28 Mart 2024

Cümə axşamı, 20:49

BÖYÜK MİSSİYA YOLUNDA

Xosrov bəy Sultanov müstəqil Azərbaycanın siyasi üfüqündə parlayan ulduzlardan idi

Müəllif:

01.06.2017

Bütün müsəlman Şərqində və Türk Dünyasında ilk respublika olmuş Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının növbəti ildönümü onun başında durmuş siyasi xadimlər, hüquqşünaslar, iqtisadçılar, jurnalistlər, maarifpərvərlər və mədəniyyət xadimlərindən ibarət parlaq pleyadanın xatırlanması üçün daha bir səbəbdir. Onlardan biri də ADR-in görkəmli xadimi Xosrov bəy Sultanov olub.

 

Tarix yazanlardan biri

Xosrov bəy Sultanov 1879-cu il mayın 10-da Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Kürdhacı kəndində (Azərbaycanın hazırda Ermənistanın işğalı altında olan Laçın rayonunun kəndlərindən biri), dövrün ən adlı-sanlı, zəngin ailələrindən olmuş Paşa bəy Sultanovun ailəsində dünyaya gəlib. Paşa bəy övladlarına əla təhsil vermişdi. Onlardan biri - xalq qəhrəmanı Sultan bəy xalqımızın - şanlı döyüş tarixində silinməz iz qoyub. O, hərbi təhsilə malik olsa da, mundirli karyeradansa, mülkədar həyat tərzinə üstünlük verib. Bununla yanaşı, Sultan bəy hərbi sahəyə marağını bir an belə itirməyib. Ailə mülklərini və sərvətini qorumaq üçün Sultan bəy silahlı atlı dəstə saxlayırdı. Yeri gəlmişkən, qonşu Ararat (Ermənistan) Respublikasının (bu respublika da əzəli Azərbaycan torpaqlarında - İrəvan və onun ətrafında yaradılmışdı) ADR-ə hərbi təcavüzünün qarşısının alınmasında bu dəstənin potensialından istifadə edildi.

Xosrov bəyə gəlincə, o, Yelizavetpol (Gəncə) gimnaziyasını bitirdikdən sonra, Odessa Universitetinin tibb fakültəsinə daxil oldu. Burada təhsilini başa vuran Xosrov bəy uzun illər kifayət qədər uğurlu həkim kimi çalışdı. Lakin Çar Rusiyasının süqut etdiyi, inqilabi təlatümlərin başlandığı 1917-ci il onun həyatında dönüş ili olub. Bu sarsıntılar, eyni zamanda, 1 il sonra başa çatmış Birinci Dünya müharibəsinin nəticələri Xosrov bəy Sultanovun şəxsi həyatında iz qoyub. Bu, onun vətəni, belə çətin tarixi şəraitdə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın taleyinə də aiddir.

1917-ci ildə Xosrov bəy Azərbaycanın Milli-Demokrat Hərəkatının əsas partiyası olan Müsavat Partiyasına üzv olub. Şəxsi xarizması və siyasi cəsarəti sayəsində o, tezliklə partiyanın ən nüfuzlu xadimlərindən birinə çevrilib. Bu, özünü Sultanovun Müsəlman Milli Komitəsi və Müsavat Partiyasının siyahısından Ümumrusiya Müəssislər Məclisinə seçilməsində (Zaqafqaziya Seçki Dairəsindən) də göstərib.

1918-ci ilin əvvəllərində, Zaqafqaziya Federasiyasının formalaşdığı vaxt Xosrov bəy Sultanov Azərbaycanın digər görkəmli siyasətçiləri ilə birlikdə Zaqafqaziya Seymində Azərbaycan xalqının maraqlarının müdafiəsi ilə məşğul olub.

Mayın 28-də Azərbaycan fraksiyasının keçmiş nümayəndələri, Məmmədəmin Rəsulzadənin rəhbərliyi altında Milli Şuranı yaratmış qrup müstəqil Azərbaycan Respublikasını elan edib. O zaman tarixi Müstəqillik Bəyannaməsini imzalamış 26 nəfər arasında Xosrov bəy Sultanov da olub.

Beləliklə, təbii resursları uğrunda savaşa çıxmış fövqəldövlətlərin qarşısında çətinliklə dayanan, erməni cinayətkarlarının qanlı terror dalğasında boğulan xalq üçün həyati əhəmiyyət daşıyan həmin dövrdə Azərbaycanın ən yaxşı oğulları müstəqil dövlət yaratmaq qərarına gələrək, sözün əsl mənasında, qəhrəmanlıq dastanı yazıb. Məhz onların ağlasığmaz səyləri nəticəsində, Azərbaycan xalqı dünyaya azadlıq haqqının olduğunu, Qərblə-Şərqin ən yaxşı ənənələrinə - demokratik dövlətçiliyə, respublikaçılığa, insan haqları, milli və əxlaqi-dini təməllərə sadiqliyini sübut edib.

 

İki kabinetin naziri

Azərbaycanın Müstəqillik Bəyannaməsi, həm də milli respublikaçılığın ilk Konstitusion sənədidir. Orada bildirilirdi ki, «Bundan sonra Azərbaycan xalqı suveren hüquqların daşıyıcısı, Şərqi və Cənubi Qafqazı əhatə edən Azərbaycan tamhüquqlu, müstəqil dövlətdir». Yeni elan edilmiş dövlətdə siyasi quruluş Demokratik Respublika idi. Onun vətəndaşlarına milli, dini mənsubiyyətindən, sosial durumu və cinsindən asılı olmayaraq, bütün mülki və siyasi hüquqlar verilirdi. Azərbaycan Respublikası beynəlxalq birliyin bütün üzvləri ilə, ilk növbədə, qonşu xalq və dövlətlərlə mehriban qonşuluq münasibətləri qurmaq istədiyini bəyan etmişdi.

Dövlətin qarşısında duran əsas vəzifələrdən biri, güclü ordunun yaradılması, respublikanın kənar hücumlardan qorunması idi. Bu iş ilk gündən Xosrov bəy Sultanova həvalə olunur. O, ADR-in ilk Nazirlər Kabinetində hərbi nazir postunu tutur.

Bu kabinetin istefaya getməsi ilə, 1918-ci ilin iyununda Fətəli xan Xoyskinin başçılıq etdiyi ikinci kabinet fəaliyyətə başlayır. Bütün daxili və xarici siyasi çətinliklərə baxmayaraq, yeni hökumət Azərbaycanın müstəqilliyini qoruyub-saxlaya, dövlətin iqtisadi siyasətinin əsasını qoya, Milli Ordunun yaradılmasına başlaya bilir. Bu proses çərçivəsində birinci qoşun hissəsinin - general Əlağa Şıxlinskinin komandirliyi ilə xüsusi Azərbaycan korpusunun yaradılması haqqında qərar qəbul olunur. Ən başlıcası isə, ADR müttəfiq Osmanlı İmperiyasının qoşunlarının köməkliyi ilə Bakını daşnak hakimiyyətindən təmizləməyi bacarır. Söhbət Bakı Sovetində Şaumyanın dəstəsini hələ iyulun sonunda əvəzləmiş Sentrokaspi Diktaturasından gedir.

Xoyskinin başçılıq etdiyi İkinci hökumətdə Xosrov bəy Sultanov Əkinçilik və Dövlət Mülkiyyəti naziri postunu tutub. Onun bu posta təyinatında, şübhəsiz ki, Sultanovun mülkədar dairələrinə yaxın olması da rol oynayıb. Bu nazirliyin əhəmiyyəti Azərbaycanın, əsasən, kənd təsərrüfatı ölkəsi olması ilə bağlı idi. Üstəlik, məzlum Azərbaycan kəndlisinin ADR-ə münasibəti də torpaq probleminin nə qədər tez və effektiv həll olunacağından asılı idi.

Sultanov əzmi və sərtliyi sayəsində qısa müddətdə müstəqil Azərbaycan dövlətinin aqrar siyasətinin formalaşması istiqamətində ilk ciddi addımların atılmasına nail olub.

Bununla yanaşı, 1918-ci ilin payızında Azərbaycanın həyatında ciddi dəyişikliklər başlayıb; məsələn, Bakının müttəfiqi, Dünya müharibəsində məğlub olmuş Osmanlı İmperiyasının qoşunları oktyabrın 30-da Mudros sülh müqaviləsinin imzalanması ilə Azərbaycanı tərk edib. Noyabrın ortalarında buraya müharibədə Antanta blokunu məğlub etmiş İngiltərə ordusu daxil olub. Beləliklə, general Tomsonun başçılıq etdiyi ingilis hərbi komandanlığı Azərbaycan ərazisində yeganə legitim hakimiyyətə çevrilib.

Fəaliyyətini 1918-ci il noyabrın ortalarında bərpa etmiş Azərbaycan Milli Şurası Azərbaycan Parlamentinin yaradıldığını elan edib. Beləliklə, 1918-ci il dekabrın 7-də ADR-in, demək olar ki, bütün siyasi qüvvələrin, milli qrupların təmsil olunduğu ali qanunverici orqanının açılışı olub. Deputatlar arasında Xosrov bəy Sultanov da var idi.

Dekabrın 26-da Fətəli xan Xoyskinin üçüncü hökuməti formalaşdırılıb. Xosrov bəy Sultanov bu kabinetə daxil olmayıb. Lakin sonradan yaşananlar göstərib ki, ona son dərəcə nadir missiyanın tapşırılması nəzərdə tutulubmuş - hər bir azərbaycanlı üçün müqəddəs olan Qarabağın erməni təcavüzkarlarından qorunması.

 

Qarabağın general-qubernatoru

ADR yarandığı ilk günlərdən müstəqilliyi və ərazi bütövlüyünü qorumaq üçün mübarizə aparmalı olub. Lakin bu kənar təhlükələrdən yalnız biri onu daim təqib edib, bununla da respublikanın xeyli güc, dövlət resursu sərf etməsinə, üstəlik, minlərlə insan həyatını itirməsinə səbəb olub. Söhbət Azərbaycan torpaqlarında süni yaradılmış Ermənistan Respublikasının təcavüzkar siyasətindən gedir. Onlar bütün bu dövrdə Azərbaycan xalqına qarşı, faktiki olaraq, hələ 1918-ci ilin yazında daşnak-bolşevik Bakı Sovetininin başladığı soyqırımı siyasətini davam etdirib.

Erməni təcavüzkarlarının hədəflərindən biri, əzəli Azərbaycan torpağı olan Qarabağ idi. 1918-ci ilin yay-payız aylarında Gəncə quberniyasına aid Qarabağ ərazisinə erməni silahlıları tərəfindən hücum başlanıb. Onlara ən qəddar cəlladlardan olan Andranik Ozanyan başçılıq edirdi. Bu zaman 150-dən artıq Azərbaycan kəndi dağıdılıb, bu kəndlərdə yaşayan əhalinin bir hissəsi məhv edilib, çox sayda insan isə qətliamdan qonşu bölgələrə, hətta İrana qaçmaqla xilas olub.

Azərbaycan Parlamentinin 20 dekabr 1918-ci ildə keçirilən fövqəladə toplantısında Baş nazir Fətəli xan Xoyski Andranik Ozanyanın «Zəngəzur və Şuşa qəzalarını Azərbaycandan qopararaq, Ermənistana birləşdirməyə çalışdığını», - bildirib.

Torpaqların ermənilər tərəfindən işğalı təhlükəsinin real olduğunu anlayan Azərbaycan hökuməti 1919-cu il yanvarın 15-də Qarabağ general-qubernatorluğunun yaradılması haqqında qərar qəbul edib. Gəncə quberniyasının Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları yeni general-qubernatorluğa verilib. Xosrov bəy Sultanov isə Qarabağın general-qubernatoru təyin olunub.

ADR Daxili İşlər Nazirliyinin məruzəsinə əsasən, bu vəzifədə Sultanovun qarşısına əsas vəzifələr kimi, «erməni hərəkatı ilə mübarizə və onun tam ləğvi, asayişin tam bərpası, yerli hökumətin formalaşdırılması, qaçqınların ərzaqla təmini və onlara ümumi yardımların göstərilməsi, həm qaçqınlar, həm də yerli əhali arasında epidemiya ilə mübarizənin təşkili, nəhayət, vəziyyətin qaydaya salınması ilə qaçqınların doğma torpaqlarına qaytarılması» qoyulub.

1919-cu il fevralın 12-də Şuşaya yollanan Xosrov bəy Sultanov vəzifəsinin icrasına başlayıb. Onun qardaşı Sultan bəy özünəməxsus silahlı dəstənin bir hissəsini Qarabağ general-qubernatorluğuna verib. Hökumət isə bu qüvvələrin məvacibini 1 ay əvvəldən ödəyirdi. Bundan başqa, Xosrov bəy qeyri-nizami atlı dəstələrinin yaradılmasına da başlayıb.

General-qubernatorun səyləri tezliklə uğur gətirməyə başlayıb. Daşnak Ermənistanının hərbi qüvvələrinin martın 21-də Əsgəran keçidini ələ keçirməsinə baxmayaraq, Xosrov bəy Sultanovun başçılıq etdiyi Azərbaycan qoşunu mayın 30-da düşməni geri oturda bilib. Bununla da Xankəndi və Şuşa Azərbaycan dövlətinin nəzarətinə qaytarılıb.

1919-cu ilin yayı başlar-başlamaz, Ermənistan Respublikasının daşnak hökuməti Dağlıq Qarabağın erməni icmasını silah-sursatla təchiz edərək, yeni qanlı münaqişəyə yol açıb. İyunun 4-5-də baş vermiş toqquşmalarda Azərbaycan Ordusunun bir neçə əsgəri həlak olub. Nəticədə, general-qubernator Sultanov ermənilərin qarşısının alınması üçün sərt tədbirlərə əl atıb. O, Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsini tələb edən Erməni Milli Şurasının üzvlərini Qarabağ ərazisindən, ümumiyyətlə, çıxarıb və bununla da, regionda nisbi sakitlik yaranıb. Bununla yanaşı, Sultanov ermənilərin özlərinin belə, şəxsiyyətinə və mülkiyyətinə zərər vuracaq şəxslərin qanunun ən sərt tələblərinə uyğun cəzalandırılması haqqında göstəriş də verib.

General-qubernator Şuşanın ermənilər yaşayan məhəllələrinə yollanıb və burada əhali onu alqışlarla qarşılayıb. O zaman Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini qəbul etdiklərini deyib, hətta hökumətin gərginliyə son qoyulması, Qarabağda müsəlmanlarla-ermənilər arasında mehriban qonşuluq münasibətlərinin yaranması üçün hər şeyi edəcəyinə inamını ifadə edib. Sultanov isə bunlara cavab olaraq deyib ki, hakimiyyətə yalnız milli ayrı-seçkilik etməyən qüvvələr iddialı ola bilər. O, qarşısına ciddi dövlətçilik vəzifələri qoymuş Azərbaycan hökumətinin öz işində bütün vətəndaşların qanun qarşısında bərabər olduğu prinsipini əsas götürdüyünü söyləyib.

Tezliklə Azərbaycan hökuməti ingilis hərbi komandanlığı tərəfindən onun, Zəngəzur qəzası da daxil olmaqla, Qarabağ üzərində suveren hüququnun tanınmasına nail olub. 1919-cu il avqustun 15-də isə Dağlıq Qarabağın erməni icması 7-ci qurultayında Qarabağın erməni əhalisinin Azərbaycan ərazisində milli-mədəni muxtariyyət yaratması ilə razılaşıb. Beləliklə, Xosrov bəy Sultanovun Qarabağın general-qubernatoru postundakı yorulmaz və məqsədyönlü fəaliyyəti Azərbaycanın öz tarixi əyaləti üzərində suverenliyinin təsdiqlənməsi ilə nəticələnib.

1919-cu il noyabrın 23-də Tiflisdə Azərbaycanla-Ermənistan arasında razılaşma əldə olunub. Razılığa əsasən, tərəflər bütün silahlı qarşıdurmaların dayandırılması, Zəngəzura aparan yolun açılması, sərhəd məsələləri də daxil olmaqla, bütün mübahisəli məsələlərin dinc yolla həlli haqqında öhdəlik götürüb. 1919-cu il dekabrın 14-də isə Ermənistan-Azərbaycan sülh konfransında mübahisəli məsələlərin sülh yolu ilə həllinə dair noyabr razılaşması bir daha təsdiqlənib.

Lakin Ermənistan Zəngəzur və Qarabağı ələ keçirmək üçün tezliklə sülh razılaşmasını xaincəsinə pozub. Təxminən, 10 minlik nizami erməni ordusu Zəngəzurdan Qarabağa daxil olaraq, qarşısına çıxan Azərbaycan kəndlərini məhv etməyə başlayıb. Azərbaycan hökumətinin məlumatına görə, 1919-cu il noyabrın sonundan 1920-ci ilin yanvarınadək Zəngəzurda 40 müsəlman kəndi məhv edilib.

1920-ci ilin əvvəlində Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov bölgə əhalisini qorumaq məqsədilə yenidən bir sıra ciddi addımlar atmaq məcburiyyətində qalıb. Strateji əhəmiyyətli nöqtələrdə Azərbaycan silahlı birləşmələrinin sayını artıran Sultanov yerli əhalinin silahlahlandırılmasına da başlayıb. Fevralın 19-da o, Qarabağın Erməni Milli Şurasından «Qarabağın Azərbaycanın ayrılmaz iqtisadi zonası kimi, respublikaya birləşdirilməsi məsələsi"nin dərhal həll olunmasını qəti şəkildə tələb edib.

Lakin azərbaycanlıların Novruz Bayramını qeyd etdiyi vaxt - martın 23-nə keçən gecə erməni silahlı birləşmələri Əsgəran və Xankəndidəki Azərbaycan qarnizonlarına zərbə endirib. General-qubernator Sultanovun Azərbaycanın Daxili İşlər nazirinə ünvanladığı məktubda deyilirdi: «Martın 23-də ermənilər gecə saat, təxminən, 3-ün yarısında ciddi qüvvə ilə Xankəndiyə, oradakı hərbi hissəmizə hücum edib. Eyni vaxtda onlar Şuşaya da hücuma başlayıb. Hücumların qarşısı alınıb. Ətrafda atışma gedir. Şuşa Şuşakənddən bombardman edilir. Ağdam-Şuşa teleqrafı kəsilib».

Bundan sonra erməni təcavüzünün qarşısının alınması üçün Azərbaycan hökuməti bölgəyə general-mayor Həbib bəy Səlimovun rəhbərliyi ilə 20 minlik korpus göndərib. 1920-ci ilin bütün aprel ayı ərzində Azərbaycan Ordusu Qarabağı erməni silahlı birləşmələrindən azad edib. Torpaqların azad olunmasında və erməni dəstələrinin yatırılmasında general-qubernator Xosrov bəy Sultanovun xidməti də böyük olub. Məhz onun Azərbaycanın əzəli torpaqları üzərində suveren hüquqlarının təsdiqlənməsi istiqamətindəki ardıcıl siyasəti Milli Ordunun uğurlu hərbi əməliyyatlarını təmin edən amillərdən olub.

 

Əbədi xatirə

Lakin erməni təcavüzü və onun qarşısının alınması üçün ADR-in ən yaxşı hərbi qüvvələrinin ölkənin qərb vilayətlərinə göndərilməsi Sovet Rusiyasına məxsus XI Qızıl Ordunun Azərbaycan sərhədlərini maneəsiz keçməsinə, Bakı istiqamətində hərəkətə başlamasına şərait yaradıb. Beləliklə, müstəqilliyi Versal sülh konfransında de-fakto tanınmış ADR 1920-ci il aprelin 27-28-də mövcudluğunu başa vurmaq məcburiyyətində qalıb. Müstəqil Azərbaycanın liderləri öz xalqını bilərəkdən xarici qüvvələrin qarşısında qırğına verməkdənsə, bolşeviklərin hakimiyyətdən getmək haqqında ultimatumunu qəbul etməyi lazım bilib. ADR-i taktiki perspektiv baxımıdan qurban verən respublika rəhbərliyi siyasi səhnədən strateji əhəmiyyətli missiyanın yerinə yetirildiyini dərk edərək çəkilib - Azərbaycan xalqı və dövlətçiliyi yaşayacaq! Beləliklə, Azərbaycan formal olsa da, siyasi xəritədə qalıb. O ağır tarixi şəraitdə həm dostlar, həm düşmənlər tərəfindən yalqız buraxılan Demokratik Respublikanın qurucuları üçün bu, yeganə çıxış yolu idi.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra, Xosrov bəy Sultanov onu yaxşı tanıyan bolşevik xadimi Çingiz İldırımın (Sovet Azərbaycanının Qızıl Donanmasının komandanı, sonradan Sovet Azərbaycanının ilk hökumətində hərbi və dəniz məsələləri üzrə xalq komissarı) tövsiyəsi ilə Şuşa İnqilabi Komitəsinin rəhbəri təyin olunub. Qarabağın keçmiş general-qubernatorunun qarşısına qoyduğu vəzifə dəyişməz idi - azərbaycanlı əhalinin erməni canilərindən qorunması.

Beləliklə, Sultanov qardaşlarının «erməni işi»nin təntənəsinə nə dərəcədə təhlükə olduğunu anlayan erməni siyasətçiləri bolşevik hakimiyyətində ona inamsızlıq yaratmaq üçün əlindən gələni edirdi. Nəticədə, Xosrov bəy müsavatçılarla əlaqədə günahlandırılaraq, həbs olunub. Tezliklə azadlığa çıxan Sultanov bundan sonra Sovet Azərbaycanında qalmasının mümkün olmadığını anlayıb. 1923-cü ildə o, Vətənini birdəfəlik tərk edib. Bununla da, Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlayıb. O, Türkiyədə, İranda, Fransada, Almaniyada yaşayıb, Almaniya Tibb Universitetinin professoru olub. Fransada yaşayarkən isə Sultanov 1926-cı ildə «Prometey» jurnalının yaradıcıları arasında yer alıb. Jurnalı Qafqaz və Ukrayna xalqlarının mühacir təşkilatları buraxırdı. Bəzi məlumatlara görə, o, 1926-cı ildə Parisdən İrana yollanıb, burada «İttihat» partiyasının Tehran və Təbriz qanadlarının yaradılmasına kömək edib. Xosrov bəy partiyanın Tehran qanadına Aşur bəy İsabəylini, Təbriz qanadına isə qardaşı, İranda mühacir həyatı yaşayan İsgəndər bəy Sultanovu təyin edib.

1936-cı ildə Xosrov bəy Sultanov birdəfəlik Türkiyəyə köçüb. Həyatının qalan hissəsini o, məhz Türkiyədə yaşayıb. Xosrov bəy 1943-cü ildə vəfat edib. Onun məzarı İstanbulun Feriköy qəbiristanlığındadır.

Xosrov bəy Sultanovun xatirəsi yaradıcıları arasında olduğu Azərbaycan Demokratik Respublikasının xatirəsi kimi, daim xalqımızın ürəyində yaşayacaq. Bu yaddaş məğrur və yenilməz Azərbaycançılıq ideyalarının ayrılmaz parçasıdır.

 

 

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalayıb.

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

Sərəncama əsasən, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd ediləcək.

Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməsi tapşırılıb.

Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə olunub.



MƏSLƏHƏT GÖR:

506