25 Aprel 2024

Cümə axşamı, 03:34

YAY QONAQLARI

Azərbaycan yeni mövsümdə turist axınının nəzərəçarpacaq dərəcədə artacağını gözləyir

Müəllif:

15.06.2017

Azərbaycanın turizm sektoru dünya neft-qaz bazarında üç ildən bəri davam edən böhranın mənfi təsirlərini yetərincə rahat həzm etdi. Bu gün yüksəlişdə olan bu sahə xidmət, ticarət və nəqliyyat sektorları üçün də hərəkətverici rolunu oynayır. İstirahət-əyləncə sektorundakı müsbət dəyişiklikləri ilin əvvəlindən postsovet məkanından, İrandan, Yaxın Şərq ölkələrindən gələn turistlərin sayında müşahidə edilən önəmli artım sübut edir. Sahədə müsbət dəyişikliklərə viza rejiminin sadələşdirilməsi, aviadaşımaların ucuzlaşması ilə yanaşı, ölkədə keçirilən beynəlxalq idman tədbirləri, həmçinin bu yaxınlarda başa çatmış şopinq-festival da dəstək verib.  

"Azərbaycanın turizm sektoru iyunun 15-də başlayıb, sentyabrın 15-nə kimi uzanan yay mövsümünün açılışına hazırdır. Bu il ölkəyə keçən illə müqayisədə daha çox qonaq gələcək. Turistlərin artımı, əsasən, ərəb dövlətlərindən, Rusiya və İrandan gözlənilir", - deyə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bu yaxınlarda turizm şikrətləri ilə Milli Turizm Təbliğat Bürosu (MTTB) tərəfindən təşkil edilmiş görüşdə bildirib.  

Bu cür nikbin olmaq üçün əsas var, çünki postneft dövrünün gerçəklikləri cəmi iki ildə Azərbaycanın turizm sektorunun inkişafını köklü şəkildə dəyişdirib. Manatın devalvasiyası yerli otellərdə, istirahət mərkəzlərində, restoranlarda, əyləncə sektorunda xidmətləri xarici turistlər üçün əlverişli edib. Bunlar, həmçinin viza posedurlarının sadələşdirilməsi giriş (incoming) turizminin kütləvi ucuz istirahət istiqamətində inkişafına səbəb oldu, yaxın xaric ölkələrindən, ilk öncə, Rusiyadan, həmçinin İran və bir sıra ərəb ölkələrindən istirahət üçün Azərbaycana gələnlərin sayını nəzərəçarpacaq dərəcədə artırdı.

Azərbaycanda istirahətin populyarlaşmasına bir sıra başqa amillər də dolayı yollarla yardım etdi: o cümlədən, Misirə və Türkiyəyə Rusiyadan turist axınının azalması, rublun devalvasiyasından sonra, Avropada istirahətin bahalaşması bunda rol oynadı. Yaxın Şərqdə təhlükəsizlik problemləri, həmçinin İran üzərindən beynəlxalq sanksiyaların götürülməsi də yaxın xaric ölkələri ilə turist mübadiləsinə dinamika qazandırdı. Mədəniyyət və Turizm Nazirliyi, həmçinin profil assosiasiyaları tərəfindən Dubay və Şarca şəhərlərində Azərbaycanın istirahət sektoru potensialının reklamı da öz töhfəsini verdi.  

"ASAN Viza" sisteminin tətbiqini xatırlamaq da yerinə düşər. Bunun hesabına xarici vətəndaşlar, maksimum, üç gün ərzində avtomatik şəkildə Azərbaycana viza ala bilirlər. Nəhayət, xarici səyyahların Azərbaycana girişi yerli bazarın loukoster aviadaşıyıcı şikrətlər üçün açılması hesabına asanlaşdı.  

"Bu ilin birinci rübündə Azərbaycana turist axını 25% artıb. Bu artım ölkədəki sabitliklə, çağdaş infrastrukturun inkişafı ilə, 6 beynəlxalq hava limanının fəaliyyət göstərməsi ilə, yolların və otellərin tikintisi ilə, müalicəvi turizmin inkişafı ilə bağlıdır. Belə ki, ilin əvvəlindən "ASAN Viza" hesabına dünyanın 80-dən artıq ölkəsinin vətəndaşlarına 40 min viza verilib ", - deyə Azərbaycan Prezidenti İlham Əliyev aprel ayında hökumətin geniş iclasında bildirib.  

Belə görünür ki, "incoming" turizmin inkişafı üzrə son iki ildə aparıcı olan meyil yalnız 2017-ci ildə möhkəmlənəcək. "Cari ilin beş ayı ərzində Azərbaycana 960 min turist gəlib, halbuki, keçən ilin anoloji dövründə Azərbaycana xaricdən 768 min adam gəlmişdi. Bu, o deməkdir ki, bir il qabaqla müqayisədə ölkəmizə 200 min turist artıq gəlib. Turist axınının 25 faiz artımı, demək olar ki, dünyanın 90 ölkəsi ilə viza rejiminin sadələşdirilməsi ilə bağlıdır", - deyə Əbülfəs Qarayev vurğulayır.  

Onun fikrincə, bu il Azərbaycana keçən illə müqayisədə daha çox qonaq gələcək və onlar yalnız Bakıda deyil, həm də ölkənin regionlarında istirahət edəcəklər. Azərbaycanda istirahətin cəlbedici olmasını Mədəniyyət və Turizm Nazirliyinin bu yaxınlarda apardığı monitorinq də təsdiq edib: Bakının və regionların istirahət obyektləri nisbətən yüksək servis səviyyəsi müqabilində yetərincə əlverişli qiymətləri qorumaqdadır.  

Xarici turistlərin əsas axını Bakı və Abşeron yarımadasına istiqamətlənib. Burada, təxminən, 130 otel və mehmanxanatipli obyekt fəaliyyət göstərir və onların payına toplam 12 min yataq yeri düşür. Öz növbəsində, regionlarda yerləşən 400-ə yaxın turizm obyektində (təxminən, 23 min yataq yerində) xaricilər və ilk növbədə, Azərbaycan vətəndaşları üçün istirahət əlverişlidir, orada qiymət parametrləri, bir qayda olaraq, daha aşağıdır.  

"Azərbaycanın bütün regionları üzrə qiymətlərin təhlili göstərdi ki, turistləri 10-30 manata, yaxud beş-altı nəfərdən ibarət ailəni 100 manata yerləşdirirlər. Bir adamın yerləşməsi, təxminən, 15 manata başa gəlir. Düşünürəm ki, bu gün bundan ucuz istirahət etmək mümkün deyil", - deyə Əbülfəs Qarayev vurğulayır.

Sadalanan amillər MDB ölkələrindən, o cümlədən Rusiyadan turistlərin marağının yetərincə artmasına səbəb olur. Onlar üçün Azərbaycanda istirahət getdikcə populyarlaşır. Bu yaxınlarda Rusiyanın aparıcı analitik agentliyi "TurStat" yay tətilində rusiyalı turistlər arasında populyarlığına görə, Bakını (Minsk, Praqa, Tiflis və Tallinlə birlikdə) ilk beşliyinə daxil edib. "TurStat"ın məlumatına görə, rusiyalı turistlər yay tətilində Bakıya, orta hesabla, 2,5 günlüyə gəlirlər və sutkada $85 xərcləyirlər.  

Rusiyalı turistləri, xüsusilə iyunun 23-dən 25-nə kimi keçirilən «Formula-1» Qran-pri yarışları, həmçinin 27-30 iyulda keçirilən "Jara" musiqi festivalı cəlb edir. "TurStat", həmçinin Azərbaycanı rusiyalı turistlər arasında üç ən populyar qastronomik istiqamət arasına salıb: Rusiyadan Azərbaycana bu cür birhəftəlik tur aviabiletlə birlikdə, orta hesabla, $800-ə başa gəlir.

"TurStat"ın məlumatına görə, müalicəvi istirahət kurortları arasında ilk beşliyə, həmçinin Azərbaycanın Naftalan şəhəri də daxildir: bu kurortun müalicəvi neft vannalarına ildə 10 000-dən artıq turist baş çəkir və bunların yarıdan çoxu xaricidir. Azərbaycana müalicəvi turizm üçün, orta hesabla, ikihəftəliyə gəlirlər və adambaşına sutkada $50 xərcləyirlər.  

Öz növbəsində, Rusiya Tur Operatorları Assosiasiyasından (ATOR) vurğulayırlar ki, bu il Azərbaycanda istirahətə tələbat 30% artıb - bu, başlıca olaraq, sanatoriya-kurort bazalarının populyarlaşması hesabına baş verib: Rusiya turistlərinin tələbi ən çox Naftalan və Qalaaltı kimi müalicəvi kurortlara, həmçinin dəniz istiqamətinə - Yalama və Lənkəran sahillərinə, Abşeron yarımadasının çimərliklərinə olub.  

«Azərbaycanda turizm sahəsi çox sürətlə inkişaf edir, yeni istiqamətlər formalaşır: bu yaxınlarda şopinq-festival başa çatdı, bunun ardınca yemək festivalı keçirirlər ", - Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bildirib. O vurğulayıb ki, azərbaycanlıların qonaqpərvər olması bu ölkəyə ildən-ilə daha artıq rusiyalı cəlb edir.  

Bir sözlə, turizmin inkişafında yeni istiqamətlərin perspektivli olmasını yalnız rusiyalı turistlər deyil, həm də dünyanın bir çox regionlarından gələn qonaqlar da bildirir; məsələn, 2017-ci il aprelin 10-dan mayın 10-na kimi Bakıda ilk «Baku Shopping Festival» keçirilib, aksiyaya 260 min adam baş çəkib və onların içində çox sayda xarici olub. Cənubi Qafqazda və Mərkəzi Asiya regionunda ilk dəfədir ki, keçirilən bu tədbir, eyni zamanda, bir neçə istiqaməti - ticarəti, turizmi, əyləncə sahəsini, moda və mədəniyyəti əhatə edib.  

"Birinci şopinq-festivalın keçirilməsindən Azərbaycanın dövlət büdcəsi 5,6 mln. manat əldə edilib. Nəzərə almaq lazımdır ki, bu tədbirin keçirilməsinə dövlət büdcəsindən 700 min manat xərclənib, ümumi xərclər isə 1 mln. manatı keçməyib. Bu o deməkdir ki, şopinq-festivaldan əldə edilən gəlirlər xərclərdən, demək olar ki, 6 dəfə yüksək olub", - deyə Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev «Baku Shopping Festival»ın nəticələri barədə danışarkən bildirib.  

Festival zamanı şəhərin çoxsaylı ticarət mərkəzləri qonaqlara xüsusi endirimlər təklif edirdilər. Yüz manat və daha artıq tutan malların alınması zamanı Azərbaycan vətəndaşları və xarici turistlər "Tax Free" sistemindən istifadə edə bilərdilər. 205 mağazanın "Tax free" sistemi çərçivəsində ümumi dövriyyəsi 18,17 mln. manat təşkil edib. Bu zaman alıcılara 1,8 milyon manatlıq əlavə dəyər vergisi (ƏDV) qaytarılıb. Bütünlükdə ilk şopinq-festivalın nəticələri qənaətbəxş hesab edilib. Növbəti bu cür tədbir bu ilin oktyabr ayında keçiriləcək.

Son illərdə Azərbaycana xarici turist axınına səbəb olan daha bir özəllik beynəlxalq idman tədbirlərinin təşkili də olub. Bu, ölkənin mürəkkəb tədbirlər təşkil etməyə və onminlərlə qonağı ən yüksək səviyyədə qarşılamağa qadir olduğunun nümayişidir. "Hər bir ölkənin inkişafında idman amili çox böyük rol oynayır. Xüsusilə də, hər bir beynəlxalq idman yarışı Azərbaycana gələn turist sayını artırır", - deyə Azərbaycan Milli Məclisinin üzvü Aydın Mirzəzadə bildirib.

Azərbaycan turizminin idman tədbirləri vasitəsilə populyarlaşdırma prosesi 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsi ilə başlayıb. Bu ilin may ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları bunun davamı olub. Builki yay turizm mövsümünün açılışı isə «Formula-1» Qran-pri yarışları ilə eyni vaxta düşür. Bakıda artıq bir neçə dəfədir ki, keçirilən bu yarışlar, sözsüz ki, 2017-ci ildə turizm sahəsinin ən önəmli hadisələri olacaq. Onlar ölkəyə minlərlə azarkeş, idman komandaları, KİV təmsilçiləri cəlb etməklə Azərbaycanın turizm potensialının populyarlaşmasına səbəb olacaq.

«Formula-1» yarışlarının təşkilatçısı olan «Baku City Circuit» əməliyyat şirkətinin mütəxəssisləri ehtimal edirlər ki, bu il xaricdə Bakı yarışlarına daha çox maraq göstərəcəklər və bu, ölkəyə önəmli sayda turist cədb edəcək. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirib ki, Qran-pri günlərində (23-25 iyunda) ölkənin iri otel şəbəkələrində yerlərin 95%-i dola bilər - artıq otellərə çoxsaylı sifarişlər daxil olur.



MƏSLƏHƏT GÖR:

444