29 Mart 2024

Cümə, 14:11

DAŞINMAZ ƏMLAK TRENDDƏ

Bakıda mənzil tikintisi ilə yanaşı, ona tələb də artır

Müəllif:

15.06.2017

Görünür, Bakı yeni tikinti bumunun astanasındadır və bu, özəl sektor tərəfindən dəstəklənməklə yanaşı, Dövlət Mənzil Proqramı çərçivəsində də vüsət alacaq. İyun ayında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Suraxanı rayonunun Hövsan qəsəbəsində 20 hektar ərazidə ikinci sosial evlər kompleksinin tikintisi üzrə tender elan edib. Yeni kompleksdə yaşayış evləri, uşaq bağçası, məktəb və digər sosial obyektlərin inşası nəzərdə tutulur. 

Xatırladaq ki, ötən il dekabrın 24-də Yasamal rayonu ərazisində 1 854 mənzili olacaq 29 binadan ibarət birinci sosial evlər kompleksinin bünövrəsi qoyulub. Burada 240 yerli uşaq bağçası və 960 yerli məktəb də tikiləcək. Gözlənilir ki, ilk evlər 2018-ci ilin ikinci yarısında istismara veriləcək. 

Bununla yanaşı, hökumət paytaxtda sökülən azmərtəbəli evlərin və istismar müddəti başa çatmış binaların yerində çoxmərtəbəli binaların tikintisinə start verib. Artıq razılaşdırılmış 254 binanın 45-də tikinti işləri başlanıb. Bütünlükdə, beş il ərzində 893 min kv.m mənzil sahəsi - 50 minə yaxın adamın yaşadığı 16 min mənzil sökülərək yenilənəcək. 

 

«Sabun köpüyü» təhlükəsi 

Lakin «R+»un  əmlak bazarı iştirakçıları arasında apardığı sorğu göstərir ki, Bakının əmlak bazarında qiymətlərin düşəcəyini gözləməyə dəyməz. Üstəlik, ekspertlərin fikrincə, ilin sonuna bir kvadratmetr mənzilin qiyməti manat ifadəsi ilə orta hesabla, 7% artacaq. 

Bir tərəfdən, əmlak bazarının iştirakçıları qiymətləri yüksək saxlamaqla, özlərini milli valyutanın ucuzlaşması ehtimalından  sığortalayır. Digər tərəfdən isə bank bölməsindəki böhran fonunda fərdi kapitalın əlverişli sərmayələşdirmə aləti kimi əmlaka maraq artır. Öz vəsaitlərini problemli banklardan çıxarmış və ya müflis olmuş banklardakı depozitlərinə görə Əmanətlərin Sığortalanması Fondundan (ADİF) kompensasiya almış əmanətçilərin bir hissəsinin öz vəsaitlərini fəal şəkildə əmalka yatırması göz qabağındadır. 

Əmlaka maraq Azərbaycana turist axınının güclənməsi və mənzilləri əlverişli qiymətə kirayəyə vermək imkanlarının artması səbəbindən də yüksəlir. Unutmaq olmaz ki, hazırda banklarda dollar əmanətlərinin faiz dərəcəsi illik 3%-i ötmür. Yəni əmlakın qiymətinin 7%-lik artması fonunda bu sektora yatırımlar bank sektorundakı depozitlərdən iki dəfə artıq gəlir gətirə bilər. 

Yəni hətta sosial mənzilin qiymətinin bazar qiymətindən 20-25% aşağı olacağı gözlənsə belə, yuxarıda sadalanan amillərin fonunda qiymətlərin düşməsini gözləməyə dəyməz. 

 

Tələb və qiymət 

Əmlak  bazarında gözlənilən tələb artımı mənzil seqmentində «sabun köpüyü"nə və mənzil qiymətlərinin əsassız qaldırılmasına səbəb ola bilərmi? Rieltorların əksəriyyəti yaxın illər üçün belə ehtimalı istisna edirlər. 

Hazırda təmirsiz  ekonom-klass mənzillərin qiyməti, təxminən, 800 man/kv. m. təşkil edir. Bununla yanaşı, ekspertlərin fikrincə, torpağın qiyməti və dolayı xərclər nəzərə alınmasa, ekonom-klassda tikinti 300-350 man/kv.m.-ə başa gəlir. Orta hesabla, binanın yüksəkliyindən asılı olaraq, maya dəyərinin 12-17%-i  tikilməkdə olan binanın torpaq sahəsinin alınmasına yönəldilir. 

Tələbin nə qədər artmasından asılı olmayaraq, yaxın illərdə paytaxtın mənzil fonduna yüzminlərlə kvadratmetr əlavə olunacaq. Bu isə əmlak bazarında qiymətləri aşağı sala bilməsə də, qiymətlərin daha da artmasının qarşısını alacaq. 

 

Komfortlu yaşamaq standartları 

Azərbaycanın çox sayda vətəndaşları üçün mənzil probleminin həlli ən aktual məsələ olaraq qalır. Buna görə də bu cür kəskin sosial problemin həllinə yönəlmiş istənilən təşəbbüs həmişə cəmiyyətdə canlı əks-səda verir. 

Rəsmi statistikaya görə, Azərbaycanda adambaşına 19,9 kv. m mənzil düşür. Bu, Qazaxıstan və Rusiya səviyyəsinə uyğundur. Amma bununla belə, biz bu göstərici üzrə Avropa ölkələrindən güclü şəkildə geri qalırıq - Almaniyada bu göstərici 45 kv. m, Böyük Britaniyada 62 kv.m və ABŞ-da isə  75 kv.m-dən yüksəkdir. 

Uyğun olaraq, Azərbaycanda mənzilə çox yüksək tələb mövcuddur. 2016-cı ildə müxtəlif mənbələr hesabına 1.7 milyon kv.m mənzil tikilərək istifadəyə verilib. Bu, əvvəlki illərin mənzil tikintisi tempindən aşağıdır - 2015-ci ildə 1,9 mln. kv.m, 2014-cü ildə 2 mln. kv.m və 2013-cü ildə  2 mln. kv. m.-dən çox mənzil istismara verilib. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkə əhalisi 105 min artaraq,  1 yanvar 2017-ci il tarixə 9,810 mln.-a çatıb. Buna uyğun olaraq,  hətta indiki adambaşına 19,9 kv.m hesabı ilə 2017-ci ildə, ən azı, 2 mln. kv.m  mənzil tikilməlidir ki, əhalinin mənzil sahəsi ilə təmin olunmaq səviyyəsi aşağı düşməsin.

Bütünlükdə, mənzil probleminin həlli və əhalinin adambaşına mənzil sahəsi ilə təminatı göstəricisinin, heç olmasa, 1 kv.m yaxşılaşdırıması üçün tikinti sektorunun gücü 6 dəfə artmalıdır və ildə 10 mln. kv.m-ə çatdırılmalıdır.  Unutmaq olmaz ki, tikinti sektorunda multiplikasiya effekti yetərincə yüksəkdir. Yəni yatırılan səmayələr yaxın sahələrdə də əlavə iş yerlərinin açılmasına və istehsal artımına təkan verir.


MƏSLƏHƏT GÖR:

383