sahibi və ABŞ-la yanaşı, Vaşinqtonun əsas ərəb tərəfdaşları (Qətər, Oman, Bəhreyn, BƏƏ, Küveyt) daxil olmaqla, 55 dövlətin nümayəndəsi qatılıb. Bu görüşdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev də iştirak ediblər. Bu, belə formatda ilk görüş idi. Tramp onu «bütün müsəlman dünyasının liderlərinin iştirakı ilə əsl tarixi görüş» kimi qiymətləndirib.

ABŞ Prezidenti sammitdəki çıxışında qantökmənin, terrorun bütün regionun potensialına mənfi təsir göstərdiyini, humanitar fəlakətə apardığını, təhlükəsizlik sahəsində ciddi problemlər yaratdığını söyləyib. Bununla yanaşı, o, radikalizmdən daha çox məhz müsəlman dövlətlərinin əziyyət çəkdiyini söyləyib.

«Şərlə mübarizə»yə tab gətirmək üçün isə Birləşmiş Ştatlar müttəfiqlərinə silah-sursatla kömək etməyə hazırdır - ər-Riyadla-Tramp administrasiyası 110 milyard dollarlıq silah müqaviləsi imzalayıb (eyni zamanda, yaxın 10 ildə 100 milyardlarla dollarlıq müqavilələrin imzalanmasına dair razılıq əldə olunub və bu, ABŞ-ın birdəfəyə razılaşdırdığı ən nəhəng silah razılaşmasıdır). Tramp Səudiyyə Ərəbistanı ilə bu ölkədə Ekstremist İdeologiya ilə Mübarizə üzrə Qlobal Mərkəzin açılması, Terrorçuluğun Maliyyələşdirilməsi ilə Mübarizə Mərkəzinin yaradılması haqqında da razılığa gəlib.

Beləliklə, Vaşinqton «bir güllə ilə iki dovşan vurur». O, Yaxın Şərqdə təhlükəsizliyin təmininə yardım göstərməklə yanaşı, Amerika iqtisadiyyatına ciddi qazanc gətirir. Demək, ölkəsində yeni iş yerlərinin açılmasına, müvafiq olaraq, həyat səviyyəsinin yüksəlməsinə şərait yaradır. Lakin bəzi ekspertlər Amerika raketlərinin, bombalarının, zirehli texnika, hərbi gəmi və THAAD sistemlərinin əksinə, regionda gərginliyi artıra biləcəyini düşünür. Onların fikrincə, xüsusilə Trampın İranla bağlı fikirləri fonunda, Səudiyyə Ərəbistanı-İran-Yəmən xətti ilə gərginlik yüksələ bilər.

Tramp Səudiyyə Ərəbistanından İsrailə, oradan Fələstin Muxtariyyətinə yollanıb. Hər halda, Yaxın Şərqdə ekstremizm problemindən danışan zaman ərəb-İsrail münaqişəsinə toxunmamaq mümkün deyil. Üstəlik, bundanəvvəlki administrasiya ilə yəhudi dövləti arasında münasibətlər o qədər də yaxşı deyildi. İsrailin Barak Obamaya antipatiyası, ən azı, Səudiyyə Ərəbistanınkı qədər idi. Kulminasiya nöqtəsi isə Obamanın prezidentliyinin son dövründə BMT TŞ-nin İsrailin İordan çayının qərb sahilində və Şərqi Qüdsdə yaşayış məskənləri salmasına etiraz etməsini əngəlləməməsi olub.

Tramp sülh danışıqlarını 2014-cü ildə dayandırmış israillilərlə-fələstinliləri sülh naminə «çətin qərar qəbul etməyə» çağırıb. O, Yaxın Şərq münaqişəsinin həllini mümkün saydığını bir daha dilə gətirib. Lakin sülhə nail olmağın konkret yolunu, xüsusilə «yaşayış məntəqələri» məsələsinin necə çözülə biləcəyini Tramp açıqlamayıb.

 

NATO və "G7"

«Böyük Yeddilik» və NATO sammitlərində də bütün diqqətlər Trampa yönəlmişdi. Bu, təəccüblü deyil. Hər halda, hər iki formatda qeyri-rəsmi liderlik və əsas maliyyə ABŞ-a məxsusdur. Məhz bu səbəbdən, alyansın budəfəki sammitini tamhüquqlu yox, daha çox nümunəvi toplantı kimi qiymətləndirirdilər. Bunadək ABŞ-ın vitse-prezidenti, Dövlət Departamentinin rəhbəri, Müdafiə naziri və təhlükəsizlik məsələləri üzrə məsləhətçi NATO-ya dəstək ifadə etsələr də, hər kəs səbirsizliklə Trampın mövqeyini gözləyirdi. Çünki o, seçkiqabağı kampaniyası dövründə alyansı dəfələrlə köhnəlmiş, real nəticələr əldə etməyə qadir olmayan qurum kimi qiymətləndirmişdi. O, müttəfiqlərini NATO-nun xərclərini ABŞ ilə eyni səviyyədə ödəməməkdə də günahlandırmışdı. Brüssel sammitində Donald Tramp ümumi büdcəyə ədalətli ödəmə məsələsini bir daha gündəmə gətirib. Qeyd edək ki, hər bir ölkə NATO-nun xərclərinə ümumi daxili məhsulunun 2%-i qədər ödəmə etməlidir. Lakin hazırda bu öhdəliyə alyansın 28 üzvündən yalnız 5-i əməl edir. Bundan başqa, ABŞ lideri Yaxın Şərqdə olduğu kimi, burada da terrorçuluqla mübarizənin davam etdirilməsinin vacibliyini bildirib. Yeri gəlmişkən, elə Trampın səfərinin gedişində terrorçular Qərb dünyasına yenidən meydan oxuyub - mayın 22-də Mançesterdə terror aktı törədilib.

Nəticədə, NATO dövlətlərinin liderləri Trampı sakitləşdirmək üçün müdafiə xərclərinə ödəmələrin artırılması ilə bağlı illik milli plan hazırlamaq haqqında qərar qəbul edib. Bəzi ölkələr isə təşkilatın büdcəsinə ödəmələri artırmağa elə yerindəcə «hə» deyib. Bundan başqa, NATO İŞİD-lə mübarizə koalisiyasına qoşulmaq qərarı qəbul elib. Halbuki, təşkilatın Baş katibi Stoltenberq bunadək belə planlarının olmadığını deyirdi.

Alyans döyüşlərdə bilavasitə iştirak etmək niyyətində deyil. Söhbət koalisiyaya uzaqməsafəli radiolokasiya qurğuları və antiterror kəşfiyyatı ilə dəstəkdən gedir. Odur ki, Trampın avropalı həmkarlarını sakitləşdirə bilib-bilmədiyinə dair suala çoxları mənfi cavab verir. Bunun daha bir səbəbi var: Donald Tramp Nyu-Yorkda 11 Sentyabr terrorunun qurbanları xatirəsinə yaradılmış Dünya Ticarət Mərkəzi fraqmentinin qarşısında, NATO-nun yeni mənzil-qərargahının açılışı mərasimindəki çıxışı zamanı Şimali Atlantika Müqaviləsinin məşhur 5-ci maddəsi haqqında heç nə deməyib. Qeyd edək ki, həmin maddəyə görə, alyansın 1 üzvünə hücum bütün üzvlərə hücum kimi qiymətləndirilir və bu maddədən indiyədək yalnız 1 dəfə - məhz 11 Sentyabr terrorundan sonra istifadə olunub. Odur ki, ABŞ Prezidentindən rəmzi jest gözlənilirdi. Lakin Tramp bu jesti etməyib və sadəcə, «bizim (Amerikanın) tərəfində olmuş dostları heç zaman tək qoymayacağıq», - deməklə kifayətlənib. Bu taktika bir çox avropalı siyasətçi və ekspertin təəccübünə səbəb olub. Onlar hesab edir ki, Tramp NATO sammitində müttəfiqlərinə zəmanət əvəzinə qeyri-müəyyənlik verib.

Trampın NATO sammitindən dərhal sonra İtaliyada, Siciliyanın Taormina şəhərində keçirilmiş "G7" sammitində ortaya qoyduğu mövqe də həmkarlarında müəyyən çaşqınlıq yaradıb. Toplantının gündəliyi son illərin ənənəsinə uyğun idi - qlobal iqtisadiyyat, Suriyada vəziyyət, Afrikaya yardım, anti-Rusiya sanksiyaları, terrorçuluq və kibercinayətkarlıqla mübarizə. «Yeddilik»in qərarları, sadəcə, tövsiyə xarakteri daşıdığından, burada yalnız bu və ya idgər məsələlərə münasibət məlum olur. Odur ki, diqqətlər yenə Trampa yönəlmişdi.

KİV-in məlumatına görə, görüşdə ən böyük məyusluğu tərəflərin atmosferə buraxılan karbon qazının azaldılmasını nəzərdə tutan Paris İqlim Sazişinə əməl olunması, həmçinin 2020-ci ilədək inkişaf etməkdə olan ölkələrə iqlim problemlərinin həlli üçün 100 milyard dolların ayrılması ilə bağlı razılığa gələ bilməməsi yaradıb. Dünyada atmosferə buraxılan karbon qazının, təxminən, 14%-i ABş-ın payına düşür. Lakin Vaşinqton saziş üzrə öhdəliyə əməl etməkdən boyun qaçırıb. Əslində bu, təəccüblü deyil. Məsələ ondadır ki, Tramp qlobal istiləşmə anlayışına inanmır və hesab edir ki, karbon qazı tullantılarının azaldılması sənayenin inkişafını ləngidəcək.

Amma görünən odur ki, «yeddilik» üzrə tərəfdaşların fikri heç də yalnız iqlim məsələsində haçalanmayıb. Deyilənə görə, Amerika lideri ticarət razılaşmaları və miqrasiya böhranı haqqında da danışıb. Hər halda, Almaniya kansleri Angela Merkelin gözlənilməz və kifayət qədər emosional bəyanatı fikir ayrılıqlarının dərəcəsini nümayiş etdirir. «Bir-birimizə tam arxalana biləcəyimiz dövr arxada qalıb. Son günlərdə mən bunu dərk etdim… Biz avropalılar həqiqətən də taleyimizi öz əlimizə almalıyıq!» - deyə «Bild» qəzetinin məlumatına görə, Merkel bildirib. Onun bu qənaətə, xüsusilə ABŞ Prezidenti ilə danışıqlardan sonra gəldiyinə şübhə yoxdur.

Beləliklə, Tramp prioritetlərini kifayət qədər aydın və əhatəli şəkildə ortaya qoyub. Onun rəhbərlik etdiyi ABŞ Yaxın Şərqdən olan köhnə müttəfiqlərinin yanına qayıdır. Söhbət körfəz monarxiyaları ilə İsraildən gedir. ABŞ-ın yeni administrasiyası İranla razılaşmanı, deyəsən, pozmağa hazırlaşmır. Lakin Tehran yenidən düşmənlərin cərgəsinə qoyulub. Amerika Prezidenti, hələlik, istər Yaxın Şərqdə, istərsə də Avropada geosiyasi məsələlərin həllinə sahibkar hesablaması ilə yanaşır, bütün xərcləri və mümkün qazancı dəqiqliklə hesablayır. Onun Səudiyyə Ərəbistanının ekstremistləri Amerikadan alınacaq silahlar vasitəsilə qovmağa çağırması, Avropanı NATO-nun xərclərini ABŞ ilə bölməyə səsləməsi də bundan irəli gəlir. Milyarder biznesmen Trampın pul saymağı yaxşı bacardığıa şübhə yoxdur. Lakin görünən odur ki, Ağ ev sahibinin bu davranışı avropalıları çox çaşdırıb. Onlar hələlik nə edəcəklərini bilmirlər - yeni tələblərlə razılaşmaq, yoxsa Merkeli dinləyərək, özünə arxalanmaq?

Bu arada Tramp səfəri çərçivəsində Rusiya ilə bağlı bir kəlmə belə, danışmayıb. Bu, Amerika Prezidentinin hələ də Moskva ilə xüsusi münasibətlərdə günahlandırılması fonunda baş verir. Üstəlik, bu qalmaqala getdikcə daha çox yüksəkrütbəli rəsmilər cəlb olunur. Donald Trampın Kreml ilə bağlı hansı mövqedən çıxış edəcəyini söyləmək çətindir. Lakin hələlik, onun bütün addımları kifayət qədər praqmatik xarakter daşıyır.



MƏSLƏHƏT GÖR:

390