19 Aprel 2024

Cümə, 02:12

KÖHNƏ PREZİDENT, YENİ ÇAĞIRIŞLAR

Həsən Ruhaninin təkrarən İran Prezidenti seçilməsi Tehranın siyasətində islahatçı yanaşmaların güclənməsi deməkdir

Müəllif:

01.06.2017

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ikinci müddətə dövlət başçısı seçilib. Demək, onun Qərblə dialoqun qurulması kursu davam etdiriləcək. Bəs Qərb, ilk növbədə, Vaşinqton, Tehranın regional mövqeyinin güclənməsi ilə barışacaqmı? Axı bu halda İranın Avropa İttifaqı və Birləşmiş Ştatlarla əməkdaşlığının genişləndirilməsi qaçılmaz olacaq.

 

İslahatçılar mühafizəkarlara qarşı və əksinə...

İranda Prezident hakimiyyət iyerarxiyasında dini liderdən (ayətullah) sonra ikinci pillədə gəlir. Dini lider isə 1989-cu ildən Əli Xamneidir. Bununla yanaşı, İranda Prezidentin rəmzi fiqur olduğunu da demək mümkün deyil. O, kifayət qədər geniş səlahiyyətlərə malik şəxs olmaqla, rəsmi Tehranın siyasi xəttinə son dərəcə ciddi təsir göstərir. Elə Həsən Ruhani də 2013-cü ildən başlanmış ilk prezidentliyi dövründə tutduğu postun İran siyasətinin reallaşdırılması işində böyük önəm daşıdığını sübuta yetirib.

İslam Respublikasının klerikal elitasının mühafizəkar hissəsinin müqavimətinə baxmayaraq, Ruhani 2 il əvvəl Qərblə razılaşmaya gedib - razılaşma Tehranın nüvə proqramının məhdudlaşdırılmasının əvəzində, İrana tətbiq olunmuş beynəlxalq sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur. Ruhani buna İran ictimaiyyətinin böyük hissəsinin dəstəyi İlə nail olub, çünki əhali ölkənin təcrid vəziyyətdən çıxmasının İrana xarici investisiya axınına, bunun isə iqtisadi vəziyyətin yaxşılaşmasına yol açacağını düşünürdü.

Ruhaninin ilk səlahiyyət müddətində, artıq müəyyən iqtisadi inkişafa nail olunub. Bu isə əlbəttə ki, son seçkidə onun xeyrinə işləyib; məsələn, 2013-cü ildə İranın milli valyutası (rial) dəyərini 40% itirmişdisə, ötən il inflyasiya 7,5%-dək azalıb.

Ruhaninin Qərb dövlətləri, o cümlədən ABŞ ilə münasibətlərin normallaşdırılması cəhdləri də əksər seçicilər tərəfindən müsbət qarşılanır. Tehranın Yaponiya, Çin və Asiyanın digər aparıcı iqtisadiyyatları ilə siyasi və ticari münasibətlərinin genişləndirilməsi Ruhaninin xarici siyasi nailiyyətləri arasındadır. Odur ki, Ruhaninin son seçkidə bu cür ciddi dəstək alması təəccüblü deyil. Seçicilərin 57%-nin səsini qazanmış Ruhani əsas rəqibi, sabiq baş prokuror İbrahim Raisini (35%) xeyli geridə qoyub.

Ruhaninin təkrarən prezident seçilməsini İran isteblişmentində islahatçıların növbəti uğuru kimi qiymətləndirmək olar. İran daxilində onların mövqeyinin gücləndiyini göstərən daha bir amil, mayın 19-da keçirilmiş bələdiyyə seçkilərində (Prezident seçkisi ilə eyni gündə) də islahatçıların üstünlük qazanmasıdır. Onların əksəriyyəti məhz Ruhaninin tərəfdarlarıdır.

Bəs bütün bunlar Həsən Ruhanini daxili siyasi təzyiqsiz, rahat prezidentlik müddətinin gözlədiyi anlamına gəlirmi? Qətiyyən. Onun ortodoksal klerikal rəqibləri çoxsaylı məzlum, yoxsul kəndlilərə arxalanır. Bundan başqa, əhalinin biri hissəsi iqtisadi böhranın aşılması templərindən narazıdır. Çünki Qərblə sanksiyaların ləğvinə dair razılaşmadan sonra, ölkənin təcrid vəziyyətindən çıxmasına ümidlər həddindən artıq çox idi.

Bu yerdə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) haqqında ayrıca danışmaq lazımdır. Bu, yalnız cəzalandırma potensialına yox, həm də ciddi maliyyə resurslarına malik güclü təşkilatdır. İİKK rəhbərliyi Ruhaninin təkrarən prezident seçilməsi ilə, islahatların mövqeyini gücləndirməsindən heç də razı deyil. Odur ki, islahatçılar bu rəqibə sinə gərə bilmək üün sosial dayaqlarını daha çox səfərbər etməlidir. İlk prezidentlik müddətini uğurla başa vurmuş Ruhaninin bunu bacaracağını düşünmək olar.

 

Kənar təzyiqlər

Ruhani üçün daha ciddi başağrısı İran ətrafında yaranmış yeni xarici siyasi konyuktura ola bilər. «İran problemi»ndə yeni gərginliyin baş qaldıracağını istisna etmək olmaz. Səbəb, ABŞ-ın yeni Prezidenti Donald Trampın Tehranla nüvə razılaşmasından narazı olmasıdır. Son zamanlar Vaşinqton anti-İran ritorikasını nəzərəçarpacaq dərəcədə sərtləndirib. Hətta o, Tehranın Yaxın Şərqdə güclənməsinə mane olmaq niyyətini açıq şəkildə dilə gətirir. Buraya İsrailin yatmaq bilməyən anti-İran əhvalını da əlavə edək. Əgər ABŞ-ın Barak Obama administrasiyası dəfələrlə Təl-Əvivin Fələstin-İsrail münaqişəsində güzəştə getməməsindən narazılığını dilə gətirmişdisə, Donald Tramp yenidən sırf yəhudipərəst mövqe sərgiləyir.

İndi, Ağ evin yeni sahibi Yaxın Şərqdə, az qala, əsl anti-İran cəbhəsi yaratmağa hazırdır. Onun Səudiyyə Ərəbistanı və İsrailə bu yaxınlarda etdiyi səfərin nəticələri də bunu təsdiqləyir. Ər-Riyadda keçirilmiş ərəb-amerikan sammitində yalnız terrorçuluqla mübarizədə beynəlxalq ictimaiyyətin birliyinə çağırışlar edilməyib. Orada İranın Yaxın Şərqdə nüfuzunu artırmasına qarşı birləşməyin vacibliyi də vurğulanıb - Tehranın artan nüfuzu təkcə ABŞ və İsraili deyil, Fars körfəzinin ərəb monarxiyalarını da narahat edir.

Tramp bu mövzuda kifayət qədər açıq danışıb: «Səudiyyə Ərəbistanına səfərim zamanı ərəb və İslam Dünyasının bir çox liderləri ilə görüşdüm. Onlar bizimlə eyni məsələlərdən narahatdır - «İslam Dövləti», İranın artan iddiaları və ekstremizm təhlükəsi».

İsrail Prezidenti Reuven Rivlin ilə birgə mətbuat konfransında isə Tramp daha konkret danışıb: «İndi, ərəb liderləri sizinlə eyni maraqlarının olduğunu daha çox anlayır. Bu, İran təhlükəsidir. İranda baş verənlər Yaxın Şərqdə çoxunu İsrailə tərəf meyilləndirir».

Trampın anti-İran mövqeyi bununla bitmir. O, Tehranın raket proqramını davam etdirməsi ilə əlaqədar, bu ölkəyə yeni sanksiyalar tətbiq edib. Tehran buna dərhal və sərt reaksiya verib. Prezident Ruhani «texniki zərurət yaranarsa», ölkəsinin bundan sonra da raket sınaqları keçirəcəyini bəyan edib. O, bunun üçün kiminsə icazəsinə ehtiyaclarının olmadığını bildirib.

Vaşinqtonun Qərblə razılığa gəldikdən sonra, Aİ ilə əməkdaşlığı genişləndirmək imkanı qazanmış İrana qarşı bu qədər sərtləşməsinin səbəbləri arasında, əlbəttə ki, iranlıların iqtisadi inkişafına mane olmaq niyyəti də var. Bununla yanaşı, ABŞ-ın İranla nüvə proqramına dair əldə olunmuş razılaşmalardan imtina edəcəyini düşünmək çətindir. Ekspertlər hesab edir ki, bundan sonra İran-Qərb qarşıdurması, əsasən, mövcud regional münaqişələr kontekstində inkişaf edəcək. Söhbət, ilk növbədə, Suriya problemindən gedir.

Məlum olduğu kimi, Tehran Suriyada illərdir, davam edən qanlı müharibədə Prezident Bəşər Əsədin əsas müttəfiqi kimi çıxış edir. Demək, o, yenə də Suriya rejimini devirmək arzusunda olan ABŞ-a qarşı çıxır.

 

Şimal-Cənub və «çox yaxşı qonşu»

Birləşmiş Ştatların İrana təzyiqləri artırması (o cümlədən Suriya istiqamətində) isə onu Rusiya ilə daha da yaxınlaşmağa vadar edəcək.

Məlum olduğu kimi, Moskva ilə Tehran Ankara ilə birlikdə Suriya münaqişəsinin həlli üzrə Astana prosesinin təşəbbüskarlarıdır. Onlar Suriyada hökumət və müxalifət qüvvələri arasında atəşkəs razılaşmasının qarantı kimi çıxış edir.

Bununla yanaşı, İranla-Rusiyanı bir-birinə yaxınlaşdıran yalnız Suriya məsələsindəki ümumi maraqlar deyil. Onlar perspektiv regional layihələrlə bağlı da eyni maraqlardan çıxış edir. Belə layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafıdır. Bu dəhliz Azərbaycan, İran və Rusiyanı dəmir yolları vasitəsilə Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirməlidir.

Beləliklə, Rusiya ilə İran arasında infrastruktur mərkəzi kimi, məhz Azərbaycan çıxış edir. Bu, 3 ölkənin ötən ilin avqustunda Bakıda keçirdikləri görüşdə də təsdiqlənib. Həsən Ruhani isə prezident postuna təkrar seçilməsindən sonra keçirdiyi ilk mətbuat konfransında İran-Azərbaycan-Rusiya formatında əməkdaşlığın davam etdiriləcəyini, növbəti üçtərəfli görüşün, güman ki, Tehranda keçiriləcəyini bildirib.

Həsən Ruhaninin İranın siyasətində Azərbaycanın roluna verdiyi qiymət də maraqlıdır. Sözügedən mətbuat konfransında Azərbaycan-İran əməkdaşlığının yüksək səviyyədə olduğunu deyən Prezidentin sözlərinə görə, iki ölkə arasında «yaxşı münasibətlər, koordinasiyalı əməkdaşlıq var». «Azərbaycan İran İslam Respublikasının çox yaxşı qonşusudur», - deyə o, qeyd edib. Ruhani İran-Azərbaycan münasibətlərinin strateji xarakter daşıdığını xüsusi vurğulayıb. Anoloji fikir Azərbaycan Prezidenti İlham Əliyevin Ruhaniyə seçkilərdə qələbə qazanması münasibətilə ünvanladığı təbrikdə də yer alıb. «Mən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət verirəm. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcud vəziyyəti məmnunluq doğurur», - deyə İlham Əliyev bildirib.

Azərbaycan-İran əməkdaşlığının strateji xarakterinin, həmçinin ölkəmizin Şimal-Cənub layihəsinin reallaşmasında aparıcı rola malik olmasının təsdiqlənməsi erməni siyasətçiləri və ekspertlərinin «analitik fikirlər"ini təkzib edir. Onlar hələ də Azərbaycana qarşı təcavüzün davam etdiyi, Azərbaycan torpaqlarının işğalda qaldığı şəraitdə mövcud regional təcrid vəziyyətindən çıxa biləcəkləri xülyası ilə yaşayır: guya, İran qazının Ermənistandan tranziti, Fars körfəzini Ermənistan vasitəsilə Qara dənizlə birləşdirəcək kommunikasiya dəhlizi ilə və s. Lakin bütün bu qeyri-real layihələr İrəvan strateqləri üçün bundan sonra da xəyal olaraq qalacaq. Hər halda, bu fantastik ideyaların reallaşdırılması işində praqmatik Ruhanidən ermənilərə kömək gözləməyə dəyməz.



MƏSLƏHƏT GÖR:

354